"Yanvarın 20-də anadan olduğuma görə heç vaxt ad günümü qeyd etməmişəm" - MÜSAHİBƏ

21.01.2016 | 2809 dəfə oxunub

Düz 26 il əvvəl yanvarın 20-də onlarla insan Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdi. Düz 26 il əvvəl analar övladlarını itirdilər, azadlıq uğrunda. Düz 26 il əvvəl analar dünyaya övlad gətirdilər, gələcəkdə həmin azadlığı qorumaq üçün. Yanvarın 20-də dünyaya göz açanların qismətində öz doğum günlərini yox, daha əlamətdar hadisəni - azadlığın doğum gününü qeyd etmək var imiş...

Permyer Liqamızda çıxış edən futbolçulardan da bir neçəsi yanvarın 20-də dünyaya göz açıb. Onlardan ən məşhuru “Sumqayıt"ın və yığmamızın futbolçusu Ağabala Ramazanovdur. Ağabala bir vaxtlar Azərbaycan futbolunda sözünü demiş Zaur Ramazanovun kiçik qardaşıdır. Futbola başladığı ilk vaxtlar daha çox böyük qardaşına görə tanınan Ağabala sonradan istedadı ilə özünü göstərməyi bacardı. Gənc futbolçu ilə görüşüb bir çox mətləblərdən danışdıq. Əlbəttə, ilk sualımız ad günü ilə bağlı oldu. Ağabala doğum gününü necə qeyd edir?

- Yanvarın 20-də anadan olduğuma görə heç vaxt ad günümü qeyd etməmişəm. Çünki həmin gün ölkəmizdə matəmdi. 20 Yanvar qırğınında çox ailələlr şəhid verib, hər il evlərində yas tuturlar. Həmin şəhidlər bizə görə canlarından keçiblər. Onların anıldığı bir gündə özümə ad gününü necə keçirə bilərəm? Onsuz da son illər 20 yanvar günü təlim-məşq toplanışları ilə əlaqədar ailəmlə olmuram. Evdəkilər də mənə ad günü keçirmirlər. Keçirsələr də, 2-3 gün sonra. O da elə-belə, yüngülvari.

- Belə çıxır ki, indiyə kimi ad günü tortu kəsməmisən.

- Cəmi 1 dəfə olub. 2-3 il əvvəl “Xəzər Lənkəran"la Antalyada idik. Onda mənim adıma tort sifariş vermişdilər. Yenə də ayın 20-i yox, 1 gün sonra tort kəsdim. Şənlik-filan olmadı. Tortu kəsdim, hərə öz payını götürüb otağına çəkildi.


- Adını çəkib yenidən utandırmaq istəmirəm, bir dəfə gənc futbolçularımızdan biri müsahibə verərkən Şəhidlər Xiyabanının yerini tanımadığını bildirmişdi. Ağabala necə, Şəhidlər Xiyabanının yerini tanıyır?

- Əlbəttə tanıyıram. Bizim evə yaxındır. Dəfələrlə şəhidlərin ziyarətinə getmişəm. Həm Şəhidlər, həm də Fəxri Xiyabanda olmuşam.

- Atanı tez itirimisən...

- Heç 1 yaşım tamam olmamış atam ürəktutmasından rəhmətə gedib. Ailədə 5 bacı, 5 qardaşıq. Evin sonbeşiyi mənəm.

- Bir vaxtlar sənin “lipa" olmağında bağlı söz-söhbətlər gəzirdi. Hətta yaşını 2-3 il azaltdığın deyilirdi.

- Mən də “lipa" olmağım barədə çox eşitmişəm. İnanırsınız, heç vaxt reaksiya verməmişəm. 1993-cü il yanvarın 20-də anadan olmuşam. “Lipa" olmadığıma əminəm. Kim nə istəyir deyə bilər. Bir ara bununla bağlı AFFA nümayəndələri araşdırma apardılar. Oxuduğum 18 saylı məktəbə kimi getmişdilər. Heç nə aşkarlaya bilmədilər. Çünki mümkün deyildi.

- Məktəb demişkən, ora oxumağa gedirdin, ya vaxt öldürməyə?

- 4-cü sinifə kimi yaxşı oxumuşam. Nə gizlədim, sonradan təhsilə həvəs qalmayıb. Həvəsim ancaq futbola idi. Çantamda kitabların altına “keta”mı, formalarımı gizlədib evdən dərs adı ilə çıxırdım. Amma 8-ci mikrorayondakı stadiona məşqlərə gedirdim. İlk məşqçim Natiq Əliyev olub.

- Neçə yaşından futbolla məşğulsan?

- 8 yaşım olardı. Səhv etmirəmsə, 2001-ci il idi.

- Futbolu seçməyində böyük qardaşın Zaurun təsiri olub?

- Əlbəttə. Zaurun karyerasının yaxşı vaxtları idi. Futbolu sevməyimdə Zaurun futbolçu olmağının təsiri çox olub. Amma özümdə də həvəs var idi. Zaur səfərlərə gedəndə hərə bir şey sifariş verirdi. Mən isə top istəyirdim. Hər dəfə də mənə bahalı toplar alıb gətirirdi. Məhlədə uşaqlarla oynadıqdan sonra yuyub, təmizləyib vacib bir əşya kimi gizlədirdim. Uşaqlıqdan dərk edirdim ki, gələcəkdə ancaq futbolçu olmaqla həyatda özümə yer tuta bilərəm. Yaxşı oxumamışam, başqa sahədə də istedadım yox idi. O üzdən fikrim-zikrim ancaq futbol idi.

- Yəqin ki, 4 qardaşdan özünə ən yaxın Zauru hesab edirsən. Nə qədər olmasa, hər ikiniz eyni peşənin sahibisiniz.

- O biri qardaşlarım da futbolla məşğul olublar. Amma həvəskar səviyyədə. Qardaşlarımın hamısını özümə yaxın hesab edirəm, birini digərindən seçmirəm. Amma yeganə Zaurdur ki, onunla aramız açıqdı. Hər mövzuda söhbət edə bilirik.

- Peşəkar karyerana “Neftçi"də başlamısan və cəmi 1 dəfə bu komandanın formasını geyinmisən. Səbəb nə idi?

- Böyükağa Hacıyevin vaxtı idi. “Sumqayıt"la oyunun 75-ci dəqiqəsində məni oyuna buraxdı. Qol vurmaq üçün şansım oldu. Amma istifadə edə bilmədim. Elə görüb-götürdüyüm həmin oyun oldu. Belə deyim, “Neftçi" karyeram cəmi 15 dəqiqədən ibarət olub.

- “Xəzər Lənkəran"a keçməyində Zaurun rolu böyük idi?

- “Neftçi"də qala bilərdim. Oradan ayrılmağıma hərbi xidmət səbəb oldu. “Neftçi" rəhbərliyi əsgərlik məsələmi yoluna qoya bilmədi. Heç vaxt hərbi xidmətdən yayınmaq haqqında düşünməmişəm. Elə etmək lazım idi ki, həm xidmətdə olum, həm də futbol oynayım. “Xəzər Lənkəran" mənə bu şəraiti yaratdı. Zaurun əməyinə gəlincə, əlbəttə, böyük idi. Bütün yükü öz üzərinə götürmüşdü.

- “Xəzər Lənkəran"dan ayrılmağının səbəbi yəqin ki, maliyyə idi.

- Gizlətməyəcəm, hə. Oradan ayrılanda hələ müqaviləmin müddəti başa çatmamışdı. Qarşılıqlı razılaşma əsasında müqavilə ləğv olundu. Düzü, “Xəzər Lənkəran"dan ayrılmaq xoş deyildi. Mənə doğma komandadı. Orada özümü futbolçu kimi sübut etmək üçün mənə hər cür şərait yaratmışdılar. Nə vaxtsa vəziyyət düzəlsə, mənə ehtiyac olsa, böyük məmnuniyyətlə yenidən “Xəzər Lənkəran"a qayıdaram.

- Azərbaycanda hansı komandada oynamaq istərdin?

- Səviyyə fərqini nəzərə alsaq, “Qarabağ"da. Heyətinə fikir versək, hər mövqedə 2-3 futbolçusu var. Orada oynamaq, heyətə düşmək mənim üçün çətin olar. Birdən elə bilərsiniz ki, Ağabala mübarizədən qorxur. Hər bir futbolçu ilə mübarizə aparmağa hazıram. Amma reallıq budur ki, “Qarabağ"da heyətə düşmək çox çətindir. Gələcəkdə təklif olarsa, dəyərləndirməyə hazıram.

- “Sumqayıt"ı seçməyinin səbəbi nə oldu?

- “Xəzər Lənkəran"dan ayrılandan sonra bir neçə klubdan təklif gəldi. Onlardan əksəriyyəti ölkə xaricindən idi. Belçika və Türkiyənin 2-ci dəstələrində oynayan komandalar mənimlə birbaşa müqavilə bağlamaq istəyirdilər. Lənkəranda olanda zədələnmişdim və zədəmi tam sağaltmamışdım. Bu üzdən tam formada olmadığıma görə bir qədər fasilə götürməyə ehtiyac var idi. Yəni, həmin klublara keçsəydim, özümü yandıra bilərdim. Həmin ərəfədə özümüzün də bir neçə klubundan dəvət var idi. Zaurla məsləhətləşdikdən sonra “Sumqayıt"ı seçdim. 6 aylıq müqavilə bağlamaq istəyirdik. Sonradan klub rəhbərliyi ilə danışığımız oldu və razılaşdıq ki, əgər qışda ölkə xaricindən sərfəli təklif olarsa, keçidimə heç bir problem yaradılmayacaq və 1 illik müqaviləyə qol çəkdim. “Sumqayıt"ı seçməyimdə məqsəd oynamaq, zədədən sonra oyun praktikasını artırmaq idi. Pulu düşünsəydim, elə ölkə xaricindən gələn təklifləri dəyərləndirərdim. Burada qazandığımdan puldan 3 dəfə çoxunu verirdilər. Özünüz də görürsünüz ki, çempionatın geridə qalan hissəsində demək olar ki, bütün oyunlarda iştirak etmişəm. Yenidən əsas yığmadan dəvət aldım, özümü sübut edə bildim. Son 6 ay mənim üçün çox yaxşı keçdi. Yaya kimi isə... Hər şey özümdən asılıdır.

- Vaqif Cavadov “Sumqayıt"dadı. Onunla rəqabət aparmaq çətin olmayacaq ki? Və ya Vaqif səninlə rəqabət apara biləcəkmi?

- Azərbaycanda əvəzolunmayan futbolçu yoxdur. Hər şey özümüzdən asılıdır. Kim özünü yaxşı göstərərsə, o da heyətdə oynayacaq. Vaqifin zəngin karyerası, təcrübəsi var. Amma özümü ondan zəif hesab etmirəm.

- Ola bilərmi, bu ərəfələrdə hansısa xarici klubdan təklif gəlsin?

- Təkliflər indi də var. Onu da bilirəm ki, Antalyada olduğumuz müddətdə oyunumu izləyəcəklər. Tələsik qərar vermək istəmirəm. Türkiyəyə gedən futbolçuları çox görmüşəm. Onların buraxdığı səhvləri təkrarlamaq istəmirəm. İstisna etmirəm, məsləhət olsa, gedərəm.

- Qısası, uzağı yaya kimi legioner olmaq ehtimalın böyükdür. Samir Abbasovun gəlişindən sonra “Sumqayıt" bir qədər dirçəldi, ardıcıl oyunlarda xallar qazanıldı. Məgər yaxşı oynamaq, xal qazanmaq üçün məşqçi dəyişikliyi vacib idi?

- Komandaya Aqil müəllimin vaxtında gəlmişəm. Deməzdim ki, zəif oyun sərgiləyirdik. Sadəcə, elə bil nəsə çatmırdı. Ardıcıl xal itkiləri uşaqlarda aqressivliyi, özünə inam hissini azaltmışdı. Samir müəllimin gəlişindən sonra bu çatışmazlıqlar aradan qalxdı. Azərbaycanda start heyəti oyundan əvvəl məlum olan 1-2 komandadan biriyik. Komandamızda heç kim deyə bilməz ki, mən növbəti oyunda oynayacam. Hər şey həftə ərzində özünü göstərməkdən asılıdır. Oyuna hazırsansa, deməli, oynayacaqsan. Ona görə də futbolçularda arxayınçılıq hissi yoxdur. Həftəboyu var gücləri ilə çalışmağa məcburdular. Bu da nəticəyə təsir göstərir. Bundan başqa taktiki planda da oyunumuza xeyir verən müəyyən dəyişikliklər oldu.

- İştah diş altındadır. Avrokuboklar haqqında fikirləşmirsiniz?

- Olsa, nəyi pisdir ki? Fikir versək, “Sumqayıt" avrokuboklara düşməsə belə, həmişə yığma komandalara futbolçu verən komandadı. Mən “Xəzər Lənkəran"da oynayanda bizdən ancaq Rahid Əmirquliyev yığmaya çağırıldığı halda, autsayder mövqeyində olan “Sumqayıt"dan 5-6 futbolçuya dəvət gəlirdi. Aşağı yaş qruplarına da fikir versək, yığmaların hamısında “Sumqayıt"ın futbolçusu var. Fakt budur ki, “Sumqayıt" yığma komandalarımıza futbolçu yetişdirməklə futbolumuza xeyir verir.

- Etiraf edək ki, onların arasında milliləşdirilmiş futbolçular az deyil.

- Bu haqda nəsə deyə bilmərəm, mənlik deyil.

- Yığmadan söz düşmüşkən, ilk oyununda biabır olduq. Sən də cəmi 4-5 dəqiqə oynadın. “Ağabala “mandraj"a düşdüyü üçün özünü zədəli kimi göstərib əvəzlənməsini istədi" deyənlər də az deyildi.

- Doğrudan da, həmin gün mənə də, komandaya da düşərli olmadı. 1 top fərqilə uduzurduq. Meydana girən kimi xorvatlar bir qol da vurdular. Heç 2-3 dəqiqə keçməmiş zədələndim. “Mandraj"dan söhbət gedə bilməzdi. Oyundan 1 gün əvvəl Berti Foqts mənə əsas heyətdə oynayacağımı demişdi, əsas heyət oyunçuları ilə birgə məşq edirdim. Özümü oyuna kökləmişdim. Sonra nə fikirləşdisə, adımı il “11-liy"ə salmadı. Düzü, bu, məndə bir qədər ruh düşkünlüyü yaratdı. Buna baxmayaraq, oyuna hazır idim. O ki qaldı özümü zədəli kimi göstərib əvəzlənməyimə, yalan söhbətdi. Bakıya qayıdanda yerimək nədir, otura bilmirdim. Əzələm cırılmışdı, təyyarədə uzanaraq gəlmişəm. 15 gün evdən bayıra çıxa bilmədim. Ağrılar imkan vermirdi. 2 ay müalicə olundum. Şükür ki, əməliyyata ehtiyac olmadı. İndi özünüz deyin, bu qədər yalan olar? Moldova ilə oyunda yenidən yığmaya dəvət aldım. Oyuna sonradan qoşulsam da, məncə, çıxışım pis alınmadı, cəmi 4 dəqiqə sonra qol da vurdum. Xorvatların heyfini onlardan çıxdım.

- Qorxmadın ki, yenə də zədələnərsən?

- Xorvatiyada başıma gəlmişdi deyə, bu dəfə oyundan əvvəl Mahmud Qurbanov istinmə hərəkətlərini yaxşı etdirmişdi. Hətta Faiq Əzizov mənə dedi ki, çıxıb qol vuracaqsan. Elə də oldu.

- Zaur yaxşı futbolçu olub, ya sən?

- Zaur Azərbaycanda dövrünün ən yaxşı hücumçusu olub. Ondan güclü hücumçu olmayıb. İnanmıram ki, futbolumuza indən belə onun kimi hücumçu gəlsin. Bunu qardaşım olduğuna görə demirəm, reallıq budur. Zaurun xasiyyətinə hamı bələddi. İşinə o qədər də ciddi yanaşmırdı, rejimə əməl etmirdi. Elə olurdu ki, oyundan bir gün əvvəl səhərə yaxın yatırdı. Oyuna pomidor-yumurta yeyib çıxırdı. Gəl ki, çıxıb 2-3 qol vururdu. Özünə fikir verməyə-verməyə Azərbaycanın ən yaxşı hücumçusu idi. İndi görün özünə fikir versəydi, necə olardı. Zaura “Bursaspor"dan təklif var idi. Klub nümayəndələri Bakıya gəlmişdilər, 2 gün ondan əl çəkmədilər. 1 milyon dollara yaxın pul təklif edirdilər. Axırda Zaur dedi ki, sabah müqavilə bağlayacam. Səhər yuxudan oyunıb nə fikirləşdisə, telefonlarını söndürdü, dedi ki, getmirəm. Zaur məndən güclü futbolçu olub, əlbəttə, onun kimi olmaq istərdim.

- Futbolçu kimi qardaşına bir qədər bənzəyirsən, bəs, xaraktercə necə?

- Fərqli xarakterlərimiz var. O, çılğındı. Mən isə əksinə. Bunu hər ikimizi tanıyın çox insan deyir. Futbolçu kimi də xasiyyətlərimiz fərlidir. Bir dəfə bir hakim mənə dedi ki, Zaur oyuna çıxmamış bizi söyürdü, amma sənin tamam başqa cür insansan.

- Amma fərqli düşünənlər də var. Heç qulağına çatıb ki, Ağabala özündənrazı insandı?

- Yox. Bəlkə də belə düşünənlər var. Amma səhv fikirdədilər. Çox futbolçularla dostluq edirəm. “Qarabağ"dan Qara Qarayevlə, “İnter"dən Mirhüseyn Seyidovla, “Kəpəz"dən Tərlan Quliyevlə... Bir yerdə uşaq futbolunda oynamışıq. Meydanda rəqib olsaq da, həyatda çox yaxın dostlarıq. Onlar da etiraf edə bilərlər ki, heç vaxt özündənrazı olmamışam. Bir də ki, hamı üçün yaxşı ola bilmərəm ki? İnsanı yaxından tanımadan onun haqqında fikir yürütməyə doğru baxmıram.

- Bir-iki şablon sual verəcəm? Hansı futbolçuya qarşı oynamaq sənin üçün çətindir?

- Heç birinə qarşı.

- Hətta Rəşad Sadıqova qarşı?

- Bəli.

- Bəs, kiminlə oynamaq daha rahatdı.

- Rahid Əmirquliyevlə. “Xəzər Lənkəran"da oynayanda bir gözü həmişə məni axtarırdı. Bir də indi “Sumqayıt"da Uğur Pamuk. Onunla oynamaq mənə zövq verir.

- “Mejdunoq" atmağı xoşlayırsan?

- Azərbaycan futbolunun xəstəliyidir. Kimisə alçaltmaq üçün yox, vəziyyətdən çıxmaq üçün atmışam.

- Buna görə səni “sındırmaq" istəyən olub?

- O qədər.

- Hansı məşqçi ilə işləmək xoş, yaxud çətin olub?

- Mustafa Dənizli ilə çətin idi. “Sumqayıt"la oynayırdıq. Hesabda geri idik. Top meydandan kənara çıxdı, götürüb atdım rəqibə tərəf ki, vaxtı uzatmasın. Sifətini tutub yerə yıxıldı. Hakim də məni meydandan qovdu. Kiməsə xəsarət yetirmək istəmirdim, hərəkətimi səhv başa düşdülər. Oyundan sonra Dənizlini inandıra bilmədim ki, rəqibə xəsarət yetirmək istəməmişəm, məqsədim başqa idi. Con Toşakla işləmək isə adama ləzzət verirdi. O insan həqiqətən dahi məşqçi idi. Həmişə də mənə güvənirdi. Təsəvvür edin, elə hallar olurdu ki, oyun günü hərbi hissədən bazaya gəlirdim. Oyunqabağı məşq keçməməyimə rəğmən, adımı start heyətinə salırdı. Azərbaycan kubokunun bombardiri olanda hərbi xidmətdə idim. Onun haqqını itirə bilmərəm.

- Klubların maliyyə durumundan xəbərdarsan? Səncə, bu gedişlə onsuz da səviyyəsi aşağı olan futbolumuzu nə gözləyir?

- Son illər bir neçə klubumuz çətinliklərlə üzləşib. Götürək, “Xəzər Lənkəran"ı. Həmişə iddialı olan, çempionluğa oynayan bir komandanın indi 9-cu yerdə qərarlaşması... Adamın ürəyi ağrıyır. “Bakı"nın da adını çəkə bilərəm. Vaxtilə Azərbaycanın ən güclüsü idi, indi 1-ci dəstəyə düşüb. Əgər belə davam edərsə, çempionatımıza maraq azalacaq. İnanaq ki, hər şey yaxşı olacaq.

- Manatın devalvasiyasının Ağabalaya xeyri oldu, ya ziyanı?

- Bilirəm nəyi nəzərdə tutursunuz. Kreditim yoxdu, maaşı da manatla alıram. Bu mənada ziyanı olmadı. Amma qiymətlərin qalması hamıya ziyan etdi. Belə baxanda, manatın devalvasiyasının gələcəkdə mənə xeyri dəyə bilər. Xaricə getsəm, müqaviləni dollarla bağlayacam.

- Məbuatda az-az görünürsən. Jürnalistlərdən qaçmağının səbəbi nədir?

- Yox, jurnalistlərdən niyə qaçım ki? Mətbuat işçilərinə böyük hörmətim var. Medianı da hər gün izləməyə çalışıram. Sadəcə, gündəmdə olmağı xoşlamıram. Gündəmə oyunumla düşməyə çalışıram. Bunun üçün də futbol meydanı var. Elə futbolçular tanıyıram ki, jurnalistlərə “hörmət" edirlər ki, ondan müsahibə alsınlar, tərifləsinlər. Elə jurnalistlərə də, futbolçulara da yazığım gəlir.

- Evlənmək fikrin yoxdur?

- Yaxın 2-3 ildə evlənmək istəyirəm. Atam dünyasını tez dəyişib, bizi anam böyüdüb. Bütün qardaş-bacılarım ailə həyatı qurublar. Təkcə mən subayam. Hərdən söhbət edəndə anam deyir ki, bircə səni də evləndirsəydim...

- Söhbətə ad günü ilə başlamışdıq. Nə vaxtsa ad gününü təmtəraqla keçirəcəyinə inanırsan?

- Yox. Ad günümü heç vaxt qeyd etməyəcəm.

Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail