Tahir Süleymanov astronomik məbləğlərdən şikayətləndi Müsahibə

23.05.2013 | 5933 dəfə oxunub

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Stadium.az saytına müsahibə verib.

- Mövsüm artıq yekunlaşmaq üzrədi. Digər klublar transfer çalışmalarına başlayıblar. Bu baxımdan "Neftçi"də vəziyyət nə yerdədi?

- Bilirsiniz ki, bizim üçün mövsüm hələ tam bitməyib. Qarşıda kubokun final matçı var. Digər klublardan fərqli olaraq, bizim üçün mövsüm 1 həftə gec bitəcək. Buna baxmayaraq, transfer çalışmalarımız davam edir. Amma biz bu işə indi başlamamışıq. Komandamızın seleksiyaçı məşqləri mövsüm boyu maraqlandıqları futbolçuları izləyib, onlar haqda lazımı məlumatlar toplayıblar. Kubokun final görüşündən sonra klubdaxili toplantı keçiriləcək. Orada məşqçilər korpusu bizə hansı mövqeyə oyunçu istədiklərini açıqlayacaqlar. Bundan sonra tam olaraq fəaliyyətə başlayacağıq.

- Hazırki heyətdən hansı futbolçularla müqavilə uzadılıb?

- Bir neçə gün əvvəl Denis Silva ilə yeni - 2 illik müqavilə imzalamışdıq. Dünən isə Mahir Şükürovla yeni sözləşmə bağladıq. O daha 1 il komandamızda çıxış edəcək. Ötən mövsüm Mahir komandamızda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Komandamızın qazandığı uğurlarda onun böyük rolu oldu. Bu səbəbdən də Şükürovu heyətdə saxladıq.

- Digər futbolçuların komandadakı taleyinə nə vaxt aydınlıq gələcək?

- Bayaq da dediyim kimi, qarşıda kubokun final oyunu var. Həmin görüşdən sonra bütün suallara aydınlıq gələcək. Böyük ehtimalla, ayın sonunda digər futbolçularla da müqavilə imzalanacaq.

- Komandaya yeni futbolçuların dəvət olunacağı aydındır. Bəs, hansı mövqelərə oyunçu dəvət edəcəyiniz dəqiqləşib?

- Bu haqda futbol ictimaiyyətində də geniş müzakirələr gedir. Hansı mövqeyə futbolçu lazım olduğunu çoxları bilir. Amma bu barədə rəsmi olaraq mövqeyimizi ayın sonunda açıqlayacağıq. Lakin transfer bazarında narazı qaldığımız məqamlar var ki, onları açıqlamaq istərdim.

- Buyurun.

- Bildiyiniz kimi, "Neftçi" klubu son 3 mövsümdə çempion oldu, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazdı. Biz istərdik ki, bu uğurumuzu digər klublarda təkrarlasın. Amma bəziləri işə düzgün yanaşmırlar. Bugünkü gündə Azərbaycanda bəzi klublar futbolçulara həddindən artıq, şişirdilmiş, astronomik məbləğlər təklif edirlər. Bu, yolverilməzdi. Təbii ki, "Neftçi" klubu olaraq, biz də öz futbolçularımıza dəyər veririk. Onlara böyük qiymət veririk. Amma futbolçuya dəyərindən bir beçə dəfə artıq qiymət qoymaq peşəkarlıqdan uzaqdır. Biz heç kimin işinə qarışmırıq, öz pullarıdı, özləri bilər. Lakin həmin insanlar bilməlidirlər ki, tanınmış əcnəbi mütəxəssisləri Azərbaycana fantastik qiymələrə görə yox, futbolun inkişafı üçün gətirmək lazımdı. Qoy, həmin əcnəbilər gəlib 17-18 yaşlı azərbaycanlı futbolçuları üzə çıxarsınlar. Necə ki, son illərdə "Neftçi" belə edir. Biz gənc futbolçularımıza təkcə daxili arenada deyil, beynəlxalq arenada da şans veririk. Özünüz də gördünüz ki, APOEL kimi komandaya qarşı "Neftçi"nin heyətində neçə gənc futbolçu çıxış etdi. Bizim bəzi klublar son illər Çempionlar Liqasının qrup mərhələsinin daimi iştirakçısı olan "Viktoriya Plzen", "Şaxtyor", BATE kimi klublarla ayaqlaşmaq istəyir. Amma həmin klublar bilməlidirlər ki, əvvəlcə adını çəkdiyim komandalarla bir sırada dayanmaq, sonra onlarla ayaqlaşmaq lazımdı.

- "Neftçi" "Simurq"da icarə əsasında çıxış edən Nicat Qurbanovu heyətinə qaytardı. Lakin bildiyimizə görə, Zaqatala klubu yenidən Qurbanovun xidmətində maraqlıdır. Onun "Neftçi"də qalacağı dəqiqləşib?

- Tək "Simurq"da yox, bir neçə klublarda gənc futbolçularımız icarə əsasında çıxış edir. Bu baxımdan Nicat Qurbanovdan başqa, Slavik Alxasov, Ruslan Qurbanov və başqalarının adını çəkmək olar. Biz həmin futbolçuları icarəyə verərək, onların təcrübə toplamalarını istəyirik. Onlar müəyyən vaxtdan sonra "Neftçi"yə qayıdarkən artıq elita təcrübələri olur. Güclülər dəstəsində 20, 30, 40 oyunda forma geyib, sonra "Neftçi" üz tuturlar. Neçə ildir artıq bu sistemlə çalışırıq. Əvvəllər Elvin Yunuszadə "Simurq"da, Araz Abdullayev "Panionis"də icarə əsasında çıxış edərək, bu səviyyəyə yüksəldilər. İndi də yeni Araz Abdullayevlərin, Cavid İmamverdiyevlərin, Elvin Yunuszadələrin üzə çıxması üçün çalışırıq. Nicat və digər gənc futbolçularımız da yayda komanda ilə birgə təlim-məşq toplanışına yollanacaqlar. Bundan sonrası artıq özlərindən asılıdır. Mən inanıram ki, onlar tez bir zamanda özlərini yaxşı tərəfdən göstərərək, "Neftçi"nin əsas heyətində möhkəmlənəcəklər.

- Ötən mövsüm "Neftçi" Avroliqanın qrup mərhələsinə yüksəlməklə Azərbaycan futbolunda tarix yazdı. İndi əksəriyyət "Neftçi"dən daha böyük uğur, Çempionlar Liqasının qrup mərhələsində çıxış etməyi gözləyir...

- Gəlin, tələsməyək. Bəziləri Çempionlar Liqasının qrup mərhələsini ucuzlaşdırır. Amma əslində belə deyil. Təbii ki, klub olaraq bizim hədəfimiz yenidən möhtəşəm uğura imza atmaqdı. Bunun üçün də gecə-gündüz işləmək lazımdı. Ötən il "Neftçi" yolu açdı. İndi digər klublarımız da bu uğura imza atmalıdırlar. Ötən il UEFA-nın əmsallar cədvəlində 37-ci yerdəyik. Amma ötən mövsüm həm digər klublarımızın, o cümlədən də "Neftçi"nin uğurlu çıxışı sayəsində indi 32-ci pillədə qərarlaşmışıq. Bu isə o deməkdir ki, təkcə "Neftçi" yox, eləcə də digər Avroliqaya yollanacaq klublarımız - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" ilk mərhələdə nisbətən zəif komandalarla qarşılaşacaqlar. Bir neçə il əvvəl Zaqreb "Dinamo"su azərbaycanlı futbolsevərlərin, klubların qorxulu röyası idi. Amma bugünkü gündə biz "Dinamo" Zaqreblə bir sırada yer alırıq. Cari mövsüm komandamızın qarşısını almaq üçün çox işlər görüldü, xoşagəlməz proseslərlə qarşılaşdıq. Amma sonda yenə də gücümüzü ortaya qoyaraq, ardıcıl üçüncü dəfə çempion olduq. Bu dəfə yenidən sözümüzü Avropada demək istəyirik. Bunun üçün lazımı transferiləri də həyata keçirəcəyik. Son 2 ildə "Neftçi"nin hücumçuları ölkə çempionatının bombardiri olur. Ötən il Bahadır Nasimov komandamıza çox böyük fayda verdi, çempionluqda böyük pay sahibi oldu. Amma zədələndiyinə görə, seleksiyaçı məşqçilərimizin qərarına əsasən Nikolas Kanalesi heyətə cəlb etdik. Bu seçim də özünü doğrultdu. Təəssüf edirik ki, bugünkü gündə Azərbaycanda bacarıqlı gənc hücumçu yoxdur. Bu, Azərbaycan futbolunun ən böyük problemlərindən biridir. Lakin bütün bu çətinliklə bizi həvəsdən salmır. Dayanmadan futbolumuzun inkişafı üçün çalışırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail