Yeni transferlər ilk sınaqdan necə çıxdılar? ARAŞDIRMA

18.02.2013 | 6465 dəfə oxunub

Ötən həftə Topaz Premyer Liqasında 49 günlük fasilə başa çatdı. Yeni ildə keçirilən ilk turda komandaların fasilədən hansı dərəcədə yararlandıqları üzə çıxdı. Qış fasiləsi zamanı bütün klublar heyətini gücləndirməyə çalışdı. Kimisi 6-7 oyunçunu birdən heyətinə qatdığı halda, kimisi də cəmi 1-2 keçidlə kifayətləndi. Bəs, yenilər komandaları üçün nə dərəcədə faydalıdırlar? 1 oyuna görə hansısa oyunçuya qiymət verib, onun keçidinin uğurlu alınıb-alınmamasını qəti şəkildə söyləmək çətindir. Bu səbəbdən də bu dəfə bizim əvəzimizə rəqəmlər danışacaq. Görəsən, yeni gələn oyunçular ilk turda hansı nəticəyə imza atıblar?

“İNTER”: AZ OLSUN, SAZ OLSUN

Başlayaq çempionatın lideri olan “İnter”dən. “Bankirlər” 19-cu tur start götürənə kimi cəmi 1 futbolçunu rəsmən heyətinə qatmışdı ki, bu da Yuri Fomenkodur. Düzdür, “bankirlər”in təkcə sabiq “Kəpəz”lini deyil, eyni zamanda daha bir braziliyalı forvardı – Robertinyonu heyətinə qatdığı bəllidi. Lakin ilk turda həmin futbolçunun adına nə PFL-in rəsmi saytında, nə də “Xəzər Lənkəran”la oyunun protokolunda rast gəldik. Görünür, Robertinyonun transfer vərəqi hələ ki gəlib çıxmayıb. Fomenkoya qayıdaraq qeyd edək ki, baş məşqçi Kaxaber Tsxadadze ukraynlı forvarda çətin Lənkəran səfərində ilk dəqiqələrdən şans verdi. O da işinin öhdəsindən pis gəlmədi. Qol vurmasa da, Fomenko oğul Tsxadadzenin fərqləndiyi epizodda məhsuldar ötürmə ilə yadda qaldı.

2 OYUNÇU ÜÇÜN 5 DƏQİQƏ

“Simurq” klubu da fasilədə heyətinə az əl gəzdirən klublardan biri oldu. Zaqatala klubu cəmi 2 futbolçu ilə heyətini gücləndirdi. Komanda Bəxtiyar Soltanov və Tomislav Buşiçi heyətinə qatdı. AZAL-a qarşı keçirilən səfər matçında “Simurq”un baş məşqçisi Goergi Çixradze yeni transferlərdən heç birinə start heyətində şans vermədi. Hər iki futbolçu ehtiyat oyumçular skamyasında matça başladı. Sona yaxın (85-ci dəqiqədə) Busiç meydana daxil olsa da, Soltanov elə sonadək matçı kənardan izlədi.

YALNIZ SUBAŞİÇ “FƏRQLƏNDİ”

Fasilə dövründə “Qarabağ” heyətini 4 futbolçu ilə gücləndirdi. Lakin Elvin Musazadə, Kristian Torres, Branimir Subaşiç və Reynaldo dos Santosdan yalnız sonuncu ikisinin komandanı gücləndirə biləcəyi əvvəldən də məlum idi. Elə bu səbəbdəndir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ilk matçda 4 futbolçudan yalnız Subaşiçin adını oyunun protokoluna daxil etmişdi. “Banya” da “Qəbələ” ilə oyunda yalnız 78-ci dəqiqədə meydana daxil oldu. Digər transfer Elvin Musazadə isə əvəzedici komandanın heyətində meydana çıxıb.

“NEFTÇİ” YENİLƏRƏ EHTİYAC DUYMUR?

Son iki ilin dəyişməz çempionu “Neftçi” heyətini 3 futbolçu ilə gücləndirdi ki, onlardan da Denis Silvanı komandaya yad futbolçu hesab etmək olmaz. Braziliyalı son iki ildə komanda ilə birgə qızıl medallara sahib çıxıb. Yenilərin mövzusuna qayıdaraq, qeyd edək ki, baş məşqçi Böyükağa Hacıyev qışda komandaya cəlb olunan yeni futbolçuların heç birinə ilk oyunda şans vermədi. Hər 3 oyunçu “Kəpəz”lə matçı əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izlədi. 

MƏMMƏDOV BÜTÜN DEBÜTANTLARA ŞANS VERDİ

Qışda heyətinə xeyli sayda futbolçu cəlb edən komandalardan biri də “Qəbələ” oldu. Ramiz Məmmədovun komandası fasilədə 5-i əcnəbi olmaqla 7 futbolçuyla gücləndi. Özü də Məmmədov ilk oyundaca yeni futbolçuların hamısına şans verdi. 5 futbolçu – Jinko, Pulhak, Dabo, Emeqara və Amit Quluzadə meydana start heyətində çıxdığı halda, Valentiçlə Ceyhun Sultanov oyuna sonradan qoşuldular. Yeni transferlərdən Jinko özünü ilk oyundaca göstərməyi bacardı. Sloveniyalı hücumçu debütunu qolla, eləcə də sarı vərəqə ilə qeyd etdi.

İSPANLARIN FİASKOSU

“Xəzər Lənkəran” fasilədə heyətini 5 yeni futbolçuyla gücləndirdi. Klub rəhbərliyi baş məşqçi Karles Bakesin istədiyi bütün oyunçuları heyətə cəlb etmək üçün bütün gücünü sərf etdi. Lakin ispan mütəxəssisin heyətə cəlb etdiyi həmyerliləri ilk turda onun başını aşağı etdilər. Qapıçı Doblasla, müdafiəçi Linares həddindən artıq bərbad çıxışla yadda qaldılar. Orsuliçin gücünə gələn oyunlarda qiymət vermək daha düzgün olardı. Gənc Uğur Pamuk isə debüt matçındaca fərqlənməyi bacardı. Türkiyəli Gökhan Güleç isə ilk matçını əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izlədi.

AZAL “KÖHNƏ QVARDİYA”YA GÜVƏNİR

Topaz Premyer Liqasında 19-cu tur start götürənə kimi AZAL iki futbolçunun adını sifariş ərizəsinə daxil etmişdi. Düzdür, “təyyarəçilər” daha 2 futbolçu ilə anlaşıblar. Lakin həmin futbolçuların transfer vərəqi gəlib çıxmadığından “Simurq”a qarşı matçda iştirak edə bilmədilər. Digər iki oyunçu isə Saşa Yunisoğlu ilə Habil Nurəhmədovdu. Nurəhmədovun adı “Simurq”la matçın “18-liy”inə daxil edilmədi. Yunisoğlu isə əvvəldən sonadək ehtiyatda qaldı.

“BAKI”NI DEBÜTANT XİLAS ETDİ

Fasilədə heyətinə ən çox oyunçu cəlb edən klublardan biri də “Bakı” oldu. Baş məşqçi Bojidar Bandoviçin istəyinə uyğun olaraq klub rəhbərliyi bir neçə futbolçunu heyətə qatdı. Xüsusən də yerli futbolçulardan Aqil Nəbiyev, Kamran Ağayev və Rauf Əliyevin transferi iddialı görünürdü. Bura “Qalatasaray”da oynamış Elması, rumın Penanı da əlavə etsək, o zaman “zolaqlılar”ın xeyli gücləndiyini görünür. Lakin “Bakı” fasilədən sonra ilk turdaca büdrədi. “Sumqayıt”a qarşı baş tutan görüşdə Bandoviç yenilərdən Aqil, Rauf, Rubio və Penaya start heyətində, Elmasa isə ehtiyat oyunçular skamyasında şans vermişdi. Yeni transferlərdən yalnız rumın forvard özünü yaxşı tərəfdən göstərməyi bacardı. Məhz Penanın qolu “Bakı”nı biabırçılıqdan xilas etdi. Rauf Əliyev daha çox boş yerə ora-bura qaçmaqla yadda qaldığı halda, Aqil Nəbiyev aldığı qırmızı vərəqə ilə debütunu korladı.

RAAB YALNIZ HÜSEYNPURA GÜVƏNDİ

“Sumqayıt” fasilədə heyətini 4 futbolçu ilə gücləndirdi. Baş məşqçi Bernaard Raab yenilərdən Mirzağa Hüseynpura “Bakı” ilə matçda start heyətində, Can Akgünə isə son 26 dəqiqədə şans verdi. Komandaya cəlb olunan digər iki futbolçu – Tərlan Əhmədli (qapıçı) və Eldar Cankişiyev (yarımmüdafiəçi) isə matçı kənardan izlədilər.

“RƏVAN”IN YENİ TRANSFERLƏRİNDƏN ƏLA START

2013-cü ilə yaxşı start verən klublardan biri də “Rəvan” oldu. Komanda “Turan”ı məğlub etməklə uzunmüddətli qələbəsizlik seriyasına son qoydu. “Rəvan”ın bu uğurunda isə, şübhəsiz yeni futbolçuların böyük rolu oldu. “Turan”la görüşdə komandaya qələbə gətirən hər iki qolu debütantlar vurdu. Söhbət Miloş Adamoviçlə Mindauqas Kalonasdan gedir. Maraqlıdır ki, hər iki qolu xüsusi fərqləndirmək olar. Çünki Adamoviçin zərbəsi möhtəşəm alınmışdısa, litvalı hücumçu meydanda daxil olduqdan bir neçə saniyə sonra fərqləndi. Baş məşqçi Ramil Əliyev Adamoviçlə yanaşı start heyətində komandaya qışda cəlb olunan futbolçulardan Nodar Məmmədovla Ramazan Abbasova güvənmişdi. Bayaq da qeyd etdiyimiz kimi, Kalonas fasilədən sonra meydana daxil olduğu halda, Ramil Həşimzadə ilə Emin Mustafayevin adı “Turan”la oyunun protokoluna daxil edilməmişdi.

TALIBOV 5 DEBÜTANTI SINADI

İlk dövrədə elə də pis təsir bağışlamayan “Turan” fasilədə heyətinə 9 yeni futbolçu qatdı. Baş məşqçi Əfqan Talıbov yenilərdən Kamal Bayramov, Anatoli Stukalov, Dmitro Pospelov və Elşad Manafova “Rəvan”la görüşdə ilk “11-lik”də, David Janelidzeyə isə ikinci yarıda şans tanıdı. Yaroslav Suxanovla Vüqar Bəybalayev matçı əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izlədi.

YENİLƏR DƏ “KƏPƏZ”İN DƏRDİNƏ DƏRMAN OLMADI

Turnir cədvəlinin “zirzəmi”sində qərarlaşan “Kəpəz” vəziyyəti düzəltmək üçün fasilədə heyətinə 11 futbolçu qatdı. Amma “Neftçi”yə qarşı baş tutan oyun gələcəyə nikbin baxmağa əsas vermədi. Düzdür, komanda bacardığı qədər vuruşdu. Lakin anlaşmanın istənilən səviyyədə olmaması yeni transferlərin də “Kəpəz”in dərdinə dərman olmayacağını göstərir. Ümumilikdə baş məşqçi Mahmud Qurbanov çempiona qarşı oyunda yenilərdən Cəmşid Məhərrəmov, Samir Hüseynli, Məhərrəm Müslümzadə, Pirkuli Saparov, Rahimberdı Baltiyev və Vladislav Serebryakova ilk dəqiqələrdən şans tanıdı. Elgiz Kərəmli oyuna ikinci hissədə qoşulduğu halda, Ramil Kərimov, Mətləb Məmmədov və Zaur Əsədov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izlədi. Fərid Quliyevin adı matçın protokoluna daxil edilməmişdi.

Şahin ZÜLFÜQAROV, “Het-trik news"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail