Rəşad Sadıqov: "Sanki bu zədə hakim üçün vaxtı artırmaq üçün səbəb oldu"

02.04.2018 | 3524 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunda “Keşlə” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Matçla bağlı nə deyə bilərsiniz?

- Oyunun ağır olacağı öncədən bilinirdi. Çünki “Keşlə” qış fasiləsindən sonra bütün rəqiblərinə ciddi müqavimət göstərir. Cəmi 2 oyundan məğlubiyyətləri var idi və 90-cı dəqiqədə qollar buraxmışdılar. Digər tərəfdən, uzun müddətdir komandamız bir yerdə deyildi. Hər zaman millinin toplanışlarından sonra bu cür problemlər yaşayırıq. İlk hissə bizim üçün çox ağır keçdi. Demək olar ki, heç nə alınmırdı. Amma fasilədən sonra toparlandıq və öz oyunumuzu oynamağa başladıq. Qolu da yaxşı vaxtda vurduq. Lakin təəssüflər olsun ki, bundan sonra fərqlənə bilmədik. Yetərincə qol imkanlarımız var idi. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. “Keşlə” üçün maraqlı oyun oldu. Fikirləşirəm ki, bir xal da bir xaldır.

- Komanda yoldaşınız Maksim Medvedev bildirmişdi ki, Qurban Qurbanov millinin baş məşqçisi olduğu üçün rəqib futbolçular “Qarabağ”la oyunlarda özlərini ona göstərməyə daha əzmlə çıxış edirlər. Bu gün də “Keşlə”nin oyunçuları əvvəlkindən istəkli idilər. Bu fikirlə razısınız?

- Təbii ki, elədir. Millinin baş məşqçisinin qarşısında oynamaq hər bir futbolçu üçün stimuldur. Yığmanın son toplanışı üçün açıqlanan heyətdən hamı gördü ki, özünü yaxşı tərəfdən göstərənlər dəvət alacaqlar. Ona görə də hamı bundan istifadə etmək istəyir. Görürsən ki, motivasiya ilə oynayırlar.

- Matçın gedişində sizin özünüzdə də aqressivlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?

- Məğlubiyyətlə əlaqədar idi. Oyun alınmırdı, uduzurduq. Belə hallarda həmişə bu cür olmuşam.

- Hətta oyundan sonra Pərdis Fərcad Azada əsəbləşdiniz...

- Əslində əsəbləşdim, amma bu, kobud formada deyildi. Millidə bir yerdə oynamışıq.

- Baş məşqçisi olduğunuz Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində iki oyun keçirdi. İrlandiya ilə səfər matçında rəqib qələbə qolunu 90+9-cu dəqiqədə vurdu. Niyə buna etiraz etmədiniz?

- Etiraz etməyin mənası yox idi. Məğlub olduğumuz üçün təəssüf hissi keçirirəm. Uşaqlar çox yaxşı oynamışdılar və ən azı bir xal götürməyə layiq idilər. Yaxşı əks-hücumlarımız oldu. Qol vurub, qələbə də qazana bilərdik. Təəssüf ki, alınmadı. Məni sevindirən odur ki, uşaqlar istək və inamla oynayırdılar. Rəqibin heyətində tanınmış futbolçular vardı. Lakin onlardan çəkinmirdilər, ürəklə oynayırdılar. Ən vacibi budur. Düşünürəm ki, qalan şeylər də düzələr.

- İrlandiya ilə görüşün əsas vaxtına niyə bu qədər əlavə olunmuşdu?

- Matça 5 dəqiqə əlavə olunmuşdu. Beşinci dəqiqənin başa çatmasına 20 saniyə qalmış Mahir Mədətov zədələndi, oyun təxminən 2 dəqiqə durdu. Bəlkə də Mahir yıxılmayıb dursaydı, hakim görüşü bitirəcəydi. Çünki top meydançanın rəqibə aid hissəsində idi. Sanki bu zədə hakim üçün vaxtı artırmaq üçün səbəb oldu. Bundan sonra istədiyi qədər uzada bilərdi. Sonradan da baxmışam, 20 saniyə qalmışdı. Amma biz təxminən 2 – 2,5 dəqiqə oynadıq. Əslində, təhlükəli epizod da yox idi. Topu soyuqqanlı şəkildə uzaqlaşdırdıq. Sadəcə olaraq, qayda pozuntusuna yol verdik. Qapımıza cərimə zərbəsi təyin olundu və rəqib də bundan istifadə etdi. Bütün oyun boyu də rəqib standart vəziyyətdən istifadə etməyə çalışırdı. Amma uşaqlar çox inamlı oynayırdılar. Düzdür, standart vəziyyətdən 2 qol buraxmışıq. Lakin uşaqlardan çox razı qaldım. Onların çıxışı məndə müsbət fikir oyadır.

- Əsas millidə görüləsi işlər daha çoxdur, yoxsa U-21-də?

- Çətin sualdır.  Bu gün işlər bütün millilərin düzəlməsi yönündə gedir. Ciddi, sistemli şəkildə iş getməlidir ki, yavaş-yavaş aşağıdan futbolçu çıxmağa başlasın. İstəyirik ki, milli səviyyəyə gələndə taktiki baxımdan savadlı olsunlar. Yığmaya gələn futbolçu 2 -3 gün ərzində matça çıxır. Bu cür işlər aşağı yaş qruplarından aparılır. Bir çox başqa ölkələrin millilərində bu cürdür. Kosovo yığması bizimlə oyun üçün iki gün məşq etmişdi. Amma meydançada Avropada yetişən futbolçuların hesabına oynayırdılar. Biz də çalışıb aşağı yaş qrupunda elə oyunçular yetişdirməliyik ki, əsas milliyə gələndə Qurban müəllimi yarı sözlə başa düşsünlər.

- Qurban Qurbanov bildirdi ki, lazım olsa, Rəşad Sadıqov milliyə qayıdacaq. Yəqin ki, son qərarı özünüz verəcəksiniz...

- Bu gün gündəmdə olan söhbət deyil. Yığma karyeramı bitirən zaman, hələ Qurban müəllimin baş məşqçi postuna təyinatından da öncə demişdim ki, milli karyeramı başa vururam. Hamı deyir ki, komandada stopper problemi yaşanır, yalnız Ruslan Abışovla Bədavi Hüseynov var. O zaman da demişdim ki, yaxşı formada olsam, hər zaman kömək etməyə hazıram. Mən o cümləni demişəm. Qurban müəllim də eyni cümləni deyib. Yəni, birdən lazım olaramsa, baş verə bilər. Amma hazırda gündəmdə deyil.

- Millətlər Liqasında vəziyyət pis olsa, qayıdacaqsınız?

- Vəziyyət pis olmasın, ehtiyac olsa, qayıda bilərəm. İnşallah, ehtiyac olmayacaq. Uşaqlar yaxşı formadadır. Oyundan-oyuna artırırlar. Bu, sevindirici amildir. Düzdür, matçlara az qalıb və bu müddət ərzində 2 - 3 yoldaşlıq görüşü olacaq. İlk matçımız Kosovoya qarşıdır. Finala bərabər oyun olacaq. Çünki son görüşümüz də onlarla səfərdə olacaq. Onlar evdə çox aqressiv və istəklidirlər. Heyətlərində Avropada çıxış edən təcrübəli futbolçular var. Maksimum dərəcədə yaxşı hazırlaşmaq lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail