Xaqani Məmmədov: "Heç kim hakimlərin tam hazır olduğunu iddia edə bilməz" Müsahibə

16.01.2013 | 2859 dəfə oxunub

Topaz Premyer Liqasının oyunlarını idarə edən hakimlərin yanvarın 15-dən etibarən Türkiyədə təlim-məşq toplanışı başlayıb. Stadium.az xəbər verir ki, hazırlıqla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov affa.az saytına müsahibə verib:

- Hələ Türkiyəyə gəlməmişdən əvvəl hakimlər Bakıda hazırlıq keçirib. Buna səbəb nə idi?
- Bu planlı şəkildə həyata keçirilir. İstər çempionat, istərsə də fasilə vaxtı Bayıl stadionunda hakimlərimiz məşq edirlər ki, daim öz formalarını saxlaya bilsinlər. Bu proses bundan sonra da davam edəcək.
- Demək olarmı ki, hakimlərimiz Türkiyəyə hazır gəliblər?
- Əvvəlki illərlə müqayisədə bunu söyləmək olar.
- Bəs hansısa problemi olan varmı?
- Var. Bəzilərində artıq çəki problemi var. Bir neçəsi isə zədə üzündən tam gücü ilə məşq edə bilmir. Bunu da normal qarşılamaq lazımdır. Vaxt keçdikcə, bu məsələ həllini tapacaq.
- Qış fasiləsinə qədər hakimlərimizin idarəçiliyi Komitə sədri kimi sizi razı saldımı?
- Desəm ki, razı saldı düzgün olmaz. Düzdür, onlar işlərinin öhdəsindən gəldilər. Amma istədiyimi onlardan hələ ala bilməmişəm. İstərdim ki, heç bir hakim səhvə yol verməsin. Amma bu, mümkün deyil. Nə qədər ki, futbol var, hakim səhvləri olub, yəqin ki, yenə olacaq. Biz isə çalışırıq ki, bu səhvləri minimuma endirək.
- Bu dəfə Türkiyəyə gələn heyət əvvəlkilərdən fərqlənir. Rövşən Əhmədovla Ramiz Əsədovun gətirilməməsi yaşla bağlıdır. Ancaq digərləri ilə bağlı suallar var. Misal üçün, Premyer Liqa oyunlarını dəfələrlə idarə etmiş Hacıəli Ağayevin adı bu siyahıda yoxdur.
- Ağayevi biz uzun müddət perspektivli hakim kimi toplanışlara gətirirdik. Amma onda inkişaf hiss olunmur. Onun ən böyük problemi psixoloji hazırlıqla bağlıdir. Təzyiq qarşısında özünü tez itirir. O,bu problemi aradan qaldırılmalıdır. Hələ ki, birinci divizonda oyunlar idarə edir. Özünəinamı bərpa etsə, o zaman yenidən dəvət alacaq.
- Digər gənc hakim İnqilab Məmmədovun da adı siyahıda yoxdur...
-  İnqilab da həmin kateqoriyaya aiddir. Eyni problemləri yaşayır. O, nəinki yerində sayır, hətta geriyə getməkdədir. Savadlı və perspektivlidir, ancaq nədənsə öz üzərində işləmir.
- Gənc qadın hakimlərdən Səbayel Qurbanovanı da Türkiyəyə gətirməməsiniz. Buna səbəb nədir?
- Bu dəfə ümumiyyətlə, qadın hakimlərə üstünlük vermədik. Əvvəllər qadın hakimləri ona görə gətirirdik ki, bu, onlar üçün bir təkan olsun və qadınların hakimliyə marağı artsın. Bu dəfə Premyer Liqanın ikinci mərhələsinə hazırlıq məqsədi güdürük. Çünki bu mərhələnin çətin olacağını bilirik.
- Vüsal Əliyevlə Fariz Yusifov FİFA referiliyindən geri çağırıldıqdan sonra onların mövsümün sonunda hakimlik karyerasını başa vuracağını deyənlər çoxalıb. Bu nə dərəcədə realdır?
- Bu məsələ gündəmdə deyil. Biz onların xidmətindən uzun müddət istifadə etmək fikrindəyik. Əlbəttə ki, formalarını saxlasalar.
- Nəyə görə onların yerinə Rəhim Həsənovla Əliyar Ağayevin adlarını FİFA-ya göndərmək qərarına gəldiniz?
- Onlara ötən mövsüm bir çox çətin oyunları həvalə etdik. Baxmayaraq ki, onlar bəzi səhvlərə yol verdilər, bununla belə, öz işlərinin öhdəsindən layiqincə gəldilər. Bir də digərləri ilə müqayisədə onlar daha çox artırdılar.
- Onların ingilis dili ilə bağlı problemləri varmı?
- Xeyr. Hər ikisi ingilis dilini yaxşı bilir. Əliyar Ağayev bundan əlavə, həm də alman dilində danışır.
- Yeni FİFA referiləri yanvarın sonunda UEFA-nın təşkil etdiyi toplanışda iştirak edəcəklər. Onları orada nə gözləyir?
- Elə bir ciddi məsələ gözləmir. Orada yeni FİFA referisi adını almış hakimlərdən fiziki hazırlıq normativləri götürüləcək. Bir də ingilis dilini necə bilmələrinə baxılacaq.
- Son vaxtlar ən perspektivli hakimlərdən biri də Orxan Məmmədov sayılırdı. Amma o, nədənsə kölgəyə çəkilib...
- Orxan qabiliyyətlidir, gəncdir, ingilis dilini də yaxşı bilir. Ondan bir gün yaxşı mənada partlayış gözləyirəm. İndiki məqamda isə ondan istədiyimi ala bilmirəm.
- Bu dəfəki toplanışda Valentin İvanov da iştirak edəcək. Onun gəlişi kimin təşəbbüsü ilə baş tutdu?
- Mənim. O, ötən il iki dəfə ölkəmizdə olub. Bu dəfə də İvanov qəbul edilən yeni qərarlar barədə bizləri məlumatlandıracaq. Eyni zamanda hakimlərimizin idarə etdiyi oyunları da izləyib fikirlərini bildirəcək. Biz FİFA-ya müraciət etdik və onlar da bizim xahişimizi müsbət dəyərləndirdilər.
- Yeri gəlmişkən, yəqin bu il də hakimlər çox sayda oyun idarə edəcəklər.
- Bəli. Çalışacağıq ki, hakimlər mümkün qədər çox oyun idarə etsinlər ki, Topaz Premyer Liqasının oyunlarına tam hazır olsunlar. Ümumiyyətlə, bizə burada çox yaxşı şərait yaradılıb. Ona görə də AFFA rəhbərliyinə təşəkkür edirəm. Onu da bilin ki, bir çox ölkələrdə belə şərait yoxdur. Rusiya, Polşa və Qazaxıstanın hakimləri də Türkiyədə toplanışdadır. Moldova, Gürcüstan kimi ölkələrin hakimləri isə vətənlərində hazırlaşmağa məcburdurlar.
- Çempionatın ikinci mərhələsi daha çətin keçəcək. Necə düşünürsünüz, hakimlərimiz final mərhələsinə tam hazır ola biləcəklərmi?
- Heç kim hakimlərin tam hazır olduğunu iddia edə bilməz. Ancaq biz çalışacağıq ki, səhvlərin sayı azalsın. Ən əsası da, qərəzli idarəçilik olmasın. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail