“Vaqif Sadıxovu Azərbaycanın ən güclü iki məşqçisindən biri hesab edirəm” Müsahibə

08.07.2013 | 6898 dəfə oxunub

“Mən futbolçu olanda...” rubrikasının bu dəfəki qonağı Samir Əliyevdi. Azərbaycan futbolunun müstəqillik dövründə yetişdirdiyi az-çox istedadlardan biri olan Samir həm də uğurlu legioner həyatı yaşayan futbolçulardan biridi.

Samir Əliyev 1979-cu il aprelin 14-də Ermənistanın Kalinin rayonunda anadan olub. 1988-ci ildə məlum hadisələr üzündən ailəsi ilə birgə Bakıya gələn Samir 143 sayl orta məktəbdə təhsil alıb. Futbolçu karyerasına 1995-ci ildə 1-ci dəstədə çıxış edən “Naxçıvan” komandasında başlayıb. Sonradan müxtəlif vaxtlarda U-18, MOİK, “Neftçi”, “Volın” (Ukrayna), “Uralan” (Rusiya), “Xəzər Lənkəran”, “İnter”, “Simurq” komandalarında çıxış edib. Son komandası isə “Turan” olub. Azərbaycan çempionu adını qazana bilməsə də, dəfələrlə çempionatımızın gümüş medallarına layiq görülüb. 2002-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Azərbaycan yığma komandasında 31 oyun keçirib, 2 dəfə fərqlənib. Ailəlidi, 2 oğlu var. Hazırda “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçisidi.

***

Çalışıram ki, mətbuatdan uzaq durum. Fikrimcə, kiməsə müsahibə verəndə, gərək həmin müxbirlə üz-üzə oturub söhbət edəsən. Telefonla müsahibə götürmək qeyri-peşəkarlıqdı. Bir məsələ hada fikir söyləyirsən, səhəri gün baxırsan ki, başqa cür yazıblar. Dəfələrlə fikirlərim təhrif olunmuş halda mətbuatda yer alıb. Bu da müəyyən problemlər yaradır. Nə qədər az görünsəm, bir o qədər başım dinc olar. Başımı aşağı salıb öz işimlə məşğulam.

***

Bu yaxınlarda komandada dəyişiklik oldu, yeni baş məşqçi gəldi. Komandanın qarşısına konkret məqsədlər qoyulub. Çalışırıq ki, gənc, səviyyəli futbolçular yetişdirib əsas komandaya verək. Özümə gəldikdə isə, hələ öyrənməklə məşğulam. Artıq bir ildir ki, məşqçilik edirəm. Əvəzedicilərin keçmiş məşqçisi Elşad Əhmədovdan, indiki baş məşqçi Asim İbrahimovdan çox şeylər götürmüşəm. Bəziləri düşünə bilərlər ki, yaxşı futbolçu oldunsa, deməli yaxşı da məşqçi olacaqsan. Amma belə deyil. Futbolçu olmağa nə var ki, meydana çıxırsan, məşqçinin verdiyi hazır tapşırıqları yerinə yetirirsən. Məşqçilik isə elə deyil. Hər oyuna, hər vəziyyətə, hər futbolçuya görə məşq proqramı tərtib etməlisən. Elə uşaqlar var ki, onların 16-17 yaşı var. Yükləmələr olar ki, həmin uşaqlar dözə bilməzlər. Qısası, məşqçi olmaq düşünüldüyündən də qat-qat çətin peşədi.

Hələ futbolçu olarkən, karyeramı bitirdikdən sonra özüm üçün futbol sahəsində çalışacağımı dəqiqləşdirmişdim. Futbolçu həyatına başlayanda hər bir insanın arzusu, istəyi olur. Məşqçiliyə də elə arzu, istəklərlə gəlmişəm. Yaxşı məşqçi olmaq üçün daim çalışmalı, nəsə öyrənməlisən. Bir də bir az bəxtin olsa, da pis olmaz.

***

Hər bir insanın idealı olduğu kimi, mənim də ideallarım var. Maurinyonu və Haynkesi dahi məşqçilər hesab edirəm. Amma təəssüf ki, bizim onlara çatmağımız mümkün deyil. Yaxın 20-30 ildə Azərbaycandan Avropa, Dünya səviyyəli məşqçinin çıxması mümkün deyil. Bunun da bir çox səbəbləri var. Ən əsası, mentalitetdi. Bizim işimiz onlardan nəsə öyrənmək ola bilər. Azərbaycan səviyyəsində yaxşı məşqçi ola bilərsən. İndi də belə məşqçilərimiz az deyil. Rusiyada, Ukraynada, Türkiyədə işləyə bilərlər. Amma Avropada çətin. Türklərə baxsaq, bizdən xeyli irəli gediblər, amma indiyə kimi Dünya səviyyəsində cəmi bir məşqçi yetişdirə biliblər. Onun da karyerasına baxsaq, ən yaxşı halda yarım il “Milan”da işləyib. Fatih Terimi nəzərdə tuturam. Vəssalam.

***

1988-ci ildən başlayaraq əmim məni “Neftçi”nin oyunlarına aparırdı. “Neftçi” o vaxtlar SSRİ çempionatında çıxış edirdi, heyətində Maşallah Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev kimi ad-san çıxarmış futbolçular oynayırdı. Onlar kimi futbolçu olmaq, “Neftçi”də oynamaq uşaqlıq arzum idi. Daha indiki gənclər kimi fikirləşmirdik ki, maşınım, evim, pulum olsun. 

Futbola gəlişim 1992-ci ilə təsadüf edir. İlk məşqçim rəhmətlik Hüseyn İsmayılov olub. 1995-ci ildə Hüseyn müəllimin yaratdığı “Naxçıvan” komandası 1-ci dəstədə mübarizə aparırdı. 15-16 yaşlı uşaqlardan təşkil olunmuşdu, cəmi 2-3 nəfərin 18 yaşı vardı. Yaşlı futbolçulara qarşı oynamaq böyük təcrübə idi. Bu amil bir futbolçu kimi yetişməyimdə böyük təkan oldu. İki il sonra Vaqif Sadıxov məni U-18-ə dəvət elədi. Peşəkar futbolçu kimi ortaya çıxmağımda 3 şəxsə borcluyam – Hüseyn müəllimə, Vaqif Sadıxova və 20 yaşında məni “Neftçi”yə dəvət eləyən Əhməd Ələsgərova. Amma karyeramı bitirməyimin səbəbkarı da Vaqif Sadıxov idi. Bunu özünə də demişəm. Vaqif müəllim “Neftçi”də işləyərkən, zədəmi yenicə sağaltmışdım. Bir ara yaxşı da forma yığmışdım. Amma oynamağa imkan vermədi. İstər-istəməz həvəsdən düşdüm. Fikirləşirdim, necə ola bilərdi ki, sevimli futbolçusuna oynamağa şans vermir? Aliutalara, Nyaqalara, Quqlemonlara güvəndi. Yadımdadı, “İnter”lə oyunda məni sonradan meydana buraxdı, qələbə qolunu vurdum. Amma yenə də ehtiyatda saxladı. Səbəbini soruşanda “bəxtin gətirdi” dedi. Başa düşürəm, hər bir məşqçi nəticə qazanmaq istəyir, ola bilərdi ki, mənə güvənmirdi. Amma mən də uşaq deyildim ki, heç olmasa, 2-3 oyun ardıcıl şans versəydi, başqa cür olardı. Bütün bunlara baxmayaraq, Vaqif Sadıxovu Azərbaycanın ən güclü 2 məşqçisindən biri hesab edirəm. İndi də yaxşı münasibətlərimiz var.

Bir arzuya çatdıqca, yenisi yaranır, arzular tükənmir. Şükür Allaha futbola bağlı arzularımın hamısına çatmışam. Amma fikrimcə, o vaxt mənə yol göstərən olmadı. Olsaydı, daha da irəli gedə, daha yaxşı komandalarda çıxış edə bilərdim.

***

Yüksək dəstələ ilk oyunum 1996-cı ildə Vaqif Sadıxovun rəhbərlik etdiyi U-18-in heyətində olub. Daha sonra 1997-99-cu illərdə hərbi xidmətlə əlaqədar MOİK-də çıxış etmişəm. Bayaq da dediyim kimi, 2000-ci ildə Əhməd müəllim məni “Neftçi”yə çağırdı. 2 il sonra Azərbaycanda futbol dayandı. Həmin vaxt “Neftçi”də oynayan ukraynalı legioner Roman Zub mənə, Kamal Quliyevə və Fərrux İsmayılova Ukraynada rahat oynaya biləcəyimizi və ondan xəbər gözləməyimizi demişdi. Milli ilə Estoniya və Latviyaya getmişdik. Roman zəng elədi ki, Ukraynanın yüksək dəstəsinə yenicə vəsiqə qazanmış komanda var – “Volın”ı nəzərdə tuturam. Lutsklulıran baş məşqçisi Vitali Kvartsyanı bizim oyunumuzu Bolqarıstanda olarkən görmüşdü və xoşuna gəlmişdik. Beləcə mən və Kamal Ukraynaya yollandıq. Fərruxa isə Tolyatti “Lada”sından təklif var idi, bizimlə getmədi. “Volın”ın heyətində cəmi 1 gün ərzində – 2 ikitərəfili oyundan sonra müqavilə bağladıq. Bir nüansı qeyd edim – o vaxt AFFA-nın prezidenti Fuad Musayev idi. “Volın”dan onunla əlaqə saxladılar ki, bizə görə nə qədər pul istəyir? Fuad müəllim istəsəydi, onlardan hər birimizə görə azı 50 min ala bilərdi. Sağ olsun, heç nə istəmədi. Kvartsyanıya elə bil dünyanı bağışlamışdılar, o qədər sevinirdi ki. Bizə Azərbaycanla müqayisədə yaxşı pul verdilər. Ukrayna səviyyəsinə görə isə, həmin pul qəpik-quruş idi. “Volın” elə də imkanlı klub deyildi. Məqsədimiz pul qazanmaq yox, futbolsuz qalmamaq, Ukrayna kimi bir yerdə çıxış etmək idi. İlk günlər çətinliyimiz oldu. Komandaya təzə qoşulmuşduq, hazırlığımız istənilən səviyyədə deyildi. Buna baxmayaraq, hər ikimiz əsas heyətdə yer aldıq. “Volın”da debütüm əla oldu. “Metallist”lə oyunda qol vurdum, 2:0 qələbə qazandıq. “Volın”da 5 hücumçu var idi. Əsas heyətdə Saçko daim yer alırdı. Qalan 4 nəfər arasında isə rəqabət gedirdi. Bir balaca büdrədin, heyətdən kənar qalacaqdın. Bu gün “Metallist”ə qol vurdunsa, o demək deyildi ki, sabah əsas heyətdə yenə də yer alacaqsan. Gərək məşqlərdə də özünü yaxşı tərəfdən göstərərdin. Əsas heyətdə yer almırdınsa, mükafatdan da olurdun. 

***

Ukraynada ən yaddaqalan məqamlardan biri “Şaxtyor”la bağlıdı. Birinciliyin başa çatmasına 4 tur qalırdı. Donetsklilər “Dinamo”dan 2 xal irəlidə idilər. Hər ikisinin zəif rəqiblərlə görüşü qaldığından, hamı “Şaxtyor”un çempion olacağını gözləyirdi. Elə oldu ki, Donetskdə “Şaxtyor”u 3:1 məğlub etdik. İki qolu mən vurmuşdum, həm də oyunun ən yaxşı oyunçusu seçilmişdim. Bizə məğlubiyyət “Şaxtyor”u çempionluqdan etdi. “Dinamo” qalan oyunların hamısında qalib gələrək, 1 xal fərqilə 1-ci oldu. Növbəti il də Donetskdə qol vurdum. Amma bu dəfə məğlub olduq – 1:3. Onların qapıçısı Pletikoza idi. 6-7 oyun idi ki, qol buraxmırdı.

***

 “Volın”da ilyarım çıxış elədim. Bir ilin tamamında bizə bir neçə samballı klublardan təklif var idi. Məsələn, Zaporojyenin “Metallurq” komandası. Onların prezidenti azərbaycanlı idi, həm də çox imkanlı birisiydi. İstəyirdi ki, komandasında azərbaycanlı futbolçular oynasın. Bizim “Metallurq”la oyunumuza gəlib, şəxsən məni izləmişdi. Amma “Volın”ın rəhbərliyi imkan vermədi. Bundan başqa, Kiyevin “Arsenal” klubundan da həm mənə, həm də Kamala dəvət vardı. “Arsenal”ın baş məşqçisi bir vaxtlar Moskva “Spartak”ında Romantsevlə birgə işləmiş Qroznı idi. Keçid demək olar ki, baş tutmuşdu, yenə də “Volın” imkan vermədi. Bundan başqa, 2002-ci ilin yanvarında “Şəfa”nın heyətində Birlik Kuboku yarışlarında “Şaxtyor”u məğlub etmişdik. Üstündən təxminən bir il sonra millinin toplanışına qatılanda Fuad Musayev mənə dedi ki, Birlik Kubokunda “Dinamo”nun məşqçisi Surkis səninlə maraqlanıb, oyununu izləyirlər. Üzərində bir qədər də işlə, “Dinamo” səni istəyir. Bütün bunlara rəğmən, “Uralan”ı seçdim. 1-ci dəstəyə yenicə vəsiqə qazanmışdı, böyük hədəfləri olan komanda idi. Həm də yaxşı pul verirdilər. Pula görə yox, perspektiv baxımından ora getdim. Əlbəttə, Ukraynanın yüksək dəstəsindən Rusiyanın 1-ci dəstəsində keçid geriyə atılmış addım idi. Düzü, menecerim “başımı yedi”. Mənə söz vermişdi ki, cəmi 6 ay oyna, səni Rusiyanın güclülər dəstəsində çıxış edən komandalar izləyirlər, həm də yaxşı əlaqələri var, onlardan birinə aparacaq. Klubun prezidenti İlumjinov idi və yaxşı imkanları vardı. Təəssüf ki, cəmi 5 aydan sonra komanda dağıldı. “Volın”da oynayarkən, Ukraynanın “bərkgedən” komandalarına qol vurmuşdum. Deməli, diqqəti cəlb edə bilmişdim.

***

 “Uralan” dağıldıqdan sonra Azərbaycana qayıtmışdım. Nazim Süleymanov mənimlə əlaqə saxladı ki, Avropa səviyyəli yeni super komanda yaradılır.  Azərbaycanda oynamaq istəmirdim. Düzü, Ukraynada, Rusiyada oynayarkən çox darıxırdım. Həm də Nazim müəllimlə belə söhbətimiz olmuşdu ki, 1 illik müqavilə imzalayıram, amma 6 aydan sonra yenidən xaricə gedəcəm. Sonradan Mübariz Mənsimovla tanış oldum. Gördüm ki, həqiqətən gözəl insandı, futbolla bağlı böyük hədəfləri var. Doğrudan da səviyyəli komanda qurmaq istəyir. Rasim Karanı, Oqtay Dərəlioğlunu gətirdilər. Elə oldu ki, Azərbaycanda qalası oldum. O vaxt söz-söhbət yaranmışdı ki, Samir pula görə “Xəzər Lənkəran”a keçib. Əslində, lənkəranlıların mənə verdiyi puldan bir neçə dəfə artığını legioner həyatı yaşamaqla qazana bilərdim. “Uralan”la bağladığım müqavilə evdədi. Kim istəyir göstərə bilərəm. “Metallurq”dan təklif var idi, “Xəzər Lənkəran”ın verdiyi pulun iki qatını verirdilər. “Tom” variantı da var idi. Uzaq olduğuna görə imtina elədim. Ömrümü təyyarələrdə keçirmək istəmirdim. Və ya “Terek”in adını çəkə bilərəm. O vaxt Qroznıda stadion yox idi, vəziyyət yaxşı deyildi. Birbaşa müqavilə təklif edirdilər. Ruslan Adjincal getdi, mənsə yox. Ruslan indiyə kimi futbol oynayır. Nə isə...

***

 “Xəzər Lənkıran”da ilk mövsüm hər şey yaxşı idi. 8 aylıq komanda çempionluğu “qızıl oyun”da əldən verdi. Onda “Neftçi”də çox güclü futbolçuları vardı – Vidadi Rzayev, Emin Quliyev, Qurban Qurbanov, Rəşad Sadıxov, Mahmüd Qurbanov. Sonradan heyətə yeni futbolçular cəlb olundu. Amma haqqımda gəzən söz-söhbətlər məni bezdirmişdi. Təsəvvür eləki, sıradan hansısa biri gəlib məndən “Xəzər Lənkəran”a keçməsində kömək eləməyimi istəyirdi. Güya komandaya futbolçuları mən gətirirəm, komandanı mən qururam. Səmimi sözümdü, Lənkəran klubuna bir futbolçu belə aparmamışdım. Doğrudur, Rasim Kara ilə komanda haqda söhbətlərimiz olurdu. Məndən gənc futbolçularla bağlı fikrimi soruşurdu. Kamal Quliyevin komandaya gəlişini təklif etmişəm, amma son qərar Rasim Karanın olub. Həm də Kamal o vaxt millinin oyunçusu idi. Bir dəfə də Kara gənc futbolçular barədə Arif Əsədovun və mənim fikrimi soruşub.

Bir neçəsinin  adını çəkmişik. “Xəzər Lənkəran” əvvəlki oyununu oynaya bilmirdi. Yadınızdadısa, o vaxt Mübariz Mənsimov müsahibə verərək, komandanı ləğv edəcəyini, stadionu isə fermaya çevirəcəyini demişdi. Mübariz müəllim, futbolu sevən bir insandı. O qədər əziyyətin qarşılığında komandanın bərbad çıxışını qəbul edə bilmirdi. Yadımdadı, hər dəfə Lənkərana gələndə görüşümüz olurdu, komanda haqda söhbətlər edirdik. Bir sözlə, vəziyyət ürəkaçan deyildi və getmək qərarına gəldim.

***

Qurban Qurbanovun vaxtında “Neftçi”də oynayanda Xarkov “Metallist”indən təklif vardı. Menecerim Andrey Bileyçuk zəng elədi ki, Ukraynada oynadığım vaxt “Karpatı”da işləyən Miron Markeviçin yadında qalmışam. Səni komandasında görmək istyir. 28 yaşım vardı. “Metallist” Avropa səviyyəli komanda yaradırdı. Çempionat başa çatdıqdan sonra Xarkova gedib onların təlim-məşq toplanışına qatılmalı idim. Amma bəxtim gətirmədi. Sentyabrda dizimdən ağır zədə aldım. Futbolda ən arzuolunmaz iki zədədən biridi. Vaxtilə “yekədiş” Ronaldo da bu zədə ucbatından futbolla vidalaşıb. 7 ay futboldan uzaq düşdüm. Həkimlərin və öz səhlənkarlığıma görə tam sağala bilmədim. 3-4 oyundan bir sıradan çıxırdım. Futbolla demək olar ki, həmin zədədən sonra qurtardım. Formada olduğum vaxtlarda o qədər təklif var idi ki. Hərə bir yerə dartırdı. Beynim dumanlanmışdı. Daha da irəli gedə bilərdim. Bəxtsizlikmi deyim, ağlımın uğbatındanmı deyim, güclü klublarda oynamaq şansını qaçırdım.

***

Əsgər Abdullayevlə həmişə yaxşı münasibətlərim olub. “Turan”a gedəndə məni Tovuza yanına çığırdı. Futboldan getmək qərarına gəlmişdim. Dedi ki, hələ bir neçə il də oynaya bilərsən, həm də mənə kömək lazımdı. “Turan”da cəmi 2 oyunda meydana çıxdım. Elə həmin oyunlarla da karyerama son verdim. Arada qulağıma söz-söhbətlər çatmışdı ki, “Turan”a məni Ramin Musayev göndərib. Əgər elə olsaydı, onda başqa iddialı klublara göndərərdi, Tovuza yox. Nəinki Ramin müəllimlə, ümumiyyətlə hamı ilə yaxşı münasibətlərdə olmağa çalışmışam. İndiyə kimi rəhbərliyi altında çıxış elədiyim heç bir baş məşqçi ilə konfliktim olmayıb. Bu, mənim xasiyyətimdən irəli gəlir.

***

 “Xəzər Lənkəran”da oynadığım vaxt “Neftçi” ilə oyuna 20 min azarkeş gəlirdi. Yəni, çempionata azarkeş marağı var idi. İndi isə, tibunalarda 5-10 nəfər adam yığışır. Son illər klublarımızın inkişafı göz önündədi. “Qarabağ”ın, “Neftçi”nin Avrokuboklardakı çıxışı buna sübutdu. Çempionatın səviyyəsi də artıb. Amma legionerlərin hesabına. Əsas heyətdə 8 futbolçu əcnəbidisə, kimi günahlandırmaq lazımdı? Əlbəttə, bu haqda qərar verənləri. Fikrimcə, legioner limiti azalmayınca, futbolumuzun inkişafından danışmağa dəyməz. Bu həm də millinin oyununa təsir edir. Milliyə gərək 50-60 futbolçu namizəd ola ki, aralarında seçim imkanı olsun. Bizdə isə Premyer Liqa klublarında bu qədər azərbaycanlı ola ya olmaya. Klublarımız legionerlərə pul verirlər deyə, onları oynatmaq istəyirlər. Gənc, perspektivli futbolçularımız qalır kənarda. Maksimum 5-6 legionerdən istifadə etmək daha yaxşı olardı. O da səviyyəli. Bizim dövrdə legionerlər az idi. Çox olsaydı, bəlkə biz də itib-batardıq. Milliyə düşmək üçün rəqabət vacibdi. Belə də, hansı rəqabətdən söhbət gedə bilər? Bu azmış kimi, yığmanın heyətini də korlayırlar. Levinlərin, Çertoqanovların yerinə özümüzünkülər oynasalar pis olar? Onsuz da uduzuruq. Guya mən deməklə nəsə düzələcək? Millinin bu günə düşməsində həm AFFA-nın, həm də Foqtsun günahı böyükdü. Foqts bizi aldatmaqla məşğuldu. Guya ki, 2016-cı ildə Avropa Çempionatının final mərhələsində oynayacağıq. Gülməlidi. Foqtsu ancaq pul maraqlandırır. Yığmanı mütləq yerli baş məşqçi çalışdırmalıdı. O qədər mütəxəssilərimiz var ki.

***

1997-ci ildə İngiltərədə turnir təşkil olunmuşdu. Azərbaycanı təmsil edin U-18 yığması orada çıxış edirdi və komanda turnirin qalibi, mənsə 14 qolla bombardir oldum. Baş məşqçimiz Əsgər Abdullayev idi. Həmin turnirdən sonra milliyə yenicə baş məşqçi təyin olunmuş Vaqif müəllimdən dəvət aldım. Latviya ilə səfərdə yoldaşlıq oyununa getmişdik. O vaxtlar latışların çox yaxşı komandası vardı, güclü heyətə malik idilər. Oyunun ikinci hissəsin 58-ci dəqiqəsində Vaqif müəllim məni meydana buraxdı. Cəmi 18 yaşım var idi. Həmin vaxt millidə uşaqlıq kumirlərim Aleksandr Jidkov, Rasim Abuşov, Vidadi Rzayev, Nazim Süleymanov oynayırdı. Nazim müəllimlə çiyin-çiyinə hücumda oynamağın özü nəyə desən dəyərdi. Şükür ki, bu, mənə qismət olub.

Hücumçu olmağıma baxmayaraq, millidə az qol vurmuşam. Belə baxanda milli nə qədər qol vurub ki? Səbəb isə komandada Qurban Qurbanovun olması idi. Komanda adətən bir taran tipli hücumçu ilə oynayırdı.Mən daha çox cinah yarımmüdafiəçisi mövqeyində çıxış edirdim. Bütün oyunumuz onun üzərində qurulurdu, məqsədimiz Qurbanovu topla təmin etmək idi. Əsasən yoldaşlıq oyunlarında fərqlənmişəm. Serbiyada serblərin qapısına vurulan birinci top heç yadımdan çıxmaz.

***

Klublarımızın Avroliqadakı oyunlarını izlədim. Hər 3 komandamız mərhələ keçməyə qadirdilər. Buna yetərincə gücləri çatar. Təəssüf ki, təkcə “Qarabağ” qalib gəldi. Amma inanıram ki, bütün klublarımız mərhələ adlayacaq. O ki qaldı “Neftçi”yə, digər klublarımız kimi komandama da uğurlar arzulayıram. Ən azından ötənilki çıxışlarını təkrarlayacaqlarına inanıram.

***

Həyatımda çox olub ki, bəzi insanlar məndən istifadə ediblər. “Uralan”da oynayarkən, Karlos Alberto Torres millinin baş məşqçisi idi və məni yoldaşlıq oyununa çığarmışdı. Həmin ərəfədə “Uralan”da güclü rəqabət var idi. Millinin düşərgəsinə gəlmək mənə əsas heyətdə yerimi itirmək bahasına başa gələ bilərdi. Həm də baş məşqçi Slutski narazılıq edirdi ki, yoldaşlıq oyununa getməyin nə mənası var, komandaya kömək lazımdı. Millinin düşərgəsində olduğum 1  həftədə 2 rəsmi oyunu buraxmalı olurdum. Fuad Musayev artıq AFFA prezidenti deyildi. Rəhmətlik Ramiz Mirzəyin dövründə federasiyadakılara vəziyyəti başa saldım. Adını çəkmək istəmədiyim bəziləri mənə dedilər ki, narahat olma, oyuna gəlmə, arxanda dayanmışıq, Ərizə yazdırdılar ki, millidən imtina elə, hər şey yaxşı olacaq. Məndən öz məqsədləri üçün istifadə edirdilər. Bunu sonradan başa düşdüm. Millidən imtinam geniş rezonans doğurmuşdu. Mətbuat məni asıb-kəsirdi ki, pula görə millini saymıram. Əslində isə, vəziyyət tam fərqli idi. Məni tanıyanlar bilirlər ki, necə insanam. Pul həyatda mənim üçün milli hislərdən üstün ola bilməz.

***

Futbolda dost anlayışı yoxdu. Dostun ancaq futbol və özünsən. Futbolçu həyatımda hamı ilə yaxşı münasibətdə olmağa çalışmışam. Yeganə olaraq, mənə ən yaxın adam Kamal Quliyev olub. 1999-2002-ci ildə “Neftçi”də bir yerdə çıxış etmişik. Hətta otaq yoldaşı idik. Dostluğumuz da elə oradan başlayıb. Qismət elə gətirdi ki, “Volın”da, “Xəzər Lənkəran”da da bir yerdə olduq. Sonradan bir-birimizdən ayrı düşdük. Kamal ürəyindəki problem üzündən bir müddət futbolsuz qaldı. Yenə də əvvəlki kimi isti  münasibətlərimiz var. Yenə də qismət – bir klubda işləyirik.

***

İki oğlum var. Futbola həvəsləri böyükdü. Futbolçu olmaq üçün istedad lazımdı. Gələcəkdə görsəm ki, onlardan nəsə çıxa bilər, dəstək olacam. Futbol mənim həyatımdı, qanımdadı. Övladlarımın da futbolçu olmasını çox istərdim, amma qismət Allahındı.

Söhbətləşdi:İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail