Messi: "Çempionlar Liqasında başımıza gələnlərə baxmayaraq, mövsüm, həqiqətən, yaxşı alındı" - MÜSAHİBƏ

10.06.2018 | 3892 dəfə oxunub

Barcelona və Argentina millisinin hücumçusu Lionel Messi İspaniyanın "Sport" nəşrinə msahibə verib. 

Stadium.Az müsahibəni təqdim edir.

- "Real" Çempionlar Liqasını qazanandan sonra "Barselona"nın daha yaxşı mövsüm keçirdiyi barədə mübahisələr yarandı. Siz nə düşünürsüz?

- Biz "Qızıl dubl"a imza atmaqla gözəl mövsüm keçirdik. Düzdür, daşıdığı mənaya görə Çempionlar Liqasında qalibiyyət hər kəsi həyəcanlandırır. Amma "Barselona"nın etdiklərini əskiltmək olmaz.

La Liqa və Çempionlar Liqasının qalibi olmaq fərqli şeylərdir. "Barsa" üçün geridə qalan mövsüm xüsusi oldu. Cəmi 3 oyunda uduzduq. Təəssüf ki, bunlardan biri bizi ən nüfuzlu klub turnirindən kənarda qoydu.

- "Qızıl dubl"u Çempionlar Liqası titulu ilə dəyişərdiniz?

- Xeyr. La Liqa çempionluğu və İspaniya kuboku əhəmiyyətli titulardır. Dediyim kimi, Çempionlar Liqasında başımıza gələnlərə baxmayaraq, mövsüm, həqiqətən, yaxşı alındı.

- "Real" son 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi olub. Bəziləri deyir ki, "Barselona"nın hazırki nəsli üçün 7 ildə cəmi 1 dəfə bu turnirin qalibi olmaq qənaətbəxş deyil. Razısınız?

- Bəli. Həqiqət budur ki, biz daha çox çempion olmaq istərdik.

- 1/4 final məğlubiyyətləri hər şeyi korlayır...

- Çemionlar Liqasının bu mərhələsində mübarizəni dayandırmaq bizə yaraşmır. Xüsusilə son mövsüm ilk matçda 4-1 qalib gəldiyimiz halda. Bu, bizə daha çox ağrı verdi. Mübarizəni bu cür dayandırmaq komanda üçün göründüyündən daha pis oldu.

- Kiyev finalını izlədiniz?

- Açığı, bəzi hissələrinə baxdım. Məsələ onda deyil ki, baxmaq istəmirdim. Sadəcə həmin vaxt Argentinada idim. Avropa ilə saat fərqi var. Oyunun icmalını izlədim, baş verən əsas hadisələri gördüm.

- Jordi Alba dediyi kimi, həmişə "Real"ın uduzmasını istəyirsiniz?

- Mən qalib gəlmək istəyirəm. Digər komandanın nə etdiyi məni maraqlandırmır. "Barselona" futbolçusu kimi mübarizəni dayandırdığımız turnirlərdə əsas rəqibimizin qələbəsini heç vaxt istəmərəm. Amma ilk növbədə komandamın qalibiyyətinə çalışıram.

- Zidanın "Real"dan getməsi barədə nə düşünürsüz?

- Həqiqətən təəccüblədim. Bunu gözləmirdim. Güman edirəm, heç kim gözləmirdi. Zidanın bu addımı atmaq üçün öz səbəbləri olmalıdır. Nə vaxt getmək lazım olduğunu bilmək də yaxşıdır. Heç kim onu mühakimə edə bilməz. Zidanın niyə getdiyini bilmirəm.

- "Barselona"nın bu yay hansı transferlərə ehtiyacı var?

- Mən kimin komandaya gəlməli olduğunu deyəcək insan deyiləm. Bununla məşğul olan insanlar var. Təkrar edirəm, mövsüm boyu etdiklərimiz fonunda Romada alınan məğlubiyyət qəribə idi.

- Antuan Qrizmann "Barsa"ya lazım olan futbolçudur?

- Onun prioritetini bilmirəm. Razılaşıram ki, Çempionlar Liqasını yenidən qazanmaq üçün bizə ən yaxşı futbolçular lazımdır. Qrizmann onlardan biridir. Onu transfer etsələr, möhtəşəm olar. Bu, transfer komitəsi və baş məşqçidən asılıdır. Mən yalnız Qrizmannın səviyyəli oyunçu olduğunu deyə bilərəm.

- Argentina millisində uğursuzluğa görə ağlamısız. Bəs "Barselona"da?

- Bəli, klub üçün də göz yaşları axıtmışam. Burda uzun illər keçirmişəm, bir sıra məqamlar olub. Çempionlar Liqasının yarımfinalında (red. 2009/10 mövsümü) "İnter", digər yarımfinalda isə (red. 2011/12 mövsümü) "Çelsi"yə qarşı matçda penaltini qola çevirə bilmədiyimi xatırlayıram. Həmin vaxtlar finala çıxmaq şansını əldən buraxmışdım. Biz turnirin qalibi olmağa layiq idik.

- İniesta depressiya barədə danışmışdı. Siz belə şey hiss etmisiniz?

- Andres kimi depressiya keçirməmişəm. Amma qarşıya qoyulan məqsədə çatmamaqla bağlı olan çətin anlarla üzləşmişəm. Başqa peşələrdə olduğu kimi işlər qaydasında getməyəndə əziyyət çəkirsən.

- Bu baxımdan siz də istisna deyilsiniz....

- Vergidən yayınma ittihamı ilə əlaqədar (red. 2014-cü il) gərgin dönəmlər olub. Mənə qarşı edilən hücum, atam, ailəm, yaxınlarım barədə deyilənlərdən təsirlənmişdim. Madriddə mənə qarşı kampaniya aparılırdı. Amma yaxın ətrafım, Barselona, Kataloniya, yerli jurnalistlərin mənə sahib çıxmasından xoşbəxt idim. Bu, məni biraz sakitləşdirirdi.

- Vergi ittihamının səbəbi nə idi?

- Bu, məni hədəfə almaq, vurmaq, zəif nöqtəmdən istifadə etmək siyasəti idi. Buna göstəriş Madriddən verilmişdi, xəbərim vardı. Bunu bilsəm də, çox narahatlıq keçirirdim.

- Həmin vaxt "Barsleona"dan getməyi planlaşdırırdınız?

- Əsla. Zədəli olduğuma görə həmin il mənim üçün çətin alınmışdı. Braziliyadakı dünya çempionatı da o vaxta təsadüf etmişdi. Həqiqəti əks etdirməyən çox şeylər danışırdılar.

- Bundan sonra başqa bir Messi gördük. Dünya çempionatından sonra özünüzü yenidən kəşf etdiniz?

- Xeyr, bunların bir-biri ilə əlaqəsi yoxdur. Həmişə ailəm, həyat yoldaşım, uşaqlarımın dəstəyini hiss etmişəm. Onlarla həyatdan həzz almaq üçün özümü pis şeylərdən təcrid edirəm. Meydanda özümü yenidən kəşf etməyim sonradan baş verdi. Oyundan asılı olaraq, geridən oynamaq, meydanın dərnliklərindən rəqibin cərimə meydançasına qədər irəliləmək mənə rahat gəlirdi.

- Sizinlə eyni yaşda olan Pike dünya çempionatından sonra milli karyerasını başa vuracaq. Bəs siz nə düşünürsünüz?

- Bilmirəm. Komandanın nəticəsindən asılı olacaq. Üç finalda alınan məğlubiyyət bəzi çətinliklərə gətirib çıxardı. Finala vəsiqə qazanmağın əhəmiyyəti bir kənarda qoyuldu, təzyiqlərə məruz qaldıq. Bu, asan məsələ deyildi, ardıcıl 3 turnirdə finala çıxmaq qiymətləndirilməli idi.

- Çempion olsanız, nə hiss edəcəksiniz? Növbəti motivasiyanız nə olacaq?

- Dünya çempionatından əvvəl motivasiyam nədirsə, eyni qalacaq. Klubla bir sıra titullar qazamışam. Fikrim həmişə qələbəyə can atmaqdır. Turnirdən sonra da dəyişəcək bir şey olmayacaq.

- Ən çox hansı rəqiblərdən ehtiyat edirsiniz?

- Mundiala özünəinamlı gələn, yaxşı oynayan və güclü futbolçulara malik müxtəlif komandalar var. Braziliya, Almaniya, İspaniya, Fransa və Belçika kimi. Düzdür, Belçika favoritlər sırasında çox da qeyd olunmur. Argentinanın da yaxşı oyunçuları və əvvəlki dünya çempionatından təcrübəsi var.

- Mümkün olsaydı, hansı rəqib futbolçunu milliləşdirərdiniz?

- Səviyyəli futbolçular çoxdur. Amma bizim də oyunçularımızı hər bir milli öz heyətində görmək istərdi. Heç kimə həsəd aparmırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail