"Qəbələ"nin məşqçisi: "Həm həyəcanlandırmışdı, həm də çaşqınlıq yaratmışdı" - MÜSAHİBƏ

25.12.2013 | 4157 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard klubun rəsmi saytına müsahibəsi:

- Bildiyimiz kimi siz İndoneziya kökənlisiniz. Maraqlıdır, Hollandiyaya gəlişiniz necə alınıb?

- Hollandiyaya uşaq vaxtı gəlmişəm. İndoneziyanı xatırlamıram. Sözügedən ölkə haqda atamdan, anamdan və digər ailə üzvlərimdən eşitmişəm. Əslində hekayəmiz bir az fərqlidir. Ana tərəfimin kökləri Hollandiyadandır. Ata tərəfim isə fransız kökənlidir. Valideynlərimin ailələri işlə bağlı İndoneziyada  yaşayıblar. Atam və anam da orada tanış olublar. Həmin dövrdə İndoneziya Hollandiyanın müstəmləkəsi idi. İndonesiya müstəqillik qazanandan sonra orada yaşayan hollandlara Hollandiya vətəndaşlığını seçmək hüququ verildi. Valideynlərim bu hüquqdan yararlanaraq Hollandiya vətəndaşlığını seçdilər. Hollandiyada kiçik bir qəsəbədə yerləşmişdik. Atam, anam, nənəm və mən birlikdə yaşayırdıq. Sonra isə Haaqa şəhərinə köçdük.

- İndoneziya futbol inkişaf etdiyi ölkələr sırasında yer almır.Necə oldu ki, sizdə futbola həvəs yarandı?

- Atam futbolçu idi (gülür). O, indoneziyanın tanınmış oyunçularından sayılırdı. Hollandiyada isə İndoneziyadakı kimi məşhur deyildi. O, Hollandiyada top qovmayıb.  Mənə də futbola həvəs atamdan keçib.

- Futbola neçə yaşınızdan başlamısınız?

- 12 yaşımdan. İlk vaxtlar küçədə parklarda top qovurdum. Amma anam mənə hansısa kluba getməyə icazə vermirdi. Çünki o tək idi, atam artıq dünyasını dəyişmişdi. Anamın məni hər gün futbol məktəbinə aparıb gətirməyə vaxtı yox idi. 12 yaşımda isə artıq Haaqada CWP klubunda məşqlərə başladım. Bu həvəskar komanda idi və mən sözügedən klubda iki il futbolla məşqul oldum. Daha sonra dostlarımın istəyi ilə digər həvəskar kluba - “Lans”a keçdim. Onlar mənə “Lans”ın həvəskar olmasına baxmayaraq, daha böyük klub olduğunu söyləmişdilər. İlk peşəkar klubum isə “Feyenoord” oldu. Klub təmsilçiləri oyunumu görüb bəyəndilər və məni Rotterdama dəvət etdilər. Dəvəti məmnuniyyətlə qəbul etdim.

- Yəqin bu xəbər sizi həyəcanlandırmışdı...

- Həm həyəcanlandırmışdı, həm də çaşqınlıq yaratmışdı. Həmin zaman 15 yaşım var idi. O dövrlə bağlı bir yaddaqalan hadisə də olmuşdu. “Feyenoord”dan məktub almışdım. Məktubda məni birbaşa klub stadionuna çağırırdılar. Gözlərimə inanmadım və kluba zəng etdim. Düşünürdüm ki, məktubu səhv ünvana göndəriblər. Çünki gəncləri ilk öncə akademiyaya yerləşdirirdilər. Klubdan məktubun mənə ünvanlandığını söylədilər və göstərilən vaxtda stadionda olmağı tapşırdılar. Məni birbaşa “Feyenoord”un əvəzedici komandasına götürdülər.

- Əvvəldə ananızın futbol oynamağa icazə vermədiyini söylədiniz. Nə baş verdi ki, ananız fikrindən daşındı?

- Anam mənim artıq yetərincə böyüdüyümü gördü və hansısa işin qulpundan yapışmalı olduğumu anladı. Mən uşaqlıq dövrümdə cüdo və musiqi ilə də məşğul olmuşam. Lakin futbolu daha çox sevdiyimə görə bu sahəyə üstünlük verdim. 

- Keçək futbolçu karyeranızın ən önəmli mərhələsinə. Əsas komandada debütünüz nə zaman reallaşdı?

- 3 il ikinci komandada yer aldım. 18 yaşımda isə “Feyenoord”un əsas heyətində meydançaya çıxdım.

- Bu oyun yəqin ki, xatirinizdə qalıb...

- Sözsüz. Həmin görüşdə səfərdə “Tvente” ilə qarşılaşırdıq. 90 dəqiqə meydançada oldum. İlk oyunum olmasına baxmayaraq, məşqçimiz mənə sona kimi güvəndi və əvəzləmədi. Matç 1:1 hesabilə bitdi.

- Baş məşqçinin ilk oyunda ciddi rəqiblə matçda gənc oyunçuya şans verməsinin və sona qədər əvəzləmədən meydançada saxlamasının başlıca səbəbi nə idi?

- Mən “Feyenoord”a cəlb olunduğum zaman yarımmüdafiəçi mövqeyində çıxış edirdim. Əvəzedici komandada son mövsümdə sol cinah müdafiəçisi mövqeyində oynadım. 1976-cı ilin oktyabr ayında əsas komanda uğursuzluqla üzləşdi. Eyni oyunda iki müdafiəçimiz ayağını sındırdı və komandada müdafiəçi çatışmazlığı yarandı. Vəziyyətə görə əsas komandanın baş məşqçisi əvəzedici komandadan sol cinah müdafiəçisi istədi. Əvəzedici komandanın baş məşqçisi isə tərəddüdsüz məni təklif etdi. Debütüm zərurətdən doğsa da, pis çıxış etmədim və əsas komandanın futbolçusuna çevrildim.

- Futbolçu olduğunuz dövrdə təhsilinizi də davam etdirmisiniz...

- Bəli, 24 yaşıma qədər futbolla yanaşı təhsil də almışam. Universitetdə Bədən Tərbiyəsi fakultəsində oxumuşam. Təhsilimi bitirdikdən sonra isə ancaq futbolla məşğul olmağa qərar verdim.

- “Feyenoord”da yaşadığınız ən yaddaqalan mövsüm hansı oldu?

- 24 yaşımda “Feyenoord” tərk edib başqa bir kluba keçmək istəyirdim. Çünki əsas heyətdə yetərincə yer almırdım. Amma məni bu fikirdən daşındırdılar. Dedilər ki, komandaya Yohan Kruiff gəlir. Qalıb onunla oynasan, heç nə itirməzsən. Yohan Kruifflə eyni komandada çıxış etmək həmin dövrdə bir çox futbolçunun arzusu idi. Bu şansı dəyərləndirmək qərarına gəldim və komandada qaldım. Həmin mövsüm çox yaddaqalan oldu. Həm çempionluq adını, həm də ölkə kubokunu qazandıq. Bu 1983/84 müvsümündə baş tutdu. “Feyenoord” 10 il idi ki, çempion olmurdu. Klub azarkeşləri futbolçularla birlikdə çempionluğu və kubok zəfərini təntənəli şəkildə qeyd etdi. 

- Sözügedən mövsümdə baş məşqçi sizə yetərincə oynamaq imkanı verdi?

- Mövsümün ilk yarısında meydançaya çox az hallarda çıxdım. Həmin müddətdə komandanın müdafiə xətti yaxşı çıxış etmirdi, azarkeşlər narazılıqlarını bildirirdilər. Mövsümün ikinci hissəsində baş məşqçi mənə şans verməyə başladı. Özümə görə demirəm, amma həmin dövrdə komanda daha stabil çıxış etdi və yekunda çempion oldu.
 
- Az öncə Yohan Kruiffin adını çəkdiniz. Başqa hansı tanınmış futbolçularla eyni heyətdə çıxış etmisiniz?

- Hollandiya millisinin üzvü, 1978-ci ildə Argentinada, 1982-ci ildə Almaniyada keçirilən Dünya Çempionatlarının iştirakçısı olan Vim Yansenlə birlikdə top qovmuşam. Rud Qullitlə də eyni vaxtda “Feyenoord”un formasını geyinmişik.

- Adıçəkilən futbolçulardan hər hansı biri ilə bağlı yaddaşınızda maraqlı xatirə qalıbmı?

- Yohan Kruiff birlikdə oynadığım ən möhtəşəm futbolçu idi. O, “Feyenoord”dan öncə “Ayaks”da top qovmuşdu. Ona görədə Yohan Amsterdamda meydançaya çıxanda azarkeşlərin böyük təzyiqi ilə üzləşirdi. Amma o heç vaxt ruhdan düşmürdü. Bir dəfə Amsterdamda “Ayaks”a 2:8 hesabilə məğlub olduq. Matçdan sonra Kruiff çempion olacağımızı dedi. Hamı onun sözlərinə gülürdü. Lakin hər şey onun dediyi kimi oldu. Yohan doğurdan da dahi futbolçu idi.

- Futbolçu karyeranızı bitirməyiniz hansı səbəblə bağlı oldu?

- Müəyyən bir yaşdan sonra karyeranı davam etdirmək çətinləşir. Zədələr, ağrılar, yaş öz sözünü deyir. Fiziki göstəricilər istədiyiniz kimi mübarizə aparmağa imkan vermir. Məndə də belə oldu. 36 yaşım olanda artıq kifayət olduğunu anladım və futbolçu karyerama son qoydum.

- Və məşqçilik karyeranız başladı...

- Əslində məşqçilik karyerama futbolçu olduğum dövrdə başlamışdım. “Feyenoord”da çıxış etdiyim dövrdə aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərirdim. Komandanın məşqlərinə qatılırdım, sonra isə yolun digər tərəfində yerləşən akademiyaya gedirdim. U-15 komandasının məşqçisi idim. Futbolçu karyeramı bitirdikdən sonra həvəskar komandada məşqçiliyə başladım. 2 il sözügedən komandada çalışdım. Ardından isə “Vitesse”dən təklif aldım. Onlar məni əsas komandada və U-19 komandasında işləməyə dəvət edirdilər. Təklifi qəbul etdim. Bu həm də Pro kateqoriyasını əldə etmək üçün gözəl şans idi. 4 il “Vitesse”də çalışdım. Bu müddət ərzində əvəzedicilərlə çempion oldum. “Vitess”in ardından  “Den Haq” komandasının texniki direktoru və baş məşqçisi postuna gətirildim. Sözügedən komandada çalışmaq mənim üçün böyük təcrübə oldu. 2 il sonra isə Yaponiyadan təklif aldım. Təklif mənə maraqlı gəldi və “Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru vəzifəsində fəlaiyyətə başladım.

- Uşaq futboluna yönəlməyiniz nə ilə bağlı oldu?

- Dediyim kimi təklif maraqlı idi. Həm də ölkə xaricində yaxşı şərtlərlə çalışmaq imkanı yaranmışdı. Sözügedən Yaponiya təmsilçisini öncədən tanıyırdım. Komanda hər il Rotterdama hazırlıqlara gəlirdi. Onlarla 9 il ərzində gözəl münasibətlərim yaranmışdı. Müqavilə bağlayana qədər 3 dəfə Yaponiyada olmuşdum. Orada 3 il çalışdım. Bu müddət çox maraqlı keçdi. İndi də Yaponiyada yaxın dostlarım var.

- Yaponiyadakı fəaliyyətinizi uğurlu saymaq olar?

- Bu sualı yaponlara versəniz, daha dəqiq cavab alarsınız (gülür). Fikrimcə pis alınmadı. Əsas komandaya bir neçə futbolçu yetişdirdik. Həmin dövrdə Akademiyada olan Yoshida Maya hazırda Yaponiya milli komandasının üzvüdür. İngiltərənin “Soutempton” klubunda top qovur.

- Yaponiyadan sonra yenidən sizə doğma olan “Feyenoord”a döndünüz...

- Bəli. Artıq dönmək zamanı yetişmişdi. Ailəm Hollandiyada idi. Onları çox gec-gec görürdüm. 2 il yalnız yaşadım. Yaponiyadan döndükdən qısa müddət sonra “Feyenoord”an dəvət aldım və orada çalışmağa başladım.

- Sizin həm böyüklər, həm də azyaşlılarla işləmək təcrübəniz var. Bunlar arasında başlıca fərq nədir?
-
 Böyüklərdə əsas tələb nəticədir. Bütün bacarığınızı ortaya qoyub uğur qazanmalısınız. Əvəzedici komanda da daxil olmaqla aşağı yaş qruplarında isə futbolçuların fərdi inkişafını təmin etməli, onları futbolçu kimi yetişdirib ortaya çıxarmalısınız. Əgər söhbət individual inkişafdan gedirsə, nəticə önəmli deyil. Təbii ki, qalib gəlməyi hamı arzulayır. Uşaq futbolunda bunu sadəcə gənc futbolçular ürəkdən arzulamalıdırlar. Məşqçilər isə onlara kömək etməlidirlər, onları yetişdirməlidirlər.

- Son olaraq, “Feyenoord” Futbol Akademiyasında 7 illik uğurlu karyeradan sonra “Qəbələ” Futbol Akademiyasında işləmək təklifi aldınız və təklifə müsbət cavab verdiniz. Tanımadığınız ölkədə sizi nə cəlb etdi?

- 2012-ci ildə “Feyenoord”un 15 yaşa qədər futbolçulardan ibarət komandası ilə I Qəbələ Kubokunda iştirak etmişdim. Qəbələdə futbol üçün yaradılan şəraitdən xəbərdar idim. Həm də klubda çalışan Toni Adamsla yaxşı münasibətlərim var. Onunla məsləhətləşdim. Araşdırmalarım müsbət nəticələndi. Ona görə cavabım da müsbət oldu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail