Nazim Əliyev: “Oğlumun soyadının Kərəmli olması çoxlarını çaşdıra bilər” Müsahibə

01.04.2013 | 8061 dəfə oxunub

Aprelin 5-də müasir Azərbaycan futbolunda öz dəst-xətti ilə imza qoymuş veteran futbolçu Nazim Əliyevin 50 yaşı tamam olur. Milli çempionatlar tarixində 3 dəfə bombardir olmağı bacaran Nazim müəllim 2 rekordun sahibidir. İlk çempionatda vurduğu 39 qolu kiminsə təzələyəcəyi real görünmür. Ən azından yaxın müddətdə. Digər rekordun yenilənməsindən isə, ümumiyyətlə söz açmıq düzgün olmazdı. Veteran futbolçu milli çempionatlar tarixində ən çox qol vuran futbolçudu – 183 qol. Nazim müəllimlə söhbətimizdə həmin sayın 183 deyil 184 olduğunu bildirdi. Hətta zarafatla “birini kimsə yeyib, biri az, biri çox, nə fərqi var ki” deməklə 1 qolu həmin adamlara halal etdiyini də bildirdi. Nazim Əliyevlə söhbətimizin maraqlı məqamlarını təqdim edirik:

50 il bir göz qırpımında keçib getdi. Ürək hələ də cavan qalır, amma fiziki durumdakı yaşlanma özünü həmişə göstərir. Hərdən köhnə uşaqlarla futbol oynayırıq. İstəyirsən haqsısa fəndi eləyəsən. Baxırsan ki, alınmır. Gün-gündən əvvəlki kimi oynaya bilmirsən.

***

Əslən Füzuli rayonundanam. 1979-cu ildə rayonumuzdakı “Tufan” komandasında oynayırdım. Respublika birinciliyinin qalibi olduq. Bizi o vaxt SSRİ məkanında keçirilən “Dəri top” turnirinə göndərdilər. Bu yarışlarda iştirak edən ilk rayon komandası idik. 24 komanda arasında 12-ci nəticəni göstərə bildik. Amma çoxları bizdən bunu gözləmirdi. Yəni, 12-ci yer yaxşı nəticə sayılırdı.

İki il sonra ali məktəbə daxil olmaq üçün Bakıya gəlməli idim. İş elə gətirdi ki, qatarın gecikməsi səbəbindən rayonda qalası oldum. Ümumiyyətlə, ailəmizdə təhsilə böyük önəm verilirdi. Atam instituta daxil olmamı istəyirdi, mənsə futbol oynamaq üçün alışıb-yanırdım. Fikrimdən dönməyəcəyimi gördükdə Əhməd Ələsgərova zəng elədi. Nə vaxtsa qatarda kupe yoldaşı olublarmış. Əhməd müəllim telefon nömrəsini veribmiş ki, birdən lazım olsa əlaqə saxla. Məni Bakıya baxışa çağırdılar. Beləcə, “Neftçi”nin əvəzedici heyətinə düşə bildim.

***

1983-cü ilə  hərbi xidmətə yollandım. MOİK-də oynamağa başladım. Cənubi Qafqazı təmsil edən MOİK yığmasının heyətində yeganə azarbaycanlıydım. Qalanları gürcü, erməni, osetin və digər millətlərdən idi. Əsgərliyim gedə-gedə 2-ci divizionda Sumqayıtı təmsil edən “Vosxod”un və Naxçıvan “Araz”ının formasını geyinmişdim.  SSRİ  vaxtı “Neftçi”də oynamaq qismət olmadı. Çünki, ora düşmək çox çətin idi. Respublikanın bir nömrəli komandası idi, rəqabət güclü idi. Amma Azərbaycanın bir çox üzdə olan komandalarında oynamaq imkanı qazandım. “Avtomobilçi” (Mingəçevir), “Xəzər” (Lənkəran), “Xəzər” (Sumqayıt)...  SSRİ dağılandan sonra öz çempionatımız keçirilməyə başladı. Qeyd edim ki, SSRİ çempionatı indiki premyer-liqadan qat-qat səviyyəli turnir idi. Biz də həmin sistemi görüb, gələn oyunçular idik. İlk birincilikdə heyətində oynadığım Sumqayıt “Xəzər”i ikinci yeri tutdu, 39 qolla bombardir oldum.

***

O vaxtkı futbolla indiki arasında yerlə göy qədər fərq var. Bizim vaxtımızda yüklənmələr daha çox idi. Fiziki baxımdan axsamırdıq. Həmin yükləmələrin əziyyətini indi çəkirəm. Əzələlərimdə, ayaqlarımda hərdən ağrılar olur. Adı yadımda deyil, hansı məşqçimizsə yaxşı deyib: “O vaxt hamı həvəskar idi, peşəkar futbol oynayırdıq, bu günsə hamı peşəkardı amma həvəskar futbol oynayırıq”. Doğrudan da, yerində deyilmiş sözlərdi. Hazırda futbolçular süni örtüklü meydançalarda məşq keçirlər, futbol oynayırlar. Hamısı ziyandı. Süni örtük heç vaxt təbii örtüyün yerini verə bilməz. Sünidə zədələnmələr, əzilmələr daha tez-tez baş verir. Diz bağlarının zədələnməsi üzündən əməliyyat olunan 18 yaşına çatmamış uşaqların sayı gün-gündən artır. Bu uşaq nə oynadı ki, nə də gördü? Baxırsan ki, uşaq futbolunda məşqlər süni meydançalarda keçirilir. Göz görə-görə övladlarımazı şikəst edirik. Təbii meydançalar sulandığından bu tip zədələnrdən uzaq olursan.

***

Millinin oyununu televiziya vasitəsilə izlədim. Futbolda əsas amillərdən biri top saxlamaqdı. Komandamız bu yöndə böyük problemlərlə üzləşir. Top saxlamaqda, təkbətək mübarizələrdə zəifik. Özüm rəsmi oyunlarda olmasa da, bir neçə dəfə yoldaşlıq görüşlərində millinin formasını geymişəm. Yığmanın Gürcüstanla ilk oyununun iştirakçılarındanam. O vaxt yığmanın üzvləri keçmiş SSRİ məktəbi keçmişdilər. Doğrudu, yaxşı nəticələr göstərməsə də, heç olmasa baxımlı futbol göstərə bilirdi. İndi isə, nə nəticə var, nə də baxımlı futbol.

Onsuz da 5-7 xal hər seçmə mərhələdə – yerli məşqçilərin vaxtında da, Berti Foqtsun dönəmində də yığılır. Bunu uğur kimi qələmə vermək düzgün olmazdı. Hazırda bütün dünyada futbol inkişaf edir. Pulla çox şeyi həll etmək olar, amma qısa müddət kəsiyində. Voleybolu, ötüstü hokkeyi misal çəkə bilərəm. Fikrimcə, Berti Foqts komandada qalmamalıdı. O qədər yerli məşqçilərimiz var ki, ən azından onun göstərdiyi nəticələri qazana biləcəklər. Şahin Diniyev millinin baş məşqçisi olanda onun köməkçisi işləyirdim. 5 xal yığmışdıq. Amma gəlin görək, bizə hansı şərait yaradılmışdı. Foqtsa yaradılan şəraitin heç yarısı bizdə yox idi. Uşaqların Tofiq Bəhrəmov adına arenada məşqinə icazə vermirdilər ki, meydança korlana bilər. Ya da klublar futbolçusunun zədələnməsində ehtiyat edərək, yığmaya buraxmırdı. Əgər Foqtsa yaradılan şərait  istənilən yerli məşqçiyə yaradılarsa və yığma indikindən yaxşı nəticə qazanmazsa, onda futboldan birdəfəlik gedərəm. Yerli məşqçi həm futbolçulara, həm də mühitə yaxşı bələddi. Foqts da isə bü özəlliklər yoxdu. Futbolumuzun vəziyyəti yaxşı durumda deyil. Öz dərdimizə özümüz çarə tapa bilərik, başqaları yox. Gəlmələri bizim dərdimiz, problemlərimiz yox, pul maraqlandırır. Bir müddətdən sonra heç yadlarına düşməyəcəyik.

***

Milliyə 40-50 namizəd olmalıdı. Yığma klub deyil ki, orada əsas oyunçu söhbəti olsun. Rəsmi oyun ərəfəsində baxılmalıdı, kim çempionat oyunlarında özünü yaxşı tərəfdən göstərərsə, o da forma geymək şansı qazanmalıdı. Heç bir futbolçu daim stabil oyun nümayiş etdirə bilməz. Bunun enişi-düşüşü var. Bizdə bəzi futbolçular var ki, çempionat oyunlarında nə cür oyun göstərirlər göstərsinlər, yığmada yerləri qarantiya olunub. Düzgün yanaşma deyil. Hazırda bir neçə gənc futbolçularımız var ki, millidə oynamağa layiqdilər. Amma “əsas heyət oyunçusu” səbəbindən ora düşə bilmirlər. Tez-tez komandanın cavanlaşdırılmasından söz açırlar. Düşünürəm ki, bu yanaşma düzgün deyil. Yığmada gənc istedadlı futbolçularla yanaşı bir qədər yaşlı və təcrübəli futbolçular bir yerdə oynamalıdılar. İnanmıram ki, bu gedişlə Foqtsla işbirliyi davam etdiriləcək. Gələcəkdə millinin yerli məşqçiyə tapşırılması daha yaxşı olardı. Buna layiq mütəxəssislərimiz yetərincədi. Hazırda millimiz “Zapı”nı xatırladır. Onu Şumaxer də sürsə, xeyri yoxdu.

***

Milli ilə yanaşı klublarımızın çoxu əcnəbi çalışdırıcılara üstünlük verirlər. Vallah onların heç biri bizimkilərdən üstün deyil. Hər məşqçi özü ilə 5-6 futbolçu gətirir, öz oyun üslbünü tətbiq etməyə çalışır. Nəticə olmayanda isə, qovulur. Bundan başqa bir çox klublarımızda məşqçilər istədiyi səlahiyyətlərə malik deyillər. Elə komandalarımız var ki, oyuna çıxan komandanın heyətini o deyil, klub rəsmiləri təyin edirlər. Belədə həmin adam komandaya nəyə lazımdı? Komanda ilə bağlı bütün səlahiyyətlər məşçidə olmalıdı. Ona vaxt verilməlidi ki, özünü göstərə bilsin. “İnter”i nümanə göstərə bilərəm. Sxadadze necə ildi komandanın sükanı arxasındadı, yaxşı nəticələr də göstərə bilir. Əgər mövsüm ərzində klub bir neçə baş məşqçi dəyişirsə, hansı uğurdan söhbət gedə bilər?

***

Çempionatımızda legioner limiti azaldılmalıdı. Yerli oyunçulara üstünlük verilsə, futbolumuzun xeyrinə olar. Bu mənada Foqstu qınamıram. Seçim imkanı az olduğundan millidə də futbolçular arasında rəqabət aşağı səviyyədədi. Bu yaxınlarda AFFA-nın 1-ci dəstə komandalırnda yaş həddinin tətbiqi ilə bağlı qəbul etdiyi yeni qaydaya da münasibət bildirmək istəyirəm. Futbol da bir yaşayış sahəsidi. İşləyirsən. Pul qazanırsan. Ailəni dolandırırsan. 21 yaşdan yuxarı futbolçuları birdən-birə futboldan silməz olmaz. Əsl futbolu 23-24 yaşlarında oynayırlar. Bu yaşda futbolçu karyerasında ən yaxşı dönəmini keçirir. Mən təzə-təzə futbola gələndə SSRİ-nin məşhur futbolçusu Georgi Yartsev yüksək dəstədə bombardir oldu. Həmin vaxt onun 30 yaşı vardı. Kim deyə bilər ki, indi 1-ci dəstədə çıxış edən 22-23 yaşlı futbolçulardan hansısa gələcəkdə Azərbaycan futbolunun fəxrinə çevrilməyəcək?

Bizim vaxtımızda çempionat daha maraqlı keçirdi. Futbola axın var idi. Azarkeşlərin marağı böyük idi. İndi bəzi komandaları çıxmaq şərtilə əksəriyyətinin azarkeş kütləsi yox dərəcəsindədi. Yaxşı yadımdadı, “Qarabağ”la Ağdamda oynayanda avtomat, raket səsləri gəlirdi. Rayonda müharibə gedirdi.  Amma nə futbolçular, nə də əhali buna fikir verirdi. Stadion həmişə ağzınacan dolu olurdu.

***

Bir də futbolmuzun inkişafını ləngidən amillərdən biri də yerli oyunçuların legioner həyatı yaşamamasıdı. Barmaqla sayılacaq qədər legionurlərimiz var. Bunun da başlıca səbəbi, Azərbaycanda onlara yaradılan şəraitdi. Futbolçuylara yüksək maaşın verilməsi yaxşı haldı. Amma inkişaf etmək üçün daha səviyyəli komandalarda oynamaq şərtdi. Əksər futbolçularımız pula görə ölkədən kənara çıxmaq istəmirlər. Onsuzda xaricdə qazandığı pulu evinin içində alır. Amma bu düzgün yanaşma deyil. Həm də bir çoxlarının ev-eşiyindən kənarda yaşamağa gücləri çatmır. Futbolçu olarkən, bir neçə dəfə xaricdən – İsraildən, İrandan təkliflər almışdım. Amma Azərbaycandan kənarda yaşaya bilmədim, həmin təklifləri rədd etdim.

***

İki övladın var – bir qız, bir oğlan. Oğlum yolumu davm etdirir. Hazırda “Kəpəz”də oynayır. Elgizin necə futbolçu olması haqda fikir yürütməyim düzgün olmazdı. Yarımmüdafiəçidi, məncə pis oynamır. Soyadının Kərəmli olması çoxlarını çaşdıra bilər. 1992-ci ildə anadan olanda atamın şərəfində Kərəmli qoydum. Yəni Əliyev soyadından imtina etmiş kimi olduq. Sonradan nəslimizdə anadan olan bütün uşaqlara bu soyad qoyulmağa başladı. Təkcə qardaşım oğlundan başqa. Adı İlham olduğundan prezidentimizin şərəfinə Əliyev soyadına toxunmadıq.

***

Sumqayıtda oynayarkən “Xəzər”in bir azarkeşi vardı, oyundan əvvəl gəlib mənə dedi ki, hər vurduğun qola görə 100 rubl mükafat alacaqsan. O vaxt üçün çox samballı pul idi. Mən də gəlib uşaqlara dedim ki, qolun ötürməsini verənə 25 rubl verəcəm. Elə də güclü komanda ilə oynamırdıq. Oyunun sonuna yaxın 2-3 top fərqi ilə öndəydik. Qol vura bilməmişdim, heç kim də ötürmə vermək istəmirdi. O boyda pul batırdı. Epizodların birində Vaqif Sadıqovla əks-hücum qurduq. Önümüzdə cəmi bir müdafiəçi vardı. Vaqif ötürmə vermədi, özü qapıya zərbə vurdu. Müdafiəçiyə dəyən top dizimə dəyib “doqquzluğa” getdi. 100 rubl mükafatımı aldım. Amma heç kimlə paylaşmadım. Kim ötürmə vermişdi ki?

 ***

Karyeram ərzində çox az sayda sarı vərəqə, bircə dəfə isə qırmızı vərəqə almışam. Ümumiyyətlə, təbiətcə sakit adamam və heç vaxt hakimlərlə mübahisəyə girişməmişəm, kobud oyundan yan qaçmışam. Bir dəfə Naxçıvanda “Araz”la oynayırdıq. İki top vurmuşdum. Adını demək istəmədiym hakim “Araz”ın oyunu uduzacağından ehtiyat edərək mənə heç bir səbəb olmadan qırmızı vərəqə göstərdi. Həmin hakim istəyinə çatdı, 2:3 hesabı ilə uduzduq. Sonradan “Xəzər” rəhbərliyi etiraz etdi və matçın nəticəsi ləğv olundu. Amma mənim “qırmızı”m yox.

 ***

Yubiley tədbiri aprelin 3-də “Kolizey”də olacaq. Qonaqların dəvəti və təşkilati işlərlə Oqtay Abdullayev məşğul olur. Sağ olsun ki, belə çətin işi öz üzərinə götürüb. Həmin gün şou-biznes nümayəndələri ilə veteran futbolçular arasında yoldaşlıq oyununun keçirilməsini də planlaşdırmışıq. Tədbirin 2 gün əvvəl keçirilməsi təşəbbüsü isə özümə aiddi. Ad günümü aprelin 5-də ailəmlə birgə keçirmək istəyirəm.

İlqar TAĞIYEV, “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail