Qazaxıstanlı kimi Olimpiya çempionu olan azərbaycanlı nələr danışıb, nələr... - MÜSAHİBƏ

11.08.2016 | 6706 dəfə oxunub

Son günlər Nicat Rəhimov adı idman dünyasının gündəm mövzusuna çevrilib. Ağır atletika yığmamızın baş məşqçisi Zlatan Vanevlə, həmçinin Ağır Atletika Federasiyasının (AAAF) rəsmiləriylə yola getmədiyindən yığmadan uzaqlaşan və Qazaxıstan millisinə qoşulan 20 yaşlı atletin ölkəni tərk etməsi üzücü faktdı. Yeniyetmələrin ilk Olimpiadasının qalibinin millidən perik düşməsinin səbəblərini tapmaq üçün həm atası Əli Rəhimovla, həm yığmanın sabiq məşqçisi Xanlar Nəbiyevlə, həm də AAAF-ın icraçı-direktoru İsgəndər Əsgərovla danışmışdıq. Bu dəfə idmançının özüylə əlaqə saxladıq və…

- Qazaxıstandan təklif nə vaxt gəldi?

- Səhv etmirəmsə, dekabrda.

- Nə vaxtdan ordasan?

- Yanvarın 15-i və ya 16-sından Qazaxıstandayam.

- Tək getmisən?

- Bəli.

- Orda şəxsi məşqçin var?

- Vaxtilə tanınmış atletlərdən Halil Mutlu və Naim Süleymanoğlunu çalışdırmış Ənvər Türkilerinin rəhbərliyi altında hazırlıq keçirəm. Hardasa 10 ildi ki, Qazaxıstanın Olimpiada üçün nəzərdə tutulan heyətini çalışdırır.

- Qazaxlarla ünsiyyət qurmaqda çətinlik çəkmirsən?

- Yox, məşqçinin türk olması bu problemi aradan qaldırır.

- Hazırda hansı şəhərdəsiz?

- Bilmirəm. Şəhərin adı bir qədər qəlizdi.

- Oteldə qalırsan?

- Bəli.

- Atan heç səni görməyə gəlib?

- Hələ ki yox.

- Nə vaxt vətəndaşlıq alacaqsan?

- Dəqiq tarixi bilmirəm.

- İlk məşqçin atan olub?

- Bəli.

- Nizami Paşayevlə aranızda nəsə problem olub?

- Yox.

- Bəs Zlatan Vanevlə niyə yola getmədiz?

- İlk dəfə Bakıya gələndə Valentin Xristov və bir neçə idmançını Olimpiya Oyunlarına hazırlaşdırırdı. O dövrdə yığmada baş məşqçi vəzifəsində işləmirdi. Mənimlə də münasibəti yaxşı idi. Olimpiadada medal gətirəndən sonra baş məşqçi oldu. Nə oldusa ondan sonra başladı. Yığmanı içkiyə, bara, siqaretə öyrəşdirdi. Sonra ölkəmizdə xanım atletlər zəif olduğu üçün başqa dövlətlərdən qızlar gətirdi. Cümə və şənbə günlərində ağır məşq olduğundan bizə “içki içmək lazımdı ki, bədən dincəlsin, bərpa prosesi getsin” deyirdi. Komandamız Bolqarıstanda bir neçə dəfə təlim-məşq toplanışlarında olub. Sonuncu dəfə ora gedəndə bizə dedilər ki, dincəlməyə gedirik. Guya biz İslam Oyunlarına hazırlaşırdıq. Bakıdan gedəndə 78 kq idim. Qayıdanda isə 69 kq-a düşmüşdüm. Çünki orda yeməkdən zəhərlənmişdim. Bolqarıstanda yemək zəif idi. Vanev isə məşqlərə gəlmirdi, ailəsiylə dincəlirdi. Mən də getdikcə zəifləməyə başladım. Sonra Bakıya qayıtdıq. Atam gördü ki, çəkim xeyli azalıb. Vanevə zəng vurdu ki, niyə bunun çəkisi aşağı düşüb. Vanev də guya məşq etmədiyimi dedi. Halbuki özü Bolqarıstandakı toplanışda yalnız həftənin 2 günü məşqə gəlirdi. Həmin vaxt İslam Oyunlarına az müddət qalmışdı. Atam Vanevlə danışdı ki, “oğlumu mən aparım evdə hazırlaşdırım, yarışa 1 həftə qalmış dopinq nəzarətindən keçər. 1 həftə evdə qaldım. Çəkim 79-80 kq oldu. 1 həftədən sonra məni milliyə çağırdılar. Yaxşı formada idim. Vanev məni dopinq nəzarətinə aldı və dedi ki, sən dərman qəbul eləmisən. Halbuki onun dediyi dərmanları mən qəbul eləməmişdim. Bu üzdən İslam Oyunlarına gedə bilmədim. Atam da “Nicat bu turnirə getmirsə, onu yığmadan uzaqlaşdıracam. O yarışda qalib olmalıydım. Ancaq mənə dedilər ki, “bizə qızıl medal lazım deyil”. İndoneziyadakı oyunlarda  77 kq-da idmançımız birdənqaldırmada 150, təkanlaqaldırmada isə 190 kq-ın öhdəsindən gəldi. Amma mən 1 həftə qabaq “Zirvə”nin yarışında uyğun olaraq, 155 və 190 kq-ı ram elədim. Bu ona dəlalət edir ki, Palembanqda 1-ci ola bilərdim. Sadəcə, istəmədilər məni. Vanev isə müsahibəsində mənim yalnız zəif yarışlarda fərqləndiyimi söyləyib. Həyat davam edir. İnşallah, sübut edəcəm ki, mən zəif deyiləm! Onlar məni sındırmaq istədilər. Amma buna nail ola bilmədilər. Bir şeyi də qeyd edim ki, komandamız fahişəxanaya bənzəyir. Çünki başqa dövlətlərdən qızlar gətirirlər. Siz də məni bağışlayın, gic-gic şeylər eləyirlər.

- Dedin ki, dopinq nəzarətə cəlb elədilər. İslam Oyunlarından qabaq testin müsbət nəticələndi ki, səni yarışa aparmadılar? Heyətə cəlb etməmək üçün hansı səbəbi göstərdilər?

- Dopinq-kontrola girəndə hələ yarışın başlamasına 1 ay qalmışdı. Onlara dedim ki, oyunlara 1 həftə qalmış təmiz olacam. Ancaq həmin vaxt çatanda məni kontroldan keçməyə çağırmadılar. Yəni ki, istəmədilər qızıl medal olsun. Yeniyetmələrin ilk Olimpiadasının qalibi olmuşam. Ondan sonra böyüklərdə nəticə göstərə bilməmişəm. Niyə? Çünki Zlatan gəldi deyə. İndi hər kəs elə bilir ki, hər şey yaxşı olacaq. Gözləsinlər, bir azdan bilinəcək nə var, nə yox. Zlatan Azərbaycandan ağır atletikanı siləcək. Hələ ki hər şey yaxşıdı. Bir müddət keçsin baxarıq. Zaman hər şeyi göstərəcək.

- O atletlərə içki içib, siqaret çəkməyi məsləhət görəndə dediklərini edirdin?

- Elə şərait yaradırdı. 13 yaşımdan 17-18 yaşıma kimi namaz qılmışam. Dilimə nə içki dəyib, nə də siqaret. Amma o gəldikdən sonra… Nəinki mən, hər kəs bunları edirdi. Orda olanları yalnız idmançılar bilir. Bu danışdıqlarıma heç kim inanmayacaq.

- Atan qəzetimizə açıqlamasında yığma üzvlərindən yalnız Elxan Əliquluzadənin spirtli içki içmədiyini söyləyib.

- Elxan ən yaxın dostlarımdan biridi. O heç bilmirdi nə olur, nə keçir. Bütün günü otağında idi. Əvvəllər niyə bu söhbət yox idi. Çünki əvvəl Zlatan Vanev yox idi. 7 ildi yığmadayam. Nə Vahid Nəzərovun, nə də Nizami Paşayevin dönəmində belə şeylər olub.

- Bəs mütəxəssislər, federasiya rəsmiləri baş məşqçiyə içkini, siqareti təbliğ etməyin zərərli olduğunu söyləməyib?

- Komandada başqa kim var ki, bunları görsün. Axşamlar qızları başına yığır. Bədən dincəlir deyib siqaretə, içkiyə həvəsləndirirdi. İdmana görə biz də razılaşırdıq. Daha bilmirdik ki, nə var, nə yox. Məni atam ayıltdı bu yuxudan. Sağ olsun. Amma geridə qalanlara heç nə deyə bilmərəm.

- Belə olan halda niyə Vanevdən rəhbərliyə şikayət etmirdiz?

- Siz də cavansız, elə atmosfer – qızlar, içki, siqaret olduqdan sonra nə demək olar? Məşqçi deyirdi ki, belə yaxşıdı, biz də inanırdıq.

- Gətirilən qızlar hamısı əxlaqsızlıqla məşğuldu?

- Belə deyək də, müsəlman olmadıqlarından onlar üçün adi şeydi. Kristina Yovu Vanevin sanki 2-ci həyat yoldaşıdı.

- Bəs o birilər?

- O birilər də bizim idi.

- Bəs yerli qızlar haqda nə deyə bilərsən?

- Yalan deyə bilmərəm. Onlarla münasibətim olmayıb. Onlar normaldı. Yerlilər “Zirvə”nin “AAAF park”dakı bazasında məşq edir. Onların valideynləri və məşqçiləri qızlarını yığmanın tərkibinə buraxmır.

- Bütün bunları federasiyanın icraçı-direktoru İsgəndər Əsgərov bilirdi?

- Bizim bazanın hər tərəfində, hər yerində kamera var. Kameralar hər şeyi aydın göstərir.

- Olimpiadadan sonra Vanev sənə istifadəsi qadağan olan dərman vermək istəyib?

- Düzdü, o söhbət deyəsən atamla “Şeraton” otelində olub. Amma vallah yadımdan çıxıb o söhbət. Mən pis olsaydım, Vahid Nəzərovla Nizami Paşayevin dönəmində də pis olardım da. Atam Zlatanın etdiklərinə göz yummurdu deyə o da mənə əks mövqe tuturdu. Eybi yox, qoy mən onlar üçün pis olum. Çox istəyərdim ki, bayrağımızı qaldırım. Onlar istəmədi. Qazaxıstanın bayrağı qalxanda görərik kim pis idi, kim yaxşı.

- Valentin Xristovla Firudin Quliyev dopinq qəbul edib?

- Dopinqsiz idmançı yoxdu. Normal insan öz çəkisini qaldırmalıdı. Bundan artığının öhdəsindən gəlirsə, deməli normal hal deyil. Yəni nə qədər texnikanı bilsən də, ağırlığı dopinqsiz qaldırmaq mümkün deyil. Nəticə vermək istəyirsənsə, dopinq qəbul etmək lazımdı.

- Bəs test zamanı bu düşmür aparata?

- Hansısa bir dərmanın, yəni dopinqin bədəndən çıxma vaxtı var. 20-30 gün və ya 1 il çəkə bilər. O baxır dərmana. Fərqli-fərqli olur. Bədəndən çıxsa da, gücü qalır. Sadəcə, testdə göstərmir.

- Atan dedi ki, oğlum bir az ərköyün böyüydüyündən psixologiyasını yalnız mən bilirəm.

- Atamın sayəsində ağırlığı qaldırıram. O mənə həmişə kömək edib.

- Məşqlərdə Vanevin dediyi çəkini yox, daha ağırını qaldırmısan?

- Məşqlərdə ən çox birdənqaldırmada 175 kq-ı qaldırmışam. Həmin vaxt 78 kq çəkim vardı. Sonra 73 kq-a düşdüm. Vanev atama zəng vururdu ki, Nicat məşq etmir. Bir gün atam məşqə gəldi. Zlatan 165 kq qaldır dedi, mən 170 kq düzəltdim, amma qaldıra bilmədim. Hər yanaşmanın öhdəsindən gəlmək olmur axı. Belə hallar bütün atletlərdə baş verir. Məsələn, məşqçi 170 kq-ı qaldır deyir, o gəlir 180 kq-ı ram edir. Özünü müəlliminə sübut etmək üçün. Amma çəkim az olduğundan məndə alınmadı. Bu, normal haldı.

- Hansı vaxtdan başlayaraq Vanev səni “qaraladı”? Sənin bolqar məşq sisteminə uyğunlaşmaqla bağlı problemin olub?

- Yox normal məşqimi edirdim. Sadəcə, bu söhbətlərə görə narazılıq yarandı.

- Unversiadada zəif çıxış etməyin nə ilə bağlı idi?

- Vallah səmimi deyirəm, kim istəyir inansın, kim istəyir inanmasın. Onsuz da olan olub. Peruda keçirilən 20 yaşadək atletlər arasında dünya çempionatında 2-ci yeri tutduqdan sonra cəmi 1000 dollar pul verdilər. Bizim əziyyətə dəyərdimi o pul? Nəysə. Sonra başladıq Universiadaya  hazırlaşmağa. Artıq həvəssiz məşq edirdim. Çünki mənası yox idi. Yalandan deyirdilər ki, bu qədər pul verəcəyik. Amma… Sonra Kazanda keçirilən Universiyadaya getdik. Yarışıma bir gün qalmış getdim şəhərə. Bir az özümü pis hiss etdiyimdən psixoloji cəhətdən başım dincəlsin istədim. Elə oldu ki, bir az gec qayıtdım. Sonra əllərində bayraq tutdular ki, Nicat gecə otaqda olmadığından zəif cıxış edib. Hər idmançıda yarışöncəsi stress, gərginlik olur. Bundan qurtulmaq üçün şəhərə getmişdim. Bu, normal bir şeydi. Ancaq onların dediyi kimi, gecə saat 3-də yox, hardasa 1 radələrində otelə qayıtdım. Əminəm ki, Kazanda 1-ci yeri tutsaydım, bu məsələni şişirtməyəcəkdilər. O ki qaldı zəif çıxışıma. Bunun əsas səbəbi DÇ-dən sonra məşqlərə ciddi yanaşmamağım oldu. Bu da bayaq dediyim kimi, az pul verilməsinə görə idi.

- Qazaxıstanla rəsmən müqavilə bağlamısan?

- Hələ ki yox. Bir az vaxt lazımdı.

- Sənə görə AAAF-a transfer ödənişi etmək fikirləri var?

- Yəqin ki olar. Bu məsələylə mən maraqlanmıram. Atamdan soruşanda mənə məşqini elə deyir.

- Bildiyimə görə, Bakıda maaşın 500 manat idi. Sirr deyilsə, orda aylıq əmək haqqın nə qədər olacaq?

- Niyə sirr olsun ki? 1000 ya 2000 dollar veriləcək. Hələ dəqiq bilmirəm. Çünki ilk maaşımı hələ almamışam.

- Şərait necədi?

- Şükür, yaxşıdı. Ən azından başım sakitdi, söz-söhbətdən uzağam.

- Orda güclü rəqibin var?

- Yoxdu. Mənim rəqibim ştanqdı.

- Bakıda hansısa universitetdə oxuyurdun?

- İdman Akademiyasının 3-cü kursundayam.

- Təhsilin necə olacaq?

- Dəqiq bilmirəm. Mənə təhsil lazım deyil. Ancaq ağırlıq qaldırmaq haqda düşünürəm. Ağırlıq qalxdısa, hər şey düzəlir (gülür).

- AAAF icazə verməsə, Olimpiadada yarışa bilməyəcəksən?

- Səhv etmirəmsə, 1 il DÇ-ni buraxacam. Həmçinin qarşıdakı Olimpiadada iştirak etməyəcəm.

- Qazaxıstana getdiyin üçün atana qarşı təzyiq göstəriləcəyindən qorxmursan?

- Ən pis halda geri qayıdacam.

- Vanev yığmadan getsə, qayıdarsan?

- Atam nə desə, o olacaq. Bu haqda mən heç nə deyə bilmərəm.

- Vanevin ağır atletikamızı məhv edəcəyini söylədin. Səncə Olimpiadada Valentin Xristov, Firudin Quliyev, Boyanka Kostova və Kristina Yovu medal qazana bilməz?

- Bu idmanın çox sirrləri var. Bunu normal insan bilməz, yaşamaq, görmək lazımdı. İndi mən proqnoz versəm, bu, ancaq yazı olacaq. Yaşayarıq, görərik. Amma bu sözümü unutmayın: Azərbaycan ağır atletikası sıfır olacaq. Zlatanın nəyinə lazımdı ki, Əli gəldi çempion oldu, Vəli getdi sıfır aldı. Ona pul gəlsin. Necə ki daha öncə Yanko Rusev necə gəldi, elə də getdi. Sadəcə, o işini üz-gözünə bulaşdırdı, ifşa olundu. Amma bu altdan-altdan işləri görür. Hər şey birdən çökəcək.

- Bəs rəhbərlik bunu görmür?

- Hər şey göz qabağındadı. Mən deməsəm də, nəyə işarə etdiyimi yəqin ki anladız. Cahangir müəllim (AAAF-ın prezidenti Cahangir Əsgərovu nəzərdə tutur – S.) çox yaxşı adamdı. Bizim üçün hər şey elədi, baza tikdirdi, gözəl şərait yaratdı. Ancaq olan-bitəndən onun xəbəri yoxdu.

SƏRXAN

Nicat Rəhimovun bu müsahbəsi 27.02.2014 tarixində "Futbol+" qəzetində dərc edilib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail