Aleksand Şoliç: "Berti Foqtsun dönəmində belə bir təklif almışdım və razılıq da vermişdim" - MÜSAHİBƏ

28.03.2019 | 5769 dəfə oxunub

2009 - 2014-cü illərdə “Bakı” klubunda çıxış etmiş xorvatiyalı futbolçu Aleksandar Şoliçin “Report”a müsahibə verib...

Həmin müsahibəni təqdim edirik:

- AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya yığmasının Azərbaycan millisini Zaqrebdə 2:1 hesabı ilə məğlub etdiyi oyuna baxdınız?

- Stadiona getməyə imkan olmadı, televiziya vasitəsilə izlədim. Xorvatiyanın güclü komanda olması hər kəsə aydındır. Lakin Azərbaycan millisi müdafiədə və əks-hücumlarda ağıllı oynadı. Yəni oynamalı olduqları kimi oynadılar. Hər halda, komandanızın Zaqrebdə çoxlu sayda hücumlar təşkil etməsini, açıq futbol oynamasını gözləməməlisiniz. Belədə hesab başqa cür də ola bilərdi. Azərbaycan millisinin qol vəziyyətlərindən daha yaxşı yararlanması mümkün idi. Xorvatiya yığması ardıcıl hücumlar təşkil etsə də, son matçlarda eniş hiss olunur. Bu, dünya çempionatında sonadək mübarizə aparan Xorvatiya deyil. İndi rəqiblərin də yanaşması dəyişib. Hamısı, ilk növbədə, müdafiə olunacaq. Ona görə də seçmə mərhələ Xorvatiya üçün çətin keçəcək.

- Xorvatiya yığmasındakı problemləri səfərdə Macarıstan kollektivinə 1:2 hesabı ilə uduzduqları qarşılaşmada gördünüz?

- Bəli, həmin görüşü də izlədim. Hazırkı taktika orada da işə yaramadı. Macarıstanın gənclərdən təşkil olunmuş mübariz komandası var. Belə matçlarda 100 faizdən çox güc qoymalısan. Əks halda, böyük problemlər olacaq. Xorvatiya Luka Modriç və İvan Rakitiç kimi yaşlı oyunçulardan asılıdır. Bizim hər zaman yaxşı futbolçularımız olub, indi də var. Sadəcə, nəsil dəyişməsi gedir. Mario Mancukiç və Daniel Subaşiçin yığmadan gedişi komanda üçün ciddi itkidir. Mario meydanda olanda çox işləyirdi və rəqibin müdafiəçilərini təzyiqdə saxlayırdı.

- Azərbaycan millisinin hazırkı baş məşqçisi Nikola Yurçeviç də həmyerlinizdir. Onu necə xarakterizə edərdiniz?

- O, uzun müddət Xorvatiya millisində baş məşqçi Slaven Biliçin köməkçisi olub. Müsbət keyfiyyətlərə malik mütəxəssisdir. Düzdür, baş məşqçi kimi az çalışıb. Köməkçi və baş məşqçi vəzifələri arasında çox böyük fərq var. Ancaq onun Xorvatiya ilə görüşdə seçdiyi oyun üslubunu çox bəyəndim. Açığı, belə oyun gözləmirdim. Komandanızın bir qədər bəxti də gətirmədi. Yurçeviç belə davam etsə, Azərbaycan millisi daha yaxşı yerlərə gələcək. Hazırda heyətdə tanımadığım yeni gənclərlə yanaşı, yaxşı xatırladığım Maksim Medvedev və Mahir Mədətov kimi futbolçular var. Onlar çox yaxşı təsir bağışladılar. Mədətov çox işlədi, hücumda fəallıq göstərdi. Yurçeviçin yaxşı komanda formalaşdıracağını düşünürəm. Azərbaycan millisi Robert Prosineçkinin dönəmində ən yaxşı oyununu sərgiləyirdi. Onun Azərbaycan millisindən gedişinə təəssüflənirəm. Özünü həm insan, həm də baş məşqçi kimi yaxşı tanıyır, işinə necə yanaşdığını bilirəm. O, futbola başqa gözlə baxır. Ümid edirəm ki, yeni baş məşqçi ilə də belə olacaq.

- Azərbaycan millisi bu oyunla AVRO-2020-yə vəsiqə qazana bilər?

- Bu, çox çətin məsələdir. Prosineçkinin dönəmində komanda həm də hücum edir, pressinqlə oynayırdı. Ciddi rəqibləri məğlub edib, xal almışdılar. İndiki qrup da çox çətindir. Müdafiə və əks-hücum futbolu ilə xal toplamaq çox ağır olacaq. Rəqiblər Azərbaycan millisindən güclüdürlər. Onlara qarşı hücum etmək, açıq futbol oynamaq olmaz. Belədə 30 qol da buraxmaq mümkündür. Ağıllı oynamaq, özünə inanmaq lazımdır. Açığı, Azərbaycan üçün bu qrupdan AVRO-2020-yə düşmək çox çətindir. Vəsiqə qazanmasına şad olardım. Ancaq real danışmaq lazımdır.

- “Bakı”da oynadığınız vaxt sizin də Azərbaycan millisində çıxış etmək variantınız gündəmə gəlmişdi...

- Bəli, Berti Foqtsun dönəmində belə bir təklif almışdım və razılıq da vermişdim. Lakin sonradan ölkədə milliləşdirmə prosesi dayandırıldı. Düzdür, daha sonra Riçard Almeyda milliləşdirildi. Ancaq mənim vaxtımda bu, mümkün deyildi. Bildirdilər ki, bu məsələ bağlanıb və yığmada yalnız azərbaycanlılar çıxış edəcək. Bu qərara hörmətlə yanaşdım. Lakin Azərbaycan millisində oynamaq şansım olmadığı üçün təəssüflənirəm.

- Azərbaycanda çıxış etdikdən sonra Bəhreynə yollandınız. Hazırda 36 yaşınız var. Karyeranızı başa vurmaq haqda düşünmürsünüz?

- Bəli, 2015-ci ilin yanvarında Bəhreynin “Əl-Nacma” klubuna üz tutdum. Orada bir il çıxış etdikdən sonra karyeramı Yunanıstanda davam etdirməyə yaxın idim. Ancaq “Bakı”da olduğu kimi, getdiyim “Kerkira” klubu da Super Liqanın startına bir gün qalmış yüksək liqadan kənarlaşdırıldı. Əvvəlcə bunun zarafat olduğunu düşünürdük. Ancaq hansısa sənədlərin düz olmadığı bildirildi. Belədə I Divizionda oynamaq istəmədim və Xorvatiyaya qayıtdım. Bəlkə də, düz etmədim, klub prezidenti qalmağımı istəyirdi. “Kerkira” növbəti mövsüm elitaya yüksəldi. “Bakı”da da buna bənzər bir şey olmuşdu. Klubda müəyyən problemlər yaranmışdı. Klubun sonunun belə olmasına təəssüflənirəm. 

- Hazırda III liqada mübarizə aparan “Opatiya”da çıxış edirsiniz. Deyəsən, karyeranızı bitirməyə hazırlaşırsınız...

- Açığı, Yunanıstan olayından sonra ölkə xaricinə getmək istəmədim. "Opatiya" yaxşı komandadır, heyətdə vaxtilə yüksək dəstədə çıxış etmiş futbolçular var. Karyeramı bitirməyə gəlincə, bunu ötən mövsüm etməyi düşünürdüm. Lakin baş məşqçi dedi ki, daha bir mövsüm kömək et. Cari çempionat başa çatandan sonra vəziyyətə baxacağam.

- Bakı ilə bağlı hansı xatirələniriz var?

- Azərbaycanla bağlı yalnız xoş təəssüratlarımın var. Həyatımın ən yaxşı dönəmini Bakıda keçirmişəm. Ölkədəki sabitlik, insanlar, çempionat, dostlar – bir sözlə hər şey çox gözəl idi. Həmin günləri ömrümün sonuna qədər xatırlayacağam. Heyf ki, oradakı karyeram tez bitdi. “Bakı”nın aqibəti belə olmasaydı, indi də orada çıxış edirdim. Azərbaycanda başqa klublardan da çoxlu sayda təkliflər olsa da, geri çevirmişdim. “Bakı” elitanı tərk edəndən sonra isə Azərbaycanın başqa klubuna keçməyi düzgün saymadım. Çünki “Bakı”nın yaxşı vaxtlarında bunu etməmişdim. Həmin vaxtlarda xaricdən də dəvət almışdım. Ancaq mən karyeramın sonuna qədər “Bakı”da çıxış etməyi qərara almışdım. Təəssüf ki, klubun aqibəti bu cür oldu və planlarımız baş tutmadı.

- Azərbaycanda əlaqə saxladığınız şəxslər var?

- Bəli, ölkənizdə oynayan, işləyən dostlarım var. “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov, hazırda “Qarabağ”ın fizioterapevti olan Radişa Milosavlyeviç, eləcə də azərbaycanlı futbolçularla danışıram. Boş vaxtım olan kimi Bakıya gələcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail