"Fransada olimpiya çempionları barmen işləyir, Toğrul Əsgərov isə..." - MÜSAHİBƏ

06.02.2015 | 5096 dəfə oxunub

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudovun müsahibəsi

- Bir neçə gün öncə Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pridə olimpiya çempionu Toğrul Əsgərov ikinci görüşündə uduzduqdan sonra təsəlliverici görüşdə komanda yoldaşı Ruslan Dibirhacıyev önünə çıxmayıb. Bu, nə ilə əlaqədardır?

- Səbəbini özündən soruşsaydınız, daha yaxşı olardı. Bizə dedi ki, zədəm var, ayağım ağrıyır. Orada həkimimiz var idi. Çağırıldı, deyildi ki, çıx güləş. Dedi yox, bir az ayağım ağrayır, qorxuram, birdən əzilər. Biz dedik ki, təlim-məşq görüşü kimi çıx, elə bil məşq zalındasan. Sənə çox güləşmək lazımdır. Yenə dedi ki, ayağım ağrıyır. Yoxladı, məlum oldu ki, Toğrulun heç bir zədəsi yoxdur.

- Elə isə nəyə görə güləşməsin ki?

- Bu adam papağını qoyub düşünmək istəmir ki, 3 il əvvəl olimpiya çempionu olmuşam. Bu nailiyyətim də dövlətimiz, federasiyamız, xalqımız tərəfindən yüksək qiymətləndirilib. İndi isə yenidən güləşməli və yeni-yeni uğurlar qazanmalı, üstəlik, gənc nəslə nümunə olmalıyam. Özü ilə əvvəllər də söhbət aparmışam. Amma hələ də nəyə görə belə etdiyini anlaya bilmirəm.

- Əsgərov əvvəllər də zədəli olub. Bəlkə həqiqətən də ağrıları yenidən baş qaldırıb?

- Biz yenə araşdıracağıq, onu Bakıda da klinikaya göndərəcəyik. Rentgeni çıxsın, görək nə olur, nə var, nə yox. Ondan sonra 1-2-ci günə aydın olacaq ki, bunun ayağındakı zədə ciddidir, ya nədir.

- Sübut olunsa ki, qəsdən çıxmaq istəməyib, onda onu hansı cəza gözləyir?

- Federasiya rəhbərliyi, yığma komandanın məşqçilər korpusu ilə birgə qərar verəcəyik. Çox açıqlamaq istəmirəm, amma hansısa formada cəzalandırılacaq. Bizim üçün fərqi yoxdur, kimliyindən asılı olmayaraq olimpiya, dünya, Avropa çempionu olsa da, nizam-intizam qaydalarına riayət etmirsə, cəzalandırılır. Kimliyindən asılı olmayaraq hansısa bir güləşçi səbəb göstərmədən çıxıb güləşmirsə, bu insan cəzalanır.

- Bəlkə özü ikinci dəfə olimpiya çempionu olmaq istəmir, idmandan getməyi düşünür?

- İstəyir-istəmir özü bilər. Biz heç kimi məcbur eləmirik. Yol göstəririk ki, sən bu yolda olmalısan. Federasiya və yığma komandanın nizam-intizam qaydalarına riayət etməlisən. Mən demişəm ki, yığma komanda bir ordudur. Orduda hansısa əsgər, zabit, general intizam qaydalarına əməl etmədikdə cəzalandırılır. Yığma komanda da belədir. Olimpiya, dünya çempionusan, nizam-intizam qaydaları var. Heç bir idmançıya, güləşçiyə deyilmir ki, gəl gedək mənim evimdə işlə, maşınımı yu, başqa bir işlə məşğul ol. Sənə deyilir ki, məşq elə, yüklənməni düzgün götür və yarışda çıxıb özünü göstər. Başqa heç nə tələb olunmur. Dövlətin, federasiya rəhbərliyinin, cənab prezidentin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin gördükləri işləri, idmana göstərdikləri diqqət və qayğını qiymətləndirib bu işləri görmək lazımdır. Bu gün çıxıb məşq elədiyin halda, güləşməyəcəksənsə, niyə məşq edirsən ki? Yenidən bayrağımızı qaldırmalı, himnimizi səsləndirməlisən. Əks halda, konkret de ki, güləşmirəm. Səni heç kim məcbur etmir ki... Güləşmirsən, özün bilərsən. Sənin üçün də, hər bir güləşə bilən idmançı üçün də yığma komandanın qapıları üzünə açıqdır. Amma yığma komandada nizam-intizam qaydalarına riayət olunmalıdır. Kimliyindən asılı olmayaraq.

- Rəqib Azərbaycan idmançısı idi. Bəlkə uduzaraq heyətdə yerini itirməkdən çəkindiyi üçün döşək üzərinə çıxmadı?

- Yox, bunun fərqi yoxdur. Özünə də deyildi ki, uddun, ya uduzdun fərqi yoxdur. Sən 70 kq-da çıxış edirsən. Heç kim sənə heç nə demir. Sən çıx, güləş. Şərif Şərifov da olimpiya çempionudur, amma 97 kq çəkidə Xetaq Qazyumova uduzdu, Əli Əliyev turnirində güləşdi. Fransada da da gördüyünüz kimi, dişi-dırnağı ilə çıxıb yarımfinalda Asiya Oyunlarının qalibini, finalda isə iranlı rəqibini uddu.

- Federasiyanızın baş katibi Əjdər Cəfərovun rəhbərliyi ilə keçirilən iclasda Toğrul Əsgərovun məsələsi qaldırıldı?

- Əlbəttə, qaldırıldı. Səbəb nə idi, niyə, nəyə görə güləşmədi. Məşqçilərlə söhbət olundu. Bəli, bu barədə danışıldı. Göstəriş verildi ki, nizam-intizama ciddi riayət olunmalıdır. Avropa Oyunlarına sayılı günlər qalır. Bizdə bunların hamısı müzakirə olunur, zalda da, federasiyada da bu barədə danışılır, söhbətlər gedir. Federasiya rəhbərliyi də bununla çox ciddi maraqlanır. Federasiya rəhbərliyi hər bir idmançının yanındadır, məşq proseslərini izləyir. Prezidentimiz də, vitse-prezident Namiq Əliyev də, Əjdər müəllim də izləyir, yeniyetmələr, gənclər, bütün yığma komandaların məşqçiləri ilə görüşüb tövsiyələr vermişik. Daha ciddi olmaq lazımdır. Nizam-intizam qaydalarına riayət etməyən idmançı yığma komandada yer almamalıdır. Kimliyindən asılı olmayaraq. Avropa, dünya, olimpiya çempionu olmusan, federasiya rəhbərliyi səni qiymətləndirib. Bu gün isə gənclərə, yeniyetmələrə nümunə olmalısan. Sən dövlətin simvolusan, nümunə göstərilməlisən. Valideynlər idmançılar baxıb nümunə götürməlidirlər. Bax, belə olimpiya çempionumuz var. Mən açığını deyirəm. And olsun Allaha.. Olimpiya, dünya çempionları var ki, Fransada barmen işləyirlər, metroda işləyirlər. Mən gözümlə gördüm bunu, qulağımla eşitdim. Orada məşqçilər var idi, onlarla söhbət edirdim. Bizim dövlətimiz qədər idmana, idmançıya diqqət və qayğı göstərən ölkə yoxdur. Görün, bizdə olimpiya, dünya çempionlarına gör nə qədər şərait yaradılır, onlar da bunu qiymətləndirməlidirlər. İstəmirsənsə, de ki, mən bitirdim, qurtardım, sağ olsun dövlətimiz, rəhbərlik, mən gedirəm idmandan. Yoxsa sən həm özünü, həm yığmanın məşqçilərini, həm federasiya rəhbərliyini, həm dövləti, həm də bütün idmansevərləri aldadırsan. Hamı olimpiya, dünya çempionundan nəsə gözləyir. Sən aldatma. Yığma komandada məşqini elə, get özünü göstər. Ya belə de, ya elə.. 

- Əsgərov yeniyetmə vaxtlarından sizin rəhbərliyiniz altında çalışıb. Məgər həmin vaxt da bu cür hərəkətlərə yol verirdi?

- Yığmada mənim rəhbərliyim altında məşqləri davam etdirib və o müddətdə heç bir narazılıq olmayıb. Onun şəxsi məşqçisi mən deyildim. Amma bütün yaş qrupları üzrə yığmalarda hamı necə, o da də elə. Hacı Əliyev də mənim rəhbrəliyim altında məşqlərini yeniyetmələrdə davam etdirib.

Mənbə: sportnet.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail