Futbolçu, məşqçi və tarzən Aslan Kərimov - MÜSAHİBƏ

03.01.2014 | 7048 dəfə oxunub

“Mən futbolçu olanda” rubrikasında bu dəfəki qonağım millimizin keçmiş üzvü, hazırda Berti Foqtsun köməkçisi olan Aslan Kərimovdu. Onunla daha əvvəl görüşüb müsahibə götürmək istəsəm də, bir qədər gözləməli oldum. Səbəb isə... Səbəbini Aslan Kərimov haqda qısa informasiyanı oxuyarkən biləcəksiniz.

Kərimov Aslan Səməd oğlu 1973-cü il yanvarın 1-də Bakıda anadan olub. 13 yaşından etibarən futbolla məşğul olmağa başlayıb. Karyerası ərzində “Azəri”, “Neftçi”, “Kəpəz”, “ANS Pivani”, “Şəmkir”, “Qarabağ” kimi komandalarının şərəfini qoruyub. 3 dəfə Azərbaycan çempionu, eyni sayda da kubokun sahibi olan Aslan Kərimov qısa müddət ərzində Rusiyanın “Baltika” komandasında legioner həyatı da yaşayıb. Millidə 80-ə yaxın oyun keçirib. Ailəlidi, 2 övladı var .

Yəqin ki, indi səbəbi bildiniz. Yeni ilin ilk günü qəhrəmanımızın ad günüdür və o, 41 yaşını qeyd edəcək. Keçirəm əsas məsələyə. Beləliklə, Aslan Kərimovun həyatı – bir qədər xronoloji, bir qədər də müsahibə formasında.

 

1973-cü il.

Biləcəridə zəhmətkeş ailədə anadan olmuşam. Qəsəbəmiz dəmiryolçuları ilə məşhur olub. Atam Səməd kişi də dəmiryolçu idi. Anam Fəridə xanım isə Biləcəridəki Dəmiryolçular xəstəxanasında tibb bacısı işləyirdi. Ailədə 2 uşaq olmuşuq - 4 yaş böyük bacım və mən. Bir sözlə sadə sovet ailəsi idik.

- Yəqin ki tək oğul olduğunuza görə valideynləriniz sizi ərköyün böyüdüblər.

- SSRİ dövründə uşaqlar başqa mühitdə tərbiyə alırdılar. Yəni, onların nazı ilə oynamaq, əzizləmək bir qədər o dövrün tələblərinə yad idi. Atam kifayət qədər ciddi bir insan olub. Səhv edəndə, bizi yetərincə tənbeh edirdi.

1976-cı il.

Arada qalan 3 ildə nəyisə xatırlamıram. İnanmıram ki, kimsə 3 yaşında baş verənləri yadına sala bilsin. Bu il mənim üçün uşaq bağçasına getməyimlə əlamətdardı. Validyenlərim məni rus bölməsinə yazdırmıdılar. Yəqin ki, o dövrdə yaşamış bir insan kimi SSRİ dönəmində rus dilini bilməməyin ayıb olması haqda fikrimlə razılaşarsan. Düzü, rus bölməsində olmağım gələcəkdə bu dili daha yaxşı mənimsəməyimə və həyatı daha yaxşı qavramağıma təkan vermiş oldu. Bağça həyatı uşağın gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Təəssüf ki, zəmanəmizdə əksər validyenlər övladlarını bu şansdan məhrum edirlər.

- Çoxları ilk sevgilərini bağçada tapır...

- Yox, ilk sevgimi həddən artıq gec tapmışam.

- Bircə demə ki, uşaq bağçasında başına heç bir maraqlı əhvalat gəlməyib.

- Yadıma gəlir ki, orada bizə verilən yeməyin soğanlarını yemirdim. Gizlicə şorbanın içərisindəki soğanları bir-bir köynəyimin döş cibinə yığırdım. Tərbiyəçimiz görməsə də, evdə “cinayət”imin üstü açılırdı. Anam baxırdı ki, köynəyin cibi dolu soğandı.

1980-ci il.

Biləcəridəki 2 saylı orta saylı məktəbin 1-ci sinfinə getmişəm. Amma uşaq bağçasından fərqli olaraq azərbaycan bölməsinə. Sinif rəhərimiz Fatma müəllimə idi. Rus dili dərsini isə  Sona müəllimə tədris edirdi.  3-cü sinfə kimi bütün uşaqlar kimi adi həyat yaşamışam. Bu illər ərzində elə bir qeyri-adi nəsə baş verməyib.

1983-cü il.

Ana babam Hüsenağa kişi əslən Novxanı kəndindən olub. Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla yanaşı, incəsənətə də böyük marağı var imiş. Xalq artisti, məşhur tarzən Qurban Pirimovla yaxın dost imişlər. 1983-cü ildə artıq rəhmətə getmişdi. Amma ondan bizə Qurban Pirimovun bağışladığı tar yadigar qalmışdı. Özü də qoz ağacından hazırlanmışdı. Məktəblilər üçün tarı adətən palıddan düzəldirlər. Qoz, fındıqdan hazırlanan tar isə bir qədər prestijli alət hesab olunur və səs tembri də fərqlidi. Uşaqlıqdan nağaraya böyük həvəsim olub. Həmin vaxt məni Biləcəridəki 18 saylı musiqi məktəbinə apardılar və məlum oldu ki, nağara bölməsində yer yoxdu. Məktəbin direktoru kamança, piano və tar bölmələrində boş yerlərin olduğunu bildirdi. Anam da dərhal evdə tarın olduğunu əsas gətirərək məni tar sinfinə yazdırdı. 5 il musiqi məktəbində təhsil almışam, oranı əla qiymətlərlə bitirmişəm. Hətta filarmoniyada, dövlət televiziyasında çıxış eləmişəm. Etiraf edim ki, tara həvəsim olmayıb. Nağaranı çox sevirdim. Bir də futbolu.

1985-ci il.

Bu il futbola gəlişimlə yadda qalıb. Biləcəridə məşhur bir park var. Oradakı balaca bir stadionda adını unutduğum müəllim “Lokomotiv” cəmiyyətinin nəzdində uşaqlara məşq keçirdi. Mən də məşğələlərə yazıldım. İlk məşqdən sonra məşqçimiz  mənə sarı futbolka verdi. Ertəsi gün xəstələndim və məşqi buraxdım. Növbəti məşqdə həmin müəllim futbolkanı əlimdən alaraq başqasına verdi. Gözlərim dolmuşdu. Bəxtiyar Musayev mənimlə bir məktəbdə, amma paralel sinifdə oxuyurdu. 1 ildən çox idi ki, “Spartak” cəmiyyətində futbolla məşğul olurdu. Məni doluxsunmuş görüb dedi ki, gəl gedək “Spartak”a. Beləcə, Şamil Heydərovun rəhbərliyi altında məşqlərə başladım. Evdəkilərin futbola getməyimdən xəbərləri yox idi. Hətta iş o yerə gəlib çatmışdı ki, musiqi dərslərindən yayınırdım. Evdən çıxan kimi üz tuturdum xalamgilə. Tarı ora qoyub qaçırdım futbola. Biləcəri balaca yerdi. Günlərin birində atam musiqi müəllimi ilə görüşüb və “qəhrəmanlığ”ımdan xəbər tutub. Evə gələndə gördüm ki, kişi tənbeh üçün əməlli-başlı hazırlıq görüb - şişi qızdırıb məni gözləyir. Ayaqlarımı dağlayacağı ilə hədələdi. Görəndə ki, fikrimdən dönmürəm, qarşıma şərt qoydu - futbola gedirsən, amma gərək dərslərini yaxşı oxuyasan, musiqi məktəbini də bitirəsən. Futbol oynamaq üçün hər şeyə razı idim. İndi başa düşürəm ki, atam onda məni yoxlamaq üçün belə edirmiş. Futbola olan sevgimin həqiqiliyinə əmin olmaq istəyirdi.

Ümumiyyətlə, SSRİ dönəmində futbola o qədər də ciddi yanaşılmırdı, ikinci dərəcəli bir sahə kimi qəbul edilirdi. Bütün ailələrdə valideynlərin övladlarının yaxşı təhsil alması, ali məktəbə qəbul olması, hansısa vəzifəyə, sənətə sahib çıxmasını istəyirdilər. Bizim ailədə istisna deyildi. Amma futbola olan sevgimlə valideynlərimin fikrini dəyişə bildim. Bütün günü imkan tapan kimi futbol oynayırdıq. Evə gələndə isə sifətimdə kirli tərin izləri qalırdı.

1986-ci il.

Atama söz verdiyim kimi musiqi məktəbini əla qiymətlərlə bitirdim və diplom aldım. Amma sonradan təbii ki, futbola görə bu sənətin ardınca düşmədim.

Məktəb illərində elə də maraqlı hadisələr baş verməyib. Bəlkə də yadamı sala bilmirəm. Bir onu deyə bilərəm ki, heç bir tədbirdə iştirak etmirdim. Bu da məşqlərlə əlaqədar idi. Hətta son zəngdə belə olmamışam.

1987-ci il.

Şamil Heydərov “Kəpəz”ə gedəndən sonra bizə əvvəlcə bir erməni, daha sonra isə Fazil müəllim məşqçi təyin olundu. Soyadını unutmuşam. Həmin il yaşıdlarımdan ibarət yığma komandaya düşdüm. Bunun da maraqlı bir tarixçəsi var. Deməli, bir dəfə məşqə gələndə gördüm ki, stadionda heç kim yoxdu. Məlum oldu ki, uşaqlar yığmanın heyətini müəyyənləşdirən toplanışa gediblər. Pis oldum. Sonradan yenə də Bəxtiyar dadıma çatdı. Dedi ki, kim istəyir toplanışa qatıla bilər. Beləcə, getdim həmin məşqlərə. Toplanış o vaxtkı Leytnant Şmidt adına stadionda keçirilirdi. İlk məşqdəcə cinah müdafiəçisi kimi özümü göstərə bildim. Yığmanın baş məşqçisi Pankratov oyunumu bəyəndi və komandaya götürdü. Daha sonra yeniyetmələrdən ibarət yığmaya dəvət olundum. Baş məqçimiz Tahir Əmiraslanov idi. İlk dəfə onun rəhbərliyi altında futbolda taktikanın nə olduğunu bilmişəm. Bu, bir qədər sonra - 1990-cı ildə baş verib.

1988-ci il.

Artıq Azərbaycanda azadlıq hərəkatı geniş vüsət almağa başlamışdı. Azadlıq meydanındakı mitinqlər yaxşı yadımdadı. Hadisələri yaxından izləyirdim, amma birbaşa iştirakçısı olduğumu desəm, yalan danışaram. Həmin illərdə hətta təhsil belə arxa plana keçmişdi. Dərslərdə elm tədris olunmaq əvəzinə daha çox siyasi söhbətlər gedirdi. Təbii ki, ölkədə  futbolu da yada salan yox idi.

1990-cı il.

Orta məktəbi bitirib sənədlərimi Bədən Tərbiyəsi İnstitutuna verdim. Tələbə olmaq üçün abituriyentlər 2 qrupa bölünmüşdü - tapşırılanlar və öz biliyinə qəbul olmaq məcburiyyətində qalanlar. Yüksək idman nailiyyətləri olan idmançılar birincilir sırasında idilər. İlk imtahanım ədəbiyyatdan oldu. İnşa yazmışdım və o qədər də yaxşı alınmamışdı. İmtahandan keçə bilmədim.

Amma bu il ən çox 20 Yanvar hadisələriylə yadımda qalıb. Biləcəridə hərbi hissələr çox idi. SSRİ dövlətində yaşayan vətəndaşın güllə səsi eşitməsi bir qədər qəribə görünürdü. Yanvarın 19-da Biləcəridə tanklar bir qədər manevr etdikdən sonra hərbi hissələrinə döndülər. Əhali bunu adi qarşıladı. 20 Yanvar günü isə... Rus əsgərləri şəhərə girəndə Biləcəridəki hərbi hissələrdəki texnika da onlara qoşuldu. Heç kim sovet əsgərinin əhaliyə güllə atacağına inanmırdı. İndiki avtovağzalın yerində bir də  gördüm ki, yanımda dayanan adam yerə yıxıldı. Artıq nəyin baş verdiyini anladım və qaçdım evə. Qorxudan əsirdim. Səhər açılanda şəhərdə gördüklərim indiyə kimi gözlərimin qarşısındadı - əzilmiş maşınlar, meyitlər, vəhşi rus əsgərləri... Belə şeyləri ancaq filmlərdə görmüşdük. Respublikada baş verənlərə rəğmən yığma komanda var idi, dağılmamışdı. Onda U-17-də idik. Hətta bir dəfə rus əsgərləri bizimlə əməlli-başlı məzənəmişdilər. Bədən Tərbiyəsi İnstitununun stadiaonunu yaxınlığında balaca bir meydança var idi. Orada məşq edirdik. Meydanın yarı hissəsi normal idi, digər yarıya keçdikdə isə gözlərimiz yaşarırdı. Elə bil bibər sıxıblar. Sonra məlum oldu ki, kənardan bizə baxan rus əsgərləri gözyaşardıcı nəsə atıblar və bizə baxıb gülürlər. Neyləyə bilərdik?

1990-cı ildə milli komanda dağıldı və hərə bir kluba üz tutdu. Mən “Termist”ə keçdim. “Termist” “Neftçi”nin farm-klubu kimi fəaliyyət göstərirdi.

- İlk maaşını “Termist”də alıbsan?

- Hə, 80 rubl idi. Qazancımı “Abşeron” tortu aldım, qalanını da evə verdim.

- Yanvarın 1-də anadan olmağın yəqin ki, aşağı yaş qruplarında milli ilə bağlı problemlər yaradırdı. Heç olub ki, təvəllüdünü saxtaşdırmağa cəhd edəsən?

- 1990-cı ildə 17  yaşlı futbolçular arasında keçirilən “Nadejda” Kuboku uğrunda turnirdə iştirak edən futbolçular avqustdan sonra doğulanlar idi. Mənim artıq yanvarın 1-də 17 yaşım tamam olmuşdu dey, yaşıkeçmiş hesab olunurdum. Çempionat avqustda keçirilirdi. Pisimə gəlirdi, necə olur ki, mənimlə bir məktəbdə oxuyan kəs həmin turnirdə iştirak edir, mənsə yox? Onda pasport alarkən belə bir istəkdə olmuşam. Amma alınmadı. Hətta Tahir müəllim adımı siyahıya da salmışdı. Təvəllüdümü dəyişməmi gözləyirdi. Qismət olmadı.

- İndiki düşüncənlə yenə də bu cür saxtakarlığa cəhd edərdin?

- Bəlkə də yox. Bu gün futbolumuzda maarifləndirmə işinin içindəyəm və “lipa”lara qarşı mübarizə aparanlardan biri də mənəm.

1991-ci il.

Azərbaycan müstəqil dövlət oldu. Həmin dövr yaxşı xatirimdədi. SSRİ dağılanda artıq tələbə idim. Axır ki, 2-ci cəhddən Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdum. Etiraf edim ki, tapşırıqla. Axı, “Termist”də oynayırdım.

- Səncə, nəyə görə bəzi insanların SSRİ-dən ötrü “burunlarının ucu göynəyir”?

- SSRİ qalsaydı, o dövrdə hansı vəziyyətdə idiksə, elə o vəziyyətdə də qalacaqdıq. Bəzi insanlar üçün həmin dövr rahat idi. Bura müəllimləri, dövlət qulluqçularını və digər bu tip işçiləri aid etmək olar. Ancaq öz işləri ilə məşğul olurdular və aldıqları maaş onlara dolanmaq üçün bəs edirdi. İndiki dövrdə isə bu tip insanlar öz peşələrindən başqa dolanmaq üçün başqa sahədə də çalışmalıdılar. Kapitalizm dövründəyik və sovet psixologiyasına malik insanlar üçün bu dövrdə yaşamaq çətindi. Bundan başqa SSRİ dövründə inkişaf mümkün deyildi, müəyyən çərçivə var idi ki, ondan kənara çıxmaq olmazdı. Hər hansı bir xalqın irəli getməsi, inkişaf etməsi üçün müstəqillik vacibdi.

1992-ci il.

İlk milli çempionatımız keçirildi. Həmin il “Azəri”də oynayırdım. SSRİ süqut edəndən sonra “Termist” də dağıldı. Bir müddət komandasız qaldım. Amma formamı saxlamaq üçün fərdi məşqlər edirdim. 8-ci mikrorayonda rezin meydança var idi. Rəhmətlik Hüseyn İsmayılov məni yanına dəvət elədi ki, həm özüm məşq edim, həm də onun rəhbəri olduğu azyaşlı uşaqlara nəsə öyrədim. Hüseyn müəllim demişdi ki, ola bilsin gələcəkdə maaş da alacaqsan. Həmin uşaqların bir neçəsi sonradan futbolumuzda məşhur simalardan oldular - Samir Əliyev, Samir Musayev, Fərrux İsmayılov, Rizvan Fərzəliyev... Nə isə, “Azəri”yə gəlişim haqqında danışmaq istəyirəm. Hər bir futbolçuya istedaddan başqa bəxt də lazımdı. Bu mənada mənimki gətirib. Komandada təlim-məşq toplanışı keçirilirdi. Vüqar adlı tələbə yoldaşım özümü sınamağı məsləhət gördü. Onda klubun prezidenti Əli Ağamalıyev idi. Həm də komandada hücumçu kimi oynayırdı. Məni 3-4 nəfər yararsız oyunçu ilə məşq etməyə göndərdi. Bir qədər sonra ikitərəfli oyunda oynadım və Əli müəllimin xoşuna gəldi. Zarafat deyil, “Termist” məktəbi keçmişdim, qabımda nəsə vardı. Məşqdən sonra komandaya götürdülər və maaş yazdılar.

Həmin il həmdə ilk dəfə U-20-yə dəvət aldım. Artıq U-17-dən oyunuma bələd idilər.

1993-cü il.

“Azəri”də olarkən, çempionat oyunlarında 2 dəfə “Qarabağ”a qarşı oynamışdım. Çıxışımı “Qarabağ”ın rəisi Adil Nadirov bəənmişdi və məni gözaltı etmişdi. Çempionat bitəndən sonra Adil müəllim komandasına dəvət elədi. Və beləcə həyatımın “Qarabağ” səhifəsi başladı.

- Uzun müddət “Qarabağ”da çıxış etdiyinə görə çoxları səni ağdamlı kimi tanıyır.

- Atam Yardımlıdan, anam isə Novxanıdan.

- Onda kənd həyatına yaxşı bələd olarsan.

- Uşaq vaxtı cəmi 2 dəfə rayonumuzda olmuşam. Məşqlərə görə yay tətilini Bakıda keçirirdim. Hərdən qohum-əqrəbaya baş çəkmək, xeyir-şərdə iştirak etmək üçün Yardımlıya yolum düşür.

- 1993-cü il sənin üçün bir çox məqamlarla yadda qalıb - ilk çempionluq, Azərbaycan kuboku, millidə ilk çıxışın... və Ağdamın işğalı.

- İyulun 24-də kubokun finalına hazırlaşırdıq. Oyundan bir gün əvvəl “”Abşeron”  mehmanxanasında idik. Orada eşitdik ki, Ağdam işğal olunub. Uşaqların düşdüyü vəziyyəti sözlə ifadə etmək olmur. Yerli futbolçular özlərində deyildilər. Nə qədər şokda olsaq da, ertəsi gün Ağdamın adına çıxıb oynadıq və kuboku götürdük.

- “İmarət” yadında necə qalıb?

- “İmarət”in möhtəşəm ot örtüyü indiyə kimi yadımdadı. Mövsümün əvvəlində ev oyunlarını Ağdamda keçirirdik. Sonradan vəziyyət getdikcə gərginləşirdi və bu üzdən komanda Mingəçevirə köçdü. Yalnız oyunlardan bir gün əvvəl Ağdama gəlirdik. 2 dəfə oyunun gedişində stadiona “qrad” düşüb. “İnşaatçı” ilə oyunda meydançadan 100-150 metr aralıda “qrad” partladı. Rəqibin bütün futbolçuları, hakimlər pərən-pərən düşdülər. Qaçıb çinar ağacının altında gizləndilər. Guya ora bomba düşə bilməz. Bu cür hallara adət etdiyimizdən vecimizə deyildi. Onlara baxıb gülürdük. Həmin oyunu 1:0 hesabı ilə qalib gəlmişdik.

Bir dəfə də “Sumqayıt”la oyunda eyni  hal təkrarlandı. Birinci hissə gedirdi, hesab açılmamışdı. Birdən “İmarət”in yanında “qrad” partladı. Rəqibin futbolçularının canına qorxu düşmüşdü. And verirdilər ki, “siz Allah, bir qol vurun, çıxıb gedək ev-eşiyimizə. Bizim burada nə azarımız var?”

- Onda cəmi 20 yaşın var idi. İndi belə bir hadisə baş versə, yenə də qorxmazsan?

- O vaxt 20 Yanvar hadisələrini görmüşdüm, həm də dəliqanlı idim. İçimdə qorxu deyilən bir hiss yox idi, əhlikef bir insan idim. İndi isə artıq yaşlaşmışam. Həyatı başqa cür təsəvvür edirəm. Yalan niyə deyim ki, qorxardım.

- Millidə ilk oyununu necə xatırlayırsan?

- Varşavada Polşaya qarşı oyunda ilk dəfə millinin formasını geymişəm. 0:1 məğlub olmuşduq. Buna kimi olimpiya yığmasının heyətində idim. Polşa ilə oyundan bir neçə gün əvvəl rumınlarla qarşılaşmışdıq. 2:5 uduzmuşduq və qol vurmuşdum. Günc zərbəsindən “Azərbaycansayağı qol”! Rumıniya ilə oyundan sonra baş məşqçi Ağasəlim Mircavadov məni əsas komandaya dəvət elədi.

- Qoldan söz düşmüşkən, ifanda onların sayı çox olmasa da, yəqin ki, hansısa xüsusi əlamətinə görə digərlərindən seçilir.

- “Qəbələ” ilə oyunda Maksim Medvedevin ötürməsindən sonra “qayçı zərbəsi” ilə vurduğum qolu qeyd edə bilərəm. Maraqlıdır ki, karyeramda vurduğum qolların əksəriyyəti 33-34 yaşımdan sonraya təsadüf edir. Səbəbsə, fərqli mövqedə oynamağımdan irəli gəlirdi.

1994-cü il.

İlk avtomobilimi almağımla yadda qalıb. “Neftçi”dən mənə təklif gəlmişdi. Klubun o vaxtkı prezidenti Rasim Rəfiyev “VAZ 2109” söz vermişdi. “Qarabağ” isə mənə “06” təklif edirdi. Seçim qarasında qalmışdım. Komanda yoldaşım Elşad Əhmədov həm də ağsaqqalımız idi. Məsləhət gördü ki, seçim sənindi, amma nağdı qoyub nisyə dalınca qaçmayım. Adil müəllimlə Sumqayıt bazarından təzə, göy rəngdə “06” aldıq. Heç sürə də bilmirdim, Tərlan Əhmədov qapımıza kimi gətirdi.

- İndiyə kimi neçə avtomobilin olub?

- Çox. Bir tanışım var idi, avtomobil alveri ilə məşğul olurdu. Onun hesabına maşını tez-tez dəyişirdim. Gənc idim deyə, həvəslənirdim.

- İndi hansı marka avtomobilin var?

- “Mitsubisi Pajero”. Rahat maşındı. İnsan yaşlaşdıqca, həyata baxışı da dəyişir. Əvvəllər avtomobili prestij sayırdımsa, indi ona işimi aşırmaq üçün bir vasitə kimi baxıram. Ona görə “Cip” almışam ki, hərdən dağlara qalxmağı, ov etməyi xoşlayıram.

- “Vidoş” ilə? Hansınız yaxşı ovçusunuz?

- Futbolçu kimi bir yana, ovçu kimi Vidadi Rzayev futbolçular arasında ən yaxşı ovçudu. Əməlli-başlı peşəkardı. “Villis” markalı avtomobili, 3-4 tüfəngi, gecəgörmə cihazı ilə təchiz olunmuş karabini, projektoru, tilovu... Onunla ova gedəndə heç vaxt darıxmamışam. Həmişə də şikarımız bol olub. Əsasən dovşan, qaz, ördək ovlayırdıq. Bir dəfə isə ceyran vurmuşuq. Sevincimin həddi-hüdudu yox idi. Ölmədim, ceyran ətini də daddım.

- Dadlıdı?

- Yox, quru olur. Qoyun əti ondan daha yeməlidi.

1995-ci il.

Mənə düşərli olmayıb. Sentyabrın 8-də Sumqayıtda “Kəpəz”lə oyuna hazırlaşırdıq. Mahir Əliyevlə mübarizədə ayağımı yerə düz qoymadım və inci sümüyüm sındı. 64 gün gipsdə qaldım. Bəxtim onda gətirdi ki, yaxşı həkimlərin əlinə düşdüm. Futbol aləmində savadı ilə tanınan rəhmətlik Murad həkim var idi. Məni bir professorun yanına apardı. Həmin professor da sırf mənim zədəmlə bağlı elmi məqalə hazırlamışdı və 3-4 gün sonra Moskvada beynəlxalq seminarda bu mövzu ilə çıxış etməli idi. Bir sözlə, onun üçün əyani vəsait oldum. Gipsdən sonra pəncəm cəmi 30 faiz açılırdı. Murad həkimin tərtib etdiyi proqram əsasında ayağa dura bildim. Maraqlı bir məqamı qeyd edim. Murad həkim həm də Tibb Universitetində dərs deyirdi. Pəncəmə görə mənə “qazyerişi” tapşırığı verirdi. Təsəvvür edin, mən bu formada yeriyirəm, tullanıram, universitetin gözəl-göyçək qızları da mənə baxıb nəsə qeydlər aparırlar. Özümü çox narahat hiss edirdim. Onun sayəsində artıq komandanın yanvar toplanışına qatıla bildim. O vaxtlar birə-bir oynayanlar arasında ən yaxşı sayılsam da, zədədən sonra hiss edirdim ki, dönməkdə bir qədər çətinlik çəkirəm. Sonradan təcricən əvvəlki formamı bərpa etdim.

1997-ci il.

“Neftçi”yə keçidim və ailə həyatı qurmağımla yadda qalıb. “Qarabağ”da maliyyə vəziyyəti yaxşı deyildi. Bu üzdən bir neçə aparıcı futbolçu, o cümlədən mən komandadan ayrıldıq. Tezliklə ailə həyatı qurucuğımı nəzərə alsaq, pula böyük ehtiyacım var idi. “Neftçi”dən sərfəli təklif gəldi və qəbul elədim.

- “Neftçi”yə keçməklə maliyyə vəziyyətin düzəldi?

- Qismən. O vaxt klublar UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştiraklarına görə pul alırdılar - 120 min İsveçrə frankı, təxminən 90 min ABŞ dolları. Mənə “podyomnı” kimi 7-8 min frank verdilər. O vaxt Bakıda İsveçrə frankını tanıyan yox idi, Rasim Rəfiyevin köməkliyi ilə dollara çevirə bildim. Dəyişəndən sonra məlum oldu ki, həmin pul mənə çatası mükafatdan 200 dollar azdı.  Toyu 8 min dollara danışmışdım.

- Toyunun tarixi yadındadı?

- Avqustun 25-i.

- Həyat yoldaşını özün seçmişdin, yoxsa valideynlərin məsləhət görmüşdülər?

- Əksər azərbaycanlı ailələrdə olduğu kimi əvvəl valideynlərim bəyənmişdilər. Ənənəvi olaraq, bir neçə nəfər namizəd var idi. O vaxt da, indi də halal süd əmmiş birisini tapmaq çətin idi. Bu mənada valideynlərimin məsləhətinə və köməyinə ehtiyac vardı. Üstəlik, futbolçu olmağım, vaxtımın əksər hissəsini ailədən kənarda keçirməyim də gələcək ailə həyatında problem yarada bilərdi. Yəni, mənə bu vəziyyətlə barışan, məni başa düşən həyat yoldaşı lazım idi. Seçimimi etdim və peşiman da deyiləm. 

1998-ci il.

Bir çox hadisələrlə əlamətdar olub. Birincisi, “Kəpəz”dən təklif gəldi. O vaxt komandanın rəhbəri Rza dayı idi. “Kəpəz”in “bərkgedən” vaxtlarında. Mahmud Qurbanov, Yunis Hüseynov, Vidadi Rzayev, Badri Kvaratsxeliya kimi futbolçular var idi. Bir sözlə futbolumuzun qaymaqları Gəncədə toplaşmışdılar. Yaxşı da pul təklif eləmişdilər - 14 min dollar. Həmin pula Bakıda azından 2 otaqlı mənzil almaq olardı. Maliyyədən başqa perspektiv baxımından da “Kəpəz”ə keçməyim doğru addım idi. Müqavilə bağlayan günün ertəsi Rza dayı qaçdı Türkiyəyə, qanunla bağlı problemləri var idi. Rza dayı yoxdu, deməli, pul da yoxu. 14 mindən cəmi 2 minini ala bildim. Neyləyə bilərdim, artıq müqavilə bağlamışdım.

İkincisi, martın 25-də ata oldum. Xəbərim yox idi, evə gələndə dedilər ki, bəs qızın olub. Qəribə hisslər idi. İlk vaxtlar adamın inanmağı gəlmirdi. Amma bir qədər sonra məsuliyyətimi dərk etməyə, artıq həyata başqa cür baxmağa başladım...

Üçüncüsü isə, “Kəpəz”in heyətində ikinci dəfə Azərbaycan çempionu oldum.

1999-cu il.

- “Biləcəridən o yana” keçən futbolçulardan biri olubsan.

- Qurban Qurbanov Kalininqradın “Baltika” komandasında oynayırdı. Məşqçi ondan Azərbaycanda yaxşı müdafiəçinin olub-olmamasını soruşmuşdu. Qurban da məni təklif etmişdi. Həmin vaxt “Kəpəz” Birlik Kubokunda çıxış etmək üçün Moskvaya getmişdi. Moskvada oyunuma baxıb bəyəndilər və Kiprə təlim-məşq toplanışına dəvət elədilər. Bəstəboy olduğuma görə məni adət etmədiyim yerdə - yarımmüdafiənin cinahında sınadılar. Özümü yaxşı tərəfdən göstərə bildim və elə yarımmüdafiəçi kimi  də qaldım.

Maraqlı bir faktı qeyd edim. “Kəpəz”lə müqaviləm var idi. “Baltika”ya keçmək üçün 20 min pul istədilər. Klub o pulu “Kəpəz”ə ödədi. Amma mənə borclu olduqları 12 mini vermədilər. Səbəb kimi isə onsuz da Kalininqrada yaxşı qazanacağımı göstərdilər.

- Amma statistikaya baxsaq, “Baltika”da cəmi 5 oyunda meydana çıxıbsan.

- Bunun da səbəbləri var idi. Birincisi, Rusiyada oynamaq çox çətindi.Gərək yerli futbolçulardan ən azı 1 baş üstün olasan ki, əsas heyətdə oynatsınlar. İkincisi, bayaq dediyim kimi, yarımmüdafiədə oynamağım idi. Üçüncüsü isə, zədə. “Baltika”da məşqçimiz futbolçulara rəqiblə birə-bir fərdi oynamaq tapşırığı veriridi. Bu da əməlli-başlı ağılsızlıq idi. Həmin məşqçinin savadına şübhəm var idi. Harada görünüb ki, hücumçu da müdafiəçi ilə fərdi oynamalıdı. Bu mənada Qurban da onun əlindən bezmişdi. Adı yadımdan çıxıb. Yaxşı mütəxəssis olsaydı, unutmazdım. Həm də may ayında artıq oğlum dünyaya gəlmişdi. Həmin vaxt Bakıda millinin düşərgəsində idim. Oynamamağıma baxmayaraq, “Baltika”dan məni buraxmaq istəmirdi. Xeyli pul xərcləmişdilər axı. “Lipetsk”dən təklif də var idi. Amma sadaladığım səbəblər üzündən vətənə dönmək qərarına gəldim. Bir sözlə, “Biləcəridən o yan”da təxminən yarım il olmuşam.

- Övladlarının adını kim qoyub?

- Özüm. Qızıma anamın adını qoymuşam - Fəridə. Anam həmişə qız nəvəsi arzulayırdı. Oğlumun adı isə Adildi.

- Adil Nadirovun şərəfinə?

- Yox (gülür), sadəcə Adil adından xoşum gəlirdi.

- Bakıya qayıtdıqdan sonra “ANS Pivani”yə keçdin.

- Düzü, “Baltika”dan ayrıldığıma görə məyus idim. “ANS Pivani”nin rəhbəri Əkbər müəllim tərəfindən sərfəli təklif oldu. İki illik müqavilə bağladıq. Sonradan Əkbər müəllimin də Rza dayı kimi qanunla bağlı problemləri oldu və komanda dağılmaq təhlükəsi ilə üzləşdi.

2000-ci il.

“ANS Pivani”də də pul olmadığından istər-istəməz başqa klub haqda fikirləşməli idik.  “Şəmkir”in baş məşqçisi Ağasəlim müəllim məni komandasına dəvət elədi. Onda Əkbər müəllim artıq ölkə xaricindəydi. Onunla telefon əlaqəsi saxladım və “Şəmkir”ə keçmək üçün halallıq istədim. 5-6 min də pul vermək fikrim var idi. Razı olmadı. Digər tərəfdən AFFA prezidenti Fuad Musayev “ANS Pivani”nin bütün oyunçularının azad agent kimi istədikləri kluba keçə biləcəyi barədə fikir bildirmişdi. Bunu da Əkbər müəllimə söylədim. Yenə də etiraz etdi. Gördüm ki, yola gətirə bilmirəm, azad agent kimi yollandım Şəmkirə. Heç Əkbər müəllimə pul-zad da vermədim.

2002-ci il.

“Şəmkir”də 3-cü dəfə çempion olmaqla yadda qalıb. Doğrudan da səviyyəli, çempionluğa layiq komandamız var idi. Orada iki il oynadım. Sonradan alternativ çempionat yarandı və komandada vəziyyət dəyişdi.

2003-cü il.

Köhnə və doğma klubum “Qarabağ”a qayıtdım. Karyeramın sonuna kimi də burada çıxış elədim.

Aslan Kərimovla sonrakı illərə nəzər salırıq. Özünün dediyinə görə son on ildə ailə həyatında elə bir əlamətdar hadisə baş verməyib. Futbolçu kimi isə 2003-cü ildə “Qarabağ”la 2 dəfə Azərbaycan Kubokuna sahib çıxmasını göstərdi. Deyəsən, müsahibim 2007-ci ildə Portuqaliya ilə oyunda baş verən hadisədən yan keçmək istəyirdi. Həmin oyunda Kərimov dirsək zərbəsi ilə rəqibin oyunçusunu nokauta salmışdı. Özü də bilirsiniz kimi? Adlı-sanlı Kriştianu Ronaldonu.

- Aslan, həmin oyunu necə xatırlayırsan?

- Mənim mövqeyimdə Simao Sambroza çıxış edirdi. Bir neçə dəfə məni keçmək istəsə də, imkan vermədim. Digər cinahda oynayan Ronaldo ilə yerlərini dəyişdilər. Elə ilk həmlədəcə Kriştianu topu yanımdan atıb qaçmaq istədi. Məlum məsələdi ki, onun sürəti mənikindən azı 2 dəfə çox idi. Məcbur olub əlimlə mane olmağa çalışdım. Tərslikdən dirsəyim ağzına dəydi. Düzü, bir az da özünü artistliyə qoydu. Hakim məni meydandan qovdu. Əslində referi düz etmişdi. Sonradan videotəkrara baxanda həqiqətən də kobud oynadığımın fərqinə vardım.

- Bəlkə imkan var ikən, bir qədər də indiki vəziyyətə nəzər salaq?  Foqstun yenidən milliyə təyinatına münasibətini bilmək maraqlı olardı.

- Foqtsla tanışlığım iki il əvvələ təsadüf edir. “Sumqaıyt”da işləyərkən mənə millinin qapıçısı Andrey Popoviçdən göz-qulaq olmağı tapşırmışdı. Bildiyiniz kimi, bir ara Popoviçin nizam-intizamla bağlı problemləri var idi. Foqtsla heç vaxt sıx ünsiyyətdə olmamışam. Bəlkə də danışıq dili mane olub. Hər halda dünya görmüş bir insandı, futbolçu kimi dünya çempionu, məşqçi kimi Avropa çempionu olub. Şəxsən məndə sadə bir insan təəssüratı yaradıb. O ki qaldı sualınızın onun müqaviləsinin müddətinin uzadılması ilə bağlı  hissəsinə, məncə düzgün seçim idi. Fikrimi bir qədər ətraflı izah edəcəm. Milliyə yerli baş məşqçi gətiriləcəyi halda Qurban Qurbanovun tərəfdarı idim. Amma bu zaman Qurban “Qarabağ”dan ayrılmalı olacaqdı. Məsələyə bu rakursdan yanaşsaq, onun “Qarabağ”da gördüyü iş heç ola bilərdi. Avropada uğurlu çıxış edə biləcək bir komanda qura bilib, məncə futbolumuzun mənafeyi baxımından millidən çox elə “Qarabağ”a daha faydalı ola bilər. Həm də Qurban futbolçu kimi Azərbaycan çempionu olmayıb. Bu il “Qarabağ”la ilk dəfə bu adı qazanmaq şansı var. Əcnəbi məşqçi variantında isə birmənalı olaraq Foqtsun qalmasını istəyirdim. Azından yerli mühitə öyrəşib, futbolçuları tanıyır. Başqasının adaptasiya olması üçün vaxt itirəcəkdik. Bu da futbolumuzun xeyrinə olmayacaqdı.

- Necə fikirləşirsən, növbəti tsikldə yığma hansı nəticəni göstərəcək?

- Bu haqda püşkatmadan sonra danışmaq olar. Potensialımız qrupda 1-ci və ya 2-ci yeri tutmağa imkan vermir. Biz daha çox rəqiblərdən asılı olan bir komandayıq. Bu mənada qrupumuza hansı komandaların düşməsindən çox şey asılıdı. İndidən proqnoz vermək çətindi.

- Səncə, bu il Azərbaycan çempionu kim olacaq?

- Ən yaxşı şanslar “Qarabağ”dadı. Məncə, 80-90 faiz Ağdam komandası birinci olacaq. Bu, bəlkə də uzun müddət “Qarabağ”da oynadığım üçün onlara azarkeşlik etməyimdən irəli gələn bir hissdir. Millinin məşqçisi kimi nə qədər neytral qalmağa çalışsam da, qəlbimdə “Qarabağ”ın yeri başqadı. 

- Millidə ən çox yaddaqalan oyunun hansı olub?

- Lixtenşteynə məğlubiyyət. Həmin oyunda üstünlük biz tərəfdə idi. Amma bəxtimiz gətirmədi. Lixtenşteyn tarixində ilk dəfə qələbə qazandı. İnanırsınız, məğlubiyyət mənə necə təsir etmişdisə, oyundan sonra uşaq kimi ağlayırdım.

- Yeni ilin ilk günü 41 yaşın tamam olacaq. Ümumiyyətlə, ad günlərini necə qeyd edirsən?

- Yeni il bütün ailələrdə olduğu kimi bizdə də qeyd edilir. Bayram fonunda ad günü bəlkə də arxa plana keçir. Amma yenə də ailə üzvlərim, qohumlar, dostlar bu günü yaddan çıxarmırlar. Azından sözlə təbrik edirlər. Hədiyyələr də olur. Bir neçə il əvvəl əmim oğlu “Kasio” markalı saat hədiyyə etmişdi. Məşqçiyə lazımlı bir saatdı deyə həmişə qolumda olur. Yəni, ad günümdə xüsusi təmtəraq olmur. Özü də həmişə çalışmışam ki, yeni ili ailəmlə qeyd edim. Təəssüf ki, bunu Novruz bayramına aid etmək olmaz. Nadir hallarda Novruzda evdə oluram. Bayramı  ya millinin düşərgəsində, ya da xaricdə qarşılayıram.

Sonda bir daha Aslan Kərimovu ad günü münasibətilə qəzetimiz və oxucularımız adından təbrik edirik. Sağlıq olsun, 50 illik yubileyində bundan da geniş yazı bəndənizin boynuna.

Söhbətləşdi: İlqar TAĞIYEV

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail