Sadıq Sadıqov: "Yadıma düşəndə, canıma üşütmə gəlir"

18.02.2016 | 9788 dəfə oxunub

Sadıq Sadıqovu yaxşı tanıyırsız. O, ölkədə  “Neftçi İdman Sağlamlıq Mərkəzi”ndən tanınmağa başladı. Orda idman sahəsində qazandığı uğurlar Sadıqovun “Neftçi” klubuna prezident təyin edilməsiylə nəticələndi. Sadıq müəllim ölkənin ən böyük klubuna da ən böyük uğurlarını qazandırdı. Ardıcıl 3 il Azərbaycan çempionluğu, ölkə kubokunun qalibi... və ən əsası Azərbaycan futbolunda ilk – yazılan birinci tarix: Avropa Liqasının qrup mərhələsinə klub yüksəldən ilk prezident kimi adını futbol tariximizə yazırdı. Onun dönəmində “Neftçi” həqiqətən əzəmətli idi və əsil xalq komandası kimi görünürdü. Sadıqovun “Neftçi”dən getməsiylə klub da çökdü. Hazırda isə o, “Neftçi İdman Klubu”nun prezidentidir. Onun başçılıq etdiyi klub I Avropa Oyunlarında 16 medal qazanmaqla böyük uğura nail oldu. Hazırda isə Sadıq müəllim həm də Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun gəlişindən sonra ölkədə cüdo sektorunda da nəzərə çarpacaq canlanma hiss olunur.

Sadıq müəllimlə onun iş yerində, “Neftçi İdman Klubu”nda görüşdük. Söhbətimizə bu il qeyd etdiyi 50 illik yubileyindən başladıq, ən çox sevdiyi idman növü olan cüdoda bitirdik. Nələrdən danışmadıq ki... Bu barədə özünüz oxusaz məsləhətdi.

Beləliklə, Sadıq Sadıqovun Goal.Az saytına geniş müsahibəsi:


“ƏN ƏLAMƏTDARI AVROPA OYUNLARI İDİ”

- Sadıq müəllim, bu il sizin üçün bir neçə məqama görə əlamətdar oldu. 50 illik yubiley, Avropa Oyunlarında rəhbəri olduğunuz “Neftçi İdman Klubu”nun uğurları, Cüdo Federasiyasının vitse-prezidenti təyin olunmanız və s. Bunlardan hansı sizin üçün daha əlamətdar idi?

- (gülür) Həqiqətən çox şeylər oldu... Ancaq ən əlamətdarı Avropa oyunları idi. Məncə bu tədbir yubileydən də önəmli idi. Neçə illərdir idmanın içindəyik, amma belə mötəbər bir tədbir olmamışdı. Çoxları inanmırdı ki, ölkəmizdə bunu bacara bilək. Düşünənlər çox idi ki, Avropa Oyunlarına maraq olmayacaq, turistlər gəlməyəcək, hətta baş tutmayacağını belə deyirdilər. Ancaq Avropa Oyunları çox möhtəşəm keçirildi. İstər açılışı, istər bağlanış mərasimi, istər idmançıların çıxışları, istərsə də yaranan ajiotaj. 2015-ci ili elə Avropa Oyunları ilə bağlayaq. Biz orada “Neftçi İdman klubu” olaraq tam heyətlə çıxış edirdik. Bu oyunlara xüsusi rəng qatan isə 1000-ə yaxın könüllü azarkeşimiz oldu. Oyunlar başa çatandan sonra özümüzə də gec gəldik. Bütün günümüz zallarda keçirdi, evə də çox gec gəlirdik.

- Həm də ölkəmiz adına əsas uğurları “Neftçi İdman Klubu”nun yetirmələri qazandı...

- Bəli, 16 medal qazandıq. Məşəli bizim paralimpiyaçımız İlham Zəkiyev yandırdı. Onun qızıl medal aldığı zaman cənab prezidenti fəxri kürsüyə dəvət etməsi isə həmin ana xüsusi gözəllik qatdı. Oyunların açılışında bayrağımızı da bizim idmançı – cüdoçumuz Elmar Qasımov meydana gətirdi. O, ermənistanda da bayrağımızı yüksəltmişdi, himnimizi səsləndirmişdi.

- Bəs yubiley?

- (ürəkdən gülür) Düzdü e, ad günü olanda qeyd edirik, xoş anlar yaşayırıq. Amma nə üçün? Bir il də qocaldığımız üçün? Adam qocalmasına sevinməz.  Mən 50 illiyimi xüsusi qeyd etmədim, sadəcə ailəmlə bir yerdə. Heç bilmədim necə getdi. Oturub fikirləşəndə sevinmək yox, ağlamaq lazımdır, yaşdan gedir, qocalırsan. 

Vüsal Hacı'nın fotoğrafı.

- Neçə ildi idmandasız?

- (bir qədər fikirləşir) 2002-ci ildən.

- Gəlişiniz necə olmuşdu?

- Oğlumla bağlı olub.

- Necə oldu ki?

- Böyük ovladım Anar Kiq Boksa gedirdi. Onda alındı, məndə valideyn olaraq həmişə yanında oldum, dəstəklədim. Respublika çempionu oldu, iki dəfə. Sonra fikirləşdik ki, Kiq Boksdan Boksa keçirdək. Elə də etdik. Anar orda da özünü doğrultdu. Üç il Azərbaycan çempionu oldu, sonra getdi Avropada üçüncü oldu. İdmana marağım da ordan yarandı.

- Belə deyək də, sizi idmana Anar gətirib...

- (gülür) Hə... 1997-ci ildən Anarla birlikdə idmandayam. Bütün idmançılar da bunun şahidi oldu. Sonra gəldim “Məşəl İdman Klubu”na. 2002-ci ildən bəri də idmanda rəhbər şəxslərdən biriyəm. İndi “Neftçi İdman Klubun”da 35 müxtəlif idman növü var. Görün 35 idman növündə nə qədər idmançımız var... Gənclər və İdman nazirliyinin nominasiyasında bizim klub 8 il qalib olub. İlin ən yaxşı idman cəmiyyəti olaraq. Bu da boş yerə deyil. Həmişə Olimpiya oyunlarında idmançılarımız çıxış edib, uğurlarımız olub. Həmişə nəticə verən idmançıların ən azı yarısı “Neftçi İdman Klubu”nu təmsil edib. Bu qədər uğur və medal ancaq “Neftçi İdman Klubu”nda ola bilər, başqa heç yerdə.


“BUNU KƏNARA QOYA BİLMƏRƏM”

- Gəlin, hələ futbolu qatmayaq. İdmanda sizin üçün ən əlamətdar hadisə hansı olub?

- Məncə, bunu kənara qoya bilmərəm. Ən əlamətdar günümüz ermənipərəst azarkeşlərə dolu olan Kiprdə APOEL-ə qalib gələrək Avropa Liqasının qrup mərhələsinə düşmək idi. Bu, futbolumuz adına yazılan ilk və hələ ki, ən böyük uğur idi. Biz orada tarix yazdıq, heç kim də bunu dəyişə və inkar edə bilməz. Bunu biz bacarmışdıq. Uşaq kimi hönkür-hönkür ağlayırdım. Həyəcandan futbola da baxa bilmirdim. Bir gün özümə gələ bilmədim. Doğurdan da bunu etmişdik. Hər şeyin siftəsi ayrı olur e, biz də bunu bacarmışdıq.

- Bayaq da dediz ki, 35 idman növü var, indi də cüdo xüsusi olaraq işinizdi. Bu qədər idman növü və idmançılar arasında beyniniz yorulmur?

- Bizdə bir şey var da, bacarmadığımız işi  üzərimizə götürmərik. Biz də bu işləri bacardığımız üçün götürmüşük. İndi Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev təyin edilib. Rövnəq müəllimin kadrları da həmişə çalışan və işgüzar olub. Cənab prezidentimizin xüsusi diqqət və qayğısı ilə bütün idman növlərini inkişaf etdirməyə çalışırıq. İndi cüdonu ölkədə yüksək inkişaf səviyyəsinə yüksəltməliyik.

- İnsaf naminə deyək ki, ilk addımlarınız uğurlu olub və canlanma yaranıb...

- Əlimizdən gələni edirik ki, cüdo ölkədə inkişaf etsin. Bəzi problemlər vardı, müəyyən bəlli səbəblər üzündən cüdoda axsamalar vardı. Ancaq bu problemlər həlli aradan qaldırılacaq olan işlərdir. Biz də bunun üzərində çalışırıq. Gələndən də ancaq və ancaq cüdonun inkişafı üçün çalışırıq. Rövnəq müəllim də qarşımıza məqsəd qoyub ki, yeniyetmə və gənc cüdoçuların inkişafına xüsusi diqqət və qayğı ilə yanaşaq. Xüsusən də regionlarda cüdonun inkişafına diqqət etməliyik. 2020-ci il Tokio Olimpiadasına öz cüdoçularımızı yetişdirməliyik. İspaniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində 86 dövlət çıxış edirdi və Azərbaycan medal sıralamasında 5 qızılla, ümumi 10 medalla birinci oldu. Bunun özü böyük uğurdur. Yəni potensial var, göz qabağındadır. Potensial göz qabağındadır, biz də çalışmalıyıq ki, bu cüdoçular daha da inkişaf etsin, daha böyük uğurlar qazansın.

Vüsal Hacı'nın fotoğrafı.

“İNDİ ÖLKƏ FUTBOLUNDA MADDİ PROBLEMLƏR VAR”

- Ölkə futbolunun hazırkı durumunu necə qiymətləndirirsiz?

- Futbol ölkəmizdə öz inkişaf mərhələsini yaşayır. İndi ölkə futbolunda maddi problemlər var. Məncə bu problemli amil yerli futbolçuların üzə çıxmasında xüsusi rol oynayacaq. Kimsə özünü yaxşı futbolçu kimi görmək istəyirsə, əzmkarlıq göstərməlidir, pis vərdişlərdən çəkinərək gecə-gündüz çalışmalıdır. Həmişə media da tənqid edib ki, klublarda əcnəbilərə üstünlük verilir. İndi elə komandalarımız var ki, tam milli futbolçular çıxış edir. Düzdü, həmin ab-hava, ajiotaj yoxdu, amma bu cavan futbolçular da oynamalıdır axı. İndi o gənclər üçün maliyyə baxımından da şans yaranıb ki, oynasınlar və evlərinə 5-10 manat aparsınlar, həm də oynayaraq futbolçu olsunlar. Digər tərəfdən isə millimizin baş məşqçisi Robert Prosineçkinin seçim imkanı genişlənir. Biz “Neftçi”də olanda uşaqları aparırdıq təlim-məşq toplanışlarına, ancaq rəsmi oyunlarda onların qarşısında səviyyəli legionerlər səddə çevrilirdi. İndi isə elə şey yoxdur. Hazırda “Neftçi”də üç legioner var və yerli futbolçular da onları üstələməkdədir. Cavan futbolçular səviyyə baxımından legionerlərdən heç də geri qalmırlar. “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan” tam olaraq yerli futbolçularla çıxış edir. “Zirə”də, AZAL-da, “Kəpəz”də də yerli futbolçular üstünlük təşkil edir. “Xəzər Lənkəran”ın o təcrübəsiz cavan futbolçuları “Neftçi” ilə oyunda necə yaxşı çıxış edirdilər. Sadəcə təcrübəsizlikdən, bəlkə də fiziki hazırlıqsızlıqdan son dəqiqələrdə qol buraxaraq məğlub oldular. AZAL “Qarabağ”ı udur. “Qəbələ” yerli futbolçuların inkişafı üçün o qədər iş görür. Hər bir klub milli naminə inkişaf etməlidir. Klub baxımından məncə uğur qazanmışıq. “Neftçi”, “Qarabağ”, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bunu bacarıb. Milli komandanın uğur qazanmasını istəyiriksə, mütləq yerli futbolçuları inkişaf etdirməliyik. Legioner gətirib milliləşdirib oynatmaqla heç bir uğur qazanmaq olmaz. Biz bunu etdik və heç bir nəticə görmədik. Mən “Neftçi”nin rəhbəri olanda yerli futbolçulara da kifayət qədər şans verdik. Rəşad Sadiqov, Tərlan Quliyev, Elvin Yunuszadə, Araz Abdullayev, Emin Mehtiyev, indi əsas heyətdə çıxış edən Elşən Abdullayev və başqa futbolçulara daim güvənmişdik. Ancaq legionerlərimizin də sayı çox idi. Bu, arenadır. İdmançını işi arenada özünü göstərməkdir. Ona isə media qiymət verəcək. Biz elə bir futbolçu gətirmədik ki, o, komandaya xeyir verməsin. Braziliyadan gətirdiyimi Alessandro, Flavinyo, Rodriqinyo, Denis Silva, çilili Nikolas Kanales, paraqvaylı Erik Ramos, daha əvvəl “Xəzər Lənkəran”dan tanıdığımız Julius Vobay, serbiyalı qapıçı Saşa Stamenkoviç, bütün bunların hamısı komandaya yetərincə faydalı futbolçular oldu. Biz Emil Empenza kimi futbolçunu gətirmişdik. Düzdü, sonra onunla klub arasında problem çıxdı. Ancaq tam məsuliyyətlə deyirəm ki, bu məsələ şübhəlidir. Zatən belə məsələlərdə həmişə FİFA futbolçunun tərəfini saxlayır. Ancaq bu məsələdə “Neftçi”yə verilən cəza haqsızdır.

- Sizi yenidən futbolda görə bilərik?

- Yox, yox, futbol bizim üçün bitib. Nə mənada? Bitdi deyəndə, daha bundan sonra hansısa klubda işləmərəm. Bu gün cüdodayıq. Bu idman növü heç də futboldan geri qalmır. Dünyada ən elitar idman növlərindən sayılır. Yaponiyada yaranıb, bu ölkədə cüdonun inkişafı üçün çoxlu sayda akademiyalar var. Həm də olimpiya idman növüdür.  Bir ayda 3-4 Qran Piri yarışları, dünya və avropa çempionatları keçirilir. Yeganə idman növüdür ki, burada lisenziya xallarla qazanılır. 5, 10, 30, 40 xal toplaya-toplaya lisenziya əldə qazanılır. İndi biz də bura gəlmişik ki, Rövnəq müəllimin göstərişi ilə problemləri aradan qaldıraq, uğurlar qazanaq.

Bildiyiniz kimi, cənab prezidentimiz İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin sədridir. Bütün uğurlarımız onun adıyla bağlıdır.

Biz işləri elə qurmağa çalışırıq ki, qarşıdakı 20-30 ildə cüdoda problem olmasın. Hamımız əl-ələ verib cüdo ailəsi olaraq bu idman növünü ölkədə yüksəklərə qaldırmalıyıq.  


“BİR FACIƏ İDİ...”

- Bayaq ən çox sizi sevindirən məqama toxunduq. Bəs sizi ən çox nə üzüb?

- Nə üzməyib ki... (bir qədər susur) O qədər şeylər olub ki... Mən kluba təzə gələndə Yevlaxdan “Karvan”la oyundan qayıdanda maşınımız qəzaya uğramışdı, iki əməkdaşımız həmin qəzada dünyasını dəyişmişdi. Bir faciə idi... Orda "Neftçi"nin Mətbuat Və İnformasiya Departamentinin əməkdaşı jurnalist Alim Malikoğlu (Məmmədov) və Kadrlar Şöbəsinin işçisi Vahid Həmidov dünyasını dəyişmişdi. O günü xatırlayıram, amma xatırlamaq istəmirəm. Zəng gəldi, getdik ora. Elə bir hava var idi ki... qəza yerinə çatdıq, uşaqları gördüm, yerdəydilər... (uzun müddət susur) Ən ağır günüm həmin gün olub. O hadisə hələ də gözümün qarşısındadır. Allah onlara rəhmət etsin. Biz o bədbəxt hadisədən sonra sponsorla məsləhətləşdik. Sponsorumuz, SOCAR-ın prezidenti Rövnəq müəllim sağ olsun ki, bu məsələyə çox həssas yanaşdılar. Qərara alındı ki, rəhmətə gedənlərin övladlarının 18  yaşı tamam olana qədər onların aldıqları maaşları 100 faiz tam olaraq ailələrinə çatdırılsın. Düzdü, bu pul heç nəyi dəyişməz, amma əlimizdən bundan başqa nə gəlirdi ki? Bədbəxt hadisə idi, heç kim istəməzdi ki, elə olsun. Bir daha Allahdan onlara rəhmət diləyirəm, ruhları şad olsun. Allah o sponsorları da qorusun ki, bu məsələyə xüsusi önəm verdilər. Hələ də yadıma düşəndə, canıma üşütmə gəlir. Hər şey hələ də gözümün qarşındadır. Heç zaman xatırlamaq istəmirəm o ağır günü...

- Siz “Neftçi”də olanda hər oyuna 3 xal üçün çıxırdız. İndi isə digər klublar “Neftçi” ilə oyuna 3 xal üçün çıxırlar... Sizdən sonra “Neftçi” ortabab komandaya çevrilib. Sizə ağır gəlir bu?

- Ağır da olsa, reallıq var da. Bütün klublar bizimdi, hamımız bu ölkənin vətəndaşıyıq və klublar da ölkəmizi təmsil edir. Ancaq “Neftçi” həmişə əziz olub, elə də qalacaq. Ölənə kimi “Neftçi” qəlbimdə qalacaq. Bu komandanın azarkeşiyəm, daima də elə olacaq. Arada vaxt edən kimi televiziyadan komandanın oyununa baxıram. Oyunları alınmır, adama pis təsir edir. “Neftçi” yenə də komandaya uyğun futbolunu sərgiləyir. Mən də kluba gələndə “Neftçi” 6 il idi çempion olmurdu. İndi bir mərhələdir də, onlarında sıxıntıları var, tezliklə aradan qaldırıb yəqin ki, yenə çempionluq üçün oynayacaqlar. O demək deyil ki, komanda belə də qalacaq. “Neftçi”nin uğurları olub, yenə də olacaq. Komandaya yeni adlar gələndən sonra yenə öz sözlərini deyəcəklər. Hər bir komandanın məqsədi olur. Məncə indi onların qarşısına qoyduqları məqsəd başqadır. Problemlərini həll etdikdən sonra uğur haqda da düşünəcəklər. İndi ölkədə bir reallıq var, hazırda Premyer Liqada iki güclü klub var – “Qarabağ” və “Qəbələ”. Bu iki klubla heyət baxımından digərləri müqayisə olunmaz. İndi hər iki komandada büdrəmələr var. “Qarabağ” Gəncədə necə futbol oynadı? Onlar Avroliqada belə çıxış edirdilər? Siz “Qarabağ”ın Londonda “Tottenhem”ə qarşı oynadığı futbolla, Gəncədəkini müqayisə edə bilərsiz?

Deyirlər, “Qəbələ”nin problemi var. “Qəbələ”nin heç bir problemi yoxdu. Onların problemi ondadır ki, hələ də özlərini Avroliqada hiss edirlər. Mən bunları görmüşəm, Avroliqa oyunundan sonra komandanı yerli çempionata kökləmək olmur. Oynanılan rəqiblər, azarkeşlər, meydan amili, ətrafdakı ajiotaj, hamısı öz təsirini göstərir. “Qarabağ” bu mənada “Qəbələ”dən ona görə seçilir ki, ağdamlılar bunu ilk dəfə etmirlər, təcrübələri var. Ancaq “Qəbələ” ilk dəfə belə turnirdə çıxış etdi və komanda üzvləri hələ də o atmosferi özlərindən uzaqlaşdıra bilməyiblər. Aşağıya düşüb adaptasiya da olana qədər gec olur. “Qəbələ” hələ indi indi özünə gəlir. Ardıcıl iki oyunda “İnter” və “Sumqayıt”ı 1:0 hesabıyla məğlub etdilər. Bu komandada heç bir problem yoxdu. Çox yaxşı idarəçiləri var, işlərini də düzgün görürlər. Sadəcə dediyim kimi, problemləri iki fərqli turnir arasındakı adaptasiyadır. Hər şey sırf motivasiya ilə bağldı. “Qarabağ” Avroliqa oyununda 40 min azarkeşin qarşısında oynayır, çempionatda 400. Fərq görün nə qədər böyükdür?

“Qəbələ” “Borussia”ya qarşı oynayır, sorada yerli çempionatda autsayderlə. Bunu qoyub ona getdik e. İndi “Neftçi”nin heyətinə də gənc demək olmaz. Hazırda komandada çıxış edən Ruslan Qurbanov, Araz Abdullayev, Cavid İmamverdiyev bizim vaxtımızda da çıxış edirdilər və kifayət qədər də yaşları var. Bu yaşda futbolçular Avropada qoca sayılırlar. İndi “Neftçi” bunlarla yanaşı gənc futbolçularıyla yerli çempionata rəng qatmaq istəyir, məncə. “Neftçi”nin medal qazanmaq şansı da var, Avroliqaya da vəsiqə qazana bilər.

İnanaq ki, “Neftçi” yüksəliş mərhələsinə qədəm qoyacaq və o azarkeş ordusunu yenə sevindirəcək. “Neftçi” azarkeşləri uğurlar üçün darıxıb, onları sevindirmək lazımdır.

Vüsal Hacı'nın fotoğrafı.

“QƏBƏLƏ”NİN HEÇ BİR PROBLEMİ YOXDUR”

- Futbolda asan idi, yoxsa indi cüdoda?

- Bir qədər burda da adaptasiya lazım gəldi (gülür). Çünki cüdoda yeniyik, burda da bəlli problemlər vardı. Hazırda problemləri aradan qaldırıb yüksəlişə keçmək üçün çalışırıq. Adam da yavaş-yavaş öyrəşir də. Əsas məsələ relsə düşməkdi. Bundan sonra hər şey yaxşı olur. İndi olimpiada qapımızı döydüyü üçün, bir qədər tələskənlik var.

- Qarşıya məqsəd qoyulub ki, cüdoda olimiadaya neçə vəsiqə qazanılmalıdır?

- Cüdoda kişilərdə 7 çəki dərəcəsi var. Bunun da beşi artıq təmin olunub. Qarşıda hələ çox yarışlar var, yəqin ki, onlardan da lazım olan xalları yığıb, digər iki çəki dərəcəsində də lisenziya əldə edəcəyik. Əsas məqsədimiz 7 lisenziyanı almaqdır. Indi 5 var, yerdə qalan 81 və 90 kq çəki dərəcələrində də bunu həll etməyə çalışırıq. Bundan sonra isə oturub medal barədə düşünəcəyik.

- Premyer Liqa oyunlarına baxırsız?

- Vaxt olanda baxıram. Əvvəlki kimi maraq yoxdur. Çünki indi yatanda da yuxuda cüdo görürəm. Çünki qarşımızda məsuliyyət var. İndi ancaq cüdo barədə düşünürük, yarışlara çox vaxt ayırırıq, futbola baxmağa da zaman qalmır. Evdə  ancaq televiziyada xəbərlərdən, saytlardan oxuyuruq, məlumat əldə edirik.

- Bir neçə gün əvvəl SOCAR-ın Beynəlxalq Cüdo Federasiyası ilə sponsorluq müqaviləsi bağlamasıyla bağlı xəbər çıxdı. Bu isə mətbuatda birmənalı qarşılanmadı...

- Bilirsiz, burda məsələyə düzgün yanaşmaq lazımdır. Beynəlxalq Cüdo Federasiyasının bütün dünya ölkələri arasında müqavilələri var. O memeronduma əsasən həmin ölkənin regionlarında cüdo inkişaf etdirilir, məşqçilər və hakimlər seminarlara qatılır, beynəlxalq yarışlarda hakimlər təyinat alır. Biz də bu ailəyə qoşulduq və iki tərəf arasında belə müqavilə bağlandı. Biz müqavilə bağlayıb Beynəlxalq Cüdo Federasiyasına pul ödəmirik ki! Sadəcə müəyyən məbləği məhz Beynəlxalq Cüdo Federasiyasının adından ölkəmizin regionlarında cüdonun inkişafı üçün xərcləyəcəyik. Yəni həmin pul elə ölkədə qalacaq, kənara çıxmır. Biz onsuz da bu işi görəcəyik, sadəcə bu müqavilə bağlandı və işlər Beynəlxalq Cüdo Federasiyasının xətti ilə görüləcək. Və əsas məsələ odur ki, ortada konkret olaraq məbləğ yoxdur. Sadəcə gördüyümüz işlər Beynəlxalq Cüdo Federasiyasının adıyla bağlı olacq.

- Necə düşünürsüz, “Qarabağ”ın alternativi var?

- Məncə ancaq “Qəbələ” müqavimət göstərə bilər. Ancaq “Qarabağ” aşkar favoritdir.

- “Zirə”ni sürpriz sayırsız?

- Xeyr.

- Yeni yaranan klubdur...

- Nə olsun ki, mənim vaxtımda da “Neftçi” yeni yaranmışdı da. “Neftçi”nin adı qalmışdı bəyəm? Bilirsiz, əsas məsələ seçimdir. “Zirə” də məşqçi və futbolçular baxımından seçimi çox düzgün aparıb. Göstərdikləri oyun və nəticə də bundan xəbər verir. Ən pis halda bu komanda üçüncü olacaq. Yeni yaranıb, köhnə yaranıb, bunlar sadəcə addır. Uğur isə düzgün strategiya seçmək, doğru məşqçi gətirmək və məşqçinin də düzgün futbolçu seçimi etməsidir. Bunlar oldusa uğur mütləq gələcək.

- Ölkə futbolunda ardıcıl çempionluqlar qazanmış prezident kimi hazırkı format və limit barədə nə düşünürsüz?

- Bu idmandır, idmanın isə bir xüsusiyyəti var, ancaq praktika. Deyirlər e, yaxşı legioner gəlsin, onun yanında da bu biri öyrənsin. Gəlsin, amma öyrənən də oynadılsın. Öyrənsin, amma oynanılmasın. Kimə faydası var bunun? Futbolçu oynaya oynaya, güləşçi güləşə güləşə öyrənməlidir. Mən də o vaxt düşünürdüm ki, 3-5 il Premyer Liqanı legionersiz çempionat edək. Görək, yenilər bizə nə verəcək . Ancaq bu, fikir olaraq qaldı. İndi bunu “Sumqayıt” edir, amma onlar tək edəndə rəqabət də düzgün olmur. Bütün klublar yerlilərə üstünlük verməlidir ki, milli komanda üçün futbolçular yetişsin, baş məşqçi Prosineçkinin də seçim imkanı olsun. Biz klub səviyyəsində uğur qazanmışıq. “Neftçi”, “Qarabağ”, “Qəbələ” bunu bizə yaşatdı. İndi isə milli komanda üçün çalışmalıyıq. O vaxt rəqabət başqa idi, hamının güclü heyəti vardı, legionerlərə üstünlük verirdilər, bizdə məcbur qalıb bunun üçün güclü legionerlər dəvət edirdik ki, rəqabət apara bilək. İndi isə vəziyyət dəyişib. Hazırda “Neftçi”nin əsas heyət üzvü olan Fəhmin Muradbəylini, Elşən Abdullayevi komandaya biz cəlb etmişdik, amma legionerlərin kölgəsində qalmışdılar. Nə qədər çalışsalar da, çabalaya-çabalaya qalırdılar. İndi isə vəziyyət dəyişib və onlar üçün oynamaq şansı yaranıb. Bu futbolçular da özlərini göstərirlər. Bunlar oynamalıdır ki, yetişsin də. “Kəpəz”də yaxşı yerli futbolçular var, Prosineçkidə oyuna baxmaq üçün Gəncəyə gedir.

Samir Məsimovu biz gətirmişdik “Neftçi”yə. İndi getdi Sloveniyanın adlı-sanlı “Domjale” klubuna. Orda əsas heyətdə oynasa, mütləq milli komandada da çıxış edəcək.

İndi iki seçim var, ya legionerləri oynadıb klubları düşünməliyik, ya da milli üçün yerlilərdən yapışmalıyıq. Berti Foqts futbolçu üçün ağlayanda qınayırdıq, yox idi də, yazığın balası düz deyirdi. 

- Sonda bir sual da verim. Ən çox sevdiyiniz idman növü hansıdı? 

- (ürəkdən gülür) Cüdo.

Söhbət etdi: Vüsal GÖZƏLOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail