Samir Abbasov: "Orada işə başlamaqla, “Səbail”ə xəyanət etmiş olardım" - MÜSAHİBƏ

01.09.2018 | 5545 dəfə oxunub

"Zirə”nin yeni baş məşqçisi Samir Abasov brifinq keçirib. Stadium.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda keçirdikləri məşqdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

- Komanda ilə bağlı ilkin təəssüratınız necədir?

- Dünəndən etibarən məşqlərə başlamışıq. 3 oyunçumuz millidə olduğu üçün ümumi toplantı keçirməmişik. Tanışlıq xarakterli iclasımız oldu. Təəssüratımız yaxşıdır. Uşaqlar can-başla məşq edirlər. Açığı, əhval-ruhiyyə sarıdan bir az problem var. Onu da aradan qaldırmaq üçün 15 günə yaxın vaxta malikik. Bunun üçün çalışacağıq. Burada həm yerli, həm də legioner futbolçular var. Ümumi dil tapmağa səy göstərəcəyik ki, komanda şəklində nəyəsə nail olaq.

- Komandanın sabiq baş məşqçisi Ayxan Abbasovla halallaşacağınızı demisiniz. Onunla görüşünüz oldu?

- Neçə gündür onunla əlaqə saxlamağa çalışsam da, alınmayıb. Həm klubdan, həm də dostları Ayxan müəllimin burada olmadığını bildirdilər.

- Artıq Bakıdadır...

- Buradadırsa, yəqin ki, danışacağıq. Hökmən!

- Mərkəz müdafiəçiləri Adil Nağıyev və Sadiq Quliyev gənc və təcrübəsiz oyunçulardır. Bu və digər mövqelərə transferlər etmək üçün büdcə imkan verir?

- Qeyd etdiyiniz mövqə barədə hamı danışır, problem var. Amma bu, o demək deyil ki, əlimizdə olan həmin müdafiəçilər zəifdirlər. Əlbəttə, rəqabət üçün müdafiənin mərkəzinə transfer lazımdır. Ancaq siz də bizi başa düşün – bütün çempionatlar start götürüb, bütün komandalar komplektləşib. Yaxşı oyunçuları götürüblər. İndi biz hər yoldan keçəni, çöldə qalanı gətirməklə, həm limitimizi pozacaq, həm də işimizə zərər verəcəyik. Ən yaxşı variantı axtarmağa çalışacağıq. Olmadığı halda, kimi gəldi götürmək, bunun əziyyətini çəkmək istəmirik. Bəlkə, qış fasiləsində bu barədə rəhbərliklə görüşümüz olacaq.

- “Sumqayıt”da yalnız legionerlərlə işləmisiniz, indi isə legionerlər də var. Ümumi dil tapmaq çətin olmayacaq?

- Burada bir problem yoxdur. Ümumi dilimiz futbol dilidir. Xarici dil baxımından da problemimiz yoxdur, danışa bilirik.

- Sizcə, “Zirə”nin legionerləri yerlilərdən nə dərəcədə güclüdür?

- Buna cavab versəm, düzgün olmaz. Çünki komanda öncədən yığılıb və mən də komandada kimlərin olduğunu bilirdim. Bunu bilə-bilə “Zirə”yə gəlmişəm. İndi şikayət etmək, danışmaq düzgün çıxmaz. Əlimizdə olanla işləməliyik. Adama “istəmirdin, niyə gəlmişdin?” deyərlər. Amma legionerlərin nazı ilə oynamaq fikrimiz də yoxdur. Oynamayacaqlarsa, qapımız açıqdır, göndərəcəyik.

- Rəhbərik qarşınıza hansı hədəfi qoyub?

- Bura gəlməyimin səbəbi klub rəhbərliyidir. Həddindən artıq ürəyə yatan, futbolu bilən, peşəkar rəhbərliyimiz var. Danışanda da fikirlərinin nə qədər düzgün və uzaqgörən olduğunu görürsən. Bu dəqiqə desəm ki, hədəf budur, düzgün çıxmaz. Çünki qarşıma hansısa hədəf qoyulmayıb. Amma hər oyuna udmaq üçün çıxmaq, Avroliqaya vəsiqə qazanmaq şərt olmasa da, istəyimizdir.

- “Sumqayıt”dan ayrılandan sonra “Qəbələ”yə keçəcəyiniz deyilsə də, “Zirə”yə gəldiniz. Gedişatın gözlədiyiniz kimi olmadığını söyləmək olar?

- “Qəbələ” rəhbərliyi ilə danışığım, ünsiyyətim olmamışdı. Bunu yalnız mətbuatda yazırdılar. Qıraqda qalan məşqçilərin adlarının hansısa klubla yanaşı hallanması normal haldır. Həmin dönəmdə “Qəbələ”də baş məşqçi yox idi. Adım hallansa da, reallıqda onlarla danışığım olmayıb. Çoxları deyirdi ki, işsiz qalmağım uzun çəkməz. Onlar deyən də oldu.

- Xaricdə işləmək istədiyinizi demişdiniz...

- Bunu demişdim. Amma reallıq budur ki, bizim məşqçilər reytinqli deyil. Xarici klublar İtaliya, İspaniya, Xorvatiya kimi adı çıxmış ölkələrdən məşqçi götürürlər. Nə qədər güclü, bilikli olsan da, sənə qucaq açıb “gəl” deyən yoxdur. Özün agentlər vasitəsi ilə ora yollar tapmalısan. Mən də onlara müraciət etmişdim. Bu gün olar, sabah olar... İndiyə kimi də çalışırlar. Belə bir şey olsa, güman ki, “Zirə” rəhbərliyi də etiraz etməz. Bunu zaman göstərər.

- “Səbail”ə getmək variantınız da vardı. Niyə büdcəsi “Zirə”dən iki dəfə çox olan bu kluba getmədiniz?

- Büdcə məsələsini bilmirəm. Sadəcə, həmin dönəmdə "qazan qaynamışdı", “Sumqayıt”dakı işimizdən sonra dincəlmə müddəti götürməli idim ki, işə yeni nəfəslə başlayım. Orada işə başlamaqla, “Səbail”ə xəyanət etmiş olardım. Fikirlərim dağılmış, başım şişmişdi. Nə edəcəyimi bilmirdim deyə, “Səbail”ə “yox” cavabı verdim. Bu, sırf mənim özümlə bağlı idi. Orada əla şərait yaradırdılar.

- Legionerlər olan komandada işləmək çətindir, yoxsa yalnız yerlilərlə?

- Yerlilərlə rahatdır, çünki ümumi dildəsən. Legionerlər qıraqdan gəlib. Özümüzünüklər barədə məlumat toplamaq asandır. Əcnəbilər isə video vasitəsi ilə gətirilir. Klubunun 3-4 meneceri olsa, izləsə, başqa məsələ. Amma indi gələndən sonra görürsən. Nə qədər əcnəbi var ki, problemli çıxıb. Ona görə də legionerlərlə çətindir.

- “Qarabağ”ın Avropa Liqasının qrupuna düşməsi barədə nə deyə bilərsiniz?

- Demişdim ki, rahat udacaqlar, hesab da böyük olacaq. “Qarabağ” indi dirçəliş dönəmindədir. Sevindirici haldır ki, qrupa düşüb. Getdikcə, daha yaxşı komanda görəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail