Futbol adamları “Atletiko” və “Lans”la əməkdaşlığa münasibət bildirdilər SORĞU

29.11.2013 | 3161 dəfə oxunub

Azərbaycanın tanınmış futbol adamları iş adamı Hafiz Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Bakı” klubunun İspaniyanın “Atletiko” və Fransanın “Lans” komandaları ilə əməkdaşlığına münasibət bildiriblər.

AĞASƏLİM MİRCAVADOV: “BUNUN BƏHRƏSİ MÜTLƏQ OLACAQ”

Qol.Az-ın saytının müxbiri ilə söhbətində əməkdar məşqçi Ağasəlim Mircavadov bu layihələrin onu sevindirdiyini söyləyib. O qeyd edib ki, bununla ən azın ölkəmiz dünyanın qabaqcıl dövlətlərinin diqqət mərkəzində olur: “Atletiko” kimi böyük bir klubun futbolçularının sinəsində "Azərbaycan" sözünü görəndə hər bir azərbaycanlı qürur hissi keçirməlidir. İndi isə "Land of Fire Azerbaijan" loqosu "Baku-2015"lə əvəzləndi. Bu loqonun da böyük əhəmiyyəti var. İlk dəfə baş tutacaq Avropa Oyunlarının Bakıda keçirilməsi təqdirəlayiq haldır. Ancaq bunun üçün güclü təbliğatı lazımdır. "Atletiko" və "Lans" futbolçularının köynəyində "Baku-2015" loqosunun olması bu yarışın ən yaxşı təbliğatıdır. Hər bir şeyin uğuru reklamdan başlayır. Məlumdur ki, reklam üçün də böyük vəsait tələb olunur. Bu layihələrin gerçəkləşməsində "Bakı"nın prezidenti Hafiz Məmmədovun əməyini xüsusi qeyd etmək istəyirəm. Bu reklamın bəhrəsi mütləq olacaq. Əsas amillərdən biri budur ki, artıq Avropada Azərbaycan haqda başqa fikirdədilər. Bütün bunlarla yanaşı "evin içi" də yaxşı olmalıdır. Yəni öz futbolumuz da inkişaf etdirilməlidir. Bunu üçün də işlər görülür. Hafiz Məmmədovun "Bakı" klubunda gördüyü işlər göz qabağındadır. Klubun çox gözəl bazası var, yüksək səviyyəli stadionlar tikilir. Azərbaycanlı uşaqların İspaniyanın futbol akademiyasında təhsil almağa göndərilməsi də futbolumuzun yaxşı gələcəyindən xəbər verir. Bunun üçün isə həmin gənc futbolçuları düzgün yola çəkmək lazımdır. Onları başa salmaq lazımdır ki, əgər "Atletiko"da oynamaq istəyirlərsə, həddindən artıq çalışmalıdırlar".

VAQİF SADIQOV: “HAFİZ MƏMMƏDOVUN YÜRÜTDÜYÜ FUTBOL SİYASƏTİ ÇOX DÜZGÜNDÜR”

AZAL klubunun baş məqşçisi Vaqif Sadıqov da deyib ki, bu gün Azərbaycanı İspaniya və Fransa kimi futbol ölkələrində tanıtmaq çox müsbət haldır: “Bu addım bizim futbolumuza təkan verə bilər. İnanıram ki, gələcəkdə "Atletiko" və "Lans"ın futbolçuları bizim klublarda çıxış edə bilərlər. 
Hesab edirəm ki, bu gün "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun yürütdüyü futbol siyasəti çox düzgündür, futbolumuzun inkişafına xidmət edir. Bunun da bəhrəsini tezliklə görəcəyik. Gənc futbolçularımızın İspaniyanın futbol akademiyasında təhsil almaları, bəzilərinin isə “Lans”ın düşərgəsinə göndərilmələri, üç ölkənin mütəxəssislər arasında əməkdaşlıq futbolumuzun yaxşı gələcəyindən xəbər verir”.

VƏLİ QASIMOV: “O ZAMAN AZƏRBAYCANI HEÇ KİM TANIMIRDI, İNDİ İSƏ...”

Bir vaxtlar İspaniyada da legioner həyatı yaşamış veteran futbolçu Vəli Qasımov isə deyib: "Çox sevindirici haldır ki, Azərbaycan İspaniya və Fransa kimi futbol ölkələrində reklam olunur. Belə layihələr Azərbaycanın və Azərbaycan futbolunun Avropada tanınması baxımından çox vacibdir. Bunu digər klublarımız da etsə, çox yaxşı olardı. Ən önəmli məsələlərdən biri də odur ki, "Bakı" klubunun aşağı yaş qruplarından bir neçə futbolçusu İspaniyada və Fransada futbolun sirlərini öyrənəcək. Bu, həm futbolumuzun gələcək inkişafına müsbət təsir edəcək, həm də tədricən ölkəmiz Avropada tanınacaq. Mən İspaniya və Portuqaliya klublarında çıxış etmişəm. O zaman orada heç kim Azərbaycanı tanımırdı. Çalışırdım ki, ölkəmizi tanıdım. İndi isə "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun "Atletiko" (Madrid) və "Lans"la əməkdaşlığa başlaması və bu istiqamətdə görülən işlər Azərbaycanın həm Avropada, həm də dünyada tanınmasına böyük təsiri olacaq”.

SƏNAN ŞƏFİZADƏ: “BU, ÖLKƏMİZİN DÜNYADA TANINMASINDA BÖYÜK ROL OYNAYACAQ”

Tanınmış idman telejurnalisti Sənan Şəfizadə isə deyib: "Madriddə keçirilən “Fitur” sərgisində  üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formanın təqdimatı keçiriləndə mən həmin tədbirdə iştirak etdim. Sərgidə yüzdən artıq ölkə iştirak edirdi və hər bir ölkənin öz guşəsi var idi. İmzalanma mərasimindən sonra "Atletiko"nun məşqçi heyəti və ulduz futbolçuları Azərbaycan guşəsini ziyarət etdilər. Həmin an belə bir mötəbər sərgidə sanki həyat dayanmışdı. Bütün qonaqlar Azərbaycan güşəsinin qarşısında idi. Ermənistanın guşəsi isə həddindən artıq sönük idi. Onlar özləri də Azərbaycan stendinə baxırdılar. Bu, bizim üçün çox önəmli bir hadisə oldu. Hər bir sərgidən sonra həmin tədbir haqda dərgi çap olunur. "Fitur"sərgisindən sonra isə İspaniyada "Azərbaycan "Fitur" sərgisini valeh etdi" adlı bir dərgi çap olundu.  
"Atletiko" və "Lans"ın formasında “Land of fire Azerbaijan” sözünün yazılması ölkəmizin turizminə də böyük faydası olacaq. Çempionlar Liqasını Avropanın 20-dən artıq kanalı canlı yayımlayır. Eyni zamanda oyundan hazırlanmış fotoları 120-dən çox dərgi nəşr edir. Qeyd etdiyim klubların geyimlərində “Land of fire Azerbaijan” yazısının olması ölkəmizin dünyada tanınmasında böyük rol oynayacaq. “Land of fire Azerbaijan” loqosunun "Baku-2015"lə əvəzlənməsi isə çox böyük hadisədir. Hamı bilir ki, Azərbaycan Avropa Oyunları üçün namizədliyini yarışın keçirilməsinə az bir vaxt qalmış irəli sürdü. Buna görə də bu yarışın təbliğatı ilə çox məşğul olmalıyıq. "Baku-2015" loqosu  "Atletiko" və "Lans"ın vasitəsi ilə bütün dünyaya car çəkəcək ki, bu mötəbər turnir Bakıda keçiriləcək. 
Bir faktı da vurğulamağı vacib bilirəm. "Bakı"nın "Atletiko" və "Lans"la imzaladığı müqavilələrdə ölkəmizin uşaq futbolunun inkişafına hesablanmış xeyli bənd var. Bizim gənclərimizin "Atletiko"nun futbol akademiyasında 3 il müddətinə təhsil almağa göndərilməsi çox önəmlidir. Sevindirici haldır ki, "Bakı" klubu digər klublarımızın futbolçularının da "Atletiko"nun futbol akademiyasında təhsil almağı üçün xərcini öhdəsinə götürür.  Burada isə məqsəd sırf Azərbaycan futbolunda dünya səviyyəli futbolçu yetişdirməkdir. Bu mənada Hafiz Məmmədovun dəstək olduğu bu layihə çox önəmlidir və əminəm ki, futbolumuzun inkişafında həlledici rol oynayacaq".

Qol.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ