Aqil Nəbiyev: “Tərlan Əhmədov belə deyəndə, çoxlu güldüm” - MÜSAHİBƏ

21.01.2015 | 7021 dəfə oxunub

Aqil Nəbiyevin yenidən AZAL-a qayıdıb, sonrada ordan ayrılması ilə bağlı xəbər vermişdik. İş onadır ki, Nəbiyev bir beçə gün əvvəl 7 il formasını geyinmiş komandanın düşərgəsinə gəlmişdi. Ancaq baş məşqçi Tərlan Əhmədov düşərgədə elə bir ab-hava yaradıb ki, Aqil özü sumkasın götürüb çıxmaq məcburiyyətində qalıb. Təcrübəli müdafiəçini redaksiyamıza dəvət edib, söhbətləşdik. Aqilin maraqlı müsahibəsini təqdim edirik:


"RAHAT OLMADIĞIM YERDƏ MƏCBUR QALMAQ İSTƏMİRƏM”

-Yayda "Sumqayıt”a transfer oldunuz, bir ay keçmədi, uyğunlaşa bilmədiyinizi bildirdiniz və ayrıldınız. Doğrudanmı sizin kimi təcrübəli futbolçu bu cür problemlemə görə "Sumqayıt”dan getdi?

- Bəli, elə oldu. Uyğunlaşma deyəndə ki, mən günüm xoş keçməyən yerdə qala bilmərəm. Rahat olmadığım yerdə məcbur qalmaq istəmirəm. Nə rəhbərliklər, nə dəki məşqçilərlə problem yaşamamışam, mən heç orada 1 ay olmadım. Qarşılıqlı razılıqla ayrıldım.

Türkiyədən təkliflər aldığınız deyilirdi...

- Təkliflər var idi. Sözün açığı, hər il təkliflər gəlib. Götür-qoy etmişəm. Getməmişəmsə deməli, mənim üçün xeyirlisi belə imiş.

Nə əcəb "Araz Naxçıvan”a keçdiniz?

- Həmin ərəfədə klubların hamısı demək olar ki, heyətini komplektləşdirmişdi. Klublar tam heyəti qurmuşdu. Dekabra qədər futbolsuz qalmamaq üçün "Araz Naxçıvan”a keçdim. Əsgər müəllimlə danışığım oldu ki, dekabra qədər gəlib, köməklik edəcəm. Ondan sonra komanda normal olsa, qalacam. Əks təqdirdə isə gedəcəm. Sonradan klub bəzi problemlər yaşadı. Düzü niyə belə oldu, bilmirəm. Rəhbərlik çempionatdakı fəaliyyətini dayandırmalı oldu.

"ƏSGƏR MÜƏLLİMİN BELƏ HƏRƏKƏT ETDİYİNİ GÖRMƏMİŞƏM VƏ EŞİTMƏMİŞƏM”

Belə bir xəbər gəzirdi ki, "Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev futbolçulardan pul alırmış, bəs sizdən necə?

- Vallah, insanlar çox şey danışa bilərlər. Mən görmədiyimi heç vaxt danışa bilmərəm. Əsgər Abdullayev hal-hazırda Azərbaycanda sayılıb-seçilən məşqçilərdən biridir. Belə insanların adına bu cür sözlər çıxardılması yaxşı hal deyil. Yenə deyirəm, insan gərək gördüyünü danışsın. İnsanlar haqqında pis-pis danışmaq, həqiqətən, düzgün fikir deyil. Mən heç vaxt Əsgər müəllimin belə hərəkət etdiyini görməmişəm və eşitməmişəm.

"Araz”dan sonra bir müddət futbolsuz qaldınız. Həmin müddətdə öz üzərinizdə çalışırdınızmı?

- Təbii ki. Mən oradan qayıdandan sonra məşqlərimi dayandırmadım. Müəyyən danışıqlarım olmuşdu, ona görə də, formada qalmaq üçün məşq edirdim. Ümumiyyətlə, tək mən yox, hər bir futbolçu formada olmağı bacarmalıdır. Mən daima məşq edirdim ki, çəkim artmasın. Futbolçu gərək öz üzərində daima işləsin.

Ən çox oynadığınız kluba qayıtdınız. İkinci AZAL karyeranız niyə başlamamış bitdi?

- Mən ora öz başına getməmişdim. Yəqin ki, bu barədə məlumatınız var. Mən yenidən AZAL söhbətinə qayıtmaq istəmirdim, amma yenə də fikrimi bildirəcəm. Dəvət etmişdilər, getdim, məlum səbəblərə görə məşqlərə qatılmadım. Çünki mən heç vaxt hörmətsizlik gördüyüm yerdə qala bilmərəm. Mən orada həqiqətləri görəndən sonra rəhbərliklə danışığım oldu ki, məşqləri davam etdirməyəcəm və komandaya qayıtmayacam. Ona görə də, getmədim. İstəmirəm bəzi şeyləri burada açıqlayım, amma oldu da nələrsə, istəməzdim belə olsun.

"TƏRLAN ƏHMƏDOV DEYƏ BİLMƏZ Kİ, AQİL MƏNƏ QARŞI SƏHV EDİB”

- Tərlan Əhmədovla aranızda nə problem var idi ki, o, sizi AZAL-dan saxlamaq istəmədi?

- Nəinki Tərlan Əhmədov, ümumiyyətlə, futbol ictimaiyyətində heç kimlə problemim yoxdur. Yəqin ki, məni tanıyanlar bilir, mən problem yaradan adam olmamışam. Qaldı ki, Tərlan Əhmədova, onunla birlikdə 3-4 il eyni komandada futbol oynamışam. Həmişə ona bir böyük kimi hörmət etmişəm, yer vermişəm. Tərlan Əhmədov deyə bilməz ki, Aqil mənə qarşı səhv edib. Mən komandaya gəldiyim gündən şahid oldum ki, mənim gəlməyim Tərlan Əhmədova xoş olmadı. Bu şeyləri hiss elədiyim üçün məşqlərə qatılmadım. Təkrar edirəm, heç vaxt o insanla problemim olmayıb.

- Sadəcə Tərlan Əhmədovun bəslədiyi münasibətə görə AZAL-dan getdiniz?

- Bəli, başqa heç bir səbəb olmayıb. O klub mənə çox doğma olub. 7 il orada oynamışam, uzu müddət kapitan olmuşam. Rəhbərliklə də gözəl münasibətlərimiz olub. Klubun prezidenti Zaur Axundovla, həmçinin, Fikrət Hüseynov və digərləri ilə aram çox yaxşıdır. Azərbaycanda çox az futbolçu olar ki, 6-7 il bir klubda oynasın. Mən Əsgər Abdullayev, Nazim Süleymanov, Elxan Abdullayev, Vaqif Sadıqovla işləmiş bir adamam. O məşqçilərlə də münasibətlərim pis olmayıb. Sadəcə Vaqif Sadıqov baş məşqçi olduğu vaxtlarda məni oyuna salmırdı deyə komandadan ayrıldım. Onda da heç bir söz-söhbət yaşanmadı, hal-hazırda da Vaqif müəllimlə münasibətlərim yaxşıdır. Həmişə o məşqçilərlə əlaqə saxlayıram, hal-əhvalların soruşuram. Bir klubda 7 il oynamağım onu göstərir ki, rəhbərliklə aramda heç bir problem olmayıb. AZAL-a qayıtmaq xoş idi. Fikirləşirdim ki, 2-3 il oynayıb, burada da bitirim. Futbolu bitirdikdən sonra rəhbərlik mənə iş versəydi, qalıb işləyəcəkdim, verməsəydi də canları sağ olsun.

- Qalıb, özünüzü sübut edərdiniz ki, komandaya lazımam. Bu olmazdımı?

- Mən yenə deyirəm, istənilmədiyim yerdə olmaram. Bir insana ki, münasibət yaxşı deyil, o, orada necə qala bilər? Məcbur qalmaq istəmədim, baş məşqçi odur, şəxsi qərarları var. Sonradan Tərlan Əhmədovla söhbətim oldu. O, mənə dedi ki, səni baxışa çağırmışam. Mən həqiqətən də bu qərarı anlaya bilmədim. Hətta xeyli güldümdə. Nə vaxtsa məşqçi işləsəm, tanıdığım bir futbolçunu necə baxışa dəvət edə bilərəm? Onunla 3-4 il çiyin-çiyinə bir komandada oynamışıq, ola bilər, başqa mövqelərdə oynamışıq. Amma o, mənim nəyə qadir olduğumu görüb və bilir. Azərbaycanda hamı bilir ki, hansı futbolçu nəyə qadirdir, eləcə də Tərlan Əhmədov. Ən azından ay yarım öncə Naxçıvanda olarkən AZAL-a qarşı oynamışdım. Mənə bildirdi ki, rəhbərliyə də demişəm, Aqil baxışa gəlsin. Elə söz mənə deyilməmişdi. Əgər mənə olduğu kimi deyilsəydi, nəinki həmin stadiona, ayağımı heç Şüvəlana da basmazdım. Futboldan kənar söhbətlərə ehtiyac yoxur. Futbol gəldi-gedərdi, əsas münasibətləri qorumaqdır. Tərlan Əhmədovun yeri AZAL-da daimi deyil, həmçinin bu sözlər mənə də aiddir. Mən də daima futbol oynamayacam, bu gün varam, sabah yox. Elə edək ki, sabah üz-üzə gələndə bir-birimizdən qaçmayaq. Əvvəl işlədiyim məşqçilərlə görüşürəm, həqiqətən, aramızda səmimiyyət var. Bu günkü gündə səmimiyyəti qoruya bilmiriksə, eyni komandada olmağımızın mənası yoxdur.

"ŞÜKÜR, ZƏDƏLİ DEYİLƏM, HEÇ BİR PROBLEMİM YOXDUR, OYNAMAQ İSTƏYİRƏM”

- Bu hadisə karyeranızı bitirməyə səbəb ola bilər?

- Yox, qətiyyən. Mənim 32 yaşım var, müdafiəçi üçün bu yaşda futboldan getmək tezdir. Hələ o haqda düşünməmişəm, heç vaxt istəmərəm özümü güldürəm. Əgər gücüm çatmasa, deyərəm, bəsdir. Hal-hazırdakı vəziyyətim futbol oynamağa imkan verir, fiziki durumum yaxşıdır. Əvvəlki illərə nisbətən daha təcrübəliyəm. Şükür, zədəli deyiləm, heç bir problemim yoxdur, oynamaq istəyirəm. Tərlan Əhmədov açıqlamasında bildirib ki, Aqil komandadakı rəqabətə dözə bilmədi, getdi. Özünüz görürsünüz ki, bunlar nədən xəbər verir. Qorxumuz tək Allahdandır. Rəqabətdən qaçmaq futbolçuya yaraşmaz. Rəqabətdən qaçanı futbolçu saymıram. İkincisi isə heç vaxt futbolçular haqqında pis danışmağı xoşlamamışam. AZAL həmişə müdafiəsi ilə seçilən bir komanda olub. Cari mövsüm çempionatın 15 oyununda 25 qol buraxırsa, hansı rəqabətdən söhbət gedə bilər. Oradakı futbolçuların hamısına hörmətim var. Mən Tərlan Əhmədovun açıqlamasına cavab olaraq bildirirəm ki, hansı rəqabətdən danışır.

- Belə çıxır ki, Tərlan Əhmədov sizə qərəzli mövqe saxlayır. Bu nədən qaynaqlanır?

- Mən heç vaxt futboldan kənar işlərlə məşğul olmamışam, fikrim də yoxdur. Çünki biz futbol adamıyıq, ona görə də kənar şeylərdən danışmaq mənasızdır. İnsan var həyatda başqa cür yaşayır. Kimsə sənin komandana xeyir verirsə, oynamağa maneçilik törətmirsə, mənim üçün problemsiz insandır. Tutaq ki, mən məşqçiyəm, digəri futbolçu, onun şəxsi həyatı mənlik deyil. Mənim məşqlərimdə yaxşı iştirak etsin, problem yaratmasın, meydanda yüz faizlik oynasın, deməli, komandam üçün vacib oyunçudur. İlk gündən göstərilən münasibətləri anlamaq üçün kifayət qədər yaşım var. Ən azından biz bir yerdə futbol oynamışıq. Mənə verilən otağın başqasına verilməsini başa düşə bilmədim. Şəxsən mənim qapıma istəmədiyim bir insan gəlsə belə, hörmət əlaməti olaraq ona yerimi göstərərəm. Çünki o qonaq gəlib. Mən komandaya qayıtmışam. Lap elə Tərlan Əhmədovun dediyi kimi, tutaq ki, baxışa getmişəm, belə münasibətlərin olması həqiqətən də yaxşı deyil.

- Bəlkə Əhmədovla birlikdə oynadığınız vaxtlarda aranızda hansısa konflikt olub?

- Yox, heç vaxt belə bir şey olmayıb. Onu Tərlan Əhmədov da deyə bilməz. Ola bilər Əhmədovun kimləsə münasibəti yaxşı olmasın, ancaq mənimlə elə bir şey olmayıb. Heç bir futbolçu da deyə bilməz ki, Aqil komandada kiməsə qarşı hörmətsizlik edib. Futbol müvəqqəti sənətdir. Bunu düşünmək lazımdır. Qaldı ki, hörmətə, ailədən verilən tərbiyədən asılıdır. Mən ona görə də, böyük-kiçik yeri bilmişəm, münasibətlərim də hər kəslə yaxşı olub. Tərlan müəllim məndən 10 yaş böyükdür, mən ona qarşı hörmətsizlik edə bilmərəm.

- Yaxşı, bəs səbəb nədədir?

- Bu barədə danışmaq istəmirəm. Onunla söhbətimiz olub, fikirlərimi bildirmişəm.


"O CÜR HƏRƏKƏTLƏR BİZƏ YARAŞMAZ”

- Əldə etdiyim məlumata görə, klubun bazasında yox, başqa yerdə söhbətiniz olub. Qədeşyana söhbət etməyə getmişdiniz, yoxsa məsələləri aydınlaşdırmağa?

- O cür hərəkətlər bizə yaraşmaz. Sadəcə klub rəsmisi Eldəniz Yusifov təşkil etdi ki, görüşüb söhbətlərə aydınlıq gətirək.

32 yaşınız var, bundan sonra nə etmək fikriniz var?

- Səbr etməliyəm, çünki mən komandaya qayıdacağıma arxayın idim. Ora mənim doğma yerim idi. Amma başqa cür oldu. Azərbaycanda və Türkiyədə menecerim var. Bura qayıdacağıma əmin oldum üçün onların danışıq aparmasına ehtiyac görmürdüm. Azərbaycanda 9 komanda mövcuddur, artıq heyətlər komplektəşdirilib. Bundan sonra komanda tapmaq çətindir. 12-14 komanda olsaydı, yenə danışıq aparmaq olardı. Hazırkı vəziyyətdə isə bu bir qədər problemdir.

Yenidən "Bakı”ya qayıtmaq ehtimalınız varmı?

- Sözün düzü, bu barədə heç fikirləşməmişəm.

Təklif gəlsə necə?

- "Bakı”da gəncləşdirmə siyasəti aparılır. Daha çox öz akademiyalarından çıxmış gənc futbolçulara üstünlük verilir. Hafiz Məmmədov Azərbaycan futbolu üçün həqiqətən də çox böyük bir iş görüb. Bu sözü orada oynadığıma görə demirəm. Klubun gözəl bazası, şəraiti var. "Atletiko”ya buraxdığı sərmayə Azərbaycanı dünyaya kifayət qədər tanıdıb. Hətta mən deyərdim ki, Hafiz Məmmədov Azərbaycan futbolu üçün çox pul xərcləyib. Klubun hazırkı problemlərinin nə yerdə olduğunu bilmirəm. Onların akademiya uşaqlarına üstünlük verməsi yaxşı haldır. Azərbaycanlı futbolçuların yetişməsi üçün gözəl addımdır. Bu günkü gündə Nurlan Novruzov bombardirlər sırasında liderdir. Orda yetişən futbolçuların bir neçəsi digər klubların maraq dairəsindədir. " Bakı”nın birdən-birə bu cür vəziyyətə düşməsi Azərbaycan futbolu üçün heç də yaxşı olmadı. Onlar daima çempionluğa oynayıb, hazırkı durumda isə autsayderdilər. Mənə gəldikdə isə bir müddət orada oynadım. Sonradan komandada məşqçi dəyişikliyi oldu. Mən əvvəllər o mütəxəssisi tanımırdım, amma tanınmış biri idi. Söhbət Pantiçdən gedir. Onun başçılığı altında Avstriyada təlim-məşq toplanışı keçdik. Hətta mənə birbaşa kapitanlıq təklif etdi. Amma sonradan münasibətlər çox dəyişdi. Tək mənlə yox, bir neçə futbolçu ilə münasibətləri korladı. İlk günlərdən başqa cür hərəkət etməyə başladı. Mən bayaq qeyd etdim, heç vaxt pulu üstün tutmamışam. Pula görə özümü qurban verə bilmərəm. Münasibət dəyişildi, mənim orada pula görə qalmağım düzgün olmazdı, rəhbərliklə danışdım və ayrıldım.

"BU YERƏ ÇATMAĞIMDA ONUN ROLU DANILMAZDIR”

Karyeranızı Azərbaycanda yoxsa, kənarda davam etdirmək istəyirsiniz?

- Sözün açığı, bu işlərlə menecerim danışıqlar aparır. 2-3 gün olar, menecerimə bildirdim ki, danışıqlar aparsın. İndiki vəziyyətdə bir az çətindir, əvvəl belə olacağını bilsəydim, çoxdan başqa komandadaydım. Hər şeydə bir xeyir var, bəlkə də belə olmağı məsləhət imiş. Tərlah Əhmədov bu cür olmasını istəyib, Allah canın sağ eləsin.

-Maraqlıdır, Foqts gələndən sonra milliyə dəvət aldınız, o vaxtadək Aqil özünü göstərə bilmirdi?

- O vaxtlar milli komandanın məşqçiləri əyalətlərə çox da getmirdilər. Ona görə də əyalət komandalarında özünü göstərmək çətin idi. Mən AZAL-a gələndən bir neçə ay sonra milliyə dəvət almağa başladım. Hər yerdə qeyd etmişəm, həmin vaxtlardakı əziyyətlərinə görə Əsgər Abdullayevə minnətdaram. O adamın mənim üzərimdə böyük dəstəyi olub. Bu yerə çatmağımda onun rolu danılmazdır, bunu dana bilmərəm. Foqtsun vaxtında milliyə dəvət aldım və bir neçə görüşlərdə iştirak etdim. Hər bir futbolçuya millidə oynamaq nəsib olmur, amma millidə oynadığıma görə çox sevinirəm.

- Millimizin baş məşqçisi Prosineçki bildirib ki, yaxşı oyunçu üçün millinin qapıları daim açıqdır. Siz necə düşünürsünüz, milliyə yenidən dəvət ala biləcəksiniz? Yoxsa sizin qatarınız gedib?

- Ümumiyyətlə, Avropada 35-36 yaşında hələ də millidə oynayan futbolçular var. Əgər milliyə xeyir verəcəyimi düşünürlərsə, niyə də olmasın. Məncə milli üçün yaş önəmli deyil, formada olmaq önəmlidir. Yaşa görə futbolçunun üstündən xətt çəkməz düzgün deyil. Belə bir misal çəkim, Del Boske "Real”ı çalışdırırdığı vaxt jurnalist ona sual verir ki, "Avropanın bir çox klubları gəncləşdirmə siyasəti aparır, siz niyə bu cür dəyişikliklər etmirsiniz?”. Təcrübəli mütəxəssis cavabında bildirmişdi: "mən uşaq məşqçisi deyiləm”. Ondan nəticə tələb edin, başqa suallar yersizdir.

Azərbaycanda yaşı 30-u keçmiş futbolçuların çoxu 90 dəqiqə mübarizə apara bilmirlər. Bu nə ilə əlaqədardır?

- Bunu hər kəsə şamil etmək olmaz. Yaxşı hazırlaşmayıb, düzgün istirahət bölgüsü aparmayıblar, nəticədə isə meydanda tam qüvvələri ilə oynaya bilmirlər. Belə futbolçular var. Futbolçu var,25 yaşında karyerasını bitirir. Mən yerlilərdən 37-38 yaşına kimi futbol oynayanları çox görmüşəm. Elələri var, cavanlardan daha yaxşı təsir bağışlayır. Təcrübə amili də öz sözün deyir.

Avropada 25-26 yaşlı futbolçunu təcrübəli futbolçu sayırlar. Onlar üçün gənc futbolçu 18-19 yaşlı sayılır. Azərbaycanda isə 26 yaşlını gənc hesab edirlər. Buna münasibətiniz necədir?

- Bu fikri mən həmişə vurğulamışam. 23-24 yaşlı futbolçunun gənc hesab edilməsini anlaya bilmirəm. Bu, düzgün deyil, bəs bunun təcrübəli vaxtı hansı yaşında olacaq? Mənim qardaşım Nadir Nəbiyev 16 yaşında "Turan”da oynayırdı. Yeniyetmə yaşlarında çox qol vururdu. Həmin vaxt futbol daha səviyyəli idi. İndi 23-24 yaşlı futbolçuya cavan deyib, ondan gələcəkdə nəsə gözləyiriksə bu, gülməlidir. Əgər bu 21-22-23 yaşında istəniləni verə bimirsə, nə vaxt yaxşı nəticə göstərəcək?

Dünyanın bir çox tanınmış futbolçuları karyerasının sonuna yaxın aşağı liqalarda oynamağa razılıq verirlər. Aqil Nəbiyev necə, Azərbaycan Birinci Divizionundan təklif alsa, gedib oynayar?

- Xeyr, oynamaram. Özünüz görürsüz ki, digər ölkələrin aşağı liqaları hansı səviyyədədir. Bizim Birinci Divizion başqa ölkələrin aşağı liqalarından çox geridə qalır. Türkiyə PTT 1-ci liqasında oynayaram, amma Azərbaycan Birinci Divizionunda yox. (Goal.Az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail