Şahin Diniyev: "Dəridən-qabıqdan çıxan futbolçular lazımdı" - MÜSAHİBƏ

16.05.2017 | 931 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir: 

- Şahin müəllim, ilk öncə çempionatla bağlı fikrinizi bilmək istərdik.

- Son çempionat ötənilki yarışla müqayisədə, bizim üçün daha gərgin keçdi. Oyunlara görə klub rəhbərliyi, azarkeşlər, oyunçular və məşqçilər korpusu stress yaşadı. Müəyyən uğursuzluq oldu, amma ruhdan düşmədik, hamılıqla əl-ələ verib düşdüyümüz vəziyyətdən çıxdıq. Büdcə sarıdan rəqiblərimizdən geri qalmağımıza baxmayaraq, komanda xarakter göstərib çempionatda yaxşı çıxış etdi. Məşqçi işlədiyim dövrdə bu mövsüm qədər həm zehni, həm də fiziki cəhətdən yorğunluq olmamışdı. Həkimlərin də məsləhəti ilə mütləq istirahətə ehtiyac vardı. Yeni mövsümə də hazırlaşmaq üçün 12 gün müddətində sanatoriyada müalicə aldım. Şükür, indi hər şey yaxşıdı, özümü gümrah hiss edirəm. Ölkə xaricində olsam da, komanda ilə bağlı məsələlər hər zaman diqqətimdə oldu. 

- Bəs mövsümün yekunlarını necə qiymətləndirirsiz?

- İlk növbədə klub rəhbərliyinə və azarkeşlərə dəstəyə görə minnətdarlıq edirəm. Ardıcıl iki il beşinci yeri tutduq. Avropa Liqasına vəsiqə qazanmağa bir xalımız çatmadı. Ona görə bir xal deyirəm ki, mənim düşüncəmlə “Zirə” - “Neftçi” oyununda qonaqlara texniki məğlubiyyət verilməsəydi, turnir cədvəlində xal fərqi başqa olacaqdı. Üçüncü dövrədə komandamız yalnız AZAL-ı qabaqlayırdı. Amma son dövrədə biz acınacaqlı durumdan çıxa bildik. Bəziləri xal fərqinin çoxluğuna görə sona kimi Avroliqa uğrunda vuruşacağımızı gülərək qarşılayırdı. Mən də olsaydım, bəlkə elə fikirləşərdim. Çünki 7 oyunda bunu aradan qaldırmaq çətin görünürdü. Amma “Kəpəz” bunu bacardı. 6 matçda qalib gəlib yalnız “Qarabağ”a uduzduq. Ağdam klubu ilə görüşdə hesabı açsaq da, təcrübə öz sözünü dedi. Ümumi götürəndə, komandanın çıxışından razıyam, azarkeşləri sevindirə bildik. Az büdcəmizə baxmayaraq, rəqiblərlə başa-baş mübarizə apardıq, heç kimə qapazaltı olmadıq. Asan təslim olmadıq, mübarizə apardıq. Uğurumuz da oldu, uğursuzluğumuz da. Sadəcə, üçüncü dövrədə üzləşdiyimiz yenilgilər vəziyyəti korladı. AZAL-la ev oyununda əlavə vaxtda buraxdığımız qol bizi qələbədən etdi, daha bir neçə belə oyunu sadalamaq olar. Qış fasiləsindən sonra “İnter” ilə keçirdiyimiz ilk oyun komandanı yolundan etdi. İlk yarıda hesabda irəlidə olarkən 48-ci dəqiqədə buraxdığımız qol uşaqları psixoloji cəhətdən sındırdı və bununla da uğursuzluq zolağına düşdük. Stabil ola bilmədik. Ən əsası, toparlanıb vəziyyətdən çıxa bildik. Azarkeşlərin və əsasən də rəhbərliyin bizə inanması, dəstək verməsi həlledici oldu. Son dövrədə yığdığımız xala görə hətta “Qarabağ”dan üstün olduq. Məncə, bir pillə də yuxarını tuta bilərdik. Bəzi futbolçular “Kəpəz”də potensiallarını aça bildilər, elitada özlərini bəlkə də ilk dəfə ən yaxşı tərəfdən göstərdilər. Təbii ki, məşqçi olaraq tam razı ola bilmərəm, razı oldunsa, işləməyə dəyməz. Narazı olduğum məqamlar çoxdu, həm özümdə, həm də komandada. Səhvlərimizi yeni mövsümdə təkrar etməməliyik. 

- Bəzi futbolçuların potensialını açmasından danışdız. Bu mənada yenidən parlayan Davud Kəriminin, Novruz Məmmədovun və digərlərinin adını çəkmək olar. “Kəpəz” onları yenidən ölkə futboluna qazandırdı.

- Ondan başlayaq ki, bəziləri gözlədiyimizin əksinə potensiallarını tam göstərə bilmədilər. Bizim heyətə götürdüyümüz futbolçuların bəzilərinin karyerasına nöqtə də olmasa, vergül qoyulmuşdu. Düzgün iş quruldu, oyunçularda özlərinə inam yarandı. Qarşılıqlı inam olanda komanda düzgün yol seçir. Davud aşağı dəstədə əsas heyətdə belə, yer almırdı. Novruz perspektivsiz futbolçu sayılırdı. Amma biz onlara inandıq. Hər ikisi “Kəpəz”in aparıcı siması oldu. Orxan Əliyevin də adını çəkə bilərəm. Onu MOİK-dən götürəndə zədəli idi. Orxan vaxtilə bacarıqlı oyunçu kimi milli səviyyəsinə yüksəlmişdi. Birdən-birə itdi və Əliyevi biz birinci divizionda tapdıq. Heyətə cəlb etdik və yenidən onu Azərbaycan futboluna qazandırdıq. Son olaraq İslamiada üçün U-23 yığmasına dəvət aldı. Budaq Nəsirovu da demək olar. Nəsirovu “Sumqayıt”dan dəvət edəndə “18-liy”ə belə düşmürdü. “Kəpəz”də isə potensialını aça bildi. Şəhriyar Əliyev və Tərlan Quliyev “Qarabağ”da oynamırdılar, Gəncə klubuna gələndən sonra özlərini yaxşı tərəfdən göstərə bildilər. Belə misallar çoxdu. İnanıram ki, hələ belə futbolçular çox olacaq. “Kəpəz”də belə imkan var. Uğurlardan danışanda uğursuzları da demək lazımdı. Əvvəlcə komandadan gedən futbolçuların hamısına təşəkkür edirəm. Tural Nərimanov, Tural Qürbətov, Eyyub Əliyev, Nicat Qurbanov, Tural Axundov, Vüqar Bəybalayev və digərləri klubumuzun inkişafında rol oynayıb, onlara təşəkkür edirəm. Axundovla müqayisədə digərləri yaxşı futbolçular olsa da, bizdə potensiallarını tam aça bilmədilər, halbuki onlardan daha çox şey gözləyirdim. Bunda kimdəsə günah axtarmaq lazım deyil. Mən yenə də adlarını çəkdiklərimi yüksək səviyyəli futbolçu hesab edirəm. Onların payı komandanın uğurunda var və danılmazdı. Futbol həyatı belədi, arzu edirəm ki, gedəcəkləri klublarda özlərini göstərə bilsinlər. Sadəcə, bizdə alınmadı. Uğurlar arzulayıram, inanıram ki, nəticələri hələ qabaqdadı. 

- Belə bir məsəl var, deyirlər gəmini ən sonda kapitan tərk edir. Amma Tural Axundov “Kəpəz”dən ilk gedənlərdən oldu. Axundovun gedişi heç də birmənalı qarşılanmadı.

- Tural iki il ərzində kapitan kimi mənim “sağ əlim” olub. Komandaya çox uğur gətirən futbolçu kimi yadda qalıb, bizə böyük köməyi dəyib. O, mədəni davranışı ilə meydançada və ondan kənarda seçilib. Futbolçunun ürəyi olduğu komanda ilə döyünməlidi. Gedənlərdən incimək olmaz. “Kəpəz”dən getmək istəyənlərə qadağa yoxdu. Son oyundan sonra mən uşaqlara bildirdim ki, kim getmək istəyirsə, daha yaxşı təklifi varsa, getsin. Son mövsüm yox, ondan əvvəlki ildə Rəşad Eyyubov adlı güclü futbolçumuz vardı, qış fasiləsində sərfəli maliyyə təklifinə görə “Qəbələ”yə keçmək istədi. Bizimlə müqaviləsi ola-ola ona uğur diləyib getməsinə icazə verdik. Axundov gedəndə ailə vəziyyətini nəzərə almağımızı istədi. Bilirsiz ki, onun ikinci övladı olub, ona görə də evdə daha çox olmaq istəyir. Yaşadığı Xırdalanla da Sumqayıtın arası çox yaxındı. “Halallıq verirsizsə, getmək istəyirəm” dedi, mən də etiraz etmədim. O, həmişə bizim qəlbimizdə olacaq. Ən yaxşı futbolçularımızdan biri idi, amma əvəzolunmaz oyunçu yoxdu. Hamının seçiminə hörmətlə yanaşmalıyıq. Turalın seçimində ailə məsələsi rol oynadı və onun istəyini qəbul etdik. Axundov iki il ərzində “Kəpəz”də canını qoyub, ona təşəkkür edirik. Muqaviləsi olsa belə, heç kimə komandamızdan getməsi ilə bağlı yasaq yoxdu. Rəhbərliyə gedişi ilə bağlı müraciət edərsə, bu etirazsız qarşılanar. Humanizm, insanlıq, futbolçuya hörmət klubumuzda hər şeydən öndə durur.

- Yeri gəlmişkən, bir neçə gün öncə klub saytı vasitəsi ilə Vüqar Bəybalayevin “Kəpəz” ilə razılığa gəlməsi haqda xəbər vermişdik. Amma futbolçu “Sumqayıt”a keçdi. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik. Nə baş verdi?

- Düşünürəm ki, transferlərlə bağlı məsələ daha çox azarkeşlərin diqqətindədi və onları yaxından maraqlandırır. Müqavilələr iyun ayının son günündə qüvvədən düşür, yeniləri isə avqust ayından qüvvəyə minir. Ürəyi “Kəpəz” ilə döyünən futbolçu komandada qalacaq. Fikrində başqa şey varsa, bizimlə olmayacaq. Saytımızda “razılıq əldə olunub, müqavilələr uzadılır” yazılırsa, deməli, bu işdə futbolçunun da razılığı var. Onların hər biri fərdi halda söhbət olur və razılıq əldə olunur. Kim istəyirsə, gedə bilər, bir qədər əvvəl də dediyim kimi ona mane olmuruq. Müqavilə onsuz da avqustdan bağlanılır, indiki şəraitdə isə arada şəxsi razılıq əldə olunur. Bu, bəlkə də peşəkarlıqdan uzaq ola bilər. Amma bizdə peşəkarlıq da var, qarşılıqlı anlayış da. Vüqarla 10 gün bundan öncə danışıqlar oldu, ona şərtlərimizi dedik və razılaşdı. Belədə saytımız vasitəsi ilə də xəbəri ictimaiyyətə çatdırdıq. Amma sonradan ona başqa klubdan təklif olub və Bəybalayev mənə “burada potensialımı o qədər də aça bilməyərək, “Kəpəz”ə istənilən dəstəyi vermədim, ola bilsin “Sumqayıt”da əsas heyətdə oynadım. Həm də burda yaşayıram, evimin içində özümü daha rahat hiss edərəm” deyə bildirdi. Vüqara dedim ki, ürəyin necə istəyir, klub istəyinlə razılaşacaq, gedə bilərsən. Ona uğurlar arzulayıram. Yaxşı oğlan, yaxşı futbolçudu. Hansısa oyunçu hansısa klubla danışıq aparırsa, yolu açıqdı. Bu gün mənə uğur üçün alışıb-yanan, dəridən-qabıqdan çıxan futbolçular lazımdı, nəinki doymuşlar.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2017

15:53  "Neftçi" "Qəbələ"yə qarşı - YENİLƏNİR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

18:12  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

21.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi