Hakim Hacıyev: "Bizim amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirməkdir" - MÜSAHİBƏ

03.03.2016 | 11984 dəfə oxunub

Kikboksinq üzrə 22-ci Azərbaycan çempionatında Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin (DİN İC) yetirmələri inamla çıxış edərək komanda hesabında birinci oldular. Uğurla bağlı daha ətraflı məlumat almaq üçün cəmiyyətin kikboksinq üzrə baş məşqçisi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Hakim Hacıyevlə görüşdük. Hakim müəllim, bizi maraqlandıran suallara səmimi cavab verdi. Hacıyevin Stadium.Az saytına müsahibəsini təqdim edirik:

 - Bildiyimiz kimi, bu ay kikboksinq üzrə növbəti Azərbaycan çempionatına yekun vuruldu. Digərilərinə nisbətən bu ölkə çempionatı sizin yaddaşlarınızda nə ilə yadda qaldı?

 - Fevralın 15-dən 18-dək böyüklər arasında Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçirildi. Bu yarışlara Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti olaraq iki ay əvvəldən məşqlərimizə başlamışdıq. İstər texniki, istərsə də fiziki cəhətdən tələbələrim çempionata yüksək səviyyədə hazırlaşmışdılar. Məhz çəkdiyimiz əziyyətin bəhrəsini yarışın yekununda gördük. Tələbələrim uğurlu çıxış edərək komanda hesabında birinci oldular. Digər çempionatlara nisbətən builki ölkə çempionatının final mərhələsi yadda qalan oldu. Belə ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev yarışdan qabaq keçirilən iclasda vurğuladı ki, həlledici görüşlərdə idmançılar qoruyucu vasitələrsiz rinqə çıxsınlar. Peşəkar yarışlarda olduğu kimi, idmançılarda baş və ayaq qoruyuclarından istifadə etmədən döyüşdülər. Hər bir final döyüşü həqiqətən maraqlı idman mübarizəsi şəraitində keçdi və layiq olan idmançılar birinci yerə layiq görüldülər. Bir məsələnidə qeyd etmək istəyirəm ki, yarışda 600 yaxın idmançı qüvvəsini sınadı. İdmançıların çoxlu sayda iştirak etməsi, kikboksinqin ölkəmizdə inkişafından xəbər verir. Bu göstərici əvvəlki illərə nisbətən yüksəkdir.  


'Bu gün Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, DİN İdman Cəmiyyətinin kikboksçusu,10 qat Azərbaycan Çempionu,Dünya Çempionu Ramal Aslanovun doğum günüdür.
Ramal bəyi təbrik edir və can sağlığı arzulayırıq.'

 - Qeyd etdiniz ki, əvvəlki yarışlara nisbətən builki ölkə çempionatına daha inamla hazırlaşmışdınız. Əsas məqsədiniz nədən ibarət idi?

 - Bildiyiniz kimi, ölkə çempionatında qalib gələn idmançılar yığma komandanın tərkibini müəyyənləşdirir. Hər bir məşqçi istəyir ki, onun daha çox tələbəsi yığma komandanın heyətinə düşsün. Mənimdə əsas məqsədim ondan ibarət idi ki, müxtəlif çəki dərəcələrində daha çox tələbəm iştirak etsin. İdmançılarım isə onlara bəslənilən ümidləri artıqlaması ilə doğrultdular və komanda hesabında birinci olaraq kuboku başları üzərinə qaldırdılar.

 - Ölkə çempionatının kubokunu qazandınız. Bəs, elə bir tələbəniz oldumu ki, uğurlu çıxış gözlədiyiniz halda, o, sizin etimadınızı doğrultmadı?

- Ümumiyyətlə, bu yarışda tələbələrim 5 qızıl medal qazandılar. Kişilərin yarışında 3, qızların yarışında isə 2 tələbəm fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Əvvəlcə özünü doğruldan idmançılarımızdan danışmaq istəyirəm. Belə ki, 60 kq çəki dərəcəsində çıxış edən tələbəm Zöhrab Əzimov çempion oldu. Zöhrab 3 döyüş keçirirək finala yüksəldi. Həlledici mərhələdə isə gözəl döyüş göstərərək qızıl medalı boynundan asdı. 71 kq çəki dərəcəsində Ramal Aslanov bütün rəqiblərini qabaqladı. Ramal 2 döyüşdə qalib gələrək finala yüksəldi. Əsas mərhələdə isə əla döyüş texnikası göstərərək birinci oldu. Digər bir tələbəm Emil Mövsümzadə isə 75 kq-da çempion tituluna yiyələndi. Emil 3 döyüşdə qalib gələrək qızıl medala sahib çıxdı. Qeyd etmək istəyirəm ki, adını çəkdiyim bu idmançılar kikboksinqin WAKO versiyası üzrə Avropa və dünya çempionatlarında bayrağımızı dəfələrlə qaldırıblar. Bundan başqa 67 kq-da yarışan İbrahim Məmmədov qızıl medala sahib çıxdı. Qızların yarışında isə 67 kq-da Yelena Abbasova çempion oldu. 54 kq-da isə Həmidə Rüzgarlı bütün rəqiblərinə qalib gələrək layiqli nəticəyə imza atdı. Digər tələbələrimə gəldikdə isə, 91 kq çəki dərəcəsində çıxış edən Elnur Həmidovdan mən qızıl medal gözləyirdim. Lakin o, yarfmfinal mərhələsində məğlub olaraq bürünc medala sahib çıxdı. Elnur ötənilki çempionatın qalibi olmuşdu. Daha sonra Nahid Əsədov qızıl medal gözləyəcəyimiz təqdirdə, bürünc medalla kifayətləndi. Medal qazanmayan tələbələrimdə oldu. Halbuki həmin idmançılar ötən il təşkil olunan Azərbaycan çempionatında medal qazanmışdılar. Nəticə qazanmayan tələbələrimə onu bildirmək istəyirəm ki, daha çox çalışsınlar və yüksək nəticələr göstərsinlər.


Hakim  Haciyev'in fotoğrafı.

- Sizin üçün bu yarışda sürpriz idmançı oldu?

- Daxili İşlər Nazirliyinin polis əməkdaşı İbrahim Məmmədov 67 kq çəki dərəcəsində uğura imza ataraq çempion oldu. Finalda güclü rəqibi ilə qarşılaşdı. 3 raundda qalib müəyyənləşmədiyindən əlavə hissə ayrıldı. Bu hissədə inamlı təsir bağışlayan İbrahim qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəldi. Bu bizim üçün sürpriz oldu. Bundan başqa 60 kq-da çempion olan Zöhrab Əzimovun çıxışın qeyd etmək istəyirəm. Çünki onun finaldakı güclü rəqibi Sərxan Mədətov idi. Çoxları bu yarışda Sərxanın qalib gələcəyini düşünsə də, hər şey əksinə oldu. Tələbəm uğurlu çıxış edərək rəqibinə qalib gəldi.

- Yeri gəlmişkən biz həmin döyüşü yaxından izləyirdik. Zöhrab birinci raunddan sonra hamıda belə bir fikir formalaşdırdı ki, o artıq məğlub olub. Lakin sonrakı raunda hücum taktikası seçərək qalib gəldi…

- Zöhrab birinci raundda müdafiə taktikası seçərək rəqibi fiziki cəhətdən yordu. Sonrakı hissələrdə isə o, yavaş-yavaş hücum taktikasına üstünlük verdi. Hətta müəyyən hissələrdə hakimlər tərəfindən Sərxana hesabda açıldı. Yekunda hakimlərin qərarı ilə tələbəm rinqi qalib tərk etdi.

- Ölkəmizdə kikboksinq deyiləndə ilk olaraq məşqçi Hakim Hacıyev yada düşür. Ümumiyyətlə uğur qazanmanızın sirri nədədir?

- Uğur qazanmağımın elə bir sirri yoxdur. Tələbələrimlə yeniyetmə yaşlarından məşğul oluram. Artıq 10-12 ildir ki yetirmələrim mənim yanımdadırlar. Onlar neçə ildir ki, məşqçilərinə sadiqdirlər. Məndə öz üzərimə düşən işi məsuliyyətlə yerinə yetirirəm. Bundan başqa onlarla məşqçilikdən əlavə həmdə dostam. Yetirmələrimin bütün problemləri ilə daima yaxından tanış olmuşam. Çalışmışam ki, hər zaman onların bir çətinlikləri olmasın. Düşünürəm ki, onlar inanıb neçə illərdirki mənim yanımdadırlar, məndə hər zaman onların uğurları üçün çalışacam.

- Tələbələriniz arasında «dayı» ləqəbi ilə tanınırsınız

- Bəli (gülür). Yetirmələrimin məni özlərinə dayı bilməsi həqiqətən məni sevindirir. Çünki, bu münasibət heç bir məşqçiyə nəsib olmur. İnsan ən yaxın bildiyi bir adama dayı deyir. Əgər tələbələrim mənə dayı deyə müraciət edirlərsə, mən özümü xoşbət insan hesab edirəm.

- Söhbətimiz əsnasında vurğuladınız ki, tələbələrimlə yeniyetməlik dövründən məşğul oluram. Kadetlər arasında keçirilən ölkə birincilyində necə nəticə sizi qane etdimi?

- Kadetlərin yarışında iki tələbəm çıxış edirdi. Düzdür, bu il daha çox böyüklərin yarışına üstünlük verdim. Lakin kadetlərin birinciliyində gedən döyüşləridə nəzərimdən qaçırmırdım. Belə ki, 40 kq çəki dərəcəsində Qədir Əliyev çempion oldu. 51 + kq-da isə Əli Qarayev 3-cü oldu. Adını çəkdiyim idmançılar inanıram ki, gələcəkdə də daha uğurlu çıxış edərək böyük uğurlara imza atacaqlar. Hər bir çıxışımda qeyd etmişəm ki, idmançı yeniyetmə yaşlarından yetişməlidir ki, gələcəkdə böyüklərin yarışında çıxış edəndə nəticə verə bilsin. Buna misal olaraq tələbəm Zöhrab Əzimovu misal çəkə bilərəm. Müxtəlif beynəlxalq yarışlarda qüvvəsini sınamaqla bu gün peşəkar bir səviyyəyə gəlib çatıb.

- Hakim müəllim, kikboksinqin dünya üzrə ən inkişaf versiyalarından biri də K-1-dir. Ölkəmizdə bu versiya üzrə nəticə verən idmançılarımız demək olar ki, yox dərəcəsindədir. Tələbələrinizin gələcəkdə bu versiya üzrə çıxış etməsini istərdinizmi?

- Bəli. Artıq yetirmələrim K-1 versiyası üzrə çıxış etməyə başlayıb. Belə ki, mart ayında Ramal Aslanov Almaniyada K-1 versiyası üzrə dünya kəməri uğrunda döyüşəcək. Yəni bildirmək istəyirəm ki, hər şey zamanla öz həllini tapır. Çünki, birdən-birə yüksək nəticə vermək olmaz. Ölkəmizdə də, artıq peşəkar döyüşlər keçirilir. Bunun üçün federasiyanın prezidenti Adil Əliyevə öz minnətdarlığımı bildirirəm. Adil müəllim, hər zaman bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni əsirgəmir.


Ramal Lord Aslanov'un fotoğrafı.

- Ötən il ilk dəfə olaraq kikbosinq üzrə peşəkarlar arasında Azərbaycan kəməri uğrunda çempionat keçirildi. Bildiyimizə görə, təxminən 2 aydan sonra Naxçıvan şəhərində növbəti yarış təşkil olunacaq. Ümumiyyətlə, ötən il hansı nəticələrə imza atdınız və bu il hansı uğurlara nail olacağınızı düşünürsünüz?

- Keçən il 3 tələbəm Azərbaycan kəmərinə sahib çıxdı. Ramal Aslanov, Emil Mövsümzadə və Nahid Əsədov uğura imza atdı. Dogrusu 4 kəmər gözləyirdim. Yetirməm Zöhrab Əzimovun nəticə qazanacağına inanırdım. Onun 60 kq-da döyüşəcəyini planlaşdırmışdım. Lakin sonradan müəyyən səbəblər üzündən o,  63,5 kq çəkidə döyüşdü. Zöhrab Əzimov bu çəkidə çıxış etməsinə baxmayaraq layiqli çıxış edərək finala yüksəldi. Həlledici mərhələdə onun rəqibi Elnur Dəryagir oldu. Bildiyimiz kimi, Elnur kifayət qədər nəticə vermiş peşəkar bir idmançıdı. Buna baxmayaraq, Zöhrab onunla başa-baş döyüşdü. Lakin kəmər Elnura nəsib oldu. Bu il Zöhrab müəlliminə söz verib ki, o kəmərə sahib çıxacaq. Bir məsələnidə qeyd etmək istəyirəm ki, idmançı kəmərin onda qalması üçün 3 dəfə qalib gəlməklə müdafiə etməlidir. Əgər idmançı məğlub olacağı təqdirdə kəmər ondan alınacaq.

- Tələbələriniz elə bir döyüşü olubmu ki, indiyənə qədər onu yaddan çıxıra bilmirsiniz?

- Bəli. Yetirmələrim həmişə dünya və Avropa çempionatlarından vətənə qızıl medallarla döndüyü üçün mənə «Qızıl məşqçi» adın veriblər. Bundan başqa məni rinqə dəsmal atdıran məşqçi kimi də tanıyırlar. Bununda balaca bir tarixi var. Belə ki, ötən il İspaniyanın San Sebastian şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında Zöhrab Əzimov finalda Rusiyalı idmançının məşqçisinə dəsmal atdırdı və qızıl medala sahib çıxdı. Bu döyüşü mən heç vaxt yadımdan çıxara bilmirəm. Həmin an göz yaşlarımızı saxlaya bilmədik. Bu sevinc göz yaşları idi. Axır ki, Rusiya yığma komandasının məşqçisinə məcbur etdik ki, döyüşü yarımçıq saxlamaq üçün dəsmal atsınlar. Həmişə yadıma düşəndə qürur hissi keçirirəm.

- Hakim müəllim, bəzi idmançılar var ki, bir müddət idmanda uğur qazandıqdan sonra tamamilə idmandan uzaqlaşırlar. Bunun səbəbin siz nədə görürsünüz?

- Pis idmançı yoxdur. Onu pis işlərə yönəldən insanlar var. Bütün idman növlərində olduğu kimi, kikboksinqdə də bəzi insanlar var ki, öz mənafeləri üçün idmançıları aldadaraq öz tərəflərinə çəkirlər. Bir müddət istəklərinə nail olduqdan sonra onunla yollarını ayırırlar. Belə idmançılar dayaqsız olduğu üçün çıxılmaz vəziyyətlərə düşürlər və başqa pis vərdişlərlə məşğul olmağa başlayırlar. Şükürlər olsun ki, bu gün kikbosinqdə belə hallara rast gəlinmir. Çünki, bizim amalımız Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimiz səsləndirməkdir. 

Vüsal Hacı'nın fotoğrafı.

- Məşqçi kimi, müsbət və mənfi cəhətlərinizi görə bilirsiniz?

- Müsbət cəhətlərimi deyə bilmərəm. Bunu ətrafımda olan insanlar daha yaxşı bilərlər. Mənfi cəhətlərimə gəldikdə isə, həddindən artıq çılğınam. Tələbələrimin haqqı tapdalananda onların sözlərini həmin dəqiqə deyirəm. Ümumiyyətlə, haqq tapdalananda çox tez əsəbləşirəm.


- Peşəkar idmançı yetişdirməklə bərabər, siz onları sabahın gənc əsgərləri kimi hazırlayırsınız?

- 18 yaşım tamam olandan sonra həqiqi hərbi xidmətə çağrıldım. 1997-ci ildə ordudan təxris olunandan sonra Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində məşqçi kimi, həm də Daxili İşlər Nazirliyində polis əməkdaşı kimi fəaliyyət göstərməyə başladım. 18 yaşımdan bu günə qədər hərbi forma hər zaman mənim yanımda olub. Tələbələrimədə hər zaman vətənə bağlı olmağı öyrətmişəm. Hər zaman çalışmışam ki, onlar sabah həqiqi hərbi xidmətə çağrılanda, orduda heç bir çətinlik çəkməsinlər. Tələbələrimdə orduda daima nümunəvi əsgər kimi xidmətlərini başa vurmuşlar.

- Hakim müəllim, haqqınızı itirən tələbələriniz olubmu?

- Əlbəttə. Haqqımızı itirən tələbələrimiz çoxdur. Burda da, mən qəbahət bir iş görmürəm. Onlar başqa yerlərdə uğurlar qazansalarda, haqqımı itirsələr də, hamı bilirki onu idmançı kimi Hakim Hacıyev yetişdirib.

Vüsal Hacı'nın fotoğrafı.

- Övladlarınızın kikboksla məşğul olmasını istərdinizmi?

-  Hər zaman övladlarımla fəxr etmişəm. Onlar dərslərini əla oxumaqla yanaşı, həm də idmanla məşğul olurlar. Dərslərindən əlavə mütəmadi olaraq şahmat oynayırlar. Şahmat yarışlarında da, daima qüvvələrini sınayırlar. Rəsul Hacıyev hap ki do üzrə kadetlər arasında respublika birinciliyinin qalibidir. Gələcəkdədə onlara yarışlarda iştirak etmək imkanı yaradacam.

 - Sonda demək istədikləriniz…

- Məndə öz növbəmdə sizə daima idmançıların əldə etdiyi uğurları işıqlandırdığınız üçün dərin təşəkkürümü bildirirəm.

 Zaur Mehtiyev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail