Aleksandr Səmədov: "Azərbaycan Futbol Federasiyasından zəng vurmuşdular" - MÜSAHİBƏ

28.05.2019 | 6437 dəfə oxunub

Rusiya millisinin sabiq üzvü, “Krılya Sovetov”un yarımmüdafiəçisi və Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Aleksandr Səmədov “Moskva-Baku” nəşrinə müsahibə verib: 

- Aleksandr, xatırlayırsınız, Avropa Liqasının Bakı finalının səfiri olduğunuzu nə vaxt bildiniz? Ümumiyyətlə, bu, necə baş verdi?

- Mənə səfir olmaq telefonda təklif olundu. Azərbaycan Futbol Federasiyasından zəng vurmuşdular. Dedilər ki, belə bir təklif var. Buna münasibətimi soruşdular. Mən isə sevinclə razılıq verdim.

- Sizin rolunuz nədən ibarət olacaq və bu vəzifədə nəsə edə bilmisiniz?

- Açığı, çox həyəcanlıyam və Bakıda hər şeyin necə olacağını bilmirəm. Nəsə etməyimlə bağlı suala gəlincə, Moskvada Avropa Liqasının təqdimatı oldu, xeyli adam gəlmişdi. Avtoqraf mərasimi keçirildi, mənə görə, tədbir sadəcə, möhtəşəm alındı.

- Bu yaxınlarda demişdiniz ki, hazırda zədəsini sağaltmaqla məşğulsunuz və hətta karyeranızı bitirmək barədə də düşünürsünüz. Zədə çox ciddidir, yoxsa, bu fikirdə olmağınızın başqa səbəbləri var?

- Əslndə bunun zədə ilə heç bir bağlılığı yoxdur və bu barədə mən öz fikrimi daha əvvəl açıqlamışdım. Hə, burada müxtəlif amillər var. İndi müalicə olunuram, amma yaxın vaxtlarda yekun qərarımı verəcəyəm. Həmin vaxta isə çox az qalıb.

- Dəfələrlə Azərbaycan millisinə çağırılmısınız, sizi orada görməyi arzu ediblər. Siz isə imtina etmisiniz. İstənilən halda, nə vaxtsa Azərbaycana gedib, yerli klublardan birində oynamağınız mümkündürmü?

- Mən heç nəyi istisna etmirəm. Milli başqa bir hekayədir. Klublardan birində oynamaq... Tam mümkündür. İndi bu haqda danışmaq çətindir. Hər şey vəziyyətdən asılı olacaq. Amma təkrar edirəm, belə bir variant tam mümkündür. Niyə də olmasın?!

- Məlumdur ki, atanız azərbaycanlıdır. Ata tərəfdən əcdadlarınızdan kimi tanıyırsınız?

- Əlbəttə, atam sağ olanda ailəsi, əcdadları haqda çox danışırdı. Ata tərəfdən əcdadlarımız Gəncədəndirlər. Məsələn, ulu babam Böyük Vətən müharibəsinin iştirakçılarından olub, Budapeştə qədər gedib çıxıb. Artıq atam həyatda yoxdur, amma qohumlarımla əlaqə saxlayıram, xüsusilə də əmilərimlə. Onların sayı çoxdur. Elə alındı ki, indi onların əksəriyyəti Azərbaycanda yox, Rusiyada yaşayırlar. Buna görə də əlaqə saxlaya bilirik.

- Ailənizdə Azərbaycan adət-ənənələrinə əməl olunur?

- Azərbaycan mətbəxini çox sevirəm, onun böyük pərəstişkarıyam. Stolumuzda tez-tez bu cür yeməklər olur. Bundan başqa, evimizin yerləşdiyi ərazidə Azərbaycan restoranı var. Tez-tez və böyük məmnuniyyətlə ailəlikcə ora gedirik.

- Avroliqanın finalına qayıdaq, artıq oyuna bir gün qalıb. Bakıya qarşı hücumlar, xüsusilə də “Liverpul”un baş məşqçisi olan Yurgen Klopp kimi tanınmış mütəxəssisin fikirləri təəccüb doğurur. Qəribədir ki, onun öz komandası Bakıda deyil, Madriddə final oynayacaq. Nəhayət, “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın belə möhtəşəm bir matçda oynamaqdan oynamaqdan imtina etməsi. Halbuki rəsmi Bakı ona təlükəsizliklə bağlı istənilən təminatı vermişdi. Hətta Gənclər və İdman Naziri Azad Rəhimov acı ironiya ilə “Bizdən daha hansı zəmanət tələb olunur? Qırıcıların müşayiət etdiyi şəxsi təyyarə?! – deyə sual vermişdi...

- Mxitaryanın qərarını müzakirə etməkdə bir məna görmürəm. Bu, əsasən onun öz qərarı və öz məsuliyyətidir. İstərdim ki, idman siyasətlə mümkün qədər az əlaqələndirilsin və oxşar hadisələr az yaşansın. Kloppun fikirlərinə gəlincə, Çox təəccübləndim, məhz ondan bu cür şərh eşitməyi gözləmirdim. Bakı gözəl otelləri olan möhtəşəm şəhərdir. Şəhər alman mütəxəssisin səsləndirdiyi fikirlərə layiq deyil. Əminəm ki, hər şey əla olacaq.

- Final oyununa proqnoz verməyə hazırsınız?

- Mənim yeganə proqnozum odur ki, iki fantastik komandanın oyunu olacaq. “Arsenal” və “Çelsi” kimi komandaların finala çıxması böyük uğurdur. Onların qarşılaşmasına proqnoz vermək sadəcə, mümkünsüzdür. Şanslar bərabərdir. Çünki eynisəviyyəli komandalardır. Top-oyundur, bu, özü hər şeyi deyir.

- İngilis futbolu sizin sevimliləriniz arasındadır, yoxsa başqa seçiminiz də var?

- Hazırda İngiltərə çempionatı Avropada hegemonluq edir və buna görə mübahisə etmək çətindir. Amma mən fikrimi dəyişməmişəm. “Milan”ın sadiq azarkeşi, İtaliya futbolunun həvəskarıyam. Obyektiv danışsaq, bu gün İngiltərə futbolu öndədir, Premyer Liqa biznes-layihədir. Maliyyə imkanlarından tutmuş, televiziya görüntülərinə qədər, bütün sahələrdə hər kəs işini yüksək səviyyədə görür. Bu cür yüksək standartların fonunda futbol uğurları da gəlir. Tarixdə ilk dəfə bir ölkənin təmsilçiləri həm Avropa Liqası, həm də Çempionlar Liqası kimi turnirin finalına yüksəliblər. 

- Tezliklə taleyiniz həll olunacaq. Gələcəyə baxanda, özünüzü yenə də futbolda görürsünüz, yoxsa başqa işlə məşğul olmaq daha maraqlı gəlir?

- Mən artıq digər sahədə də özümü sınayıram. Bizneslə məşğulam və bu planı inkişaf etdirmək, daha da irəli aparmaq üçün mütləq nəsə fikirləşəcəyəm. Amma futboldan da ayrılmaq istəmirəm. Çünki bu idman növünü sevirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail