"Vüsal Əliyev həmin epizodda penalti verməsəydi, biabırçılıq olardı" Müsahibə

18.04.2013 | 5730 dəfə oxunub

"Xəzər Lənkəran" klubunun idman direktoru Babək Quliyev Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Dünən komandanız ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Bakı"ya 0:1 hesabı ilə uduzdu. Əvvəlcə həmin oyunla bağlı fikirləriniz bilmək istərdik?

- Komandamız dünən çox zəif oynadı. Bunun da nəticəsində məğlub olduq. Heyətlə bağlı bəzi problemlərimiz var idi. Eləcə də komandamız fiziki cəhətdən  zəifdir. Fiziki baxımdan komandada çatışmazlıqlar var. Bu, ikinci hissədə özünü daha açıq şəkildə göstərdi. İlk yarıda normal oynasaq da, fiziki cəhətdən hazırlıqsız olmağımız ikinci yarıda sözünü dedi. Buna görə də rəqib üstün oynayaraq, qələbə qazandı. Hələ Orxan Sadıqlı olmasaydı, daha böyükhesabla uduzacağdıq. O dünən əla çıxış edərək, bir neçə epizodda komandamızı real qoldan xilas etdi. 

- Qeyd etdiniz ki, komandanız fiziki cəhətdən  zəifdir. Bu problem nədən qaynaqlanır?

- Bu ondan irəli gəlir ki, komanda qış fasiləsi zamanı Antalyada fiziki baxımdan ciddi hazırlıq keçməyib. Həmin vaxt fiziki məşqlərə lazımı qədər diqqət ayrılmayıb. Bunun acısını da komanda indi çəkir. Fiziki cəhətdən zəif olmağımız dünənki oyunda məğlubiyyətə gətirib çıxardı.

- Bu barədə komandanızın fiziki hazırlıq üzrə məşqçisi Erik Roketa ilə söhbətiniz olub?

- Hələlik heç kimlə söhbətimiz olmayıb. Mövsümün sonunu gözləyirik. Mövsüm başa çatdıqdan sonra təkcə Roketa ilə deyil, hər kəslə ciddi söhbətimiz olacaq. O cümlədən də futbolçularla.

- Belə başa düşdük ki, təkcə Roketadan deyil, bəzi futbolçulardan da narazısınız. Həmin oyunçuların adlarını açıqlaya bilərsiniz?

- Xeyr, indidən ad açıqlaya bilmərəm. Mövsümün sonunda özünüz hər şeyi görəcəksiniz.    

- Klub rəsmisi kimi deyil, keçmiş FİFA referisi kimi dünənki oyunda Vüsal Əliyevin təyin etdiyi penalti epizodunu dəyərləndirməyinizi istərdik.

- Mən hər zaman  demişəm ki, Azərbaycanda şərəf və ləyaqətini qoruyan, simasını itirməyən 3-4 hakim varsa, onlardan biri də Vüsal Əliyevdi. Dünən yanılmadığımı bir daha anladım. Vüsal Əliyev oyunu yaxşı idarə etdi. Onun təyin etdiyi penalti qərarı tam haqlı idi. Əgər, o həmin epizodda bizim qapımıza penalti verməsəydi, bax, bu, biabırçılıq olardı.

- "Xəzər Lənkəran"a gəldikdən sonra hakimlərlə bağlı hər hansı bir narazılığınız olub?

- Xeyr, heç bir narazılığım olmayıb. Heç bundan sonra da olmasını istəməzdim. Özüm də əvvəl hakim olmuşam. Hakim də insandı, səhv edə bilər. Amma biz "Xəzər Lənkəran" klubu olaraq hər zaman təmiz hakimliyin tərəfdarı olmuşuq. Hakimin bizə kömək etməsini heç vaxt istəmərik. Qoy, hakim nə var, onu da versin. İstəyimiz yalnız düzgün hakimlikdi.

- Hakimlikdən söz düşmüşkən, bir məsələ ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı. Yəqin ki, dünən keçirilən "Neftçi" - "Qarabağ" oyununu izləmisiniz. Sizcə, Anar Salmanovun penalti qərarı düzgün idi?

- Bu haqda danışmaq istəmirəm.

- Biz "Xəzər Lənkəran" rəsmisi kimi yox, keçmiş FİFA referisi kimi sizin fikirlərinizi öyrənmək istəyirdik.

- Sizi başa düşürəm. Amma mən ekspert deyiləm. Hər nə qədər keçmiş FİFA referisi olsam da, bugünkü gündə "Xəzər Lənkəran"da çalışıram. Ona görə də digər klubların oyununda baş verən epizodu dəyərləndirməyim düzgün çıxmaz. "Xəzər Lənkəran"la bağlı nə sualınız varsa, buyurun.

- Dünənki məğlubiyyətdən sonra "Xəzər Lənkəran"ın finala yüksəlmək şansını necə dəyərləndirirsiniz?

- Kubok oyunu 2 matçdan ibarətdir. Düzdür, dünən komandamız pis oynadı. Bayaq da dediyim kimi, Orxan Sadıqlının sayəsində böyükhesablı yenilgidən qaçdıq. Amma şansımız hələ də qalır. Rəqib bizi cəmi 1 topla üstələyib. Buna görə də cavab oyununda həmin yenilginin əvəzini çıxmağa, finala yüksəlməyə çalışacağıq. Düzdür, bu, heç də asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq.

- Komandanızın üzvü Ağabala Ramazanov hazırda hərbi xidmətdədir. Sərhəd Qoşunlarında xidmət etdiyinə görə komanda ilə birgə səfər oyunlarına yollana bilmirdi. Son turda "Turan"a qarşı baş tutan matçdan sonra da Con Toşak Ağabalanın yoxluğunu qeyd etmişdi. Amma dünənki oyunda Ramazanov meydandan idi. Onun əsgərlik problemini necə həll etdiniz?

- Bu məsələni klub prezidenti həll etdi. Sərhəd Qoşunlarının komandanı da sağ olsun ki, Azərbaycan futbolunun inkişafı üçün Ağabalaya şans yaratdı. O da başa düşür ki, Ramazanov gənc, perspektivli futbolçudur. Həm də Ağabalanın hərbi xidmətinin başa çatmasına cəmi 2 ay qalıb.

- Bu məsələ birdəfəlik həll olundu, yoxsa yalnız "Bakı" ilə oyuna şamil olunmuşdu?

- Yox, birdəfılik həll olundu. O hərbi xidmətini davam etdirməklə yanaşı, məşqlərdə, oyunlarda da iştirak edəcək. Ağabala bundan sonra Lənkərandan kənarda baş tutacaq digər oyunlarda da iştirak edəcək.

- Keçən dəfə söhbət edərkən bildirmişdiniz ki, bu günlərdə komandaya daha bir məşqçi qoşulacaq. Kameron Toşak artıq düşərgəyə gəlib?

- Bəli, Conatan Kameron Toşak artıq kluba qoşulub. Aprelin 16-da ölkəmizə təşrif buyuran Kameron Toşak dünən "Bakı"ya qarşı keçirilən matçı da tribunadan izlədi. Sabahdan isə o komandanın məşqlərində iştirak edəcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail