İlham Əliyev: "Ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz" FOTOLENT

30.04.2013 | 4821 dəfə oxunub

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul etmişdir.
 
 İdmançıları salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV demişdir:
 - Sizi böyük nümayəndə heyətində görmək xoşdur. Əminəm ki, Bakıda vaxtınızı yaxşı keçirirsiniz. Yəqin ki, Azərbaycan haqqında yaxşı məlumatınız vardır, əsasən də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır. Səfərinizin qısamüddətli olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət qurmaq üçün imkan tapacaqsınız.
Sizin klub dünyada çox tanınır və deyə bilərəm ki, Azərbaycanda çoxlu azarkeşiniz vardır. Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaqdır. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir.
Bir daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram.
 
“Atletiko Madrid” klubunun prezidenti Enrikio CEREZO Prezident İlham Əliyevə nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür etdi. Ölkəmiz və Bakı haqqında təəssüratlarını bölüşən Enrikio Cerezo dedi:
- Mən Bakıya gəlib çox təsirləndim. Çünki doğrudan da çox gözəl şəhəriniz vardır. Şadıq ki, ölkənizlə aramızda əməkdaşlıq yaranır. Azərbaycan xalqını tanımağıma çox şadam. Burada olmaqdan şərəf hissi duyuruq.
 “Atletiko Madrid” futbol klubu barədə məlumat verən Enrikio Cerezo son illər böyük inkişaf əldə edildiyini bildirdi və klubun gələcək planlarından danışdı.
 
Prezident İlham ƏLİYEV dedi:
 - Xoş sözlərə görə sizə minnətdaram. Mən bilirəm ki, “Atletiko Madrid” futbol komandasının çox böyük tarixi vardır. Nəinki İspaniyada, dünya miqyasında sizin komandanızın xüsusi yeri vardır. Əlbəttə, bu əməkdaşlıq bizə imkan verəcəkdir ki, Azərbaycanda futbolun səviyyəsi daha da qalxsın və əlaqələrimiz daha da geniş olsun.
 
Dövlətimizin başçısı “Atletiko Madrid” klubunun Azərbaycana gəlməsinin ölkəmizin komandaları ilə əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağına əminliyini bildirdi və bu səfərin idmançıların ölkəmizi daha da yaxından tanımaları üçün yaxşı imkan yaratdığını vurğulayaraq dedi:
 - Mən çox şadam ki, siz indi Bakıdasınız, ölkəmizlə tanış olursunuz. Ümid edirəm ki, bu təmaslar bundan sonra da davam edəcəkdir.
 
“Atletiko Madrid” klubunun prezidenti Enrikio Cerezo Azərbaycan ilə rəhbərlik etdiyi klub arasındakı əlaqələrin beynəlxalq idman aləmində real əməkdaşlığa çevriləcəyinə əminliyini ifadə etdi.
 
Dövlətimizin başçısı “Atletiko Madrid” klubunun və ümumilikdə ispan futbol komandalarının əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Azərbaycanda idman sahəsində görülən işlərdən danışaraq dedi:
 - Deyə bilərəm ki, Azərbaycanda idman sürətlə inkişaf edir və çox yaxşı nəticələr vardır. Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcəkdir. Londonda keçirilmiş son Olimpiya Oyunlarında da Azərbaycan çox yaxşı nəticə göstərmiş, ikisi qızıl olmaqla 10 medal qazanmış və ölkələr sırasında 30-cu yerdə olmuşdur.
 
“Atletiko Madrid” futbol klubunun oyunçusu Arda TURAN çıxış edərək dedi:
- Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Biz “Azərbaycan” sözünü sinəmiz üstündə gəzdirdik. İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün, bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir. Çünki bu gün Şəhidlər xiyabanını ziyarət edərkən söylədim ki, özümü həm bir türk, həm də bir azərbaycanlı olaraq hiss edirəm. Təbii ki, biz eyni millətik, eyni kökdənik. Bakını bu qədər gözəlləşdirdiyiniz üçün Sizə minnətdaram. Bakıda əvvəllər də olmuşam. İndi daha möhtəşəm görünür. Gənc ölkə olmağınıza baxmayaraq, Azərbaycanın inkişafı çox möhtəşəmdir. Ona görə də Sizə çox təşəkkür edirəm.
Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə, xoş münasibətlə qarşıladığınız üçün Sizə çox təşəkkür edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi sayılıram. Ona görə çox şərəf duyuram. Bir daha təşəkkürümü bildirirəm.
 
Prezident İlham ƏLİYEV: Çox sağ olun! Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz xoş keçəcəkdir.
Bizim xüsusi münasibətlərimiz, xüsusi duyğularımız vardır. Bizi birləşdirən həm tarix, həm də bu gün vardır. Türkiyə-Azərbaycan sözün əsl mənasında iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha tez-tez gələcəksiniz.
 
Futbolçular Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər.
 
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail