Sənan Qurbanov: "Düzünü desəm, təklif etdikləri məbləğ də yüksək idi" MÜSAHİBƏ

18.11.2013 | 19252 dəfə oxunub

"Qəbələ klubunun rəsmi saytında yer alan 

“Veteranlar” rubrikasının budəfəki qonağı keçmiş futbolçu, hazırda “Qəbələ”nin məşqçilər korpusunda yer alan Sənan Qurbanovdur. Qurbanov 1980-ci ilavqustun 4-də Gürcüstanda anadan olub. 1 yaşında ailəsi ilə birlikdə Bakıya köçən Sənan futbol həyatına da küləklər şəhərində başlayıb. Peşəkar karyerası boyunca “Qarabağ”, “Şəfa”, “Bakı”, “Saypa” (İran), “MKT-Araz”, “Şahdağ”, “Qəbələ”, “ABN-Bərdə”, MOİK, “Muğan” kimi komandalarda top qovub. Hava toplarında hakimiyyəti,  başla oynamaq qabiliyyəti və yüksək qol duyumu ilə fərqlənən hücumçu zədə üzündən futbol həyatını vaxtsız tamamlasa da, yenə sevdiyi işin içindədir.UEFA B kateqoriyasına sahib olan Sənan Qurbanov üç ildən artıqdır ki, məşqçi kimi çalışır. 2012-ci ilin yayında “Qəbələ”də yardımçı məşqçi kimi fəaliyyətə başlayan Qurbanov buna qədər "Qəbələ" Futbol  Akademiyasında aşağı yaş qruplarına futbolun sirlərini aşılayıb. Gənc mütəxəssis akademiyadan öncə birinci divizionda çıxış etmiş “Neftçi” İSM-də işləyib.



Ata fikrini dəyişən oğul

- Söhbətimizə ənənəvi sualla başlayaq. Futbola gəlişiniz necə olub?
- Futbolla 12 yaşımdan məşğul olmağa başlamışam. Məktəbdə oxuyurdum. Bir dəfə uşaqlar yığışdılar, dedilər gedirik başqa məktəblə oynamağa. Mən də onlara qoşuldum. Xoşuma gəldi. O gündən başladım futbola getməyə. Əvvəl məhəlləmizdən futbola gedənlər 15 nəfərə yaxın idi. Zaman ötdükcə onların sayı ikiyə endi. Sonda iki nəfərdən biri də futboldan imtina etdi və mən bu yolda tək qaldım. 

- İlk müəlliminiz kim olub?
- Futbola Uşaq Gənclər İdman Məktəbində Canbaxış müəllimin yanında başlamışam. O, indiyə qədər uşaq futbolunda çalışır. 

- Ailənizdə idmanla məşğul olan kimsə vardımı?
- Xeyr, sadəcə qardaşımın futbola marağı var idi. Hər zaman həyətimizdə birlikdə oynayardıq. Atam futbolçu olmağıma qarşı idi.  O istəyirdi ki, təhsil alım, hər hansı bir sənətin qulpundan yapışım. 

- Bəs necə oldu ki, atanız fikrini dəyişdi?
- Atamın fikrini dəyişməsi futbol həyatımın ən yaddaqalan hadisələrindən biri oldu. İdman İnstitunun stadionunda oyunumuz var idi. Həmin vaxt “Tərəqqi”də çıxış edirdim. Doğum haqqında şəhadətnaməmi də kluba vermişdim. Atam bundan xəbər tutmuşdu və şəhadətnaməmi qaytarmaq üçün stadiona gəlmişdi. Artıq hər gün məşqlərə getməyimdən əsəbləşmişdi, məni evə qaytarmağı qarşısına məqsəd qoymuşdu. Xülasə, atam həmin gün oyunuma baxır. Matçda 2:0 hesabilə qalib gəlirik və hər iki qolu da mən vururam. Matçın sonunda atam birbaşa evə yollanır.  Qarşılaşma bitəndən sonra mənə deyirlər ki, atan gəlmişdi oyuna baxdı, getdi. O gündən evimizdə futbolla bağlı söz-söhbətlərə son qoyuldu. Atamın da futbola marağı yarandı. Demək olar ki, bütün oyunlarımı izləməyə gəlirdi. 

- Peşəkar komandada ilk oyununuzu necə xatırlayırsınız?
- Birinci oyunum ilk peşəkar klubum olan “Qarabağ”ın heyətində reallaşıb. Yaxşı xatırayıram, “Şəmkir”lə qarşılaşırdıq. Həmin dövrdə “Şəmkir” ən güclülərdən hesab olunurdu.18 yaşım var idi. Matçın 70-ci dəqiqəsində mənə şans verildi. Yadıma gəlir, Müşfiq Hüseynovun əvəzinə meydançaya daxil olmuşdum. Çox həyəcanlı idim. Komanda daxilində bəzi oyunçuların dəstəyi, bəzilərinin isə təzyiqini hiss edirdim. Oyunum normal alındı. Oyunda 1:0 hesabilə qalib gəldik. 

- Futbol bir iş kimi səni maddi cəhətdən həmişə hərtərəfli təmin edə bilib? İlk gəlirini xatırlayırsan?
- Özümün də xəbərim olmadan futbol həyatımın əsas hissəsinə çevrildi. Uşaq yaşlarımdan artıq futbolla nəfəs alırdım. Ona görə də maddi tərəfləri düşünmürdüm. Futbolda ilk gəlirim 500 ABŞ dolları olub. Bu pulu “Qarabağ”dan almışdım. Çox həyəcanlanmışdım. Maaşı alıb evə qayıdanda evdekilər dedilər ki, bu əməlli başlı pul qazanır (gülür). İranda isə daha yüksək məbləğdə maaş alırdım. 

- İlklərdən söz düşmüşkən, peşəkar futbolda ilk qolunuz yadınıza gəlir?
- Bəli, xatırlayıram. “Qarabağ”ın heyətində “Xəzri”yə qarşı oynayırdım. Həmin oyunda 4:0 hesabilə qalib gəldik. Qollardan biri mənim aktivimə yazıldı. Qapıçıdan qayıdan topu boş qapıya göndərdim. Qoldan sonra məni tuta bilmirdilər,  Sumqayıtdan qaytardılar (gülür).



Baş tutmayan Trabzon sevdası

- Yeniyetmə dövrünüzdə Trabzona səfəriniz reallaşıb, futbolçu həyatını orada davam etdirmək şansınız yaranıb...
- 15 yaşım olanda Trabzona göndərilən 10 gənc futbolçunun arasında mən də yer almışdım. Federasiya tərəfindən reallaşdırılan bu göndərişdə məqsəd bizim orada futbolçu kimi yetişməyimiz idi. Trabzonda ilkin baxışdan sonra 10 nəfərdən 5-ni geri qaytardılar. Mən də daxil olmaqla digər 5 futbolçu ilə müqavilə imzalandı və biz rəsmən “Trabzonspor”un futbolçusu olduq. 2 aya yaxın sözügedən şəhərdə qaldıq. Lakin sonradan həmin dövrdə federasiya prezidenti olan Fuad Musayev bizim orada qalmağımıza icazə vermədi və məcburən geri qayıtmalı olduq. 

- “Qarabağ”da oynadığınız dövrdə UEFA Kubokunda çıxış edən komandanın heyətində yer almısınız . Rəqibiniz Danimarka “Kopenhaqen”i olub...
- 1998-ci ildə “Qarabağ” UEFA Kubokuna vəsiqə qazanmışdı. İlk mərhələdə rəqibimiz Danimarkanın ən güclü klublarından sayılan, hazırda Çempionlar Liqasında çıxış edən “Kopenhaqen” oldu. Təəssüf ki, hər iki oyunda məğlub olduq – evdə 0:6, səfərdə 0:4. Gənc olduğum üçün bu qarşılaşmalarda mənə şans verilmədi. 

- Danimarkadakı futbol atmosferi yəqin ki, xatirində qalıb...
- Bəli, onların çox güclü azarkeş dəstəyi var idi. Amma o atmosfer mənimçün yeni deyildi. Ona qədər Azərbaycan U-19 yığmasının heyətində İtaliyada Avropa Çempionatının qrup mərhələsində əsl futbol atmosferini hiss etmişdim. Qrupda İtaliya, Rusiya və Rumuniyaya qarşı mübarizə apardıq. Oyunlar Turində keçirildi. Bu baxımdan Danimarkada gördüklərim mənimçün yenilik deyildi. 

Sənanın İran sərgüzəştləri
- Keçək futbolçu karyeranızın İran səhifəsinə. İrana gedişiniz necə alındı?
- Bu 2002-2003 mövsümündə baş tutdu. İrandan öncə Rusiyada – “Torpedo”da oynamaq şansım yaranmadı. Orada baxışda oldum. Lakin komandanın durumu elə idi ki, onlara kömək etmək şansım çox aşağı idi. “Torpedo” aşağı liqaya düşmək təhlükəsi ilə üzləşmişdi. Kollektivəçətin durumda yardımçı ola biləcək daha təcrübəli hücumçu lazım idi. Bu səbəbdən Rusiyada qalmaq istəmədim. Geri döndükdən bir müddət sonra İrandan “Saypa” klubundan dəvət aldım. Onlar məni birbaşa müqavilə imzalamağa dəvət edirdilər. İran çempionatı haqda az-çox məlumatım var idi. Bilirdim ki, futbola maraq böyükdür, komandaların çoxminlik azarkeş dəstəyi var. Düzünü desəm, təklif etdikləri məbləğ də yüksək idi. Həm legioner həyatı yaşamaq istəyimi, həm də müqavilənin maddi tərəfini nəzərə alıb təklifi qəbul etdim. Bu mənim karyeramda yeni, bəlkə də ən maraqlı səhifə idi.

- Yəqin ki, gənc futbolçu üçün legioner həyatına, yeni futbol atmosferinə öyrəşmək elə də asan olmadı...
- Təbii ki, asan olmadı. İranda komandaların böyük azarkeş dəstəyi var. Hər oyun ortalama stadionlara 30 min azarkeş gəlir. Bu da gənc futbolçu – yeni legioner üçün böyük həyəcan deməkdir. 

- İlk oyununuz  necə alındı?
- İlk oyunda 60 dəqiqə meydançada oldum. Səfər oyunu idi. Çox pis təsir bağışladım. Yəqin ki, ilk oyun həyəcanı ilə bağlı idi. O qədər pis çıxış etdim ki, hətta öz azarkeşlərimiz də məni fitə basırdılar. Səfər oyunu olmasına baxmayaraq, stadionda 10 mindən artıq azarkeşimiz var idi. Media da məni sərt şəkildə tənqid etdi.  Amma italiyalı məşqçimiz Covanni Mey həmin an mənə böyük dəstək oldu. Yəqin ki, dəstək verməsəydi o oyundan sonra vətənə dönəcəkdim. 

- Özünüzü hansı oyunda sübüt etdiniz?
- İkinci oyunda doğma meydançada daha böyük təzyiqlə üzləşdim. “Saypa” azarkeşlərinin doğma meydançada maraqlı ənənələri var idi: Oyundan öncə onlara ilk 11-lik bildirilirdi, 11 azarkeş isə start heyətin formasını geyərək öncədən müəyyənləşdirilmiş sektorda əyləşirdi. Digər azarkeşlər də onlara dövrəyə alırdı. İlk 11-likdə meydançaya çıxsam da, mənim formamı heç kim geyinməmişdi. Bütün bunlara baxmayaraq, sözügedən oyunda pis təsir bağışlamadım. “Saypa”nın İran çempionatında ən prinsipial rəqibi “Şəmoşək”dir. Sözügedən komanda Novşəhri təmsil edir. Növbəti oyunda səfərdə onlarla qarşılaşırdıq. Oyun çox prinsipial olduğundan inanmırdım ki, baş məşqçi məni ilk 18-liyə salsın. Çünki psixoloji olaraq böyük təzyiq altında idim. Həm də heyətimizdə 35 futbolçu var idi. Amma hər şey düşündüyümdən fərqli oldu. Baş məşqçi məni start heyətdə meydançaya buraxdı. Oyun başlamazdan əvvəl mənə yaxınlaşdı və iki cümlə dedi: “Heç vaxt deyilənlərə qulaq asma. Bu gün sənin günün olacaq”. Bu sözlər sanki mənə əlavə güc verdi. “Şəmoşək”in arxa xəttindəki 4 müdafiəçinin tamamı yığma üzvləri idi. Məni necə mübarizənin gözlədiyini bilirdim. Başla oyuna üstünlük verdiyim üçün bilirdim ki, ilk hava mübarizəsində qalib gəlsəm, məndə özünəəminlik yaranacaq, ardı yaxşı gələcək. Belə də oldu. 2-ci dəqiqədə ilk hava mübarizəsindən qalib ayrıldım. Meydançada çox istəkli, hədsiz aqressiv idim. 25-ci dəqiqədə yenə hava mübarizəsinə qalxdım və hücumçumuza ideal ötürmə verdim. O da topu tora göndərdi. Bütün komanda yoldaşlarım üstümə qaçdı. Bu artıq mənimçün əvəzolunmaz hisslər idi. Növbəti epizodların birində başla daha bir qol ötürməsi verdim. Oyunun sonu mənim üçün daha yaddaqalan və uğurlu oldu. Oyunun 85-ci dəqiqəsi gedir, hesab 2:2-dir. Təzyiqimi davam etdirirəm, yorulmuram, dayanmıram. Epizodların birində rəqib müdafiəçi topu dizlə saxlamaq istədi. Hava yağışlı olduğundan top sürüşdü və mənə istiqamətləndi. Topu ani hərəkətlə “oğurladım”, müdafiəçini zərərsizləşdirdim və qapıya doğru güclü zərbə endirdim. Bu anı görməyə dəyərdi. Qapıçı tərpənməyə macal tapmadı. Baxımlı qol alındı. Azarkeşlərimiz meydançanın kanarına doğru endilər. Öncə onlara tərəf istiqamətləndim, amma onların mənə etdikləri gözümün önünə gəldi. İstiqamətimi dəyişərək mənə güvənən baş məşqçimizə doğru qaçdım və onu qucaqladım. İçimde sanki vulkan püskürürdü, ağlıyırdım. Matçdan sonra klub prezidenti soyunub-geyinmə otağına gəldi, hamımızı bir-bir təbrik etdi. Yerindəcə hər bir futbolçuya 7000 ABŞ dolları mükafat verildi.

- Komandada rəqabət böyük idi?
- Az öncə də qeyd etdiyim kimi, heyətdə 35 futbolçu var idi. Onların arasında Əli Kərimi, Əli Ansarian, Masud Şocai kimi İran millisinin üzvləri yer alırdı. Buna baxmayaraq, baş məşqçi mənə güvənirdi. O, güclü psixoloq idi. 

- Sizin İranda top qovduğunuz dövrdə “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov da sözügedən ölkədə, daha dəqiq desək Tehran “Peykan”ında çıxış edirdi. Məmmədovla meydançada üz-üzə gəlmisiniz?
- Bəli, bir dəfə rəqib kimi qarşılaşmışıq. Həmin oyunda hər ikimiz ilk 11-likdə meydançaya çıxmışdıq. Hər ikimiz başla yaxşı oynadığımızdan aramızda gərgin hava mübarizəsi gedirdi. Epizodların birində Ramiz Məmmədov topu uzaqlaşdırmaq istəyərkən “meşin yuvarlaq” önümə düşdü. Məndə həmin anı gözləyirmiş kimi sol ayaqla qüvvətli zərbə endirdim. Top yüksək sürət götürdü, qapıçının baxışları altında tirdən geri qayıtdı. Epizodun davamında Məmmədov “Nə olub, ayağın açılıb?” deyib məni süzdü. Matşın sonunadək güzəştsiz mübarizə apardıq.  Həmin qarşılaşma 0:0 hesabilə yekunlaşdı. 



Vətənə dönüş, ağır zədə və övladlarla cücərən arzular


- İran karyeranızın bitməsinə nə səbəb oldu? 
- Səhv etmirəmsə “Saypa”da 8-ci ayım idi. Milli komandaların oyunlarına görə verilən fasilədə Azərbaycana qayıtmışdım. İrana geri döndüyüm zaman mənə italiyalı məşqçinin getdiyini söylədilər. Bu məndə soyuq duş effekti yaratdı. Üzərimdə o qədər zəhməti olan adamla heç görüşmək imkanım da olmadı. Onun postuna baş məşqçinin köməkçisini təyin etdilər. O, iranlı idi və əsasən yerli futbolçulara üstünlük verirdi. Artıq oyunlara ehtiyatdan daxil olurdum. Həm də çox darıxırdım. Mövsümü tamamladım və Azərbaycana qayıtdım. 

- Bir daha ölkə xaricində oynamaq şansınız yaranmadı?
- Karyeramın sonlarında yenidən İrana qayıtmaq şansı yarandı. Lakin götür-qoy etdim və nəticədə ölkədə qalmaq variantı üzərində dayandım. Bu qərarı qəbul etməyimdə ailəmin də rolu böyük oldu.

- İrandan döndükdən sonra ölkəmizdəki karyeranız necə alındı? 
- İrandan döndükdən sonra 3 klub – “Neftçi”, “Xəzər-Lənkəran” və “MKT-Araz” mənimlə maraqlanırdı. “MKT-Araz”ı seçdim. İmişli klubunda hər şey mənim üçün yaxşı başlamışdı. Amma orada aldığım zədə futbol həyatımı alt üst etdi. Doğma meydançada “Bakı” ilə qarşılaşırdıq. Həmin oyunda qapıçı Elşən Poladovla hava mübarizəsində ağır zədələndim. O, bütün ağırlığı ilə dabanımın üzərinə düşdü. Harada görsəm özünə də deyirəm (gülür). O gündən sanki zədə məndən əl çəkmədi. “MKT-Araz”dan sonra oynadığım digər komandalarda da o zədənin əziyyətini çəkdim. İstədiyim formanı yığa bilmədim. Sonda da futbolçu karyeramı bitirmək qərarına gəldim. Necə deyərlər, futboldan arzularıma çatmadan, nakam ayrıldım.

- Son oyununuzu xatırlayırsınız?
- “Muğan”da çıxış edirdim. Dəqiq hansı komandaya qarşı çıxış etdiyimi təəssüf ki xatırlamıram.

- Məşqçiliyə necə başladınız? Başqa iş imkanlarınız var idimi?
- Futboldan bu yaşda ayrılmaq mənə çox ağır təsir edirdi. Özümə yer tapa bilmirdim, az qalırdı xəstəlik tapım. Futbolsuz nəfəs ala bilmirdim. Həmin arada “Neftçi” İSM-dən təklif gəldi. Mən də sözügedən komandada yardımçı məşqçi kimi fəaliyyətə başladım.  Ona qədər qardaşım məni Rusiyaya dəvət etmişdi. Təklif etmişdi ki, onunla birlikdə ticarətlə məşğul olum. Amma mən heç cür futboldan ayrıla bilməzdim.

- İki oğul övladınız var. Hazırda hər ikisi “Qəbələ” Futbol Akademiyasında futbolun sirlərinə yiyələnir...
- Bəli, istəyirəm ki övladlarım futbolçu olsunlar. İstəyirəm ki, mənim arzularımı onlar reallaşdırsınlar. Avropa səviyyəli futbolçular olsunlar. Onların bu mənada şansları məndən daha yüksəkdir. Daha kiçik yaşlardan futbola başlayıblar, daha yaxşı şəraitə malikdirlər. Həm də gözlərindəki istəyi, işığı görürəm. Amma valideynlərim onların futolçu olmalarını istəmirlər. Deyirlər sənin futbol həyatında hansı əziyyətləri çəkdiyini görmüşük. Eyni əziyyəti səninlə çəkmişik. İstəmirik nəvələrimiz də o çətinliklərlə üzləşsinlər. Amma mən elə düşünmürəm. Futbolçu olmaq böyük zirvədir. İstəyirəm övladlarım o zirvəni fəth etsinlər. 

                   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail