Aqil Acalov: "Bizim əsas məqsədimiz mədəniyyətimizi, tariximizi gənc nəsillərə aşılamaqdır"

13.06.2016 | 8411 dəfə oxunub

Bu gün ölkəmizdə inkişafa qədəm qoymuş idman növlərindən biri də alpaqutdur. Alpaqut  - Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən bir idman növüdür. Bu növün ölkəmizdə inkişafı ilə bağlı daha ətraflı məlumat almaq üçün federasiyanın prezidenti Aqil Acalovla görüşdük. Aqil müəllim, ona ünvanladığımız sualları səmimi cavablandırdı.

- Aqil müəllim,  istərdik ki, özünüz haqqında oxucularımıza məlumat verəsiniz.

- Bakıda ziyalı ailəsində dünyaya gəlmişəm. 1992-ci ildə Binəqədi rayonu 3 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunmuşam. 2003-cü ildə məktəbi bitirərək Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tənzimlənməsi fakültəsində oxumaq imkanı qazanmışam. 2007-ci ildə ali məktəbi «Əməyin iqtisadiyyatı və sosiologiyasi» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə Dövlət İqtisad Universitetinin «Təbiətdən istifadənin iqtisadiyyatı» fakültəsinin magistraturasına daxil olmuşam. 2009-cu ildə buranı da fərqlənmə diplomu ilə bitirdikdən sonra iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün, Dövlət Kooperasiya Universitetinin doktoranturasında təhsilimi davam etdirmişəm. 2015-ci ildə «İnnovasiya amilinin müəssisələrin səmərəli inkişafına təsiri istiqamətləri» mövzusunda elmi işimi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. Ölkəmizdə və xaricdə bir sıra elmi məqalələrin müəllifiyəm. 2011-ci ildə milli döyüş sənəti Azərbaycan «Alpaqut» Federasiyasının 1-ci vitse-prezidenti, 2014-ci ildən isə prezidenti vəzifəsini icra edirəm. Eyni zamanda «Dünya Alpaqut Federasiyası»nın (dünya türklərinin döyüş sənətlərini bir arada birləşdirən beynalxaq təşkilat) təsisçilərindən biri və idarə heyətinin üzvüyəm. Şərq əlbəyaxa döyüş növləri üzrə idman ustası, 3 san qara kəmərin sahibiyəm.

Vüsal Hacı'nın fotoğrafı.

- Azərbaycan «Alpaqut» Federasiyasının prezidentisiniz. İstərdik ki, bu idman növünün tarixi haqqında fikirlərinizi bizimlə bölüşəsiniz.

- Alpaqut sözünü hissələrə ayırdıqda müqəddəs(qüdrətli) döyüşçü mənasını verir. Alpaqutlar tarixin yaddaşında dərin iz buraxıblar. Məlumunuz var ki, tarixdə əzəmətli Göytürk dövləti olub və bu dövlətin Sasani, Roma və Çin kimi güclü imperatorluqlarla sərhədləri mövcud olub. Say azlığına baxmayaraq Göytürk dövləti həmişə bu dövlətlər qarşısında nəinki duruş gətirib hətda həmişə döyüş qabiliyyətinə görə üstün olub. Məhz bu səbəbdəndir ki, onlar hər zaman türklərdən çəkiniblər. Ümumiyyətlə, döyüşçü olmaq türklərin həyat tərzi idi. Məsələn, 3 yaşında olan türk övladı qoyunun belində çaparaq oxla bir siçan vurmağı bacarmalı, 5 yaşında qoyunun belində çaparaq oxla 2-3 üç siçan vurmalı idi. 8 yaşında isə artıq at belində ov vurmalı və ovunun sayını artırmalı idi. 16 yaşında isə artıq at belində qılıncla, oxla döyüşməyi bacaran peşəkar döyüşçü kimi tam yetişməli idi. Yəni, bunlara hansısa bir peşəkar tərəfindən döyüş dərsi keçirilmirdi. Həmin dövrlərdə Göytürk dövlətində ordu 3 hissədən - atlılardan, ox atanlardan və Alpaqutlardan ibarət idi. Alpaqutların orduda üzərilərinə çox böyük yük düşürdü. Belə deyək, Alpaqutlar xüsusi təyinatlı dəstələr idilər. Bunlar heç bir zaman əsir düşmürdülər. Onlar müharibədə ya həlak olurdular, ya da üzərilərinə düşən vəzifəni yerinə yetirib geri qayıdırdılar. Yəni düşmən tərəfindən onların əsir götürülməsi mümkün deyildi. Alpaqutlar gecə düşmən düşərgəsinə hücum edib, onlarla səhərə qədər vuruşurdular. Bu ondan ibarət idi ki, düşmən ordusu istirahət etməsinlər. Səhər açılanda isə düşmən ordusunun türklərlə mübarizə aparmaq əzmi qalmırdı və məğlub olurdu. Alpaqutlar məhz bu cür yüksək döyüş qabiliyyətinə malik idilər. Sual oluna bilər ki, bu gün ən qədim memarlıq abidələrindən hesab edilən Böyük Çin Səddi nə üçün tikilmişdi. Bunun əsas səbəblərindən biri də, türk dövləti olan Hunlardan qorunmaq idi. Bu gün çinlilər deyir ki, bizim döyüş sənətimiz qədim tarixə malikdir. Əgər, çinlilərin bu cür döyüş sənəti var idisə, nəyə görə 20.000, 30.000-lik Hun ordusu, 80.000, 100.000-lik Çin ordusuna qalib gəlirdi. Hətta onlar məcbur qalırdılar ki, geri çəkilib, böyük müdafiə səddi qursunlar. Bu cür faktlar, bunu deməyə əsas verir ki, bizim döyüş sənətimiz daha qədim tarixə malikdir. Döyüş geyimini belə çinlilər bizdən götürüblər. Belə ki, həmin dövrdə Alpaqutlar şalvar, üzərindən isə çapan deyilən geyimdən istifadə edirdilər. Bu cür geyim müharibə vaxtı döyüşçülərə rahat hərəkət etmək imkanı verirdi. Çinlilərdə isə şaulinlər uzun əbadan istifadə edirdilər. Bunlarda at çapanda, hərəkət edəndə onlara maneçilik törədirdi. Məhz bu kimi manelərə görə çinlilər türklərin döyüş geyimindən istifadə etməyə başladılar. Bundan başqa, çinlilər oxları ixtira etsələr də, türklər özlərinə məxsus ox düzəltdilər. Həmin oxlar müharibədə türklərə əlavə üstünlük qazandırırdı. Oxların əsas müsbət cəhəti ondan ibarət idi ki, yayı atın quyruğundan düzəldilirdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, yağış vaxtı atın quyruğundan düzəldilən oxlar daha çox dartılırdı və uzaq məsafəni vurmaq imkanı qazandırırdı. Çinlilərin ipdən düzəltdikləri oxlar isə yagış vaxtı islanırdı və ondan istifadə etmək çətinləşirdi. Buna görə, türklər daha çox yağışlı havada düşmənlə üz-üzə gəlirdi. Yəni türklərin döyüş sənətinin tarixi daha qədimdir. Bu gün müstəqil dövlətimizin olması bizə obyektiv tarixi araşdırmaları etməyə əsas verir və nəticəsində bəlli olub ki, bizim belə bir döyüş mədəniyyətimiz olub. 

Vüsal Hacı'nın fotoğrafı.

- Alpaqut döyüş sənətinin yaranması ideyası kimə məxsusdur?

- Azərbaycanda bir neçə dəfə türk döyüş sənətinin yaranmasına cəhd olub. Nə dərəcədə effektiv olduğunu içtimai şüurdan sorğu nəticəsində bilmək olar. Alpaqut döyüş sənətini isə Beynəlxalq dərəcəli idman ustamız, türk döyüş sənətləri üzrə araşdırmaçı Kutsan Vasif Namazov bunların hamısını araşdırıb, sintezləşdirib, müasir idman qaydalarına uyğun olaraq ərsiyə gətirib. İdman növü olaraq yeni olan Alpaqut türklərə məxsus olan qədim döyüş sənətinin və müasir döyüş növlərinin birləşməsindən əmələ gəlib. Bizim döyüş növü 3 hissədən ibarətdir - A-aypara, B-batur, C-caymaz. Məsələn tamaşaçılar Aypara sistemində sistemində, yarış zamanı üz nahiyəsinə zərbə endirmək olmaz, amma tutub-çəkmək-atmaq-badalaq fəndlərindən istifadə etmək olar. Batur sistemi qarışıq döyüş sistemidir. Burada əlnən sifətə zərbələr, atma fəndləri, sındırıcı və boğucu fəndlər istifadə eləmək olar və 20 saniyədən artıq döşək üzərində qalmağa icazə verilmir. Caymaz sistemi isə ayaqüstü döyüşdən ibarətdir. Ən əsas fərqlilik odur ki, döyüşlərin hamısı şahin və qurd çevrəsi deyilən bir dairədə olur. Bəzən bildirirlər ki, sizin növdə döyüşlər daha çətin keçir. Çünki, döyüşə-döyüşə ağılından istifadə edib rəqibi dairədən çıxardaraq qalib gələ bilərsən. Yəni bu döyüş növündə, tək fiziki gücündən deyil, ağılındanda istifadə etməlisən.

- Bu döyüş sənəti neçənci ildən etibarən sistemləşdirilərək yarış səviyyəsinə gətirilib?

- Vasif müəllim bu istiqamətdə 2008 ci ildən etibarən araşdırmalara başıayıb. Ancaq Dünya Alpaqut Federasiyası 2014-cü ildə yarandı. Qeyd edim ki, məndə bu beynəlxalq federasiyanın təsisçilərindən biriyəm. Məqsəd ondan ibarət idi ki, beynəlxalq tipli turnirlər təşkil edilsin, bu idman növünün yayılma arealı artırılsın. Bu növ üzrə «Qara Dəniz» kuboku təşkil olunur. Avrasiya yarışında idmançılar qüvvələrini sınayaraq qalib olmaq olmaq üçün döyüşürlər. Bu yaxınlarda komandamız Gürcüstanda keçirilən Avrasiya kubokunda iştirak etdi. Bu yarışda, Rusiya, İran, Gürcüstan və Azərbaycandan olan alpaqutlar qüvvələrini sınadılar. Medalların sayına görə komanda hesabında ikinci yerə layiq görüldük. Birinci yerə İran komandası sahib çıxdı. 30 nəfər idmançı ilə bu yarışa yollanmışdıq. 14 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən idmançılarımız yaxşı nəticə göstərdilər. Bundan başqa Şərq Əlbəyaxa döyüş növləri üzrə Olimpiyadada təmsilçilərimiz yaxşı nəticə göstərmişdilər. 2 qızıl və 2 gümüş medalla vətənə dönmüşdülər.

Vüsal Hacı'nın fotoğrafı.

- Bu gün alpaqut döyüş növü hansı ölkələrdə fəaliyyət göstərir?

- Bir məsələni qeyd edim ki, Dünya Alpaqut Federasiyasının yaranması təşəbbüsü bizə məxsusdur. Bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu növ daha çox ölkələrdə inkişaf etsin. Türklərə məxsus olan qədim döyüş növünü bütün dünyada təbliğ edək. Gürcüstanda, Rusiyada, Çexiyada, Almaniyada, İngiltərədə, Türkiyədə, İranda, Kanadada, Belçikada, Qazaxıstanda bu növ üzrə federasiya fəaliyyət göstərir. Bu yaxınlarda isə İraqda və Hindistanda bölmələr fəaliyyət göstərməyə başlayacaq. Qeyd edim ki, bu nəticəyə 2 il ərzində nail olunub. İnanırıq ki, növbəti illərdə daha böyük uğurlara imza atılacaq. Azərbaycanda isə 2008-ci ildən bu idman növu fəaliyyət göstərir. Bu illər ərzində çox böyük işlərə imza atmışıq. Hər il ənənəvi olaraq ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Respublika çempionatı, ümümrespublika seminarı keçirilir. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş turnirlər təşkil edirik. Narkomaniya və uşaq cinayətkarlığına qarşı turnirlərimiz olur. Bundan başqa biz yarış keçirtmək xatirinə turnirlər təşkil etmirik. Bizim əsas məqsədimiz mədəniyyətimizi, tariximizi gənc nəsillərə aşılamaqdı.

Vüsal Hacı'nın fotoğrafı.

- Bu idman növünün özəlliyi nədən ibarətdir?

- Bu gün hər bir ölkə öz mədəniyyəti, tarixi ilə bütün dünyada tanınmağa çalışır. Demirəm ki, digər idman növlərini öyrənməyək. Azərbaycanı təbliğ etmək, onun bayrağını qaldırıb, himnini səsləndirmək vacibdir və gərəklidir. Amma öz milli idman növlərimizi yaddan çıxartmamalıyıq. Alpaqut döyüş sənəti bizə nəyə görə lazımdır? Fikir verin, yaponlar, çinlilər, amerikalılar nəyi təbliğ etməyə çalışırlar? Öz idman növləri ilə bərabər, öz mədəniyyətlərini, geyim formalarını, dillərini təbliğ edirlər. Burada əsas olan məqamlardan biri də, idman vasitəsilə öz mədəniyyətlərini dünyada təbliğ etməkdir. Bundan başqa, həm də qazanca mənbəyi kimi istifadə edirlər. Bu gün çinlilər hər hansı bir ölkədə seminar verəndə müəyyən qədər gəlir əldə edirlər. Bilirsiniz ki, seminarlarda iştirak etmək madiyyat tələb edir. Əgər onlar öz mill idman növlərini təbliğ edib, həm də qazanc əldə edirlərsə, niyə görə biz öz döyüş sənətimizi dünyaya çatdırmayaq. Bu idman növünün özəlliyi ondan ibarətdir ki, alpaqut bütün türk xalqlarının qədim döyüş sənətini özündə birləşdirir. Gənclərimiz bu idman növünün sirrlərinə sevə-sevə yiyələnməlidirlər. Nəzərə alsaq ki, bu gün ölkəmiz müharibə şəraitindədir. Müharibə şəraitində olan bir xalqın belə bir milli döyüş sənətinin inkişafına çox böyük ehtiyacı var. Bizim məşqlərdə nəzər yetirsəniz, döyüş texnikaları ilə bərabər tələbələrə türkçülükdən, Azərbaycan tarixindən danışılır. Özümlə bağlı bir məsəl çəkmək istəyirəm. Mən nə qədər vətənpərvər idimsə, alpaqut idman növünü seçdikdən sonra bu hiss daha da artdı. Çünki, bilmədiyim çox şeyləri öyrəndim. Öz biliyimi artırdıqca, millətimi, dövlətimi daha çox sevməyə başladım. Bu gün müharibədə qalib gəlmək üçün əsas məsələlərdən biri də, milli ruhun olmasıdır. Gənclərimiz mübariz, dözümlü olmalıdır. Alpaqut məhz insanlara bunu təbliğ edir.

- Aprel ayında gedən döyüşlərdə xalqımız öz milli ruhunu ortaya qoydu. Xalqımız sona qədər əsgərlərimizlə birlikdə birlik göstərdi…

- Uzun illər QHT sektorunda aktiv fəaliyyətim olub. Gənclərlə bağlı bir neçə layihələrdə çalışmışam. Çox eşidirdik ki, bizim xalq vətənpərvər deyil, gənclərdə vətənpərvərlik hissi zəifdir. Dövlətin son 10 ildə gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı apardığı siyasət, bu hadisədən sonra onu göstərdi ki, düzgün işlər görülüb. Çünki, 10 il bundan qabaq mən belə bir gənclik görməmişdim. Amma indi hamı Qarabağda vuruşmaq üçün bir nəfər kimi hazırdır. Bu sevindirici bir haldır ki, bizdə vətənpərvərlik ruhu yenidən alovlanıb. Bizim millət hər bir zaman vətənpərvər olub. Sadəcə müəyyən bir müddətdə bir az bu hiss zəifləməyə doğru getdi. Son hadisələrdə, aparılan düzgün siyasət onu göstərdi ki, bizim xalq döyüşkən və mübarizdir.


Vüsal Hacı'nın fotoğrafı.

- Müəyyən layihələrdə gənclərlə bir yerdə çalışırsınız. Ümumiyyətlə bugünki gənclikdə daha çox nə çatışmır?

- Tam səmimi etiraf edirəm ki, bu gün gözəl bir ölkədə yaşayırıq. Düzdür, ideal olan nəsə yoxdur. Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətdə çatışmazlıqlar var. Bu normal bir haldır. Çünki, problem olmasa inkişafda olmaz. Hazırki dönəmdə gəncliyin inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. İstər təhsil sahəsində, istərsə də idman sahəsində onlar üçün gözəl imkanlar təşkil olunub. Bizim gənclərdə çatışmayan cəhətlərdən biri təhsilə az meyl göstərmələridir. Çatışmayan cəhətlərdən biri də gənclər öz üzərilərində az çalışırlar. Elə gənclər tanıyıram ki, vətənpərvər ruhda layihələr həyata keçirmək istəyirlər, lakin bundan madiyyat güdürlər. Bu xoşagəlməz bir haldır. Əgər vətənpərvər ruhda bir layihə həyata keçirmək istəyirsənsə, bunu xalqın, dövlətin üçün edirsən. Məsələn Alpaqut Federasiyasında cəmləşən insanların hamısı könüllüdür. Onların heç bir təmənna güdmür.

- Hazırda Alpaqut Federasiyasında cəmləşən insanların sayı nə qədərdir?

- Respublika üzrə federasiyamızın 2000-ə yaxın üzvü var. Bu gün bizim federasiyaya müraciət edənlərin sayı günbəgün artmaqdadır. İnanırıq ki, gələcəkdə də üzvlərimizin sayı artacaq.


- Paytaxtla bərabər, bölgələrdə bu idman növünün inkişafı hansı səviyyədədir?

- Regionlarda da, bu idman növünün inkişafı nəzarətimizdədir. Quba və Xaçmazda bölmələrimiz fəaliyyət göstərir. Bundan başqa Qazaxda idmançılarımız bu növün sirrlərinə yiyələnir. Qarabağ bölməmizdə də gənclərə bu idman növü haqqında məlumatlar aşılanır. Neftçalada, Lənkərandada bu növ üzrə dərslərimiz keçirilir. Planlaşdırırıq ki, respublikamızın digər ərazilərində bölmələrimizi açaq. Bir məsələni vurğulayım ki, biz cəbhəyani ərazilərdə də, yarışlar təşkil edirik. Silahlı Qüvvələr gününə həsr edilmiş turnirimiz olacaq. Bu yarışda da idmançılarımız qüvvələrini sınayacaq.

- Bu idman növünün adı çəkiləndə ilk növbədə hansı idmançıların adları yada düşür?

- İlk növbədə mən Vasif Namazovun adını çəkmək istəyirəm. Bu insan döyüş sənətinin qurucusudur. Musa Abdullayev, Simral Məmmədov, Ziyadxan Sədiyev, Əbdurrəhman Allahverdiyev, Cəfər Cəfərov, Elvin Mirzəyev,Elsəvər Puri kimi dünya və Avropa çempionatlarında fərqlənən idmançılarımız var. Oğlanların yarışında 10 dəfə Azərbaycan çempionu olmuş Tərgül Məmmədova kimi təmsilçimiz var.

Vüsal Hacı'nın fotoğrafı.

- Ölkəmizdə fəaliyyət göstərən digər federasiyalarla münasibətiniz necədir?

- Hər bir idman növü üzrə fəaliyyət göstərən federasiyalarla dostluq münasibətimiz var. Digər federasiyalar bizə dəstək verirlər. Hətta həmin federasiyaların idmançıları bizim federasiya keçid edirlər, bizim federasiyanın üzvləri olurlar.

- Bəzi idmançılar var ki, nailiyyət qazandıqdan sonra öz yollarını azırlar. Sizin federasiyada belə hallar olurmu?

- Xeyr. Bəzi idmançılar var ki, qələbələr qazandıqdan sonra yollarını azırlar. Müəyyən xoşagəlməz işlərlə məşğul olurlar. Bu cür hallarla rastlaşmamaq üçün biz gənclərə əsil idmançının necə olduğunu aşılayırıq. Şükürlər olsun ki, federasiya rəhbəri olduğum müddətdə hələ elə bir idmançı görməmişəm ki, adi həyatda dava salsın və yaxud pis bir hadisə törətsin. Bəzən bizim idmançılarla məşqdən sonra tarix mövzusunda söhbətlərimiz olur və bu səbəbdən respublikamızın görkəmli tarixçiləri ilə tez tez idmançılarla görüşlər təşkil edirik. Maraqlı söhbət əsnasında müəyyən suallara cavab tapmağa çalışırıq. Ümumiyyətlə, bir məsələni qeyd edim ki, əsil idmançı özünü aparmağı bacarmalıdır.

- Aqil müəllim, özünüz hansı idman növü ilə məşğul olmusunuz?

- Cüdo idman növündə qüvvəmi sınamışam. Azərbaycan yığma komandasının üzvü olmuşam. Daha sonra kikboksinqlə məşğul olmuşam. Şərq Əlbəyaxa Döyüş Növləri üzrə idman ustasıyam.

- Adi həyatda öz gücünüzdən istifadə etmisiniz?

- Əlbəttə (gülür). Tələbəlik illərində belə hadisələr olub. Amma indii bu cür hallarla rastlaşmıram. Hazırda daha çox təhsilə böyük önəm verirəm. Bildiyiniz kimi, iqtisad üzrə elmlər doktoruyam. Hardasa təhsilli adam bir az davadan uzaq olur. Düzdür, şərq əlbəyaxa döyüş növlərini bilirəm. Lakin bunu küçədə nümayiş etdirmək üçün öyrənməmişəm. İdmanda olan bir adam kimi, bu növün sirrlərinə yiyələnmişəm.

Vüsal Hacı'nın fotoğrafı.

- Səbrli insansınız?

- Səbirli, sakit adamam, təmkinliyəm. Çalışıram əsəbiləşdiyim an sakit durum. Səbir nümayiş etdirmək böyük hünərdir. Alpaqut döyüş növü insanlara səbrli olmağı öyrədir.

- İdmanla bərabər ictimai fəaliyyətdə göstərirsiniz…

- Mən 2003-cü ildən ictimai fəaliyyətlə məşğul olmağa başlamışam. Həmişə məktəbdə, universitetdə fəal olmuşam və bu, indiyənə kimi özünü göstərir. Deməli, 2003-2005-ci illərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər üzrə həmrəylik assosiasiyasının koordinasiya şurasının sədri, 2005-ci ildən bu günə qədər Azərbaycan və Gürcüstan gənclərinin həmrəylik assosiasiyasının sədri seçilmişəm. Məqsəd Azərbaycan və Gürcüstan gəncləri arasında birlik yaratmaqdır. 2013-cü ildə İlhamla «Gələcəyə Baxış» İctimai hərəkatının təsisçilərindən biri, eyni zamanda həmsədri olmuşam. Həmdə federasiya tərəfindən ictimai işlər görürük. Tez-tez qanvermə aksiyalarında iştirak edirik

- Bu gün idmançılarımızın çoxusu təhsildən kənardı. Bunun səbəbini nədə görürsünüz?

- Bunu daha çox vaxtla əlaqələndirirəm. Çünki, peşəkar idmançı gündə üç dəfə idmanla məşğul olur. Hər ikisini paralel aparmaq bir az çətin olur. Amma mən peşəkar idmanla məşğul olmaqla bərabər, həm də təhsilimədə üstünlük vermişəm. Ümumiyyətlə, insan daima öz üzərində çalışmalıdır. Müxtəlif sahələrdə layiqincə vətəninə xidmət etməlidir.


- Əldə etdiyiniz nailiyyətlərə görə kimə minnətdarsınız?

- İlk növbədə Allahıma və valideynlərimə öz təşəkkürümü bildirirəm. Bu gün insanlar var ki, nailiyyət əldə edə bilmədiyinə görə dövlətdən şikayət edir. Niyə görə mənə vəzifə vermədilər, işlə təmin etmədilər. Bu gün insan nəyəsə nail ola bilmirsə, bu onun öz günahıdır. Bir uğura imza atmaq üçün daima çalışmalısan. Uğura gedən yolda əgər yorulub, çəkildinsə, o zirvəni heç vaxt fəth edə bilməyəcəksən. Bu gün uğur qazandığıma görə dövlətimə təşəkkur edirəm. Hər zaman dövlət tərəfindən özümə qarşı diqqət və qayğı görmüşəm.

- Bu gün özünüzü Azərbaycanın ən nümunəvi gənclərindən hesab edirsiniz?

- Mən heç vaxt nümunə olmağa çalışmamışam. Hər zaman faydalı olmağa çalışmışam. İstəmişəm ki, bu dövlətə, xalqa faydalı bir vətəndaş olum. Nümunə görüntüdür, bunu istənilən yolla etmək olar. Mən öz dövlətimi, millətimi hər şeydən çox sevirəm. Canımla, qanımla bu millətə, bu xalqa bağlıyam. Acalovlar  nəslindənəm. Məşhur İsrafil bəy Acalov (erməni generalı Nazarbekyanın başını kəsən, Borçalıda  ermənilərin türklərə qarşı törətmək istədikləri soyqırımın  qarşısını alan və 2000-dən çox ermənini məhv edən tarixi şəxsiyyət) və (Cənub Qərbi Qafqaz Türk Respublikasının dövlət başçısı olmuş) Emin bəy Acalovun nəticəsiyəm. Bundan sonrada çalışacam ki, öz vətənimə xidmət edim.

- Sonda bildirmək istədikləriniz…

- Öz növbəmdə ölkə idmanın inkişafını işıqlandırdığınız üçün sizə minnətdarlığımı bildirirəm.

Zaur Mehtiyev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail