"Məqsədimiz Azərbaycanı dünyaya tanıtmaqdır"

05.05.2015 | 3060 dəfə oxunub

"Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloturuna hazırlıq işləri tam başa çatıb. Mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər". Stadium.Az xəbər verir ki, bu sözləri yarışla bağlı təşkil edilmiş mətbuat konfransında veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

"Tour d’Azerbaïdjan-2015"də 25 komandanın mübarizə aparacağını deyən Ələkbərov bildirib ki, Azərbaycanı nüfuzlu yürüşdə təmsil edəcək "Synergy Baku Cycling Project" kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın "Drapac Professional Cycling", İtaliyanın "Androni Giocattoli", Rusiyanın "RUSVELO", ABŞ-ın "Team Novonordisk" (hamısı Pro-Kontinental) və "Airgas Safeway Cycling Team", Sloveniyanın "Adria-Mobil", İrlandiyanın "An Post-Chain Reaction", Lüksemburqun "LEOPARD Development Team", Çin Xalq Respublikasının "Giant-Champion System", Rumıniyanın "Tusnad", Almaniyanın "MLP Team Bergstrasse", Slovakiyanın "Banska Bystrica", Türkiyənin "Torku", Laosun "CCN Cycling Team", Avstriyanın "Hrinkow Advarics", Hollandiyanın "Parkhotel Valkenburg", Çexiyanın "Dukla Praha", Belarusun "MINSK", İsrailin "Cycling Academy Team", Portuqaliyanın "Team Tavira" klubları (hamisi kontinental), həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdı.

Federasiya rəsmisi ölkəmizi "Tour d’Azerbaïdjan-2015"də təmsil edəcək "Synergy Baku" komandasının heyətini də açıqlayıb. Onun sözlərinə görə, nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunacaq. Azərbaycan Turu öncəsi Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışında velosipedçilərimizin kifayət qədər uğurlu nəticə göstərdiyini deyən vitse-prezident onların yerli publikanı da sevindirmələri üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu söyləyib.

Ələkbərovun komandanın bu heyətlə çıxış etməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, heyəti məşqçilər müəyyənləşdirib: "Onlar hesab edirlər ki, məhz bu idmançılar yarış üçün tam hazırlıqlıdı. Biz komandamızda hər bir velosipedçiyə böyük ümid bəsləyirik. Müqerli çox güclü idmançıdı, yaxud Surutkoviç dağ mərhələsində yaxşı nəticə göstərir. Mərhələlərin liderinə gəlincə, hər gün üçün seçimi çalışdırıcılar edəcək".

Vitse-prezident yarış zamanı havanın da xoş olacağını deyib. Onun sözlərinə görə, bu azarkeşlərin turu izləməsi üçün hansısa çətinlik yaratmayacaq: "Ötən il hava bir az problem yaratmışdı. Bu, xüsusilə Sumqayıt marşrutunda müşahidə olunmuşdu. Sinoptiklərin məlumatına görə, bu həftə çox gözəl hava olacaq və temperatur 18 dərəcə təşkil edəcək".

Ötən illə müqayisədə bu il 4-cü və 5-ci mərhələlərdə dəyişikliklər olacaq. Bu isə iyunun 12-28-də keçiriləcək ilk Avropa Oyunları ilə bağlıdı. Dünya idman ictimaiyyətinin diqqətini Oyunların avarçəkmə üzrə yarışının keçiriləcəyi Mingəçevirə cəlb etmək məqsədilə, 4-cü mərhələnin finişinin Mingəçevirə salınması qərara alınıb. Paytaxt küçələrində təşkil olunacaq 5-ci mərhələnin marşrutu isə Avropa Oyunları ilə eyni olacaq.

Ələkbərov bildirib ki, 4-cü mərhələnin dəyişməsi həmçinin Azərbaycanı bütün dünyaya tanıtmağa hesablanıb.

Marşrutların keçəcəyi yollarda da bütün problemlər yoluna qoyulub. Federasiya rəsmisi hər mərhələdən öncə özü bunu bir daha yoxlayacağını qeyd edib: "Hər bir mərhələdən öncə marşurutboyu yollara birinci özüm baxmasam, rahat olmuram. Seçilən marşrutlarda problemli yol yoxdu. Hamısı yoxlanılıb. Yolların bağlanmasına gəlincə, çalışacağıq ki, bu, minimum olsun. Bütün ölkələrdə turlar zamanı bu hal yaşanır".

Vitse-prezident yarışda Azərbaycanı təmsil edəcək "Synergy Baku"nun uğurla çıxış edəcəyinə də əminliyini ifadə edib: "Komandamız bu il bir neçə turnirdə iştirak edib. Nəticələri bizi qane edir. Sloveniya və Asiya turlarında yaxşı nəticələr göstərdilər. Xüsusilə, Fransada keçirilən turda çox yaxşı çıxış etdilər. Ümid edirəm ki, ölkəmizdə də bu nailiyyətə imza atacaqlar".

Ələkbərov Azərbaycanda velosiped idmanının inkişafından da danışıb. Vitse-prezident bunun bariz nümunəsi kimi "Synergy Baku"da azərbaycanlı velosipedçilərin sayının artmasını göstərib: "Komandada əvvəl 16 velosipedçidən 2-si azərbaycanlı idisə, indi yerlilərin sayı 8-ə çatıb. Həmyerlilərimizin yetişməsinə üstünlük veririk. Onlar yetişib, əsas heyətdə çıxış edəndə ikinci komandanı da yarada bilərik".

Vitse-prezident növbəti illərdə turun marştutunun dəyişməsini də istisna etməyib: "Qarşımızda duran əsas məqsəd bölgələrimizi bir-bir gəzməkdi. Bizim cənub, şimal bölgələrimiz var. Amma hər şey yarış ərəfəsi dəqiqləşir".

Yarışın direktoru Albrext Röderin sözlərinə görə, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaxt küçələrində baş tutacaq.

Almaniyalı mütəxəssis yarışın yeni mövsümünün rekordla əlamətdar olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu dəfə tura 3 yeni ölkə qatılacaq: "Komandalar tərkibi baxımından qarışıqdır. Bu səbəbdən də 25 komandada 36 ölkənin nümayəndəsi yarışacaq. Bu da bizim rekordumuzdu. Ötən illə müqayisədə 3 yeni ölkə əlavə olunub. İndoneziya, Meksika və Laos velosipedçiləri yarışda debüt edəcəklər. Ən çox idmançı ilə Hollandiya təmsil olunacaq. Onlar müxtəlif komandaların heyətində Azərbaycana 9 velosipedçi ilə gəliblər".

Röder "Tour d’Azerbaïdjan-2015"də favoritlərini də açıqlayıb. O, Azərbaycan klubunun da uğur qazanacağına inandığını deyib: "İtaliyanın "Androni Giocattoli", Hollandiyanın "Parkhotel Valkenburg" və bir neçə komanda liderlər sırasındadı. Əlbəttə, "Synergy Baku" da bu mübarizədən geri qalmayacaq. Ümid edirik ki, onlar yarışın və ya ən azı mərhələlərdən birinin qalibi olacaq. Marşrutun üzərində də çox yaxşı işləmişik, yeni bölgələr var. Biz yaxşı təşkil olunmuş və təhlükəsiz bir yarışın şahidi olacağıq. Hesab edirəm ki, yarışın davamında yeni bir mərhələ açılacaq. Bu dəfə təşkilati baxımdan, komandaların gücü və onun işıqlandırılması baxımından yeniliklər də var".

Yarışın direktoru da xüsusi qeyd edib ki, yollar və yol səthləri tam olaraq yoxlanılıb: "Düzdü, Qəbələdə bəzi enişlərdə problem vardı. Lakin artıq bütün çətinliklər aradan qaldırılıb. Dördüncü mərhələdə dəmiryolu ilə də kəsişmələr də olacaq. Orada asfalt döşənilib. Hər şey yüksək səviyyədə olacaq".

"Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı "Eurosport"la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəklində tamaşaçılara təqdim ediləcək. "İdman Azərbaycan" kanalı isə turun bütün mərhələlərini canlı nümayiş etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail