Azərbaycanlı dünya və avropa çempionu: "Həmin döyüşdə dizi ilə başıma vurduğu zərbə nəticəsində başımda iz qoydu"

21.08.2015 | 5896 dəfə oxunub

Qaydasız döyüş üzrə 2 qat Avropa və Dünya çempionu olan Heydər Məmmədəliyevin müsahibəsini təqdim edirik

- İlk olaraq özünüz və uğurlarınız haqqında oxucularımıza məlumat verin.

- 1990-cı ildə Azərbaycanda anadan olmuşam. 2007-ci ildən etibarən Qaydasız döyüşlə məşğul oluram. Artıq 8 ildir. Dəfələrlə Azərbaycanda çempion olmuşam. 2011-ci ilin noyabr ayında pankration üzrə Avropa çempionu olmuşam, 2012-ci ildə MMA üzrə dünya çempionu olmuşam. 2013-cü ildə yenə də pankration üzrə avropa çempionu olmuşam. Daha sonra isə həvəskar deyil, peşəkar olaraq məşğul olmağa başladım. Sherdog.com saytında peşəkar olaraq qaydasız döyüşlə məşğul olan idmançıların reytinqləri qeyd edilir ki, reytinqi yüksək olan idmançıları beynəlxalq yarışlara dəvət edirlər. Mənim də sherdog.com saytında adım yer alıb. (Heydar Mamedaliev – saytdakı ad və soyadı)

- Niyə başqa idmanla deyil də, bəlkə də idman növləri arasında ən çətin idman növü olan Qaydasız döyüşlə məşğul olmağı seçdiz?

- Mən bu idmanla məşğul olmamışdan əvvəl, samboya, cüdoya və başqa idman növləri ilə az da olsa, məşğul olmuşam, amma sanki özümü tapa bilmirdim. Heç bir idman növü Qaydasız döyüş qədər məni özünə cəlb edə bilmədi. Əvvəlcə həvəskar olaraq başlasam da, daha sonra peşəkar məşğul olmağı özümə məqsəd qoymuşdum. Və indi də peşəkar olaraq döyüşlərə çıxıram. Qaydasız döyüşlə məşğul olsam da, digər idman növlərinin fəndlərindən də öz döyüşlərimdə istifadə edirəm.

"İdmana tez başlayan uşaqların əksəriyyəti..."

- Bu idman növü ilə uşaqlıqdan məşğul olan gənclərimiz var, siz isə 17 yaşınızdan başlamısınız. Ümumiyyətlə, sizcə, bu idman növünə neçə yaşında başlamaq lazımdır?

- 17 yaşımda idmana başlamağıma baxmayaraq, məncə, bu yaşda Qaydasız döyüşlə məşğul olmaq heç də gec deyil. Çünki bəzən uşaqlar balaca vaxtı idmanla məşğul olurlar, amma sonradan isə həvəsləri ölür. İdmana tez başlayan uşaqların əksəriyyəti 15, 16 yaşları olanda idmandan uzaqlaşır. Amma 15, 16 yaşından sonra isə sırf həvəsin olduğu üçün idmanla məşğul olmağa başlayanda isə tez bezmirsən, insan əksinə daha çox həvəsli olur. Buna uyğun olaraq, özümü misal göstərə bilərəm. 8 ildir ki, məşğulam, amma idmançı kimi öz məqsədlərim var ki, onları qazanmaq istəyirəm. Biri var ki, valideynin istəyinə görə uşaq vaxtı məşğul olursan, biri də var ki, öz istəyinlə məşğul olursan.

"O döyüşümü heç vaxt unutmaram..."

-Karyeranızda heç vaxt unutmayacağınız döyüş nə vaxt və hansı rəqibinizə qarşı olub?

- Həvəskarlar arasında yaddaqalan döyüşüm 2012-ci ildə Polşada keçirilən dünya çempionatında baş verib. Bu çempionatda erməni rəqibimi finalda məğlub etmişdim. O döyüşümü heç vaxt unutmaram. Peşəkarlar arasında isə 2012-ci il aprel ayında SNQ turnirinə məni dəvət etdilər. Peşəkarlar arasında ilk turnirim idi. Həmin turnirdə 4 ölkənin komandası var idi. Rusiya, Belarusiya, Moldova və Azərbaycan. İlk oyunda Moldova idmançıları ilə döyüşdük və qalib gəldik. Sonra Rusiya ilə oyunda məğlub olsaq da, idmançılarımız arasında Rusiya idmançısına tək mən qalib gəlmişdim. O da mənim üçün yaddaqalan bir döyüş oldu.

- Hansı idmançı ilə döyüşdə çox ciddi zədə almısınız?

- Fevral ayında Belarus idmançı ilə vuruşdum. Onunla döyüşdə üç raund vuruşduq, amma xal hesabına görə mən məğlub oldum. Həmin döyüşdə dizi ilə başıma vurduğu zərbə nəticəsində başımda iz qoydu. Bu da mənim rəqiblərim arasında döyüş meydanında aldığım ilk ciddi zədədir. Buna baxmayaraq, onunla yenidən döyüşümüz olacaq. Bu dəfə mən onu məğlub etmək üçün daha çox çalışacam.

"Həmin yarışda ən güclü idmançı o idi..."

- Döyüş zamanı qələbə qazanmaqda çətinlik çəkdiyiniz rəqib kim olub?

- 2012-ci ilin oktyabr ayında Rusiyadan Kalininqradda keçiriləcək yarışa məni dəvət etmişdilər. Noyabr ayında isə dünya çempionatında çıxış etməli idim. Həmin yarışda 84 kq çəki dərəcəsində yarışmalı idim, amma halbuki mən heç vaxt 84 kq ilə döyüşməmişəm. Döyüşlərə isə 70 kq çəki dərəcəsində çıxıram. Buna baxmayaraq, moldovalı idmançı Pavel Pakatilov ilə döyüşdüm, rəqibim çox güclü idi. Həmin yarışda ən güclü idmançı o idi, ilk döyüşdə onunla qarşılaşdım. Amma onunla 3 raund ərzində xal hesabı ilə mən onu məğlub etdim. Amma bu turniri davam etdirə bilmədim. Çünki 2012-ci ildə Polşada olan dünya çempionatında qalib olsam da, ciddi zədə almışdım, ona görə bu yarışda turniri yarımçıq tərk etdim.

Sadəcə olaraq, məğlubiyyətimin əvəzini çıxmaq istəyirəm...

Döyüş meydanından kənarda elə rəqibiniz olubmu ki, onunla dostluq edəsiniz. Və ya aranızda düşmənçilik münasibəti olan rəqibiniz varmı?

- Açığını deyim ki, elə bir şəxs yoxdur ki, onunla konkret dostluq edim və ya düşmənçilik münasibəti ilə yanaşım. Sadəcə olaraq, bayaqda qeyd etdiyim kimi məni xal hesabı ilə məğlub edən Belarus idmançısını məğlub etmək istəyirəm. Məndən zəif olduğunu bildiyimə baxmayaraq, ona xal hesabına uduzmağımı özümə qarşı haqsızlıq hesab edirəm. Bu ona qarşı nə nifrət, nə də düşmənçilikdən irəli gəlir. Sadəcə olaraq, revanş etmək, məğlubiyyətin əvəzini çıxmaq istəyirəm. Amma elə rəqiblərim var ki, onlarla internet vasitəsilə əlaqə saxlayıram.

- Heydər Məmmədəliyev, döyüşə çıxan zaman sizi qalibiyyətə inandıran nə olur?

- Əvvəlcə onu qeyd edim ki, mənim ilk inamım Allahadır. Sonra isə məşqlərimə daha çox inanıram. Ailəmin, dostlarımın dəstəyi də qələbə qazanmaqda mənə çox kömək olur.
Reklama üstünlük vermirəm və...

- Qaydasız döyüşlə məşğul olan, Dünya və Avropa çempionu olmağınıza baxmayaraq, sizi nə TV kanallarında, nə də mətbuatda görürük. Demək olar ki, sizi Azərbaycanda çox da tanımırlar. Buna səbəb nədir? Tanınmaq istəmirsiniz, yoxsa?

- Bunun səbəbi isə reklama üstünlük vermirəm və özüm buna görə heç vaxt müraciət etməmişəm deyə belədir. Uğur qazansam belə, mətbuatda bunu çox işıqlandırmıram. Qalib olub gələndən sonra heç kimə müraciət etməmişəm ki, məndən müsahibə götürsünlər və ya verilişlərə dəvət etsinlər. Mənə kimsə müraciət edəndə ki, müsahibə götürmək istəyirik, mən razı oluram.

"Uşaq vaxtı onun döyüşlərinə baxanda ona oxşamaq istəyirdim..."

- Hansı idmançının döyüşlərini maraqla izləyirsiniz? Qaydasız döyüşdə kumirin kimdir?

- Qaydasız döyüş üzrə rusiyalı idmançı var, Fyodor Emelyanenko. Onu dünyada, demək olar ki, hamı tanıyır. Uşaq vaxtı onun döyüşlərinə baxanda ona oxşamaq istəyirdim. Güclü idmançıdır, onun hərəkətlərinə diqqətlə fikir verirdim, döyüş zamanı nəyə üstünlük verirdisə, mən də ona üstünlük verirəm. 2 ildir ki, idmandan ayrılıb, amma yenidən idmana qayıdıb. Səbirsizliklə gözləyirəm ki, yenidən onu rinqdə görə bilim.

"Həmin döyüşdə mən özümdən başqa dövlətimi daha çox düşünmüşəm..."

Qeyd etdiniz ki, Polşada keçirilmiş dünya çempionatının finalında rəqibiniz erməni idmançısı olub. Bu döyüş haqqında qısaca olsa, təəssüratlarınızı oxucularımızla bölüşməyinizi istərdik.

- Erməni idmançı Rusiya dövlətini təmsil edirdi. Buna baxmayaraq, mən bir azərbaycanlı kimi ancaq onu məğlub etmək barədə düşünürdüm. Həmin döyüşdə mən özümdən başqa dövlətimi daha çox düşünmüşəm. Mən “Birdən bu döyüşdə uduzaram” deyə bir saniyə olsun düşünməmişəm. Mən erməni idmançısının döyüşlərini diqqətlə izləmişdim. Final oyununa çıxmazdan əvvəl ona necə qalib gələcəyimi təhlil edirdim. 3 raund ərzidə onun bütün taktikasını alt-üst etməyə çalışırdım. Nəhayət ki, buna nail oldum və erməniyə qalib gəlib dünya çempionu adını qazandım. Polşada həm Azərbaycan bayrağını qaldırdım, həm də himnimizi səsləndirdim.

"Sonda isə ona güclü bir zərbə vurdum..."

Son döyüşünüz nə vaxt olub? Bir az da bu haqda danışın.

- Mənim müəllimim Ruslan Əfəndiyev mənə xəbər verdi ki, Çində yarış olacaq. Rəqibim isə braziliyalı idmançı olduğunu, 70 kq çəki dərəcəsində döyüşəcəyimi dedi. Mən də bu döyüşə razılıq verdim. Həmin yarışa Bakıda yox, dostum Tural ilə Sankt Peterburqda hazırlaşdım. 15 gün ərzində bütün gücümlə məşq etdim. Döyüş isə iyul ayının 19-u olub. Rəqibim güclü idmançı idi. Braziliyada jui jitsu üzrə qara kəmər almışdı. Jui jitsu isə elə bir idman növüdür ki, burada idmançı rəqibi ilə ancaq yerdə güləşir, onu boğmağa çalışır, əlini və ya ayağı sındırır. Mən də bunu bildiyim üçün döyüş vaxtı onunla güləşməyə üstünlük vermədim. 3 raund ərzində çox çətin döyüş oldu. Buna baxmayaraq, sonda isə ona güclü bir zərbə vurdum. Zərbənin adı “Overhand” adlanır. Zərbədən sonra rəqibim ayağa dura bilmədi və hakim oyunu dayandırdı. Beləcə mən də texniki nokaut ilə qalib gəldim.

- Sonuncu sualım isə belədir, Azərbaycanda Qaydasız döyüş idman növü üzrə necə tanınmaq istərdiz?

- Nəinki Azərbaycanda, həm də dünyada ilk UFC çempionu olmuş Azərbaycanlı kimi tanınmaq istəyirəm. UFC çempionu olmaq mənim qarşıma qoyduğum ən böyük arzum və ali məqsədimdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail