Sentyabrın 1-i veteranların yadında necə qalıb?

Fərrrux İsmayılov 1-ci sinifə gedərkən
Fərrrux İsmayılov 1-ci sinifə gedərkən

KİMİSİ AĞLAYIB, KİMİSİ SEVİNİB, KİMİSİ İSƏ UNUDUB

02.09.2013 | 4455 dəfə oxunub

Sentyabrın 1-i. Hamı üçün bu tarix xüsusi önəm daşıyır. Axı məhz bu gün hamı ilk dəfə məktəbə gedib. Hamı dedik də əsasən yaşlı nəsli nəzərdə tuturam. Bir neçə ildir ki, “bilik günü” sentyabrın 15-ə keçirilib. Amma SSRİ dövründə və Azərbaycanın müstəqilliyinin ilk illərində payızın ilk günü məktəblərdə dərslərin başlaması ilə əlamətdar idi.

Bəs sentyabrın 1-i keçmiş futbolçuların yaddaşında necə qalıb? Həmin günü necə xatırlayırlar? Bu məqsədlə futbolumuzda həm yaxın keçmişdə, həm də SSRİ dönəmində ad çıxarmış bir neçə şəxslə əlaqə saxladım. İlk söhbətləşdiyim insan Fərrux İsmayılov oldu. Siftəmi korlamaq istəmirdim və Fərruxun sualımı cavabsız qoymayacağına əmin idim. Nə qədər olmasa da uşaqlıq dostumdu. 

Fərrux İsmayılov 1-ci sinifə  1985-ci ildə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində gedib. Doğma kəndlərində. Hələ o vaxtlar ermənilərlə münaqişə başlamamışdı. Dediyinə görə, həmin günləri yaxşı xatırlayır: “1-ci sinifə atamla getmişdim. Məktəbimiz, sinif otağımız hələ də yadımdadı. Hətta ilk müəlliməm də. Zibeydə müəllimə bizə Azərbaycana köçənə kimi dərs keçdi”. Fərruxun 1-ci sinifdə ən çox xatırladığı hadisə isə üzüm “oğurluğu” olub. Məktəblərinin lap yaxınlığında üzüm bağı var imiş. Böyük tənəffüsdə sinif yoldaşları ilə tez-tez ora gedib üzüm yeyirlərmiş. Bir dəfə necə olubsa, baş qarışıb üzümə, dərs yaddan çıxıb. Məktəbə dönəndə artıq zəng vurulubmuş. Tərs kimi də Əzizə müəllimənin dərsi olub. Əzizə müəllimə Fərruxgilə alman dilini tədris edirmiş. Həm də sərtliyi ilə seçilirmiş. Üzüzmsevərləri o ki var kötəkləyib.

Fərrux kimi Samir Əliyev də 1-ci sinifə Ermənistanda gedib – Kalinino rayonunda. Bu, 1986-cı ildə baş verib. Amma Samir o vaxtları yaxşı xatırlamır. Bunu yaddaşının zəif olması ilə bağlayan Əliyevin yadında qalan məqamlar ancaq ilk dəfə məktəbə atası ilə getməsi olub. 1988-ci ilin dekabrında ailəsi ilə birlikdə Azərbaycana köç eləyən Samirin ilk müəlliməsi rus olub. Amma adını unudub. Yaddaşı zəifdi axı... Öz uşaqlığı yadından çıxsa da, yəqin ki, Samir qarşıdangələn “bilik günü”nü ömrü boyu xatırlayacaq. Bu il onun ilk övladı 1-ci sinifə gedəcək. Arzu edirik, atasına və vətənə layiq övlad olsun!

Samirdən fərqli olaraq adaşı Musayevin yaddaşı korlanmayıb. Düzdü, əvvəl çox şeyi unutduğunu desə də, sonradan köməkləşib bəzi məqamları yada sala bildik. Musayev ilk dəfə məktəbə Gürcüstanın Dmanisi rayonunun Qızılkilsə kəndində gedib. İlk müəllimi Namaz müəllim olub. Samirin dediyinə görə çox qəddar müəllim idi: “O vaxtlar kənddə böyük-kiçikyə hörmət var idi. Küçədə rastlaşanda dağ-daşla gedirdik ki, birdən bizi görərlər. Namaz müəllim də belələrindən idi. 6-cı sinifə kimi kənddə oxumuşam. Sonradan Bakıya köçdük. Amma indi də köhnə müəllimlərimlə əlaqə saxlayıram. Onu da bilirəm ki, Namaz müəllim hazırda Buzovnada yaşayır”. Samirin sözlərinə görə, ilk dəfə dərsə gedəndə ağlayıb. Məktəbə getmək istəməyib, amma sonradan buna alışıb. Özü də oxuyan uşaq olub. Kimin “duxu” var idi, Namaz müəllimin dərsinə hazır gəlməsin. Oxumayanları, özünü pis aparanları elə “çırpırdı” ki... “Qulaqlarımızı o qədər çəkmişdi ki, uzanıb nə boyda olmuşdu”. Bu da Samirin sözləridi.

Şahin Diniyevin də 1-ci sinifə getməyi yadına alatoran gəlir. Millimizin keçmiş baş məşqçisi ilk dəfə məktəbə Beyləqanın Qəhrəmanlı qəsəbəsində gedib. Həmin günü xatırlamasa da, məktəbdən əvvəlki günlər yaxşı yadındadı: “Ən unudulmaz epizod rəhmətlik atamın mənə məktəbə getməyim üçün kostyum alması idi. Sentyabrın 1-ə hələ 10 gün qalmışdı. Hər gün təzə kostyumumu geyinər, güzgünün qarşısında durub “fosrslanardım”. Əlbəttə, unudulmaz günlərdi. Hər halda bir insan kimi müsbət qəbul olunuramsa, ilk növbədə valedynlərimlə yanaşı, ibtidai sinif müəllimim rəhmətlik Əhməd müəllimə də borcluyam”.

Daha bir veteran futbolçu Asim Xudiyevlə məktəb illəri ilə bağlı söhbətim “QAİşnik”lərin gözündən iraq sükan arxasında telefonla oldu. Asim müəllimin yaddaşına söz ola bilməz. Məktəb illəri haqda elə danışdı ki, elə bil dünən 1-ci sinifdə oxuyub: “1-ci sinifə 1964-cü ildə getmişəm. O vaxt evimizin yanında 2 təhsil ocağı var idi. 99 və 100 saylı. Məhlə uşaqlarının çoxu 100 saylı məktəbdə oxuduğundan valideynlərim məni də ora apardılar. İlk dəfə məktəbə necə getməyimi, ilk müəlliməmi yaxşı xatırlayıram. Rus sektorunda təhsil almışam. Müəlliməm də rus idi – Valentina Aleksandrovna”. Asim müəllimin sözlərinə görə, ilk günlər əməlli-başlı çətinliklərlə üzləşib. Səhər yuxudan durmaq problem idi. Hətta bir neçə gün sonra məktəbə getmək istəməyib də. Amma tədricən rejimə düşə bilib. 1-ci siniflə bağlı ən çox xatırladığı hadisə isə, ilk günlərdə sinifi səhv salması olub: “Sinif yoldaşlarımı yaxşı tanımırdım. Bir dəfə səhvən başqa sinif otağında oturmuşam. Müəllimə sinifə girəndə gördüm ki, Valentina Aleksandrovna deyil. İcazə alaraq öz sinifimizə keçdim”. Ümumiyyətlə, Asim müəllim məktəb illərini tez-tez xatırladığını söylədi: “Hər dəfə oxuduğum məktəbin həndəvərindən keçəndə o illər yadıma düşür. Gözəl xatirələr idi. Hətta 1999-cu ildə  oğlumu 1-ci sinifə aparanda elə bil yenidən 35 il əvvələ qayıtdım”.

1-ci sinif xatirələrini bizimlə bölüşən növbəti müsahibim isə Azərbaycan futbolunun ən yaxşı bombardiri oldu. Söhbət Nazim Əliyevdən gedir. Nazim müəllim də Xudiyev kimi iti yaddaşı ilə öyünə bilər. 1970-ci ildə Fizuli rayonunda Natəvan adına orta məktəbdə “yeni həyat”a başlayan Nazim Əliyevin ilk  müəlliməsi Əzizə xanım olub. Dediyinə görə, çox sakit, sözəbaxan, tərbiyəli uşaq idi. Dərslərini də yaxşı oxuyub. Düzü, Nazim müəllimi yaxşı tanıdığımdan bu sözləri deməsinə ehtiyac da yox idi. Həqiqətən sakittəbiətli olan keçmiş futbolçu uşaqlıq illərində də eyni xarakterə sahibmiş. Gəlin, 1-ci sinifə getməyini onun öz dilindən eşidək: “İlk dəfə sinif otağına daxil olanda ağlamışdım. Məktəbə getmək istəmirdim. Bu da uşaq psixologiyasından irəli gəlirdi. Amma sonradan hər şeyə alışdıq. Ümumiyyətlə, indii olduğu kimi o vaxtlar da çalışırdım ki, kimsə mənə artıq-əskik söz deməsin. Bizim bir işimiz var idi – oxumaq. Həmişə məktəbə hazır gəlirdim ki, müəllim məndən dərs soruşanda boynumu bükməyim. Məktəbdə yaxşı oxuyan uşaqlardan olmuşam. Hətta o vaxtlar dərslə yanaşı müxtəlif idman növləri ilə də məşğul olurdum – şahmat, dama, güləş və təbii ki futbol. Amma bu məşğuliyyətlər oxumağa mane olmurdu. Yəni, hamısına vaxt çatdıra bilirdim”. Nazim müəllim 1-ci siniflə bağlı xatirələrinin çox olduğunu söyləsə də, onlardan cəmi birini danışqmağı lazım bildi: “Hər il məktəbə həkimlər gəlirdi. Uşaqların hamısına peyvənd vururdular. Uşaq vaxtı iynədən çox qorxurdum. Bizim otağa gələndə mən və bir neçə sinif yoldaşım pəncərədən düşüb qaçaraq canımızı iynədən qurtardıq”. Demə müsahibimizin məktəb illərində gözəl səsi də var imiş. Tez-tez təşkil olunan konsert proqramlarında, tədbirlərdə manhı ifa edirmiş. Söylədiyinə görə ən çox sevdiyi mahnı o vaxtlar dəbdə olan “Ay Elnarə” imiş. Amma sonradan səsi batıb. Elə yaxşı olub, Nazim müəllim. Yoxsa Azərbaycan futbolunun ən yaxşı bombardiri başqa adam olacaqdı.

Əliyevin adaşı Süleymanovda həmin illəri yaxşı xatırlayır. 1-ci sinifə Sumqayıtdakı 5 saylı məktəbdə qədəm qoyan veteran futbolçunun yadında ən çox 1970-ci il sentyabrın 1-də məktəbin həyətindəki tədbir qalıb: “Bizim məktəb 8 illik idi. Həmin gün 8-ci siniflər məktəblə vidalaşırdılar. 1-ci sinif şagirdləri onlara gül verməli idilər. Bizim məhlədən 3 nəfər – 2 qız və 1 oğlan 8-cilərin arasında idi. Mən gülü onlara verdim. Onlar əvəzində mənə dəftər, karandaş, pozan bağışladılar”. İlk müəlliməsini də yaxşı xatırlayan Nazim müəllim adaşı kimi ilk dərs günündə ağlamayıb. Hətta ona bu haqda bildirəndə zarafatla: “Yəqin, Nazim Əliyev sevincindən ağlayıb. Yox, niyə ağlamalı idim ki? Məktəblə evimizin arasındakı məsafə heç 200 metr deyildi. Ağlım kəsəndən məktəbin nə olduğunu bilirdim. Müəlliməmiz Simuzər xanımı da yaxşı xatırlayıram. Yəqin indi rəhmətə gedib, çox gözəl inan idi”. Həmsöhbətimizə ən çox təsir eləyən o vaxtları xatırladan stadionun indi olmamasıdı: “Tənəffüs zamanı məktəbin stadionuna qaçırdıq. Əlimizə keçəndən top kimi istifadə edərək futbol oynayırdıq. Məktəbə gedən yol ağaclarla əhatə olunmuşdu. İndi nə o ağaclardan, nə də stadiondan əsər-əlamət qalmayıb. Yerində hündürmərtəbəli binalar tikilib”. Sonda millimizin seleksiyaçı-məşqçisindən 1-ci sinif şəklinin olub-olmamasını soruşdum. “Çətin ki, qalsın. Arxivə baş vurmaq lazımdı. Ya da Sumqayıtdakı “sandıqça”nı axtarmaq” deyə, cavab verdi.

Vaxtilə Nazim müəllimlə çiyin-çiyinə “Neftçi”də top qovmuş Vidadi Rzayevin isə musiqi istedadı olmasa da gözəl şeir yazmaq qabiliyyəti varmış. Hətta yazdığı şeirlərdən birinin qısaca məzmunu beli imiş – mən öləndə, futbol meydanının mərkəzində dəfn eləyin. “Vidoş”dan indi də həmin arzusunun qalıb-qalmamasını soruşdum. Cavabında gülərək: “Uşaqlıq idi. Həmin şeir bu yaxınlarda arxivə baxarkən əlimə keçdi. Məktəbə getdiyim günə gəlincə bu uzaq 1974-cü ildə baş verib. Sentyabrın 4-də ad günüm idi. Cəmi 3 günə görə Xanlarda (indiki Göy-göl – red.) məktəbə götürmədilər. Məcbur olub validyenlərim məni doğma Aşıqlı kəndindəki məktəbə qoydular. Kənddəki günlər yadımda deyil. İlk müəllimimin də adını unutmuşam. Amma Xanlardakı məktəb illərini yaxşı xatırlayıram”. Balaca Vidadi Şəfiqə müəllimənin sinifində oxuyub. Dediyinə görə, dərsə oxumağa həvəsi yox idi, amma futbola marağı hədsiz idi. Hətta bir dəfə dilinin bəlasına da düşüb. Sözün həqiqi mənasınada. Deməli, Vidadi uşaq vaxtı əsəbiləşərkən, dilini bayıra çıxarırmış. Bir dəfə hirsli vaxtında dili bayırda partanın üslünə atlanıb. Parta da sınıq olub və... İki qabaq dişi batıb dilinə.

Bir vaxtlar Rzayev ilə rəhmətlik “Turan”da çempionluq sevinci yaşayan Sakit Alıyev 1-ci sinifə 1973-cü ildə Tovuzda – el arasında “köhnə məktəb” deyilən təhsil ocağında gedib: “Sentyabrın 1-də məktəbə rəhmətlik anamla getmişdim. Özü də 2-ci sırada əyləşdiyim yaxşı yadımdadı. İlk günlər orada nə üçün olduğum mənə çatmırdı. 10 günə yaxın anam mənimlə bir yerdə məktəbə getdi. Sonra tədricən öyrəşdim”. Simuzər müəllimənin sinifində oxuyan Sakit dərslərini yaxşı oxuyurmuş. Amma davranışına gəlincə, dad əlindən. Dediyinə görə çox dalaşqan uşaq olub: “1-ci sinifdən 10-cu sinifə kimi dalaşmışam. Döyürdüm də, döyülürdüm də. Amma indi fikirləşəndə ki, nəyə görə dalaşırdıq, səbəb tapa bilmirəm. Sadəcə, dalaşırdıq. Ən çox da futbol oynayanda”. Bir dəfə 5-ci sinifdə oxuyarkən Sakiti yaman əzişdiriblər. Özündən böyük sinifin uşaqları ilə futbol oynayanda heç kimə imkan vermirmiş. Bu da Qaraxanlı (Tovuzda kənd – red.) uşaqlarının xoşuna getməyib.

Daha bir tovuzlu, millimizin keçmiş qapıçısı Hüseyn Məhəmmədov da az aşın duzu olmayıb. 1981-ci ildə “26 Bakı komissarları” adına “rus məktəbi”nə qədəm qoyan “Qusik” həmin günləri belə xatırlayır: “İndiyə kimi yadımdadı, məktəbə getmək üçün şəhərin mərkəzindən keçən dəmir yolunda vaqonlar var idi. Həmin vaqonların altından keçərək anamla məktəbə getdik. Yaxşı oxuyan uşaq olmamışam. Həm də elə 1-ci sinifdən başlayaraq tənəffüslərdə futbol oynamağa qaçırdıq. Hər dəfə də dərsə gecikirdim. Sinif rəhbərimiz və ilk müəlliməm olan Anastasiya Kaplyonovna buna görə məni yaman döyürdü. İndi yəqin ki, rəhmətə gedib. O vaxt yaşlı idi”. Döyülməsindən təngə gələn Hüseyn 3-cü sinifdə məktəbini dəyişməli olur və üz tutur “Nemeslər məktəbi” adı ilə tanınan 1 saylı təhsil ocağına. Amma nə fayda, yenə də özünün dediyi kimi “xuliqan” olaraq qalır. 

İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail