Babək Quliyev: "Neftçi" çempion olar-olmaz, bu, onların öz işidi" Müsahibə

28.04.2013 | 6337 dəfə oxunub

"Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Bakı" klubu ölkə kuboku çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirilən oyununun baş hakimi Elçin Məmmədovun idarəçiliyindən narazı qalıb. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Mən bu fikirlərlə tanışam. Amma deyilənləri qəbul etmirəm. Açıq şəkildə bəyan edirəm ki, "Xəzər Lənkəran" heç bir hakimə rüşvət verməyib, heç vaxt da verməyəcək. Əslində Elçin Məmmədov bizə qarşı çox haqsızlıq etdi. Əsasən də ikinci hissədə.

- Konkret olaraq, hansı məqamlardan narazı qalmısınız?

- Mən özüm də hakim olmuşam və oyun qaydalarını çox yaxşı bilirəm. Elçin Məmmədov oyunun gedişində "Bakı"nın lehinə çox qərarlar verib. "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovun açıqlamaları ilə tanışam. Zeynal müəllim deyir ki, qırmızı vərəqələr verilməliydi. Mən bu fikirlə razı deyiləm. Elnur Allahverdiyevin birinci hissədə aldığı sarı vərəqə çox kobud səhv idi. Bizim oyunçumuz həmin epizodda açıq ayaqla topa oynamışdı, oyunçuya yox. Topu da vurub, uzaqlaşdırmışdı. Ancaq Elçin Məmmədov həmin epizodda cərimə zərbəsi təyin etdi və sarı vərəqə verdi. Yaxşı, tutaq ki, təhlükəli oyuna görə cərimə zərbəsini təyin etdin, bəs, sarı vərəqə nədir? Elnur Allahverdiyevin meydançanın mərkəzində olan epizoduna gəlincə, orada heç bir cərimə zərbəsindən söhbət getmirdi. O təmiz olaraq rəqib futbolçunun ayağından topu çıxardı. Elçin Məmmədov ümumiyyətlə, orada cərimə zərbəsi təyin etməkdə haqsız idi. Hər insanın öz fikri var. Zeynal müəlim deyir ki, Elçinə kimsə rüşvət verib.Tam əminliklə söyləyirəm ki, "Xəzər Lənkəran" klubu olaraq bizim adımız rüşvətlə yanaşı hallana bilməz. Bunlar boş söhbətlərdi, heç bir hakim deyə bilməz ki "Xəzər Lənkəran" mənə rüşvət verib.

- "Bakı"nın narazı qaldığı epizodlardan biri də vurulan birinci qolla bağlıdır. Ağabala Ramazanovun fərqləndiyi epizodda hakimin əlavə etdiyi vaxtın bitdiyi iddia olunur. Ümumiyyətlə, bir hakim kimi fikrinizi öyrənmək istərdik. Əgər, komanda hücumdadırsa, hətta vaxt qurtarıbsa belə, hücum davam etməlidir, yoxsa oyun dayandırılmalıdır?

- Əgər, hakimin əlavə etdiyi vaxt bitibsə və komanda hücumdadırsa, həmin hücumu saxlamaq olmaz. Bu, UEFA-nın, FİFA-nın qaydalarıdır. Biz də hakimlik etmişik, belə şeyləri çox yaxşı bilirik. Tutaq ki künc, ya cərimə zərbəsi yerinə yetirilir, ya komanda təhlükəli hücumdadırsa, o zaman bu hücumun qarşısını almaq olmaz. Oyunu yalnız hücum bitdikdən sonra saxlamaq olar. Mən Zeynal müəllimi başa düşürəm, o hirslənib, o qədər komandaya pullar xərclənib, amma əvəzində nəticə qazanılmır. Mən onu anlayıram. Amma oyun qaydaları var. Azərbaycanda da futbol qaydalarını bilən insanlar var. Onlardan biri də elə özüməm. İstedadlar qrupunda olmuş hakiməm, keçmiş FİFA referisiyəm. Bunları çox yaxşı bilirəm. Birinci qola görə nəsə demək artıq şeydi.

- Kubokun ilk oyununda "Xəzər Lənkəran" açıq-aşkar "Bakı"dan zəif görünürdü. Bunu oyundan sonra Con Toşak da, elə siz özünüz də etiraf etdiniz. Amma cavab görüşündə biz tamam başqa "Xəzər Lənkəran" gördük. Qısa zamanda komandada nə dəyişdi? Nə etdiniz ki, "Xəzər Lənkəran" birdən-birə güclü təsir bağışladı?

- Nə etdiyimizi sizə deməyəcəyəm (gülür). Amma uşaqlara, eləcə də azarkeşlərimizə "çox sağ olun" deyirəm ki, gəldilər və Azərbaycanda 1 nömrə olduqlarını göstərdilər. Oyundan sonra da gördünüz ki, necə izdiham yaşandı meydanda. Komandada çətin dönəm idi. Amma huna baxmayaraq, uşaqlar öz güclərini toplayaraq, futbol oynaya bildiklərini göstərdilər. Bu da rəhbərlik olaraq bizi sevindirir. Oyundan öncə Mais müəllim, Tuyqun müəllim də komandanı qələbəyə səslədilər, uşaqları motivasiya etdilər. Bütün bunların qarşılığında da komanda çıxdı, öz oyununu göstərdi. Göydə Allah var. Futbolu başa düşən insanlar bilir ki, "Xəzər Lənkəran" öz gücünə, layiqli şəkildə qələbə qazandı. Yadınıza gəlirsə, ilk oyunda uduzduqdan sonra mən dedim ki, Vüsal Əliyev bizim qapımıza düzgün penalti təyin etmişdi. Yəni nə düzdü, onu da deyirik. Bir daha təkrar edirəm, mən Zeynal müəllimi anlayıram. Onlar futbolun inkişafı üçün böyük işlər görürlər, komanda nəticə qazana bilməyəndə də narazı qalırlar. Mənim özümün Zeynal müəllimlə münasibətim yaxşıdır. Eləcə də bizim klub rəhbərliyinin "Bakı" rəhbərliyi ilə yaxşı münasibətləri var.

- Hazırda Avroliqaya yollanmaq üçün "Xəzər Lənkəran"ın taleyi öz əlindədir. Amma "Neftçi"nin çempionluğu sizin finaldakı nəticədən asılı olmayaraq, Avropaya gedən yolunuzu açacaq. Həqiqətənmi "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"nin çempionluğunu istəyir?

- Biz "Neftçi" ilə əzəli rəqibik. Necə ki, Türkiyədə "Qalatarasay"la "Fənərbaxça". Bu dəfə də kubokun finalında qarşılaşacağıq. Yəni ki, həlledici oyundu. Kuboku heç kim əldən vermək istəməz. Qaldı ki, "Neftçi" çempion olar-olmaz, bu, onların öz işidi. Bizim əsas hədəfimiz kuboku qazanmaqdı. Biz kubokun 1 addımlığındayıq.

- Baş məşqçi Con Toşakın oğlu Kameron Toşak bir necə gün əvvəl komandaya qoşuldu və hətta "Bakı"ya qarşı keçirdiyiniz ilk kubok matçını da tribunadan izlədi. Amma bu gün onu komandanın məşqində görə bilmirik...

- Kameron Toşak gəldi, komandadakı şəraitlə tanış oldu. Onun səfəri tanışlıq məqsədi daşıyırdı. 1 həftə qaldı, vəziyyətlə yerindəcə tanış oldu. İndi qarşıdakı günlərdə öz fikrini deyəcək.

- Belə başa düşdüm ki, onun komandada işləyəcəyi hələ dəqiq deyil?

- Yox, hələ bilinmir.

- O komandaya gəlməsə, əvəzinə başqa mütəxəssis dəvət olunacaq?

- Mən bunu dəqiq deməkdə çətinlik çəkirəm. Çünki bütün səlahiyyətlər Toşakdadır. Mübariz bəy də (klubun fəxri-prezidenti Mübariz Mənsimov nəzərdə tutulur-red.) demişdi ki, bütün qərarları Toşak qəbul edəcək. Həm məşqçilər korpusu ilə bağlı, həm də futbolçularla. Hər şey onun öhdəsindədir. Hansı qərarı qəbul etsə, biz də ona hörmətlə yanaşacağıq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail