Elxan Məmmədov: "Bu gün Foqtsun istefasından söhbət getmir"

27.03.2013 | 4915 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Lüksemburq və Portuqaliya yığmalarına qarşı göstərdiyi oyunu qiymətləndirib. Stadium.az xəbər verir ki, E.Məmmədov "Trend"ə verdiyi açıqlamada deyib:

"Lüksemburqla oyuna milli komandamız 3 xal dalınca getmişdi, amma nəzərə almaq lazımdır ki, bu, səfər oyunu idi. Lüksemburq yığması reytinqə görə qrupumuzda Azərbaycan millisinə ən yaxın komandadır. Ona görə də qələbə qazanmaq arzuları var idi. Bir xal qazandıq, eyni zamanda, 2 xal itirdik. Çünki qol vurmaq imkanımız var idi. Birinci hissədə nəzarət, demək olar ki, bizdə idi. Sonra isə oyun bir az bərabər getdi. İkinci hissədə yenə oyunun 20 dəqiqəsi meydanın onlara aid hissəsində keçdi. Rəqibin də bir-iki imkanı oldu, amma bizdə daha çox imkan oldu. Sonda futbolda nəticə vacibdir".

Millimizin Portuqaliya ilə oyununa gəlincə, Məmmədov deyib ki, Azərbaycan millisi bu oyuna ciddi hazırlıq keçmişdi.

"Oyunun 60-cı dəqiqəsinə, daha doğrusu, oyunçumuzun qırmızı kart almasına qədər meydanda 11 nəfər olan komandamız intizamlı şəkildə müdafiə olunmaq bacarığını göstərməyə çalışdı və qol buraxmadı. Portuqaliya dünyanın 10 ən yaxşı komandasından biridir və ona qarşı hücum futbolu oynamaq təbii ki çətindir. Buna baxmayaraq, futbolçularımız birinci hissədə qabağa getməyə də çalışdılar. Portuqaliyanın birinci hissədə 2 real şansı var idi, lakin bundan istifadə edə bilmədilər. Sonra isə təəssüflər olsun ki, Rauf Əliyev 2 sarı vərəqədən sonra qırmızı kart alaraq kənarda qaldı və 10 nəfərlə Portuqaliyaya qarşı oynamaq təbii ki çox çətin idi. Nəticədə, əvvəl 63-cü dəqiqədə, sonra isə 79-cu dəqiqədə qol buraxdıq", - AFFA rəsmisi bildirib.

AFFA-nın baş katibi Portuqaliya ilə oyunda stadionda səslənən xoşagəlməz şüarlara da münasibətini açıqlayıb.

"Bu oyunda hər bir azərbaycanlını məyus edən faktlar oldu. Onlardan biri odur ki, komanda Portuqaliyaya qarşı oynayır, birinci qolu buraxır və bir dəqiqə sonra stadiondakı bir qrup azarkeş "istefa" şüarı səsləndirməyə başladı. Bu da öz-özlüyündə milli komandanın üzvlərini ruhdan salır. Bu gün biz özümüzdən, komandadan daha böyük nəticələr gözləyirik, amma reallıqla hazırda bu nəticəni gözləmək düzgün deyil. Komanda keçən seçmə mərhələdə rekord miqdarda xal qazanıb. Bu il də bəzi azarkeşlər motivasiya etmək əvəzinə, əksini edirlər. O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər. Bu şüarlar ancaq buna yönəldilib. Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik", - Elxan Məmmədov vurğulayıb.

AFFA-nın baş katibi hesab edir ki, baş məşqçi Berti Foqtsun istefasını bir qrup insan səsləndirir.

"Bu seçmə mərhələyə başlayanda komandanı Berti Foqtsa tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliyinin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir", - Məmmədov bildirib.

AFFA rəhbərliyinin Berti Foqtsla bağlanan 2 illik müqaviləyə hörmətlə yanaşdığını deyən baş katib bildirib ki, alman məşqçi də bu müqaviləyə hörmətlə yanaşır. Futbolçular da baş məşqçiyə hörmətlə yanaşırlar.

Onun sözlərinə görə, komanda 0:1 uduzur, Portuqaliyaya qarşı stimul vermək əvəzinə, bəzi azarkeşlər tərəfindən demotivasiya başlanır ki, bu da yaxşı hal deyil.

"Məsələn, İngiltərə futbolu Azəbaycan futbolundan qat-qat yüksəkdədir. O boyda fərq ola-ola, İngiltərə komandasının bu qədər maliyyə dəstəyi ilə, azarkeş mədəniyyəti ilə nəticələrinə baxsaq, görərik ki, komanda cəmi bir dəfə dünya çempionu olub. Hərdən dünya və ya Avropa çempionatlarına heç vəsiqə də qazanmır, amma stadion hər zaman dolu olur, azarkeşlər komanda uduzanda da onu dəstəkləyir. Amma oradakı azarkeş İngiltərə komandasından daha çox şey tələb edə bilər. Portuqaliyaya qarşı 10 nəfərlə oynayaraq hesab 0:1 olanda bəzi azarkeşlər motivasiya etməkdənsə, tamamilə demotivasiya edir", - Elxan Məmmədov bildirib.

Baş katibin fikrincə, mətbuatın da burada çox böyük rolu var.

"Komandamız Almaniyaya uduzanda, sonra isə Türkiyəyə qalib gələndə, eyni qaydada Rusiya komandasından evdə bir xal qazananda "istefa" qışqıran adamlar sonra "bir daha" qışqırırdı. Yəni biz bu məsələləri görmüşük. Mətbuat da bu cür azarkeşləri tənqid etməli və düzünü yazmalıdır. Bu, düzgün hal deyil. Bu gün futbol tamaşaçı və kütlə baxımından 1 nömrəli idman növüdür. Burada azarkeş dəstək vermək əvəzinə, tərsinə edir", - Elxan Məmmədov bildirib.

AFFA rəsmisi bildirib ki, Azərbaycan millisinin hər bir futbolçusu əlindən gələn hər bir şeyi edir ki, qalib gəlsin.

"Tənqid edirlər. Siz nə hesab edirsiniz? Komanda meydana uduzmağa çıxır? Komanda ancaq və ancaq udmağa çıxır. Amma bu gün biz realist olmalıyıq və deməliyik ki, hansısa oyunda alınır, hansısa oyunda alınmır. İsrailə qarşı alındı, Şimali İrlandiyaya qarşı alındı. Komanda maksimum gücünü ortaya qoyur", - Məmmədov bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail