MAHMUD QURBANOVLA “ƏLİFBA DƏRSİ” MÜSAHİBƏ

20.11.2013 | 8184 dəfə oxunub

“Het-trik news” qəzetinin “Mən futbolçu olanda...” rubrikasının bu dəfəki qonağı müasir Azərbaycan futbolunun ən titulu nümayəndəsidi – 11 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi, 2 dəfə birinciliyin gümüş, o qədər də bürünc mükafatçısı, 2007-ci ildə ölkəmizdə ilin futbolçusu. Söhbət Mahmud Qurbanovdan gedir. Qazandığı nailiyyətlər və göstərdiyi oyunla o qədər də zəngin olmayan Azərbaycan futbolunda iz qoya bilmiş gəncəli Qurbanovun rekordunu çətin ki, indən belə kimsə təkrarlaya bilsin. 
Bu günə kimi bir çox tanınmış futbolçulardan müsahibə götürmüşəm. Hər dəfə də çalışmışam ki, onlarla söhbəti fərqli bir formada oxuculara çatdırım. Mahmud Qurbanovla müsahibəni də yeni bir üslubda yazmaq qərarına gəldim. Əslində bu üslub yeni sayılmamalıdı. İndiyə kimi istər yerli, istərsə də xarici mətbuatda bu tip yazılara çox rast gəlmişəm. Təkrarçılıq? Olsun! Fikrimcə, müsahibələrin bu formada qələmə alınması daha maraqlı olur. Beləliklə, Mahmud Qurbanovun dili ilə desək, “Mən futbolçu olanda...”
 
A (Ağasəlim Mircavadov) - Azərbaycanlı məşqçilərin arasında ən yaxşılardan biridir. “Şəmkir”, “Neftçi” və “Xəzər Lənkəran”da, o cümlədən millidə onun rəhbərliyi altında çıxış etmişəm. Dəfələrlə çempion olmuşuq. Ağasəlim müəllimin futbol biliyi, yetirmələrini oyuna kökləməyi, futbolçu seçimi və s. özünəməxsusdu. Futbolçu kimi ondan çox şey öyrənmişəm. İndi də məşqçi kimi öyrənirəm. Hərdən elə oyunlar olur ki, bir yerdə izləyirik, məsləhət verir, bəzi şeyləri izah eləyir.
B (“Bakı”) - Klubun prezidenti Hafiz Məmmədovdan böyük dəstək gördüm. “Bakı”da futbolçu həyatımın ən xoş günlərindən bir hissəsini yaşamışam. Komandamız çempion oldu, kuboku qazandıq. Ora yeni gələndə indiki şərait yox idi. Baxın, bu gün futbol adına hər bir şərait var.
C (Centlemenlik) - Karyeramda heç vaxt qırmızı vərəqə almamışam. Sarı vərəqələrin sayı da azdı. Onlar da sırf oyun epizodu ilə bağlı olub. Heç kobud oyunçu da olmamışam, əsasən mənə qarşı kobud oynayırdılar. Centlemenliyə gəlincə, hər bir futbolçu meydanda başqaları üçün nümunə olmalıdı. Məndə nə dərəcədə alınıb, deyə bilmərəm. Bunu azarkeşlər və jurnalistlər söyləsə, daha yaxşı olar.
Ç (Çempionluq) - İlk çempionluğum 1995-ci ildə “Kəpəz”lə olub. Ümumilikdə 11 dəfə Azərbaycan çempionu olmuşam - 2 dəfə “Neftçi”, 3 dəfə “Kəpəz”, 3 dəfə “Şəmkir”, 1 dəfə “Xəzər Lənkəran”, 1 dəfə “Bakı” və 1 dəfə də “İnter”lə. Bütün çempionluqlar mənim üçün əzizdi. Amma birincinin dadı ayrıdı. Niyəsini də deyim. 1995-ci ildə bir neçə komanda birdən-birə çempionluğa oynayırdı. “Kəpəz”in futbolçularının hamısı demək olar ki, gəncəli idi. Həm də komandada maliyyə vəziyyəti yaxşı deyildi. Çətinliklər var idi, aylarla məvacib almırdıq. Amma pula yox, Gəncənin adına görə oynayırdıq. O çətinliklərə rəğmən çempion olmağı bacardıq. İndiyə kimi də medalların hamısını saxlayırm. Arada belə bir söz də çıxmışdı - “Mahmud hardadısa, həmin komanda çempion olur”. Söz düşmüşkən, 2 gümüş, 1 bürünc medalım da var. 
D (Danışılmış oyun) - Bu fikir mənə yaddır. Heç vaxt danışılmış oyunlarda iştirak etməmişəm. Bu, peşəkar futbolçuya yaraşmayan hərəkətdi. Mənə oyun satmaq barədə edilən təkliflərə gəlincə, 22 illik karyeramda belə hal baş verməyib. 
E (Evlilik) - 1997-ci il dekabrın 30-da ailə həyatı qurmuşam. Həyat yoldaşım qonşumuz idi. Seçimi də özüm etmişəm. İki qızım var - Dilbər və Laura. 
Ə (Əməkhaqqı) - İlk maaşımı 1990-cı ilin noyabrında almışam - 85 rubl. Həmin pulun 15 manatını özümə saxladım, qalanını evə verdim. Çünki, ailəmiz böyük olduğundan pula ehtiyacımız da çox idi. 15 rubl da komanda yoldaşlarımla bu xoş günü qeyd eləməyimizə xərcləndi. Ondan sonra aldığım pulun əksər hissəsini evə verirdim. Mən də ailənin bir üzvü kimi bacardığım köməyi eləməliydim. Ən çox məvacibi isə “Xəzər Lənkəran”da oynayanda almışam. 
F (Fransa) - 0:10 hesablı məğlubiyyəti nəzərdə tutursunuz. Həmin oyunun iştirakçısı idim. Cəmi 1 hissə oynadım. O boyda fərqlə uduzmamalı idik. O vaxt Fransa yığması gənc futbolçulardan təşkil olunmuşdu - Lizarazyü, Türam, Düqarri... Hətta Zinəddin Zidan belə o qədər də tanınmırdı. Gənc olduqlarına görə özlərini göstərməyə çalışırdılar, meydanda can qoyurdular. İlk qolu oyunun əvvəlində, son qolu isə 90-cı dəqiqədə vurdular. Səviyyə fərqi də sözünü dedi. Sonradan həmin heyət dünya və Avropa çempionu oldu. Yaxşı vaxtlarına düşmüşdük.
G (Gəncə) - Gəncə dünyada mənə ən doğma yerdi. Bütün uşaqlığım, gəncliyim orada keçib. Qohum-əqrəba, anam, atamın məzarı oradadı. Ən əsası, Gəncədə mənə hörmət edirlər. 
H (Heydər Əliyev) - Orta məktəbdə oxuyarkən məktəbimizdə direktorun otağının yanında bir lövhə var idi. Orada Mərkəzi Komitənin rəhbərlərinin, o cümlədən Heydər Əliyevin şəkili asılmışdı. Şəkilin altında adı, soyadı ilə yanaşı doğum tarixidə yazılmışdı - 10 may 1923-cü il. Mənim üçün Heydər Əliyevin şəkili ikiqat əhəmiyyət daşıyırdı. Birincisi, o qədər insanın arasına tək azərbaycanlı idi. İkincisi isə, mən də mayın 10-da doğulmuşam. Hər dəfə ad günümdə sinif yoldaşlarım mənə dönə-dönə Heydər Əliyevlə bir gündə anadan olduğumu  xatırladırdılar.
Heydər Əliyevlə şəxsən görüşmək qismətim olub. “Şəmkir”də olarkən, Ulu Öndər Şəmkirə gəlmişdi. Prezidenti qarşılayanlar arasında bizim komanda da var idi. Şəmkir postuna çatanda avtomobildən düşdü və hamımızla görüşdü. Bir neçə dəqiqə bizimlə söhbət elədi. Çox sadə, mehriban insan idi. Allah ona rəhmət eləsin!
(Hədiyyə) - Hədiyyə verməyi xoşlayıram. Mənə də hədiyyə verilib. Ən çox ad günümdə verilən hədiyyələr yadımda qalıb. Birdə... 1994-cü ildə olimpiya yığması ilə İstanbula getmişdik. Türkiyə olimpiyaçıları ilə 2 yoldaşlıq oyunu keçirdik. İkinci oyundan sonra oteldə bir nəfər mənə bağlamada bir hədiyyə verdi. Yəqin ki, oyunumdan xoşu gəlmişdi. Sonradan bildim ki, “Trabzonspor”un vitse-prezidentidi. İnandırım ki, həmin bağlamanı bu günə kimi də açmamışım. Özüm də bilmirəm nəyə görə. Gəncədə anamgildədi. Ələ götürəndə hiss edirsən ki, qab-qaçaqdı.
X (“Xəzər Lənkəran”) - Lənkəranda da xoş günlərimiz çox olub. İlk mövsümü bir çox səbəblər üzündən boşa verdik. Amma növbəti il “qızıl dubl” etdik. Komandanın kapitanı idim. Təlim-məşq toplanışına getməli idik. Məlum oldu ki, xarici pasportumun vaxtı qurtarıb. 1 günə sənədimi düzəltdim. Sonradan hiss elədim ki, mənim toplanışa getməyim heç kimə maralı deyil. Oradan ayrılmağımın səbəbi indiyə kimi də mənə qaranlıq qalır. Eşitdim ki, güya “Xəzər Lənkəran”da oynaya-oynaya “Neftçi” ilə danışıqlar aparmışam, kimləsə dalaşmışam. Boş söz-söhbətlər idi. Buna baxmayaraq, “Xəzər Lənkəran” və Lənkəran haqqında xoş xatirələr çoxluq təşkil edir.
İ (“İnter”) - “İnter”ə gəlişim bir qədər dramatik alındı. “Xəzər Lənkəran”dan ayrılandan sonra bir müddət klubsuz qaldım. 34 yaşım vardı. Artıq bütün komandalar heyətlərini formalaşdırmışdı. Həm də çoxları fikirləşirdilər ki, artıq Mahmud yaşlaşıb, əvvəlki kimi oynaya bilməyəcək. Çempionatın başlamasına 1 gün qalmış “İnter”dən təklif gəldi. Komandanın baş məşqçisi Valentin Xodukin mənə etimad göstərdi. “Xəzər Lənkəran”la müqaviləm olduğundan ora təzminat ödədim və “İnter”ə keçdim. “İnter”də çempion oldum, kuboku qazandım. Hətta milliyə də çağırıldım. Sübut elədim ki, hələ qocalmamışam, futbol oynamağı bacarıram.
J (Jurnalistlər) - Həmişə çalışmışam ki, mətbuat nümayəndələri ilə yaxşı münasibətdə olum. Məncə, belə də olmalıdı. Bizim işimiz futbol oynamaq, onların işi isə xəbər toplamaqdı. Nə vaxt istəyiblər açıqlama vermişəm, müsahibə götürüblər. Doğrudur, indi elə futbolçular var ki, bir qədər məşhurlaşandan sonra jurnalistlərə yuxarıdan-aşağı baxırlar. Amma bu, düzgün yanaşma deyil. Futbolçu ömrü azdır, bir neçə ildən sonra heç kimə lazım olmayacaqsan. Amma peşəkar jurnalistə həmişə ehtiyac olacaq.
K (Konstantin Abramenko) - Allah ona rəhmət eləsin, mənim futbolçu kimi yetişməyimdə böyük əməyi olub. O vaxtlar Gəncədə uşaqlarla işləyən ən yaxşı məşqçi hesab olunurdu. Bunu biləndə fikirləşmədən, hətta evdəkilərdən xəbərsiz onun yanına “qaçdım”. 1984 ya 85-ci il olardı. 3 nəfər idik. Bizim topla davranışımızı yoxladı. İkimiz qaldıq. O biri uşağa dedi ki, sentyabrda gələrsən. Xətrinə dəyməmək üçün belə deyirdi. Abramenko həqiqətən bizə futbolun nə olduğunu öyrədirdi. “Lokomotiv” cəmiyyətinin nəzdində məşq keçirdik. Cəmiyyətinin xətti ilə SSRİ-nin bir neçə şəhərinə turnirə getmişik. Özü də bizdən bir yaş böyük uşaqlarla oynayırdıq. Bu da inkişaf etməyimizə böyük təkan verirdi.
(“Kəpəz”) - İlk dəfə 1990-cı ilin mart ayında dəvət eləyiblər. O vaxt komandanın baş məşqçisi rəhmətlik Zahid Hüseynov idi. 10 günə yaxın məşq elədim. Axırda mənə dedi ki, hələ tezdi, “bişmək” lazımdı. Yenidən Abramenkonun yanına qayıtdım. Elə oldu ki, həmin ilin avqustunda “Kəpəz”lə bizim komanda yoldaşlıq oyunu keçirdi. Belə oyunlar tez-tez olurdu. Həmişə də 4-5 top fərqilə uduzurduq. Zarafat deyil, o vaxtlar “Kəpəz” “Neftçi”dən sonra respublikanın 2-ci komandası sayılırdı. Nə isə, həmin oyunu da uduzduq və matçdan sonra mənə dedilər ki, sabahdan “Kəpəz”ə məşqlərə gəlirsən. Artıq Zahid Hüseynovun yerinə komandaya tanınmış mütəxəssis Əhməd Ələsgərov gətirilmişdi. Həmin gecəni gözümə yuxu getmədi. Əhməd müəllimin məni “Kəpəz”ə dəvət etməsinə inanmağım gəlmirdi. O vaxt komandada kimlər oynayırdı - Şahin Diniyev, Əfqan Talıbov, Mehman Allahverdiyev, Əli Rəhimov, Novruz Əzimov, Vidadi Rzayev... Təsəvvür edin ki, birdən-birə onların arasında düşmək nə demək idi. Hansı ki, bir vaxtlar adama əlçatmaz kimi görünürdülər. 
O vaxtlar komandalarda böyük-kiçik yeri bilinirdi. Düzü, bir qədər də “dembel” söhbəti vardı. Ceyhun Tanırverdiyevlə mən demək olar ki, hamıdan kiçik idik.  Elə olurdu ki, salamımızı almırdılar. Hərdən haqqımızda xoşagəlməyən sözlər də eşidirdik: “bu uşaq kimdi, gətiriblər. Elə bil bura uşaq bağçasıdı...” Məşqə hamıdan əvvəl gələr, avtobusa hamıdan tez minərdik ki, yaşlılar bizi gözləməsinlər. Yuyunmaq, yeməkxanaya girmək növbəmiz isə sonuncu idi. Yaxşı deyildi axı. Amma məsləhətlərini də əsirgəmirdilər. “Kəpəz”də bir müdafiəçi vardı - Ruslan Hüseynov. Bizim evlə onların arası 1 dayanacaq idi. Qonşu sayılırdıq. Həmişə mənə dəstək olurdu, ürək-dirək verirdi. Bir dəfə məşqə gələndə məsləhət verdi ki, bir qədər sərt oyna, ürəkli ol. Elə oldu ki, ikitərəfli oyunda onu vurdum. Üzümə baxıb dedi: “Ay Mahmud, demədim ey gəl məni təpiklə, dedim bir az sərt oyna. Adam tapmadın vurmağa?” 
Q (Qadınlar) - İstər anam, istərsə də həyat yoldaşım yaxşı günümdə sevincimi bölüşüblər, pis günümdə isə yanımda olublar, mənə dayaq durublar. Oynadığım komandalarda qələbədən sonra ilk məni təbrik edən qızlarım olub. Hər dəfə telefona baxanda görmüşəm ki, birinci onlar zəng eləyiblər. Həyatda və futbolda qazandığım uğurlarda hamısının payı var.
L (Legioner həyatı) - 2002-ci ildə Azərbaycanda futbol dayanmışdı. UEFA tərəfindən tanınmayan bir çempionat keçirilirdi. Həmin vaxt milli ilə İranda yerli klubların da iştirak etdiyi bir turnirə qatıldıq. Oyundan sonra bir nəfər mənə yaxınlaşaraq öz dillərində nəsə dedi. Mən də başa düşürmüşəm kimi, razılığımı bildirdim. Səhəri gün mənə bildirdilər ki, “Fulad”ın xorvat baş məşqçisi səni komandasında görmək istəyir. Onda “Şəmkir”də oynayırdım. Əvvəlcə razılıq verməyə bir qədər tərəddüd etdim. Tehranda, Təbrizdə olmuşdum. Amma Əhvazda yox. Ora ilə heç tanışlığım yox idi. Sonradan İrana getməyə razılıq verdim. Baş məşqçini görəndə o dəqiqə tanıdım. Tehranda mənimlə görüşən həmin kişi idi. Elə oldu ki, Rəşad Sadıqov da Əhvaza gəldi. “Fulad”da 20 oyun oynadım, 4 qol vurdum. “Fulad”dan sonrakı komandam “Tavriya” oldu. Orada da çox çıxış eləmədim. Bir ara Qətərdən 2 illik müqavilə təklif eləmişdilər. Qəbul etmədim. Nəsə, ürəyimə yatmadı.
M (Mehman Allahverdiyev) - “Kəpəz”ə gələndə komandanın liderlərindən biri idi. Onunla bir komandada oynamaq qismətimdə olduğu üçün çox şadam. Futbolçu kimi çox sürətli idi. Onun sürətindən həmişə istifadə etməyə çalışırdıq. Qismət elə gətirdi ki, Mehman müəllimin rəhbərliyi altında da futbol oynadım, çempion olduq.
(“Mazda”) - İlk avtomobilim “Jiquli” olub. Maraqlı bir hadisəni danışım. 1992-ci ildə Vidadi Əhmədov məni “Turan”a dəvət elədi. Evində qısa söhbətdən sonra razılaşdıq. Bağlamada xeyli pul aldım. Həmin vaxt pula böyük ehtiyacım var idi. Düşünürdüm ki, artıq maliyyə problemlərimi həll etmişəm. Səhəri gün “Turan”da məşqə çıxdım. Komandada mənim mövqeyimdə oynayan futbolçulara baxdım - Vidadi Rzayev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov, Rüfət Quliyev, İlham Məmmədov... Özümə sual verdim - onlar varkən, mən harada oynayacam? Tovuzda qalsam, itib- batacaqdım. O vaxt gəncəli Rövşən Əhmədov da “Turan”da idi. Aldığım pula əl dəyməmişdim. Rövşənə verib xahiş elədim ki, Vidadi müəllimə çatdırsın. “Turan”da oynamaq mənlik deyildi. Qayıtdım Gəncəyə. İlk dəfə onda mənə “podyomnu” kimi “06” verdilər. Özü də işlənmiş. “06”dan sonra cəmi 2 dəfə avtomobil dəyişmişəm. Hazırda “Mazda”m var. Elə olub ki, bəzi insanlar mənə sual veriblər niyə özünə sanballı bir avtomobil almırsan. Əgər insana bahalı maşınla qiymət verəcəklərsə, heç verməsələr yaxşıdı. 
N (Nizami Gəncəvi) - Dahi Azərbaycan şairidi. Gəncə Nizami, Nizami də Gəncə ilə tanınır. “Xəmsə”ni şagird olarkən, oxumışam. Nizaminin Gəncədəki məqbərəsini dəfələrlə ziyarət etmişəm.
(“Neftçi”) - 1996-cı ildə avtomobil qəzasında aldığım zədəni təzə sağaltmışdım. O vaxt bir gürcü menecerim var idi. Məni Moskvanın “Lokomotiv” komandasına baxışa göndərdi. Çox sevinirdim. 10 gün orada məşq keçdim. Komandanın baş məşqçisi Yuri Syomin idi. Sırf fiziki durumuma görə məni istəmədilər. Həqiqətən də formada deyildim. Yenidən Gəncəyə qayıtdım. Nəsə yeniliyə ehtiyacım var idi. “Neftçi”dən təklif gəldi və qəbul elədim. Komandanın baş məşqçisi Kazbek Tuayev idi. Bir il orada oynadım. Çempionatda baş verən qalmaqaldan, iki yerə parçalanmadan sonra Mehman müəlllim məni yenidən “Kəpəz”ə çağırdı.
“Neftçi”yə ikinci gəlişim isə 2004-cü ilə təsadüf edir. Ukraynadan qayıtdıqdan sonra klubun o vaxtkı prezidenti Rövnəq Abdullayev komandasına dəvət elədi. “Neftçi” ilə iki dəfə çempion oldum, kuboku götürdük. Bakı klubunda ən yaddaqalan hadisə Birlik Kubokunda “Pünik” ilə oyundu. İnanmıram ki. həmin oyun kiminsə yadından çıxsın. 20 Yanvar faciəsi ərəfəsində ermənilərlə qarşılaşmaq istər-istəməz adamda psixoloji gərginlik yaradırdı. Şükür Allaha ki, həmin oyundan alnıaçıq çıxdıq.  
O (Oyun) - Azərbaycan çempionatında 400-dən çox oyunda meydana çıxmışam (404 - red.). 400-cü oyun “Bakı”nın heyətində olub. Qollara gəlincə, 100-ü keçməmişəm. Haradasa, 60-70 arası olub (61 - red.). Millidə 76 dəfə forma geymişəm. Cəmi bir qol vurmuşam. O da səfərdə Finlandiyaya. Həmin epizodda fikrim “çərçivəyə düşmək” idi. Bəxtimdən top “doqquzluğ”a getdi.
Ö (Ötürmə) - Təvazökarlıq olmasın, indi Azərbaycan futbolunda mənim mövqeyimdə oynayan səviyyəli futbolçu görmürəm. Bir neçə il əvvəl “Bakı”lı Elvin Məmmədova ümidlər böyük idi. Amma təəssüf ki, sonradan onda artım olmadı. Bəlkə də hazırda çıxış edən 17-18 yaşlı uşaqlar arasında “dispetçer” funksiyasını yerinə yetirə biləcək futbolçular yetişir. Bunu zaman göstərəcək. Futbolun bəzəyi qoldur. Amma elə ötürmələr olur ki, min qola dəyər. Mənim qismətimə qol vurmaqdan çox ötürmə vermək düşüb. Həmişə rəqib futbolçular mənə yaxın oynamağa çalışıblar ki, ötürmə verməkdə çətinlik çəkim. Rəqiblərdən 1 metr aralı olmağım bəs edirdi ki, ürəyim istəyən ötürməni verim. Bir də gərək hücumçu ilə qapıçı arasında 10-15 metr məsafə olardı. Hücumçu demişkən, onlardan da çox şey asılı idi. Elə hücumçularla çiyin-çiyinə oynamışam ki, bir baxışdan bir-birimizi başa düşmüşük. “Kəpəz”də Yadigar və İmamyar Süleymanov qarşadları, “Şəmkir”də Badri Kvaratsxeliya, “Neftçi”də Samir Ələkbərov, Qurban Qurbanov, Zaur Tağızadə, “Xəzər Lənkəran”da Zaur Ramazanov, “Bakı”da braziliyalı Felipe, “İnter”də Xaqani Məmmədov belələrindən idi. 
P (“Professor”) - “Tavriya”da çıxış etdiyim vaxtlarda Donetskin “Metallurq”u ilə oynayırdıq. Yaxşı komandaları var idi. Demetradze, Camarauli kimi futbolçular çıxış edirdilər. Həmin vaxt “Metallurq” “Şaxtyor” və “Dinamo”dan sonra Ukraynanın 3-cü ən yaxşı komandası hesab edilirdi. Sevastopolda keçirilən oyunda elə oldu ki, bir hissə ərzində adını unutduğum gürcü hücumuçumuzu 4 dəfə qapıçı ilə təkbətəkə çıxardım. Cəmi birindən istifadə etdi. İkinci hissədə Demetradze qapımızdan qol vurdu və oyun 1:1 hesabı ilə başa çatdı. Həmin oyuna kimi Ukraynada məni demək olar ki, tanımırdılar. 45 dəqiqə ərzində “Metallurq” kimi komandanın müdafiəçilərinin arxasına 4 dəfə dəqiq ötürmə vermək əlbəttə, gözəl hal idi. Matçın ertəsi günü jurnalistlər mənə zəng edərək baş məşqçimiz Zayayevin matçsonrası keçirilən mətbuat konfransında haqqımda dediyi xoş sözlərə münasibət öyrənmək istədilər. İlk dəfə “professor” ləqəbini onlardan eşitmişəm. Daha sonra Ukrayna televiziyasında efirə gedən “Komanda” verilişində onun fikirləri bir daha səsləndirildi. Əlbəttə, məşqçimizin mənim haqqında söylədiyi sözlər adama xoş gəlirdi. Yeri gəlmişkən, Zayayev bu yaxınlarda avtomobil qəzasında həlak oldu. Allah rəhmət eləsin, yaxşı məşqçi idi.
R (Rəqs) - Rəqsi çox sevirəm. Amma rəqs edə bilmirəm. Toy şənliklərində tez-tez oynamağa dəvət edirlər. Bəziləri fikirləşə bilərlər ki, özünü “yuxarıdan” aparır. Hər yaxşı futbolçu yaxşı da rəqs edə bilməz axı. Hərdən elə olur ki, yaxşı oyun havası eşidəndə əl qaldırıb oynamaq istəmişəm. Amma bacarmadığıma görə bunu etməmişəm. 
S (Sənət) - Özümü futboldan başqa heç bir sahədə görə bilməmişəm. Yəqin ki, futbolçu olmasam, başqa sənətlə məşğul olardım. Bir söz deyim, uşaq olanda rəhmətlik atam mənim musiqiçi olmağımı istəyirdi. Hətta 5 il qarmon dərslərinə də getmişəm. Futbol olmasaydı, bəlkə də musiqiçi idim.
Ş (“Şəmkir”) - 1998/99-cu il birinciliyində “Kəpəz”lə çempion olduq. Amma müqavilə ilə mənə çatası olan pulu ala bilmədim. Arada narazılıq yarandı və komandadan ayrılmalı oldum. “Neftçi”dən təklif var idi. Komandanın baş məşqçisi Əhməd Ələsgərov məni orada görmək istəyirdi. Müəyyən səbəblər üzündən “Neftçi”yə keçidim baş tutmadı. Həmin ərəfədə Ağasəlim Mircavadov “Şəmkir”də idi. Məni yanına çağırdı. Klubun prezidenti Şahbaz Süleymanovla görüşdük və beləcə “Şəmkir”ə keçdim. 3 dəfə çempion olduq. 
(Şahbaz Süleymanov) - Son illər ağır xəstəlikdən əziyyət çəkirdi. Tez-tez Bakıdakı evinə gedirdim, baş çəkirdim. Dünyasını dəyişdiyini eşidəndə çox pis olmuşdum. Özümə yaxın saydığım bir adamı itirmişdim. Allah ona qəni-qəni rəhmət eləsin! Həm gözəl insan, həm də yaxşı rəhbər idi. Onun haqqında ancaq xoş xatirələrim qalıb. 
T (“Tavriya”) - İrandan Gəncəyə yeni qayıtmışdım. Mənə yeni müqavilə təklif etmişdilər. Hələ qəti qərara gəlməmişdim. Bu vaxt Ukraynadan zəng elədilər ki, “Tavriya” səninlə maraqlanır. Yollandım Simferopola. Cəmi iki dəfə məşqə çıxdım. İlham Yadullayev və Cahangir Həsənzadə də orada idilər. Əsas komanda ilə yoxlama oyunu keçirilirdi. Birinci hissədən sonra baş məşqçi məni yanına çağıraraq bildirdi ki, klubun prezidenti sabah mənimlə müqavilə bağlamaq istəyir. “Tavriya”da çox oynamadım. Bunun da səbəbi var idi. 2003-cü ilin dekabrında milli ilə Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına getmişdik. Toplanışdan gec qayıtdıq. Ukraynaya yanvarın 6-da gedib çatdım. Həmin toplanış zamanı möhkəm soyuqlamışdım. Komandanın düşərgəsinə xəstə halda getmişdim. Həm də azı bir ay müalicə olunmalıydım. Bu da baş məşqçinin xoşuna gəlmədi. Onunla aramızda söhbət oldu və bildirdi ki, bizə sağlam futbolçular lazımdı. Bir aydan sonra çempionat sona yaxınlaşacaq və bu halda ona lazım deyiləm. Başa düşürdüm ki, komandaya yeni gürcü oyunçular gəlib və komandada möhkəmlənməlidilər. Beləcə, qarşılıqlı razılıq əsasında birdəfəlik vətənə döndüm. 
U (Uşaqlıq) - Düzü, əvvəllər güləşə marağım çox olub. Amma sonradan futbola həvəsim artıb. Əksər köhnə futbolçular kimi uşaqlığım küçə futbolunda keçib. 80-ci illərin əvvələrində ilk dəfə evimizin yanındakı idman məktəbində futbol kurslarına yazıldım. İlk məşqçim Çingiz müəllim olub. Soyadını unutmuşam. İki il onun yanında oynadım. Sonradan “Kəpəz”ə keçdim. Təbii ki, uşaq futboluna. Amma futbolun sirlərini bayaq da dediyim kimi, Konstantin Abramenkonun rəhbərliyi altında öyrənmişəm.
Baxmayaraq ki, məşqlərə gedirdim, yenə futboldan doymurdum. Orta təhsili 8 saylı məktəbdə almışam. Məktəbimizin stadionu var idi. Bizi harada itirsən, orada tapmaq olardı. Yağış, qar, isti, soyuq - vecimizə deyildi. Elə olurdu ki, dərslərdən qaçıb futbol oynamağa gedirdik. Amma pis oxuyan uşaq olmamışam. Dərslərə marağım da çox idi. 1990-cı ildə sənədlərimi Texnologiya İnstitutuna verdim. Amma qəbul ola bilmədim. Ondan sonra “kitabı bağladım” və öz-özümə dedim - məndən oxuyan olmaz, getdim futbola. 
Təhsildən söz düşmüşkən, gec də olsa ali məktəbə qəbul oldum. Özü də ard-arda ikisinə. 2002-ci ildə Bədən Tərbiyəsi Akademiyasına, oranı bitirdikdən sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə. 
Ü (Üzük) - Nişan üzüyüm indiyə kimi qalır. Amma üzük taxmağı xoşlamıram. Nəinki  üzük, qızıl-zinət əşyalarından istifadə etmirəm. Belə şeyləri kişi xeylağına yaraşdırmıram.
V (Valideynlər) - Ailədə 6 uşaq olmuşuq. 2 qardaş və 3 bacım var. Mən ailənin 2-ci övladı idim. Atam Xanlar kişi toxuculuq, anam isə xalçaçılıq kombinatında işləyirdi. Hər ikisi “fəhlə baba” idi. Külfət olmağımıza baxmayaraq, validyenlərim korluq çəkməmizə imkan verməyiblər. Uşaqlığım pis keçməyib. 1997-ci ildə atam rəhmətə getdi. Anam isə şükür Allaha, “başımızın üstündədi”. Gəncədə yaşayır.
Y (Yığma) - 1992-ci ildə yığmanın ilk təlim-məşq toplanışı keçirilirdi. 50-ə yaxın futbolçu çağırılmışdı, aralarında mən də vardım. Gürcüstanla oyunda həmin futbolçuların yarısından azı qaldı. İnanmağım gəlmirdi. Əhməd Ələsgərov məni komandada saxladı. Mənə güvəndiyi üçün ona həmişə minnətdar olmuşam. İlk oyunum millinin Gürcüstanla ilk beynəlxalq oyuna təsadüf edib. Payız ayları idi. Oyun Qurcuanidə keçirilirdi və möhkəm yağış yağmışdı. Əhməd müəllim heyəti deyində, çox həyəcanlanmışdım. Əsas heyətdə idim. Bir hissə oynasam da, məncə çıxışım pis alınmamışdı. İlk qolumuzda yaxşı yadımdadı. Uzaqdan qapıya zərbə vurdum, qapıçı qaytardı. Özünü yetirən Nazim Süleymanov milinin ilk qolunu vurdu. 
(Yeddi) - Mən uşaq olanda “Kəpəz”də 7 nömrə ilə belareslu futbolçu oynayırdı. Soyadı Melnikov idi. Minsk “Dinamo”sunun heyətində SSRİ çempionu olmuşdu. Onun oyunu çox xoşuma gəlirdi. Elə Melnikova görə “7 nömrə”ni seçmişəm. Yalnız bir dəfə - “Neftçi”də olarkən, 17 nömrə altında çıxış eləmişəm. Onda “Neftçi”nin “7 nömrə”si Yunis Hüseynov idi.
Z (Zədə) - Bəxtimdən 22 illik karyeram ərzində heç vaxt ciddi zədə almamışam. Amma futboldan kənarda belə bir hadisə olub. Ən ağır zədəmi avtomobil qəzasında almışam. 1995-ci il dekabrın 31-də dostumun “Jiquli”sində qəzaya düşdük. Günah bizdə deyildi. Əks istiqamətdən gələn maşın yolumuza çıxdı və “kəllə-kəlləyə” gəldik. Sinəmdən və qolumdan yaralanmışdım. Hə, bir də 1996-cı ildə “Neftçi”də oynayanda qasıq nayihəmdən zədələnmişdim. Amma o qədər də ağır deyildi. Keçib getdi. 
 
İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail