Şahin Diniyev: "İndiki heyət ötən çempionatdan daha yaxşı futbol oynayır" - MÜSAHİBƏ

23.12.2016 | 5844 dəfə oxunub

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubunun rəsmi saytına müsahibəsi
 
- Əvvəlcə çempionatın ilk yarısını qiymətləndirmənizi istərdik...

- Çempionatın enişli-yoxuşlu ilk yarısında həm yaxşı, həm də pis oyunlarımız oldu. Stabil çıxış edə bilməsək də, oyun baxımından heç bir kluba uduzmadıq. 6 heç-heçədən yarısında qələbə qazansaydıq, indi turnir cədvəlində daha yaxşı yerdə idik. Amma gələcəyə nikbin baxıram. Mənə elə gəlir ki, komanda qış fasiləsindən sonra daha yaxşı oynayıb, qələbələr qazanmağa başlayacaq. Azarkeşlərimiz qarşısında hələ borcumuz var, onların ümidlərini yenə doğrultmağa çalışacağıq. Bu gün futbolçularımdan razılığım və narazılığım var. Zamanla daha yaxşı "Kəpəz” görəcəyik.
 
- Azərbaycan kuboku uğrunda mübarizə haqda nə danışmaq olar?

- Kubokda mübarizəni 1/4 finalda dayandırmalı olduq. Amma "İnter”ə qarşı layiqli şəkildə çıxış etdik. Sadəcə, ilk oyunda uduzduğumuzdan cavab görüşündə bunun əvəzini çıxa bilmədik. Onu da deyim ki, doğrudan da bizim üçün iki "cəbhə”də vuruşmaq çətin olacaqdır. Kubokda mübarizəni dayandırmağımız bəlkə də çempionata köklənmək üçün yaxşı oldu. Avropa Liqasına vəsiqə verən yer uğrunda Premyer Liqada mübarizəmizi davam etdirəcəyik.
 
- "Kəpəz” rəqibləri ilə yanaşı, zədələrlə də mübarizə aparmalı olur. Bu amil komandanın çıxışına nə dərəcədə təsir edir?

- Heyət baxımından böyük seçimimiz yoxdur. Hər dəfə əsas heyətdən kimsə olmayanda bu bizə ziyan edir. Hətta elə oyun oldu ki, ilk "11-lik”dən birdən-birə beş nəfər oynamadı. Bəzi futbolçuların yoxluğu ayrı-ayrı matçlarda komandaya mane oldu. "Sumqayıt”, AZAL, "İnter”, "Neftçi” və "Qarabağ”a qarşı görüşlərdə aparıcı oyunçularımızın meydandan olmaması nəticəyə tərsirsiz ötüşmədi. Lakin "Kəpəz”in formasını geyinən digər futbolçular da meydana çıxıb komanda üçün başını qoymalıdır. Ehtiyatda oturanlardan da razıyam, bacardıqlarını etdilər. Çox arzulayardım ki, gələn il zədəlilərimiz az olsun və tam heyətlə mübarizə apara bilək.
 
- Bu il "Kəpəz” üçün uğurlu illərdən biri oldu. Komanda yenidən Avropa yarışında iştirak etdi və tarixində ilk dəfə mərhələ adladı...       

- Ötən mövsüm qısa zaman ərzində yaranan komanda Avropa Liqasına vəsiqə qazanmaqla uğur əldə etdi. Əslində, bizi "Daçiya” ilə oyunlarda favorit saymırdılar. Gərgin mübarizədən qalib ayrılıb mərhələ keçdik. Özü də buna səfərdə nail olduq. Tarix yazdıq, Avropada klubumuz ilk dəfə mərhələ keçdi və top buraxmadan iki görüşün nəticəsinə görə növbəti mərhələyə adladı. Avstriya klubu isə daha ciddi, güclü rəqib idi. Səfərdə "Admira”ya qarşı yaxşı mübarizə apardıq. Evdə ustalıq səviyyəsində bir az geri qaldıq. İlk addımlarımızı atdıq, bu mövsüm Avropaya vəsiqə qazana bilsək, daha irəli getməyə çalışacağıq.
 
- Tək hədəf yenidən Avropa Liqasına vəsiqə qazanmaqdır?

- Əvvəlcə bildirim ki, bu gün "Kəpəz” iddialı klublarla başa-baş mübarizə apara biləcək gücdə olan komandadır. Kiməsə qapazaltı olmadıq. Çox sevindirici haldır ki, bu mövsüm iddiası olan komandaya çevrilmişik. Bizə bir az vaxt lazımdır. Məncə, indiki heyət ötən çempionatdan daha yaxşı futbol oynayır. Ona görə nəticə də olacaq. Mən komandama inanıram. O ki qaldı hədəflərə, komandanın qarşısında minimum və maksimum tapşırıqlar var. Maksimum istək Gəncəni yenidən qitə turnirlərində təmsil etmək şərəfinə nail olmaqdır. "Kəpəz”in adının Avropada çəkilməsi bizim üçün şərəf olar. Odur ki, çempionatda Avroliqaya vəsiqə verən yer uğrunda mübarizə aparacağıq.
 
- Hansı mövqedə çatışmazlıqlar var?

- Açıq deyəcəyəm, böyük olmasa da, hücum xəttində kiçik problemlər var. Ona görə ön xətti gücləndirmək istəyərdim. Ümumiyyətlə, hər bir xətdə bir güclü oyunçu lazımdır. Amma büdcəmizə uyğun hərəkət edəcəyik. Dəyişiklik xatirinə dəyişiklik etmək də istəmirik. Daha güclü futbolçu üçün daha çox transfer haqqı istənilir. Həm də elə bir vaxtdır ki, yaxşı azad oyunçu tapmaq müşkül məsələdir. Əvəzedici heyətdən də toplanışa 3-4 futbolçu dəvət edəcəyik. Çünki gələn il üçün fikrimiz Gəncə futbol məktəbinin yetirmələrinin əsas komandada möhkəmlənməsidir. Yaxşı gənclər var, onlar zamanla təcrübə qazanıb bizə kömək edə bilərlər. Sabah limitlə bağlı barmağımızı dişləməmək üçün indidən gənc futbolçuları hazırlamalıyıq.
 
- Komanda təlim-məşq toplanışına yanvarın 8-dən start verəcək. Bir qədər gec deyil ki?

- Avropadakı çıxışla bağlı biz mövsümə rəqiblərimizdən daha tez başladıq. Komanda iyunun 10-dan fəaliyyətdədir. Hər gün məşq, toplanış, oyunlar oldu. Altı ay uzun yol keçdik. Bu yolda sevinc də, kədər də oldu. Ona görə futbolçulara bir az çox istirahət vermək istəyirik. Komanda məzuniyyətə getsə də, bu, passiv yox, aktiv məzuniyyət dövrü olacaq. Yanvarın 11-nə kimi həkim baxışından keçdikdən sonra məşqlərə başlayacağıq. İki gün sonra təlim-məşq toplanışı start götürəcək. Hazırlıq prosesində daha çox fiziki-atletik çalışmalara üstünlük verəcəyik. Vaxt az olduğundan ölkə xaricinə getməyi məqbul saymadıq. Zamanımız yollarda gedəcəkdi. Ona görə belə qərara gəldik ki, Bakıda qalsaq, daha yaxşı olar. Fikrimcə, səmərəli təlim-məşq toplanışı keçəcəyik.
 
- "Kəpəz”dən danışanda azarkeşləri də unutmaq olmaz...

- Əlbəttə, azakeşlərimizə minnətdaram. Bizi evdə və səfərdə istənilən hava şəraitində, istidə-soyuqda, udduq-uduzduq tək qoymurlar, dəstək nümayiş etdirirlər. "Kəpəz”in arxasındadırlar, onların nəfəsini hiss edirik. Azarkeşlərsiz futbol olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail