Vaqif Sadıqov: “Etiraf edim ki, birinci olsaq da, AZAL liderliyə layiq oyun sərgiləmir” Müsahibə

09.09.2013 | 4958 dəfə oxunub

Yeni formatlı çempionatın artıq 5 turu geridə qalıb. Əgər birincilik başlamamışdan əvvəl desəydilər, AZAL lider olacaq, bəlkə də heç kim inanmayacaqdı. Çünki, keçən mövsümlə müqayiəsədə komanda xeyli sayda əsas oyunçusunu itirmiş, klubun büdcəsi azaldılmış, heç istənilən səviyyədə təlim-məşq toplanışı da keçə bilməmişdilər. Amma nə qədər gözlənilməz olsa da, bu baş verdi. Bəs, görəsən növbəti turlarda AZAL-dan hansı nəticəni gözləmək olar? Komanda çempionatın sonuna kimi liderliyini qoruya biləcəkmi? Və ya komandanın hazırki durumu baş məşqçi Vaqif Sadıqovu qane edirmi? Bu və digər suallarla Vaqif müəllimə müraciət etdik:

- Vaqif müəllim, çempionat başlamamışdan verdiyiniz müsahibədə demişdiniz ki, AZAL-ın “uçması” yox yeriməsi kifayətdi. Amma 5 turdan sonra məlum oldu ki, AZAL həqiqətən “uçur”. Liderliyi gözləyirdiniz?

- İnanmasaydım bu işə başlamazdım. Bilirsiniz ki, ötən illə müqayisədə heyətimizdə kifayət qədər ciddi itkilər oldu, büdcəmiz azaldı. Demək olar ki, yenidən komanda formalaşdırmalı idik. Şadam ki, bunu bacara bildik.

Çempionatdakı çıxışlarımıza gəlincə, hər oyuna qələbə üçün çıxmışdıq. Bəzilərinə təəccüblü gələ bilər ki, necə olur ki, heç ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən komanda 5 turdan sonra liderdi. Amma bu, bizim kollektiv əməyimizin nəticəsidi. İlk turda “Neftçi” ilə fərqli oyun srəgiləməyə çalışdıq, açıq futbol oynadıq. Təəssüf ki, alınmadı, qapımızda 4 top gördük. Növbəti oyunlarda taktikanı dəyişməklə uğur qazana bildik. Əsas silahımız 90 dəqiqə boyunca rəqibə öz oyununu sərgiləməməyə imkan verməmək və erkən qol vurmaqdı. Bu da öz bəhrəsini verməyə başladı. Etiraf edim ki, birinci olsaq da, AZAL liderliyə layiq oyun sərgiləmir. Sırf nəticəyə yönələn, müdafiəyəmeylli oyun nümayiş etdiririk. Ümumiyyətlə, sonrakı turlarda liderliyi qormaq üçün nizam-intizamla yanaşı, mütləq səviyyə lazımdı. Səviyyə baxımından isə futbolçularımız axsayır. Əsas problemimiz məhz budur ki, onu da çempionatın gedişində həll etməyə çalışacağıq.

- AZAL ötən mövsüm daha məzmunlu oyun nümayiş etdirirdi. Əsasən də, 2-ci “altılıq”da. Necə düşünürsünüz,  darıxdırıcı oyun göstərməklə komanda liderlər qrupundakı mövqeyini sona kimi saxlamaq iqtidarındadırmı?

- Yox, məzmunlu oyunu elə “altılıq”dan əvvələ də aid etmək olar. Sadəcə, ilk “altılığ”a düşmək üçün bir qədər bəxtimiz gətirmədi. Vacib xallar itirdik. Amma sonradan bu əskikliyi aradan qaldırmaqla son oyunlarda istənilən nəticəni qazana bildik. Bu il isə, məqsədimiz oyunun əvvəlində qol vurmaqla nəticəni qorumaqdı. Əgər oyunun sonunda bizə qol vurmaq lazım olsa, onda deyərdim ki, problemlə üzləşəcəyik. Əlimizdə olan imkanlardan maksimum yararlanmağa çalışırıq. Çempionat uzun bir marafondu, hələ təzə başlayıb. Çatışmazlıqlardan xali deyilik. Bir neçə səviyyəli futbolçuya ehtiyacımız var. Amma çempionatın gedişində bu çatışmazlığı aradan qaldırmaq mümkün olmadığından, qışı gözləməliyik. Fasiləyə qədər əlimizdə olan qüvvə ilə mübarizə aparmağa məcburuq. Təbii ki, əsas məqsədimiz də elə həmin vaxta kimi yerimizi qorumaqdı. Allahın köməyi ilə bunu bacararıq.

- Fasiləyə qədər liderlər qrupunda qala bilsəniz, klub rəhbərliyi yayda azaldılan büdcəni yenidən artıra bilərmi?

- Onların yerinə cavab verə bilmərəm. Fikrimcə, əgər qışa kimi ən azından liderlər qrupundakı mövqeyimizi qoruya bilsək, komandanın gücləndirilməsi üçün əlavə köməklik ola bilər. Çünki, azından avrokuboklara vəsiqə əldə edə bilərik. Təbii ki, bu halda büdcə artmalıdı, komandaya səviyyəli futbolçular cəlb olunmalıdı. Bu da həm bizim, həm də klub rəhbərliyinin marağındadı.

- Amma ola bilər ki, yayda olduğu kimi, komandanın liderlərini transferə çıxarsın. Məsələn, elə komandanın “qol ümidi” Viktor İqbekoyini və ya Branislav Arsenyeviçi götürək.

- Yox, belə bir fikrimiz yoxdu. Özləri istəsələr belə, çempionatın sonunu gözləməli olacaqlar. AZAL-ın qarşıya qoyduğu məqsədləri var və onlara çatmaq üçün bu futbolçuların heyətdə qalması vacibdi.

- “Qəbələ” ilə oyuna komanda necə hazırlaşır?

- “Qarabağ ilə oyundan sonra futbolçuları 3 günlük istirahətə yolladıq. Bundan sonra məşqlərdə əsasən fiziki hazırlıqlara üstünlük verdik. Sabah ikitərəfli yoxlama oyunundan sonra, ayın 11-dən etibarən rəqibin oyununu təhlil etməklə  “Qəbələ” ilə qarşılaşmaya hazırlıqlar başlayacaq. Hazırda bizi narahat edən məqam zədəli oyunçularla bağlıdı. Demək olar ki, hər turdan sonra 1 və ya 2 oyunçumuz zədələnir. Bu da bizə əməlli-başlı problem yaradır. Əgər “Qarabağ”la oyuna kimi Yuri Fomenko, Orxan Həsənov, Cavid Tağıyev və digərləri zədəli idilərsə, son oyunda onlara Branislav Arsenyeviç də qoşuldu. Hazırda sonuncu komanda ilə birgə məşq eləmir. Arsenyeviçin “Qəbələ” ilə oyunda iştirakı matçdan əvvəl məlum olacaq. Amma bütün bunlara baxmayaraq, AZAL meydanda tam bir komanda şəklində futbol sərgiləyir, zədəliləri əvəzləyəcək futbolçularımız var. Bir sözlə “Qəbələ” ilə oyuna var gücümüzlə hazırlaşacağıq.

- AZAL lider olsa da, millinin düşərgəsinə bir futbolçusu belə dəvət almayıb. Fikrinizcə, komandanızda oynayan yerlilərdən hansılar yığmanın heyətində İsrailə qarşı çıxış etməyə layiq idilər?

- AZAL-da çıxış edən hər bir futbolçu yığmaya layiqdi. Potensial qüvvə kimi onların hamısının adını çəkə bilərəm. İstər Ruslan Tağızadə, istər Cavid Tağıyev, istərsə də digərləri yığmamızın heyətində oynamağa qadirdilər. Aleksandr Şemonayevi misal çəkə bilərəm. Millidə hazırda sol cinahda problemlər var. Saşa son turlar göstərdiyi oyunla sübut edir ki, bu çatışmazlığı aradan qaldıra bilər. Demirəm ki, bu futbolçular millidə yer alsalar komanda mütləq qələbə qazanacaq. Amma potensial namizədlər kimi onları göstərə bilərəm.

- Vaqif müəllim, mətbuatda belə bir xəbər yer alıb ki, yay hazırlıqları dövründə hansısa 17 yaşlı futbolçunun AZAL-da oynaması üçün ondan min manat pul tələb ediblər...

- Vallah bilmirəm ki, belə xəbərlər haradan qaynaqlanır. Özüm haqqında onu deyə bilərəm ki, çempionata hazırlıq dövründə əsas komandada 17 yaşlı futbolçunu baxışdan keçirməmişəm. Ümumiyyətlə, bu yaşda futbolçuya ehtiyacım yoxdu. Mənə yaxşı hazırlıq görmüş, təcrübəli futbolçu lazımdı. Gənclərə gəlincə, deyə bilərəm ki, onlardan bir neçəsi artıq icarə əsasında birinci dəstədə çıxış edəcək “Araz”da oynayacaq. Həmin uşaqlar bizim ehtiyat qüvvəmizdi, gələcəkdə onlardan istifadə etmək fikrindəyik. Bu məqsədlə də digər komandalara icarəyə veririk ki, AZAL-a qayıdanda oyun təcrübəsi baxımından axsamasınlar. 17 yaşlı futbolçunu birdən-birə əsas komandaya götürmək... Bu, nağıldı. Digər komandalara - əvəzedicilərə, aşağı yaş qruplarına gəldikdə isə belə bir halın baş verməsinə inanmıram. Əgər baş veribsə, heç olmasa həmin futbolçunun, ya da məşqçinin adını açıqlasınlar. Deyə bilməzlər axı. Çünki, belə bir şey olmayıb. Əminliklə söyləyə bilərəm ki, AZAL-da heç bir məşqçi bu addımı atmaz. AZAL özü də bu tip komanda deyil. Mən olan yerdə heç vaxt belə neqativ hallar baş verə bilməz. Buna imkan vermərəm. Ümumiyyətlə, nəinki, AZAL-da, digər komandalarda da bu cür addım atanları futbodan birdəfəlik silmək lazımdı. Uğur olan yerdə şayiələr, söh-söhbətlər də olur. Yəqin ki, bu xəbəri uyduranlar uğurumuzu istəməyənlərin işidi. Belələrinin bir adı var - bədbəxt.

Vaqif müəllimlə müsahibənin sonunda İsrailə qarşı oyunu ilə bağlı fikirlərini də öyrəndik:

- Maraqlı oyun alındı. Millimiz gözəl futbol nümayiş etdirdi. Xüsusilə 2-ci hissədə. Baxımlı da qol vurduq. Təəssüf ki, qələbə hesabını sona qoruya bilmədik. İsrail kimi yığma ilə səfərdə qazanılan 1 xal qarşıdakı oyunlara nikbin baxmağa ümid verir. Mənə ən xoş gələn isə oyunun artırılma dəqiqələrində komandamızın müdafiədə deyil, hücumda olması idi. Bu da inkişafdan xəbər verir.

Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail