“Ətrafımdakılara dedim ki, mən bu ölkəyə diqtə etmək üçün gəlməmişəm”

Toni Adams İngiltərə ictimaiyyətinə Azərbaycandan, “Qəbələ” futbol klubundakı işindən və daha nələrdən danışdı?

16.06.2011 | 5278 dəfə oxunub

rnrn

Hələ ötən ay İngiltərəyə yollanan "Qəbələ"nin baş məşqçisi Toni Adams vətənində də mətbuatın diqqət mərkəzində olub. Onunla bağlı yerli mətbuatda çıxan xəbərlər Azərbaycanda da böyük maraq  doğurub. Adams tez-tez mətbuat nümayəndələrinin qarşısına çıxıb. Növbəti  belə görüşlərdən biri Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə cari ilin 12-13 may tarıxlərində Londonda, "Azərbaycanın investisiya imkanlarının işıqlandırılması" keçirilən tədbirdə gerçəkləşib.


İngiltərəli mütəxəssis tədbir iştirakçılarına Azərbaycandakı fəaliyyəti barədə məlumat verməklə yanaşı, onları maraqlandıran suallara da cavab verib. Baş məşqçimiz  həmin görüşdə  "Qəbələ"  futbol klubu, ümumilikdə Azərbaycan futbolu haqqında maraqlı fikirlər səsləndirib.

Gözlənilməz təklif...

Təcrübəli mütəxəssis  bir il əvvələ qayıdaraq, öncə "Qəbələ" futbol klubuna gəlişindən danışıb:

"Mənə  "Qəbələ" futbol komandasının baş məşqçisi vəzifəsini tutmaq təklif olundu. Etiraf edim ki, yeni təklif məndə böyük maraq doğurdu. Bu təklifi və imkanlarımı götür-qoy etdikdən sonra bir məsələni özüm üçün yəqinləşdirməyə çalışdım: mən "Qəbələ" üçün nə edə bilərəm və komandanı inkişaf etdirmək üçün qarşı tərəfə hansı təklifləri  verə bilərəm. Çünki bu, mənim üçün tamamilə yeni bir layihə idi".

...və düşünülmüş qərar

Toni Adams  həmkarları qarşısında layihəyə razılıq verməyinin səbəbini belə  əsaslandırıb:

"Əvvəlcə bilmək istəyirdim ki, üzərimə düşən vəzifə nədən ibarətdir. Sonra özüm-özümə sual verdim ki, bu komandanı çempion edə bilərəmmi? Məni gözləyən işlə bağlı geniş məlumat verildikdən sonra yəqin etdim ki, Azərbaycanda çalışa bilərəm. Ancaq qərar vermək hələ işə başlamaq deyildi. Əvvəlcə aydınlaşdırmalı idim ki, orada nə etmək olar və klubun inkişafı üçün hansı yenilikləri gerçəkləşdirə bilərəm. Bu qənaətə gəldim ki, əvvəlcə məşq metodlarımı və baxışlarımı dəyişməliyəm. Mən universitetdə sosiologiya və ətraf aləmlə münasibətlər üzrə təhsil almışam. Aldığım təhsil bu işdə mənə kömək etdi - yeni insanlarla, mühitlə münasibət qurmaqda mənim dadıma çatdı".

Klubda hər şey yaxşılığa doğru dəyişir

Ölkəmizlə bağlı   xoş təəssüratlarını da bölüşən baş məşqçi Qəbələdə gördüyü gözəlliyin, sürətli inkişafın onu müsbət ovqata  köklədiyini bildirib:

"Azərbaycan çox xoşuma gəldi. Əgər öz klubuna və işinə qəlbən bağlanırsansa, gördüyün iş istər-istəməz həyatının bir hissəsinə çevrilir. Gəldiyim ilk gündən ətrafımdakılara dedim ki, mən bu ölkəyə diqtə etmək üçün gəlməmişəm. Biz hədəflərimizə doğru tədricən irəliləməliyik. Bu klubda texniki direktor və baş məşqçi olmağımla fəxr edirəm. Mən düşünürəm ki, klubun və futbolçularımın səviyyəsi çox yaxşıdır.

Yeni mövsümdən komandama daha çox azərbaycanlı futbolçu cəlb etməyə çalışıram. Azərbaycanda çalışdığım 1 il ərzində, komanda quruculuğu yönündə xeyli iş görülüb. Futbolçularım öhdələrinə düşən  işə çox məsuliyyətlə yanaşırlar. Mən də əlimdən gəldiyi qədər onlara kömək etməyə çalışıram. Ona görə də, klubda hər şey yaxşılığa doğru dəyişir.

Komandamız son mövsüm çempionat oyunlarını sintetik ot örtüklü meydançada keçirib, yaxıün keçmişdə məşqlərimiz də sintetik örtüklü meydanda olurdu. İndi artıq 4 təbii ot örtüklü hazır meydançamız var. Bu isə o deməkdir ki, komanda son məşqlərini yenicə istifadəyə verilmiş təbii ot örtüklü meydanda keçirib. Meydançanın vəziyyəti çox yaxşıdır. Hazırda çempionat oyunlarını keçirdiyimiz meydançanın da süni örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsinə başlanılıb. Yeni mövsümün açılışına qədər tam hazır olmalıdır.

"Qəbələ"...  Azərbaycan çempionatı və...

Məşhur mütəxəssis uzaq İngiltərədə milli futbolumuzdan da danışıb:

"Bir az Azərbaycan futbolu haqqında danışmaq istərdim. Azərbaycanda işlədiyim bu bir il ərzində ölkə futboluna dair xeyli bilgi toplamışam. Bu ölkə sürətli inkişaf yoluna qədəm qoyub. Demək olar ki, əksər sahələrdə nəzərəçarpacaq dərəcədə inkişaf  gedir. Doğrudur, futbol infrastrukturu və meydançalar hələ istənilən səviyyədə deyil. Amma unutmaq olmaz ki,  hər şey birdən-birə olmur. Əsas odur ki, hazırda bu istiqamətdə işlər istədiyimiz səviyyədə aparılır.

"Qəbələ" 12 komandanın mübarizə apardığı çempionatda cıxış edir. Azərbaycan çempionatında güclü klublar var və bir neçə komanda çempionluq uğrunda mübarizə aparır. "Neftçi" və "Qarabağ" ölkənin ən güclü klublarındandır. Bu il çempion olan "Neftçi"i özünəməxsus tarixi olan klubdur. Ölkədə güclü klubların olması, əlbəttə ki, bizim də xeyrimizədir. Çünki komandamızı inkişaf etdirmək istəyiriksə, ciddi klublarla oynamağımız əsas şərtdir".

... azərbaycanlılar

Toni Adams biz azərbaycanlıları istiqanlı, emosional insanlar kimi xarakterizə edib:

"Azərbaycanlılar çox çılğındırlar, hisslərini gizlətməyi sevmirlər. Komanda uduzanda  üzülür, qələbə qazananda isə bunu əsil bayrama çevirirlər. Mənim 5 övladım var. 5 yaşlı oğlum "Qəbələ"nin oyunlarına gəlib komandama azarkeşlik edir. Onun tribunada əlində Azərbaycan bayrağı yellədiyini tez-tez görürəm. Komandamızın yaxşı, mütəşəkkil fan-klubu var. Yaxın illər ərzində, güman ki, komandamı çempion edə bilərəm. Əslində, məqsədimiz də elə budur. Amma əvvəlcə Azərbaycanın ən güclü klubları səviyyəsinə qalxmalıyıq. Bunun  üçün isə var qüvvəmlə çalışıram və hələ bundan sonra da görüləsi işlər çoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail