Sevda Yəhyayeva: “Ruslan Abışovu mən məşhur etdim” Müsahibə

25.04.2013 | 6167 dəfə oxunub

2 il öncə - 2011-ci il aprelin 5-də futbolçu ilə müğənninin birgə çəkildiyi “Gecdir daha” klipi təqdim olundu. Müğənni “Yeni ulduz 2” mahnı müsabiqəsinin finalçısı Sevda Yəhyayeva, futbolçu isə həmin vaxt “Neftçi”də çıxış edən Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov idi. Məhz həmin klipdən sonra Yəhyayevaya idman ictimaiyyəti arasında da maraq yaranmağa başladı. Özü də müxtəlif idman tədbirlərində göründü, mahnılarını ifa etdi.

İndi Abışov Rusiyanın “Rubin” klubunda çıxış edir. Yəhyayeva isə xarici şou-biznesə girişməsə də, xeyli populyarlaşıb. Futbolçumuz şou-biznesə marağını bir kliplə nümayiş etdirdi. Bəs sevimli müğənnimizin idmana marağı hansı səviyyədədir? Bu məqsədlə Yəhyayevaya Lent.az-a müsahibə verib. 

- Bu müsahibə “Dinlə” mahnısına çəkdirdiyiniz klipin təqdimat mərasiminə təsadüf etdi. Klipdə narkotikdən əziyyət çəkən qadının sağlam həyata qayıtması əksini tapıb və həmin qadın rolunda yer almısız...

- Atalar məsəli var: “Sağlam bədəndə, sağlam ruh olar”. Ona görə də bu klipin maraqlı olacağını düşündüm. Klipdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Mənə belə bir mövzuda çəkiliş təklif etdilər. Mən də razılıq verdim. Fikirləşdim ki, niyə də olmasın? Narkotiklərdən əziyyət çəkən xanım rolunu oynamağın maraqlı olacağını düşündüm. Klip jurnalistlərimiz tərəfindən də çox maraqla qarşılandı. İnanıram ki, tamaşaçılarımız da yaxşı qarşılayarlar. Ən əsası, xeyirli və faydalı olar.

- Həmkarlarınızdan Aygün Kazımova vaxtilə həndbolla məşğul olub. Bu baxımdan, siz də daha populyar idman növünə meyl göstərə bilməzdiniz?

- Oxuduğum Qobu qəsəbəsindəki 2 saylı orta məktəbdə bədən tərbiyəsi dərslərindən beş alırdım. Müəllimin verdiyi tapşırıqları daim yerinə yetirirdim. Qaçış, futbol, voleybol oynayırdıq. Amma Aygün xanım kimi peşəkar səviyyədə oynamamışam. 

- Yeri gəlmişkən, futbolla bağlı bir klipiniz olmuşdu...

- Bəli, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovla birgə klip çəkdirmişdik. O da çox maraqla qarşılanmışdı.

- “Gecdir daha” necə ərsəyə gəlmişdi?

- Klip qarşılıqlı istəkdən yarandı. Fikirləşdim ki, niyə də yox? Maraqlı alınacağını düşündük və elə də oldu.

- Abışovla əvvəlcədən əlaqəniz var idi?

- Xeyr. Birdən-birə tanış olduq. Açığı, onu klipə çəkiləndən sonra tanıdım. Amma əlbəttə, Ruslan məni tanıyırdı. Mən isə qiyabi tanıyırdım.

- Həmin klipdən sonra Abışovla münasibətləriniz qalır?

- Bu, bir layihə idi, həyata keçirdik. Hazırda əlaqəmiz yoxdur. İnşallah, gələcəkdə yeni layihə olarsa, bir daha əlaqəmiz yaranar. Bilirəm ki, Rusiyanın “Rubin” klubuna transfer olunub. Ümumiyyətlə, bütün futbol komandalarımıza uğurlar diləyirəm, o cümlədən, Ruslana. 

- Abışovun Rusiya Premyer Liqasının ötən turunda “Rubin”in əsas heyətində ilk dəfə meydana çıxmasından xəbəriniz var?

- Xeyr, oyununu da izləməmişəm.

- Bir ara bu futbolçunun karyerasında eniş yaşanırdı. O zamanlar mətbuat yazırdı ki, Abışov şou-biznesə qoşulandan sonra formadan düşməyə başlayıb...

- (gülür) Hmmm... Əslində o, çox yaxşı oyunçudur. Amma şou-biznesə qatılması, mən deyərdim ki, onun karyerasına çox böyük təkan oldu. Nəticədə 11 futbolçu arasından seçilməyi bacardı. Ruslan Abışov olaraq, daha da tanındı, məşhurlaşdı. Mən buna çox sevinirəm və ona daim uğurlar arzulayıram. 

- Futbol matçlarına baxmağa gedirsiniz?

- Oyunlara getmirəm. Amma inşallah, ölməyib sağ qalsam, istərdim ki, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinə prodüserim Toliklə bərabər gedim və Yay Olimpiya Oyunlarını canlı izləyim. İndiyədək olimpiadaları televiziya vasitəsilə izləmişəm və bütün idmançılarımıza azarkeşlik etmişəm. Hətta həmin gün işim də olsa, heç yerə getməmişəm. Amma 2016-cı ildə Toliklə bərabər olimpiadaya gedəcəyik.

- Məqsədiniz Braziliyaya getməkdirsə, gələn il bu ölkədə futbol üzrə dünya çempionatı da təşkil olunacaq...

- Düzdür, indiyədək Braziliyada olmamışam. Amma əsas məqsədim olimpiadanı canlı izləməkdir. 2012-ci il London Yay Olimpiya Oyunlarında 9 medalımız oldu. Gələn olimpiadada inşallah, 18 medalımız olar.

- Londonda idmançılarımız 9 yox, 10 medal qazanıblar...

- 10 medaldırsa, növbəti olimpiadada 20 olar.

- Bəs Londonda medalların hansı növlər üzrə qazanıldığını bilirsiniz?

- Bilirəm ki, eyni gündə 2 qızıl medal qazanıldı. Bu, məni çox sevindirdi. Azərbaycan bayrağı eyni gündə 2 dəfə yüksəldi, himnimiz səsləndi. İnanın ki, hamıya zəng edərək, “Gördünüzmü, 2 medal qazandıq” deyirdim. Hamının da məlumatı var idi. Ona görə də “bəli” cavabını verirdilər. Ən çox medalımız güləş üzrə oldu. Həm qızıl, həm gümüş, həm də bürünc medal qazandılar. Yenə bürünc medallarımız oldu... Yadımdan çıxdı e...

- 2 bürünc medal boksda, 1-i isə ağırlıqqaldırmada oldu...

- Həəə, ştanq... Valentin Xristofer.

- Valentin Xristov...

- Hə, Xristov.

- Heç olubmu ki, idman tədbirlərində mahnı ifa etdikdən sonra tribunaya çıxıb oyunu izləyəsiniz?

- Oyunlar zamanı mahnı ifa etməyə dəvətlər alıram. Sırf tamaşaçı kimi Azərbaycan və Almaniya yığmaları arasında keçirilmiş oyunu izləmişdim. Millimiz səhv etmirəmsə, 0:3 və ya 0:4 hesabı ilə uduzmuşdu (əslində isə millimiz Almaniya ilə son illər Bakıda 2 dəfə qarşılaşıb. 2011-ci il iyunun 7-də keçirilmiş görüşdə Bundestim 3:1, 2009-cu il avqustun 12-də 2:0 hesabı ilə qalib gəlib – E.M.).  

- Televiziya vasitəsilə hansı oyunlara baxmağı xoşlayırsınız?

- “Real”la “Barselona” arasındakı matçları izləmək həmişə mənim üçün maraqlı olur.

- Bəs İspaniyanın başqa bir klubu “Atletiko”nun aprelin 30-da Bakıda oyun keçirəcəyindən xəbəriniz var?

- İnanırsınız, bu aralar mənim başım çox qarışıqdır. O qədər işlərim var ki... Bilirəm ki, “Atletiko”nun heyətində türkiyəli futbolçu Arda Turan oynayır. Amma hazırda futbol izləməyə vaxtım yoxdur. Çünki bəzi yaradıcılıq işlərim var. Başımı qaşımağa vaxt tapmıram. Amma imkan düşəndə, televiziya ilə futbol matçlarını izləyirəm.  

- Yəqin ki, “Atletiko”nu Azərbaycana dəvət edən “Bakı” klubu haqda eşitməmiş olmazsınız...

- Əlbəttə, eşitmişəm. Dəfələrlə “Bakı” klubunun bazasında olaraq, bayram konsertlərində çıxış etmişəm.

- Hansı futbol komandamızın Azərbaycan çempionu olmasını istərdiniz?

- Məni çətin sual qarşısında qoyursunuz. (Bir qədər fikirləşir) “Neftçi”nin.

- Bəs dünya futbolunda hansı komandanın azarkeşisiniz?

- “Barselona”nın. Yığma komandalardan isə Azərbaycandan başqa azarkeşlik etdiyim yoxdur.

- Ümumiyyətlə, hansı idman növlərinə maraq göstərirsiniz?

- Bir çox idman növünə marağım var. Məsələn, kikboksinq, qaydasız döyüş izləməyi çox sevirəm. Eyni zamanda güləş mənim üçün çox maraqlıdır. 

- Ailənizdə, idmançı var?

- Peşəkar idmanla məşğul olan yoxdur. Amma qohumlarım, yaxınlarım arasında idman yarışlarını azarkeş kimi izləməyi sevənlər var. Eyni zamanda, həvəskar səviyyədə məşğul olurlar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail