Alid Məmmədzadə: "Azərbaycanda, əsasən artıq çəki problemi olan qadınlar məşqlərə gəlir" - MÜSAHİBƏ

21.01.2017 | 5159 dəfə oxunub

Şərq döyüş növləri öz fəlsəfə tutumu, axıcı texnikaları ilə seçilir. Bununla yanaşı, dünyanın ən sərt və qədim döyüş sənəti olan Muay tayın da vətəni şərqdir.  "Goal.az"ın bu dəfəki müsahibi Taylandın milli idmanı olan bu növdə öz sözünü deməyə başlamış həmyerlimiz Alid Məmmədzadədir.

- Muay tayla necə məşğul olmağa başladın?

- 2008-ci ilə kimi Muay tay və Kikboksinq eyni federasiyaya daxil idi. Valideynlərim 6 yaşımda məni kikboks zalına apardılar. Uşaqlıqda hər iki növlə məşğul olurdum. Muay tay federasiyası yarananda bu növü seçdim və karyeramı burda davam etdirməyə başladım.

- Bu döyüş növünə marağın necə yaranıb?

- Kiçik yaşlarımda Məhəmməd Əlinin adını tez-tez eşidirdim. İlk əvvəl məni boksa qoymuşdular. Yaxşı bacarmasam da, ayaq zərbələri atmağa çalışırdım. Kikboksinq zalına gələndən sonra yerimi tapdığımı başa düşdüm.

Muay tay haqqında təsəvvür yaratmaq üçün "Ong Bak", Tonq Ponun adını çəkmək lazım gəlir

Alid Məmmədzadənin də qeyd etdiyi kimi, 2008-ci ildə Azərbaycan Muay tay federasiyasının yaranması bu döyüş növünün ölkəmizdə daha da populyarlaşmasında mühüm rol oynadı. Hazırda federasiyanın prezidenti Azər Həsənsoydur. Qeyd etmək yerinə düşər ki, 21 yaşı olmasına baxmayaraq, Azərbaycanın ən titullu Muay tay ustalarından biri hesab oluna bilər. 

- Muay tay üzrə yarışlarda hansı nəticələrin var?

- İFMA versiyası üzrə Avropa kubokunun ikiqat bürünc mükafatçısıyam. Bu versiyada Azərbaycanın nəticələri azdır. Çünki turnirin səviyyəsi olduqca yüksək olur. Xorvatiyadakı Avropa çempionatında iştirak edəndə rinqdə elə idmançılar vuruşurdu ki, onların məşhur döyüşlərini "Youtube" kanalından müntəzəm izləyirdim. Tanınmış idmançılarla qonşu rinqlərdə vuruşmaq insanın özünə də həyəcan verir. Düzü, 3-cü yeri tutmağıma təəssüfləndim. Turnirə çox ciddi hazırlaşmışdım. Eyni zamanda nəticəmi Azərbaycan üçün qənaətbəxş saymaq olar. Bundan başqa Muay tayın WTK növü üzrə qitə çempionu olmuşam. Peşəkar rinqdə də uğur qazanmışam. 2015-ci ildə Türkiyə Superliqasının Qızıl kəməri uğrunda döyüşdə yerli idmançı Caner Karta nokautla qalib gəlmişəm.

- İFMA versiyasında qızıl medal qazanmağına nə mane oldu : hazırlıq səviyyəsinin yetərsizliyi, yoxsa hakimlərin qərəzi?

- Hakim qərəzi həmişə olur. Yarışın keçirildiyi ölkənin idmançısına hakim simpatiyası daha çoxdur. Avropa çempionatında mübarizə apardığım 63.5 kq çəki dərəcəsinin favoritlərindən biri ilə ilk mərhələdə qarşılaşdım. İspaniya təmsilçisi idi. Ona qalib gəlsəm də, çiynim və ayağıma zədə yetirdi. Növbəti görüşə zədələrlə çıxdım və uduzdum. Həm də, təcrübəm çatmadı.

- Müasir dövrdə Muay tayı daha çox Toni Jaa və Buakav Bancamekin sayəsində tanıyırlar. Sənin kumirin hansı idmançılardır?

- Düz vurğuladınız. Bir çox insanda Muay tay haqqında təsəvvür yaratmaq üçün "Ong Bak", Tonq Ponun adını çəkmək lazım gəlir. Mənim də kumirlərimdən biri Buakav Bancamekdir. Onun görüşlərinə baxıram, nəsə götürməyə çalışıram. Bundan başqa Muay tayın canlı əfsanələrindən olan Saçnay Tor Laksonqu qeyd edə bilərəm. Bu döyüşün vətəni Tayland olduğundan ulduzların əksəriyyəti ordan çıxıb.

- Muay tay döyüş növünü filmlər vasitəsilə tanıyanlar çoxdur. Özün hansı janrda filmləri izləməyi sevirsən?

- Açığı, dərs və idmana görə vaxtım məhdud olur. Amma savaş filmlərinə baxmağa üstünlük verirəm. Məsələn, "Məğlubedilməzlər" filmi var. Hər dəfə veriləndə oturub izləyirəm. "Ong Bak" filmini bəyənirəm. Bu yaxınlarda Buakav Bancamekin də çəkildiyi Tayland istehsalı film ekranlara çıxacaq. Onun internetdə yerləşdirilməsini gözləyirəm. Bir də döyüşlərə çox baxıram. Muay tayla məşğul olsam da, bütün növ döyüşləri izləməyə çalışıram. MMA, boks qarşılaşmalarına baxıram.

- 2015-ci ilin yayında Xəyal Canıyev adlı həmyerlimiz dünyaca məşhur Buakavı məğlub etdi. Bəs, sən adlı-sanlı rəqiblərdən çəkinmirsən ki?

- Bütün yarışlara yalnız birinci yeri tutmaq üçün getmişəm. Düzdür, özümdən güclü rəqiblərlə də qarşılaşmışam. Amma ağlımda uduzmaq fikri heç vaxt olmayıb. Nəzərə almaq lazımdır ki, mənim də, rəqibin də iki əli və iki ayağı var. Bir də müəyyən qədər zəhmət çəkmək lazımdır. Üzərimdə işləyib səviyyəmi yüksəldəndən sonra məğlub edə bilməyəcəyim rəqib görmürəm.

Elə ulduz idmançılar var ki, aclıq çəkib və məşq zallarında gecələyiblər

Müsahibimiz məşqlərini azərbaycanlı şəhid Raiq İsayevin adını daşıyan klubda davam etdirir. Ondan məşğul olduğu növdə hansı problemlərin olduğunu öyrənmək istədik.

- Muay tayda zədələr tez-tez olur. Bu səbəbdən karyerasını erkən başa vuran idmançı tanıyırsan?

- Muay tay ən sərt idman növüdür. Burda xal yalnız qüvvətli zərbəyə görə verilir. Belə zərbələr isə, sözsüz, zədə ilə nəticələnir. Çünki zərbələrdən yayınmağa da çox icazə yoxdur. Zədə səbəbindən idmanı tərk etmək halları Azərbaycanda daha geniş yayılıb. Çünki idman üzrə həkimlər, tibbi müxtəsislərin sayı azdır. Başqa ölkələrdə döyüşçünün ayağı qırılır, bir müddət sonra məşqlərə davam edir. Bizdə isə idmançı zədələnir, həkimlər isə karyeranı bitirməyi məsləhət görürlər. Bu, çox mənfi haldır.

- Tibbi kadrlardan başqa problem kimi gördüyün hansı məsələlər var?

- Məsələn, maddi problem, xarakterin zəifliyi. Maliyyə çatışmazlığı çoxlarının idmandan getməsinə səbəb olur. Amma xarakterin olmalıdır ki, sevdiyin işin xətrinə hər şeyə göz yumub mübarizə aparasan. Bir sıra ulduz idmançıların da həyatına fikir versəniz, onların aclıq çəkməsi və məşq etdikləri zallarda gecələməsi faktına şahid olarsınız. Amma məqsədlərindən əl çəkməyib mübarizə aparıblar. Elə səviyyəyə çatıblar ki, indi onların adı dünyada məşhurdur.

- Muay tay döyüşlərindən öncə rinqdə rəqiblərin xüsusi rituallar yerinə yetirdiyini müşahidə etmək olar. Mümkünsıə, bu barədə məlumat verərdin.

- Bu sual çoxlarını maraqlandırır. Döyüşdən əvvəl edilən ritual "Vai kru" adlanır. Rəqibə meydan oxumaq mənasındadır. Hətta dünya və Avropa çempionatlarında "Vai kru"nu Taylanddan dəvət edilmiş musiqiçilər canlı ifa edirlər. Onu yaxşı yerinə yetirən idmançı, bir növ döyüşə 1 xal öndə başlamış olur.

- Jan-Klod Van Dammın çəkildiyi məşhur filmdə rəqiblər əllərini əvvəlcə qətrana, sonra şüşə qırıntılarına çəkib döyüşürlər. Sənə təklif olunsa, belə döyüşdə iştirak edərdin?

- Həmin döyüşə 1920-ci illərdən qadağa qoyulub. Bu növ "Muay boran" adlanır. Onun kəsici alətlərdən istifadə edilən, yerdə onurğaya zərə endirilən stilləri var. İnanmıram ki, mənə belə döyüş təklifi gələ. Taylandda "Muay boran" ənənəsini saxlamaq üçün hazırda yarışlar keçirilir. Qaydaları hazırki Muay tayda olduğu kimidir. Sadəcə əllərinə ip bağlayıb döyüşürlər.

Döyüşlə məşğul olduğumu biləndə "arıqsan, belə idmançı olar?" - deyirlər

Muay tay Avropa çempionumuz təhsili, intellektual səviyyəsinə görə də seçilir. Söhbətimizdən məlum oldu ki, hazırda ali təhsil almaqdadır. İdman və təhsili paralel aparması bu idmançının dünyagörüşündə və səsləndirdiyi fikirlərdə də özünü qabarıq göstərir. Özü dediyi kimi, həm də zəhmət çəkməyi sevən insandır. 

- Boş vaxtında başqa hansı məşğuliyyətin var?

- Sevdiyim iş idmandır. Hazırda universitet tələbəsiyəm. Səhər dərsə gedirəm, günorta məşq etmək üçün zala gəlirəm. Düzü, başqa məşğuliyyət və ya hobbiyə ayıracaq vaxtım qalmır. Bəzən mənə verilən istirahət müddətindən isə yaxınlar və dostlarımla görüşmək üçün istifadə edirəm. Qalan bütün vaxtımı idmana sərf edirəm.

- Hansı universitetdə təhsil alırsan?

- Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm.

- Sənə görə, idmançının təhsilli olması mütləq şərtdir?

- Mən "güc varsa, ağıl lazım deyil" yanaşması ilə razılaşmıram. Bu fikirlə maksimum Azərbaycanda keçirilən hər hansı rayon turnirinə kimi gələ bilərsiz. Əslində idmançının beyni sürətli işləməlidir. Universitetdə verilən tapşırığı 3-5 günə tək və ya yoldaşlarının köməyi ilə yerinə yetirə bilirsən. Rinqdə isə 3 dəqiqə vaxt verilir, yalnız rəqib və sən qalırsan. Vaxtı, gücü bölməlisən, zərbələrin yerini və gücünü nəzərə almalısan.

- 2016-cı ilin dekabrında Muay tay Olimpiya növləri sırasına salındı. Bu isə o deməkdir ki, qarşıdakı Olimpiadalarda muay tayçılar da iştirak edə bilər. Sən necə, özünü Olimpiya qızılı qazanmağa hazır hesab edirsən?

- Bəli, bu baxımdan özümə inamım yüksək dərəcədədir. İştirak da edərəm, qızıl medal da gətirərəm. Muay tayın Olimpiya proqramına salınmasına ümid edirəm. Çünki İFMA bu növdə turnirləri yüksək səviyyədə təşkil edir. Onların açılış mərasimləri heç də digərlərindən geri qalmır. Xal sistemi də Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə uyğundur.

- İdmançı tanışları olanlar müəyyən konfliktə düşəndə kömək üçün həmin tanışlarına müraciət edirlər. Bunlar sənin də başına gəlib?

- Olur. İdmanla peşəkar şəkildə məşğul olanların çoxu mülayim xasiyyətli, gülərüz olur, küçədə dalaşmağa meyilli olmurlar. Gülərüz olmaqdan isə bəziləri öz xeyrinə istifadə etməyə çalışıb. Mənə də hərdən deyirlər ki, nəsə xoşagəlməz situasiyada zəng edəcəyik. İdmançının davakar obrazında görülməyi xoş hal olmasa da, qaçılmazdır. Məni də məsələni qol gücü ilə həll etmək üçün çağıranlar olub. Azərbaycanda elədir ki, bundan boyun qaçırmağı özümüzə sığışdırmırıq, gedirik. Əlbəttə, heç də xoşagələn şey deyil.

- Elə idmançılar var ki, özündən zəiflərə təzyiq göstərməyi xoşlayır. Ətrafında elələri var?

- Düzü, belə kəslərlə münasibət qurmuram. Azərbaycanlı mentalitetinə görə idmançı dolu əzələli, hündür boylu təsəvvür edilir. Hərənin bir çəki dərəcəsi var. Olur ki, döyüşlə məşğul olduğumu biləndə "arıqsan, belə idmançı olar?" - deyirlər. Gündəlik həyatda öz gücünü zəiflər üzərində sınaqdan keçirməyə çalışanlara rast gəlirik. Bu da müəyyən yerə, adama qədərdir. İdman zallarında belə şey qətiyyən keçmir. Bəzən məşqə yeni gələnlər çalışırlar ki, sənə daha qüvvətli zərbələr endirib gücünü sübut etsinlər. Bu, təcrübəsizlikdən, insan xarakterindən irəli gəlir.

- Muay tayın sərt qaydaları var. Azərbaycanda bu növlə məşğul olan qadınlar var?

- Azərbaycanda, əsasən artıq çəki problemi olan qadınlar məşqlərə gəlir. Dünyada isə öz sözünü demiş qadın Muay tay ustaları kifayət qədərdir. "Glory", "Muay Thai angels", W5, K1 kimi liqalarda vuruşan qadınlar var. Azərbaycanda bir tendensiya da var ki, məşqə gələn qadınların texnikaları "təmiz" icra etməsinə böyük diqqət yetirmirlər. Xaricdə isə qadın və kişi arasında fərq yoxdur. Zərbə necədir, elə də vurulmalıdır. Bu səbəbdən onların döyüşləri daha baıxmlı olur. Müşahidə etdiyim bir halı da qeyd edim. Orda qızlar rinqdə döyüşçü olsa da, adi həyatda başqa qadınlardan heç nə ilə seçilmir. Azərbaycanda isə vəziyyət biraz başqa cürdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail