“Qəbələ”də ilin 12 hadisəsi

30.12.2019 | 1801 dəfə oxunub

Son günlərini yaşadığımız 2019-cu ildə “Qəbələ” İdman Klubunun futbol komandaları yaşıl meydanlarda, digər növlər üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb.

Stadium.Az xəbər verir ki, “Qəbələ” idmançıları bu ili də bir sıra nailiyyətlərlə yekunlaşdırıblar.

“Qırmızı-qaralar” komanda və fərdi yarışlardakı uğurları ilə azarkeşlərinə sevinc bəxş ediblər. “Qəbələ” İK-in rəsmi saytı 2019-cu ilin ən yaddaqalan 12 məqamını təqdim edib:

1. İlk kubok

“Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub. Ümumilikdə 4-cü, ardıcıl 3-cü dəfə finalda oynayan “qırmızı-qaralar” mayın 19-da mükafata yiyələnib. Komanda Naxçıvanda baş tutan həlledici görüşdə “Sumqayıt”la qarşılaşıb. Stiven Monrozun 3-cü dəqiqədəki erkən qolu matçın taleyini həll edib. 1:0 hesabı ilə qalib gələn komanda tarixində ilk dəfə ölkə kubokuna yiyələnib. Bu, klub tarixində 2006-cı ilin yayında I dəstənin qalibi kimi Premyer Liqaya yüksəldikdən sonra ilk tituldu.

2. “Qəbələ”dən iki çempionluq

“Qəbələ” Futbol Akademiyasının komandalarının ölkə çempionatlarındakı uğurlu çıxışları 2019-cu ildə də davam edib. AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2018/19 mövsümündə “Qəbələ” təmsilçiləri 6 mükafata yiyələnib. U-19 və U-16 çempion adına sahib çıxıb. Bu, Gənclər Liqasında çıxış edən 19 yaşadək futbolçulardan ibarət komandanın ardıcıl 2-ci, ümumilikdə 4-cü uğuru olub. U-16 Liqasında isə “Qəbələ”nin hegemonluğu aşkardı. Bu turnirdə “qırmızı-qaralar” ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə qızıl medala yiyələnib. U-17 ilə U-15 mövsümü gümüş mükafatla yekunlaşdırıb. U-14-lə U-12-nin qazancı isə bürünc medal olub.

3. Minsk-2019-da iki medal

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında “Qəbələ”nin idmançıları da uğurla çıxış edib. “Qəbələ” təmsilçiləri Azərbaycan yığmasının hesabına 1 qızıl və 1 gümüş medal yazdırıblar. Boksçu Alfonso Dominqes (81 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycana çempionu kimi qayıdıb. O, həm də Avropa çempionatı statusu daşıyan yarışın da qalibi sayılıb. Karateçi Rafael Ağayev (75 kq) də növbəti medalını Minskdə qazanıb. Finala qədər bütün rəqiblərinə qalib gələn idmançı yalnız həlledici görüşdə uduzaraq gümüş mükafata sahib çıxıb.

4. Yenə Gənclər Liqasında

“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilməkdədi. “Qırmızı-qaralar” tarixində 3-cü, ardıcıl 2-ci dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. Bu turnirdə 2016/17 mövsümündə debüt edən, ötən il isə mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qəbələ” yenə Çempionlar yolunda qüvvəsini sınayıb. Komanda I mərhələdə Kiprin APOEL klubu ilə görüşüb. “Qəbələ” futbolçuları səfərdə heç-heçəyə nail olsalar da, evdə keçirilən görüşdə uduzaraq mərhələ adlaya bilməyiblər.

5. Avropada 20-ci medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev Avropa çempionatlarında 20-ci medalını qazanıb. İdmançı buna İspaniyanın Qvadalaxara şəhərində nail olub. O, böyüklərin 54-cü Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçi yarışı gümüş medalla başa vurub. 5 qat dünya çempionu qitə birinciliklərində medal sayını yubiley həddinə – 20-yə çatdırıb. Bunun 11-i qızıl, 2-si gümüş və 7-si bürüncdü.

6. Avropa Liqasında 6-cı mövsüm

“Qəbələ”nin əsas komandası artıq avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” ardıcıl 6-cı dəfə qitə miqyaslı turnirdə qüvvəsini sınayıb. Yarışa Azərbaycan kubokunun qalibi kimi qatılan komanda UEFA Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub. 2014/15 mövsümündən bu turnirdə daim iştirak edən, iki dəfə dörd mərhələ adlamaqla qrupa yüksələn “Qəbələ”  Gürcüstan “Dinamo”su ilə görüşüb. “Qırmızı-qaralar” bu dəfə Tbilisi təmsilçisini keçə bilməyib.

7. Abbasovdan çempionluq kəməri

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib. O, Rusiyanın Moskva şəhərindəki “Mıtişi Arena”da keçirilən turnirdə qalib olub. Yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüşdə Qazaxıstan təmsilçisi Kuat Hamitovla 5 raundluq döyüşdə 48:47, 47:47, 48:47 hesabı ilə qalib gələn idmançı çempionluq kəmərinə yiyələnib. Nəriman 2019-cu ildə fərdi mükafat da qazanıb. Döyüşçü “Avand Production”un təşkilatçılığı ilə “Park İnn” otelində baş tutan tədbirdə “Caspian Awards” mükafatı ilə təltif edilib.

8. İki futbolçu rəmzi komandada

2019-cu ilin yayında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb. “Qəbələ” Peşəkar Futbol Liqasının tərtib etdiyi heyətdə iki oyunçu ilə təmsil olunub. Ötən mövsümdə “qırmızı-qara” formada çıxış edən hücumçu Ceyms Adeniyi və müdafiəçi Voislav Stankoviç “11-lik”də yer alıb. Buna onların mövsüm ərzində turun komandasına düşməkləri səbəb olub. Adeniyi 9, Stankoviç 6 dəfə bunu bacarıb.

9. Gənclərin festivalında medal

“Qəbələ” idmançıları Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında da çıxış ediblər. Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Gülşən Bəşirova yarışda uğura imza atıb. Klubun rayon bölməsinin yetirməsi olan 16 yaşlı istedad 44 kq çəkidə festivalın bürünc mükafatına yiyələnib. Gülşən 2019-cu ildə daha bir uğuruna Qazaxıstanın Almatı şəhərində təşkil olunan yeniyetmələr arasında dünya çempionatında imza atıb. Bu yarışda 48 kq çəkidə mübarizə aparan cüdoçu komanda yarışlarında gümüş mükafata sahib çıxıb.

10. Bir ildə iki qızıl

“Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov il ərzində iki mötəbər yarışın qalibi olub. +100 kq çəki dərəcəsində çıxış edən idmançı Lüksemburqda keçirilən Avropa kubokunda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçular arasında Avropa kubokunda da da eyni uğura nail olub.

11. Avropa çempionatında bürünc medal

Taekvondoçu Cavad Ağayev Avropa çempionatında uğurla çıxış edib. Azərbaycan yığmasının üzvü olan idmançı İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında qitə birinciliyində dayanaq üzərinə çıxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan Ağayev qitə çempionatında 3-cü olaraq bürünc medal qazanıb.

12. Yeni sponsor

“Qəbələ” İdman Klubu yeni sponsorla anlaşıb. Dekabrın 19-da Qafqaz City Oteldə keçirilən tədbirdə klubla “Jalə” Şirələri arasında sponsorluq müqaviləsi imzalanıb. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov və şirkətin  Marketinq direktoru Amid Səfərov ilyarımlıq müqaviləyə imza atıblar. Anlaşmaya əsasən, “Jalə” brendi əsas komandanın oyun formasında əksini tapacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.07.2020

05.07.2020

22:48  "Atletik" - "Real" - 0:1 VİDEO

12:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:10  "Latsio" - "Milan" - 0:3 VİDEO

04.07.2020

13:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.07.2020

01:53  "Real" - "Xetafe" - 1:0 VİDEO

02.07.2020

02:05  "Spal" - "Milan" - 2:2 VİDEO

01.07.2020

15:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:20  "Torino" - "Latsio" - 1:2 VİDEO

30.06.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə