Dan Karleone danışılmış oyunları necə təşkil edir? ARAŞDIRMA
Bu həftənin ən mühüm futbol olaylarından biri, bəlkə də birincisi danışılmış oyunlarla bağlı oldu. Avropa İttifaqının polis xidməti (Avropol) Haaqada keçirdiyi mətbuat konfransında 18 aydır danışılmış oyunlarla bağlı apardığı araşdırmanın nəticəsini açıqladı. Bəlli oldu ki, Avropol göstərilən müddətdə dünya çempionatının seçmə matçları, Avropanın aparıcı çempionatları və Çempionlar Liqası turniri də daxil olmaqla 380 görüşün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyini üzə çıxarıb.
Cinayətkar qruplaşma bu
oyunlardan ümumilikdə 16 milyon avro gəlir əldə edib. Polisin məlumatına
əsasən, ən böyük uduş bir matça görə 140 min avro təşkil edib. Avropol bildirir
ki, təkcə Avropa deyil, Asiyadan olan cinayətkarlar da danışılmış oyunların
iştirakçısı olublar. Bu günə qədər sözügedən faktlarla əlaqədar 50 nəfər həbs
olunub. Avropolun direktoru Rob Ueynrayt qeyd edib ki, bu araşdırma Avropa
futbolunda böyük problemin olduğunu üzə çıxarıb. R.Ueynrayt ad açıqlamasa da,
15 ölkədən 420 futbolçunun danışılmış oyunlarda iştirak etdiyini söyləyib.
Bir sözlə, Avropol
danışılmış oyunların təşkilatçılarına qarşı qlobal müharibəyə başladığını bəyan
etdi. Aşağıdakı yazını oxuduqdan sonra biləcəksiniz ki, bu baxımdan əsas
təhlükə Sinqapurdan gəlir. Haradakı Dan Tan çalışır, "A" seriyasında
baş verən qalmaqalın 1 nömrəli səbəbkarı məhz odur.
TÜRKİYƏ DANIŞILMIŞ OYUNLARA GÖRƏ
LİDERDİ
Avropolla İnterpolun birgə apardığı istintaqın nəticələrinə görə 680
oyunun nəticəsi şübhəli görünür: bu matçlardan 380-ı Avropada, qalan 300-ü isə
Asiya, Afrika və Cənubi Amerikada baş tutub. Şübhəli oyunlar arasında Avropanın
13 çempionatında (bəziləri aparıcı çempionatlarındandır), Çempionlar Liqasında
(2 oyun, biri 3-4 il əvvəl İngiltərədə baş tutub), UEFA Kubokunda, eləcə də
Dünya və Avropa çempionatının seçmə mərhələ matçlarında baş tutan qarşılaşmalar
var. Ciddi mərclər hətta yoxlama oyunlarına da edilib.
Şübhəli oyunlar arasında ölkə baxımından Türkiyə liderdi. Qardaş
ölkədə baş tutan 79 görüşün nəticəsi şübhəli görünür. Bu baxımdan ikinci
pillədə 70 matçla Almaniya qərarlaşıb. İsveçrədəki 41, Macarıstanda 20,
Belçikada 19 matçın nəticəsi şübhəlidir. Eyni zamanda Bolqarıstan, Sloveniya və
Finlandiyada da bir sıra matçların nəticəsi şübhə altına düşüb.
Danışılmış oyunların əsas təşkilatçısı Sinqapurda məskunlaşan cinayətkar
sindikatdır. Həmin qrup avropalı "həmkar"ları ilə birgə xeyli sayda
oyunun nəticəsini əvvəlcədən müəyyənləşdiriblər. Nəticəsi şübhəli bilinən 680
oyuna əsas mərclər məhz Asiyadan edilib. Sinqapurlu cinayətkarların əlbir
olduqları mafiyalar arasında ruslar da var.
"DEBRETSEN"İN QAPIÇISI
"LİVERPUL"DAN 3 QOL "YEMƏLİ" OLSA DA...
Avropolun dərc etdiyi siyahıda yer alan Çempionlar Liqasının hər iki matçı Macarıstan təmsilçisi "Debretsen"in iştirakı ilə baş tutub. 2009-cu ildə sürpriz şəkildə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn macarların "Liverpul" və "Fiorentina"ya qarşı baş tutan matçlarının nəticəsi əvvəlcədən müəyyənləşdirilib. Cinayətkarlardan pulu "Debretsen"in qapıçısı Vukaşin Poleksiç alıb. Lakin adıçəkilən qapıçı "Liverpul"la oyunda istəyinə çata bilməyib. Belə ki, o öz qapısından 3 qol buraxmalı idi. Amma rəqibin zəif oyunu həm Poleksiçin, həm də cinayətkarların arzusunu gözündə qoyub.
Asiyalı
cinayətkarlarla əlbir olmaqda 425 nəfər günahlandırılır. Onlar arasında
hakimlər, futbolçular və menecerlər var. Həmin siyahıda adı yer alan adamlardan
50-si artıq həbs olunublar.
Almaniya da
danışılmış oyunlardan yan keçməyib. Təşkilatçılar burada 8 milyon avro gəlir
əldə ediblər. Bu, sübuta yetirilmiş fakta görə cinayətkarlar artıq məsuliyyətə
cəlb olunublar. Lakin Avropolun nümayəndələrinin bildirdiklərinə görə, 8 milyon
avro görünən aysberqin yalnız bir hissəsidir.
Maraqlıdır
ki, İnterpolun baş katibi Ronald Nolba danışılmış oyunların ümumi məbləği haqda
belə deyib: "Danılmış oyunların təşkilatçıları o qədər böyük məbləğ
qazanırlar ki, bunu nə iləsə müqayisə etmək çətindir. Onların qazanclarını
yalnız "Coca-Cola"nın illik gəliri ilə müqayisə etmək olar"
(ildə təxminən 35 milyard dollar).
DAN TAN - FUTBOLUN 1 NÖMRƏLİ CİNAYƏTKARI
Və ən əsası: The New York Timesın bildirdiyinə görə, bütün danışılmış oyunların əsas təşkilatçısı Dan Tandır. İnterpol artıq asiyalı mafiozun axtarışına başlayıb.
Dan Tan - eyni zamanda İtaliya
çempionatında baş vermiş qalmaqalın da əsas günahkarıdır. Bu ilin aprelində Dan
Tanın 49 yaşı tamam olacaq. Böyük biznesdə - danışılmış oyunlarda o həyatının
yarıdan çoxunu keçirib. Bir müddət əvvəl isə o karyerasının "ulduz saatı"nı
yaşadı. Belə ki, 2012-ci ilin mayında "A" seriyasında baş verən
qalmaqalı məhz o həyata keçirib. Bəzi futbolçuların həbs olunması, İtaliya
millisinin bazasında axtarışların aparılması, "Yuventus"un baş
məşqçisi Antonio Kontenin cəzalandırılması - bütün bunlar məhz Dan Tanın
əməllərinin nəticəsidir.
Dan Tan İtaliya futboluna 2008-ci ildə
qoşulub. 1 il sonra isə ilk "plan"ını həyata keçirib. Sinqapurlunun
ilk "iş yoldaşı" "Albinofelle" olub. "B"
seriyasında çıxış edən bu komandanın əksər oyunları Tanın istədiyi kimi
nəticələnirdi. Tanın keçmiş həmkarlaerından olan Rac Perumalın bildirdiyinə
görə, "B" seriyasında 1 oyun 4-6 milyon avro arasında gəlir gətirə
bilər. Tanın müəyyən müddətdən sonra üz tutduğu "A" seriyasında isə
daha çox gəlir götürmək mümkün idi - 10-15 milyon.
2009-2011-ci illər aralığında Dan Tan
və onun dəstəsi İtaliyada 33 danışılmış oyun həyata keçirib. İnterpolun həmin
33 matça görə lazımı sübutları var: səsyazmalar, pulların ötürülməsi və s.
Appenində böyük iş həyata keçirməsinə
baxmayaraq, 2 il ərzində Dan Tan İtaliyaya cəmi 1 dəfə səfər edib: 2009-cu ildə
o balkan yarımadasından olan həmkarları və köməkçisi Çu Benq Xuatla birgə
İtaliyadan Sloveniya ərazisinə keçib. Qalan vaxt ərzində isə o öz biznesini
məhz Sinqapurdan idarə edib.
Tanın "Buzovlar ölkəsi"ndəki
işinin böyük hissəsini məhz bayaq adını çəkdiyimiz köməkçisi həyata keçirirdi.
2 il ərzində 16 dəfə İtaliyaya səfər edən Xuat lazımı insanlarla görüşürdü.
Artıq göz altına alınan Çu Benq Xuat haqqında deyilənləri qəbul etmir: "Mən futbolla qətiyyən maraqlanmıram və
2 il ərzində İtaliyaya cəmi 1 dəfə səfər etmişəm. O da bacımı görmək
üçün". Lakin "Əl-Cəzirə" kanalının efirində yayımlanan
videogörüntülər bunun tam əksini iddia edir.
Ümumilikdə Tanın köməkçisinin İtaliyaya
səfərləri çox qısamüddətli olurdu - 6 saatdan 24-saatadək. Xuat yalnız 2 dəfə
Milanda 1 ay ərzində qalıb. İstintaqın nəticələrinə əsasən, onun uzun müddət
ərzində İtaliyada qalması heç də səbəbsiz deyildi. Çünki Xuat "Latsio"
- "Leççe" oyunu ilə bağlı planı həyata keçirməliydi. Söhbət 2011-ci
il, mayın 22-də baş tutan qarşılaşmadan gedir. Oyunun başlanmasına 1 saat
qalmış Xuat öz əlaltılarına göstəriş verir ki, "Latsio"nun
futbolçularına vəd olunan 600 min avronu çatdırsınlar. Tan isə Çinin bukmeyker
kantorunda "Latsio" - "Leççe" oyununda 4-dən artıq qol
vuracağıma 2 milyon avro həcmində mərc etdi. Matç Roma klubunun 4:2 hesablı
qələbəsi ilə başa çatdı. Bu isə o deməkdir ki, plan həyata keçdi.
Tanın dəstəsi təkcə danışılmış oyunlar
təşkil etməklə kifayətlənmir, həm də qazanılan məbləği məharətlə gizlətməyi
bacarırdılar. Bunun üçün Tan xüsusi firmalar yaradırdı. Bu baxımdan Panamada
qeydiyyata alınan Clewer
Overseas S.A-nı misal gətirmək olar. Bu şirkətdə "Breşiya" -
"Leççe" oyunundan əldə olunan gəlir - 800 min avro gizlədildi.
2011-ci ilin dekabrında İtaliya polisi Dan Tanın bütün planlarının üstünü
açmağı bacardı və o axtarışa verildi. Məhkəmə hətta onun həbsi barədə order
çıxarsa da, Sinqapur höküməti tələsmirdi. Elə buna görədir ki, Tan əvvəlki kimi
sakitcə şəkildə öz evində yaşayır. Hətta Sinqapurun The New Paper qəzetinin əməkdaşı
Zayhan Yusofun yazdığına görə o telefon zənglərinə də cavab verir. Lakin o
bütün günahları boynundan ataraq, danışılmış oyunlarla bağlı heç bir əlaqəsinin
olmadığını qeyd edir.
Dan Tan danışılmış oyunlar bazarında 90-cı illərin əvvəlində peyda olub. Həmin vaxt onun heç 30 yaşı tamam olmamışdı. İlk vaxtlar o at yarışlarına, eləcə də Sinqapur çempionatının oyunlarına mərc edirdi. 1994-cü ildə o dünya çempionatının gedişində 1,5 milyon dollara yiyələnərək, həyatını xilas etmək üçün Sinqapurdan qaçdı. Lakin çox keçmədən o vətənə döndü. Dan Tan tez bir zamanda bütün borclarını geri qaytacağına söz verərək, yenidən fəaliyyətə başladı. Çox keçmədən o Sinqapurda nüfuzlu şəxslərdən olan Esvaramurtxi Pilleyin sağ əlinə çevrildi.
1995-ci ildə
Pilley Malayziya çempionatından sonra Avropa ölkələrinə çıxış axtarırdı. 2 il
sonra əlaqələrini genişləndirən bu ikili hətta İngiltərə Premyer Liqası
çərçivəsində baş tutan "Vest Hem" - "Kristal Pelas" və
"Uimbldon" - "Arsenal" görüşlərinin sonunda projektorları
söndürərək, matçın istədikləri şəkildə yekunlaşmasına da nail oldular.
Çox keçmədən
dəstənin ən fəal üzvlərindən olan Uilson Raca Perumal Finlandiyada həbs olundu.
Perumal xərclədiyi pullar qarşılığında oyunçuları, hakimləri "alır",
istədiyini həyata keçirirdi. Hətta 1 dəfə o olmayan oyuna görə də pul udmağa
müvəffəq oldu.
Artıq hər kəsə
bəllidir: 60 ölkədə baş tutan oyunların nəticələri şübhəlidir, həmin ölkələrin
də ən azı 25-in də sinqapurluların "barmağ"ı olub. Bundan başqa,
bukmeyker bazarında edilən mərclərin 70-80 faizi Asiyadan həyata keçirilir. Bu
da təbii ki Dan Tanın sayəsində. Verilən məlumatlara görə, Dan Tanla Perumalın
münasibətləri 2010-cu ildə pozulub. Az sonra isə o Finlandiyada polislərin əlinə
keçdi.
Həbs olunduqdan
sonra The New Paper qəzetinə ünvanladığı məktubda Perumal belə yazmışdı: "Əvvəlcə mən hər şeyi etiraf etmək
istəmirdim. Eləcə də Dan Tanın adını bu məsələdə hallandırmaq istəmirdim. Çünki
polislərin məni üçün həbs etdiklərini bilmirdim. Həm də heç cür işbirliyi
içərisində olduğum adamlar tərəfindən xəyanətə uğrayacağımı təsəvvür edə
bilmirdim. Amma Tan öz fəaliyyətini davam etdirir".
Dan Tan isə bir
müddət əvvəl verdiyi açıqlamada ümumiyyətlə, kimliyini təkzib edib: "Nə? Mən Dan Tan deyiləm. Mənim adım
Tan Sit Enqdir. Nədənsə məni danışılmış oyunlarda günahlandırırlar. Amma mən bu
haqda heç nə bilmirəm. Heç nədə də günahkar deyiləm. Düzdür, mən Finlandiyadan
sərmayə alan Exclusive Sports şirkətində çalışmışam. Amma qısa müddətdə. Az
sonra şübhələndiyim üçün oradan ayrıldım".
Sonda sizlərə
tanınmış jurnalist Deklan Hillin Dan Tan haqda dediklərini təqdim edirik: "Sənədlərlə təsdiq olunur ki, Dan Tan
Asiya, Afrika, Latın Amerikası Almaniya, Avstriya, Macarıstan, Serbiya,
Makedoniya, Xorvatiya, Finlandiya, Yunanıstan, Bolqarıstan, Sloveniya,
Slovakiya, İsveçrə və İtaliyada danışılmış oyunlar təşkil edib. Əgər, bu dəfə
də o həbs olunmasa, biz danışılmış oyunlarla müharibəni birdəfəlik
uduzacağıq".
Hazırladı: Şahin ZÜLFÜQAROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |