Roman Qriqorçuk: "Buna görə bütün azarkeşlərimizdən üzr istəyirəm" - MÜSAHİBƏ

13.05.2016 | 3929 dəfə oxunub

“Qəbələ”nin baş məqçisi Roman Qriqorçukun müsahibəsni təqdim edirik: 

- Son dövrlər, “Qəbələ”nin qeyri-sabit çıxışı sanki azarkeşlərdə komandaya qarşı aqressiya yaradıb. Buna necə izah verərdiniz?

- Sualınız mənə “Qəbələ”yə gəlişimin ilk dövrünü xatırlatdı. Həmin vaxt biz üçüncü dövrəyə yaxşı başlaya bilməmişdik. Ardıcıl bir neçə məğlubiyyət almışdıq. Bu da öz növbəsində azarkeşlər tərəfindən mənə və komandaya qarşı bəzi etirazların ortaya çıxmasına səbəb olmuşdu. O zaman biz kollektiv olaraq azarkeşlərimizin iradlarını və etirazlarını dinləmişdik, onlara müəyyən mənada haqq vermişdik. Ardından nəticələrimiz düzəldi və hər şey yoluna düşdü. Azarkeşlər komandanın təəssübkeşləridir, daim komandanın yanında olurlar, ona dəstək verirlər. Onların etirazları, aqressiyaları başadüşüləndir. İnanıram ki, biz öz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməklə azarkeşlərimizin bizdən tələb etdiklərini onlara verə biləcəyik. Bununla da hər şey yoluna düşəcək. Tərəfdarlarımızı bir az səbrli olmağa çağırıram. Bizim daim onların dəstəyinə ehtiyacımız var.

- “Qarabağ” - “Qəbələ” matçının gedişində bəzi azarkeşlər sizi hədəfə aldılar və “İstefa” şüarı səsləndirdilər...

- Təbii ki, heç bir məşqçi belə bir halla üzləşmək istəməz. Baş verənlər mənə də təsirsiz ötüşmədi, kefimin pozulduğunu deyə bilərəm. Bu azarkeşlərin baxış bucağıdır, qərarıdır və heç kim onlara hansısa fikrin səsləndirilməsində qadağa qoya bilməz. Məsələyə ilk dövrdə olduğu kimi səbrlə, təmkinlə yanaşmalı olduğumuzu bilirəm. Bu halda vəziyyəti normala qaytara biləcəyik. Digər tərəfdən sözügedən yanaşmanın bütün azarkeşlərimizin fikri ilə uzlaşdığına inanmadığımı bildirməliyəm. Düşünürəm ki, bu yalnız bir qrup “Qəbələ” tərəfdarının fikridir.

- Oyunsonrası mətbuat konfransında həmin azarkeşlər barədə səsləndirdiyiniz fikirlər birmənalı qarşılanmadı...

- Mətbuat konfransında əsl azarkeşlərin daim komandanın yanında olduqlarını, onu nəticələrindən asılı olmayaraq dəstəklədiklərini bildirdim. Emosiyalara qapılıb biraz sərt ifadələr də işlətmiş ola bilərəm. Buna görə bütün azarkeşlərimizdən üzr istəyirəm. O fikirləri deməklə bütün azarkeşlərimizi nəzərdə tutmamışdım. Bu sözlər komanda ilə azarkeşlər arasında gərginlik yaradan, ailə atmosferini pozan şəxslərə aiddir. Mənim komandamızın azarkeşləri ilə qarşılıqlı hörmətə söykənən yaxşı münasibətlərim var. Onlarla imkan düşdükcə görüşürəm, fikirlərini, iradlarını dinləyirəm və hər birinə hörmətlə yanaşıram. Qəbələnin veteran futbolçuları və ziyalıları ilə görüşdə də azarkeşlərimizin dəstəyindən söz açmışdım, onların arxamızda olmasıyla fəxr etdiyimizi bildirmişdim. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, biz futbolu ilk növbədə azarkeşlərimiz üçün oynayırıq.

- Həftə sonu “Qəbələ” doğma meydançada mövsümün son oyununu keçirəcək. Azarkeşlərə sözünüz var?

- Çətin, enişli-yoxuşlu, ilklərlə, “Qəbələ” üçün tarixi uğurlarla zəngin bir mövsümü tamamlamaqdayıq. Uzun bir marafon oldu və bu marafonda tək irəliləmədik. Azarkeşlərimiz də daim yanımızda oldu. Əgər hər hansı bir uğurumuz varsa, bu uğurda tərəfdarlarımızın da böyük payı var. Həftə sonu Qəbələdə mövsümün son ev oyunu baş tutacaq. Mövsümə doğma meydanda “Dinamo” (Tiflis, Gürcüstan) oyunu ilə start vermişdik. Möhtəşəm azarkeş dəstəyi görmüşdük və istədiyimiz nəticəni qazanmışdıq. Güclü ailə olduğumuzu göstərmişdik. Mövsümə eyni emosiyalarla, xoş hisslərlə nöqtə qoymaq əla olardı. Necə deyərlər, gözəl finiş növbəti uğurlu start üçün stimuldur. Biz azarkeşlərimizdən bu stimulu gözləyirik. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail