Tahir Süleymanov Elxan Məmmədovu "yıxıb-sürüdü" - MÜSAHİBƏ
"Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun müsahibəsi:
"Müsahibələrim yığılıb, AFFA prezidentinin qəbul otağına göndərilib”
-Başlayaq istefa ərizənizi yazmağınızdan. Niyə bu cür qərar qəbul etdiniz?
-Bu biraz uzun məsələdi. Təbiidir ki, mənim klubdan ayrılmağımın öz
səbəbləri var. Artıq "Neftçi” missiyası mənim üçün bitib. Bundan sonrakı
dönəmdə "Neftçi”yə uğurlar arzulayıram. 5 il tarixi uğurlar qazanıldı,
nəticələr də göz qabağındadır. Verdiyiniz suala gəldikdə isə uğurlu
nəticələrdən sonra klubdan getmirlər. 5-10 il klublarda çalışan elə rəsmilər
var ki, xırda bir uğur qazana bilməyiblər və futbola aidiyyatı olmayan
şəxslərdir. Bütün bunlara baxmayaraq mənim üçün vəzifə önəmli deyil, ən vacibi
Azərbaycan futbolunun inkişafıdır. İstefamın əsas səbəblərindən biri
müsahibələrimin qalaq-qalaq yığılıb, Rövnəq Abdullayevin qəbul otağına
göndərilməsi idi. İlk dəfədir ki, bunu açıqlayıram. Əvvəllər donoslar gedirdi,
müəyyən fikirlər səsləndirirdilər. Sonradan nəticələrimizin qarşısında aciz
qalaraq mənim mətbuata verdiyim açıqlamalarımdan, müsahibələrimdən
mənəviyyatsızcasına istifadə edirdilər. Dəqiq deyə bilərəm ki, bu iş AFFA-nın
binasından həyata keçirilib. Oradan isə "Neftçi” PFK-ya göndərilirdi ki,
araşdırılsın. Bu barədə Sadıq Sadıqovla xüsusi söhbətlərimiz olub. Mənim
"Neftçi”dən getməyimin əsas səbəbi bu tipli, mənasız işlər oldu. Sadıq
müəllim məni çağırıb, həmin məktubları stolun üstünə qoydu və dedi: "Gör,
hansı işlərlə məşğul olurlar, əl çəkmirlər”. "Neftçi”ni, Sadıq Sadıqovu
qorumaq üçün bu addımı atdım. Bildirmək istəyirəm ki, Sadıq müəllim heç vaxt
mənə get deməyib, əksinə hər zaman müdafiə edib. Heç "Neftçi”nin sponsoru
olan "SOCAR”ın prezidenti Rövnəq Abdullayev də heç vaxt bu fikirdə
olmayıb. Görəndə ki, mənim "Neftçi”dən gedişim mümkünsüzdür, bu cür
mənəviyyatsız hərəkətlərə əl atdılar.
- Donoslar konkret
olaraq nədən ibarət idi?
- "Neftçi”də yüksək
vəzifə tutmağımı önə çəkərək futbol idarəçiliyində olan nöqsanları çəkinmədən
açıq şəkildə bildirdiyim üçün futbola cavabdeh olan müəyyən şəxslərə sərf
etmirdim. Bu cür psixioloji durumda bu nəticələri qazanmışıq. Bir məqamı da
vurğulayım, bu məsələni həmin dönəmdə qabartsaydıq, "Neftçi”nin
uğurlarından söhbət gedə bilməzdi. Açıq qarşıdurma fonunda təbiidir ki, heç bir
uğur əldə etmək mümkünsüzdür.
"Çünki o qolu hər hansı
bir legioner yox, şəhid oğlu, qarabağlı Vüqar Nadirov vurmalı idi”
- "Neftçi” və Sadıq
Sadıqovla bağlı verilən sualları daha çox siz cavablandırırdınız və məsuliyyəti
öz üzərinizə götürürdünüz. Getməyinizlə Sadıq müəllimi tək qoyduğunuzu
düşünmürsünüz?
- Bu günə qədər heç bir yerdə
səslənməyən fikirləri açıqladım. "Neftçi”yə gələcəkdə uğurlar arzulayıram.
Komandanın yeni vitse-prezidenti Elnur Məmmədov var. "Neftçi”nin bu günü
və sabahı ilə bağlı sualları artıq yeni vitse-prezidentinə ünvanlaya
bilərsiniz. Ümumiyyətlə, söhbətimizə milli-ideoloji baxımdan yanaşmaq
istəyirəm. Kim deyirsə futbol sıravi bir oyundur, səhv edir. Futbol çoxdan bir
siyasətə çevrilib. Ən önəmli məqamları xatırlatmaq istəyirəm. Bizim APOEL-lə
Kiprdəki görüşümüzdən öncə Böyükağa Hacıyevə mətbuat konfransında belə bir sual
ünvanlandı: "Sabah stadionda 25 min yunan bayrağı dalğalanacaq,
qorxmursunuz?”. Böyükağa Hacıyev isə cavabında: "Biz ürəyimizdə Azərbaycan-Türkiyə
bayrağı ilə meydançaya çıxacağıq”. Nəticədə biz möhtəşəm qələbə qazandıq. Eyni
zamanda Çempionlar Liqasının təsnifat mərhələsində Albaniyadakı görüşümüz
Ağdamın işğalının 20-ci ildönümünə düşdü və klubun mətbuat xidmətinin rəhbəri
Gündüz Abbaszadə ilə birlikdə təqdirəlayiq bir iş gördük. Gündüz Abbaszadənin
yazdığı Ermənistanın işğalçı dövlət olduğu vurğulunan mətn səsləndirildi və bir
dəqiqəlik sükut oldu.
"Qarabağ”ın bu mövsüm
Avroliqanın qrup mərhələsində oynaması böyük bir əks-səda doğurdu. Xüsusi
olaraq ermənipərəst Fransada "Qarabağ” oynadığı zaman qolun Vüqar Nadirov
tərəfindən vurulması təsadüfi deyildi. Çünki o qolu hər hansı bir legioner yox,
şəhid oğlu, qarabağlı Vüqar Nadirov vurmalı idi. Bu da Allahdan Azərbaycan
xalqına bir dəstək idi. Düşünürəm ki, bunun davamını gətirmək lazımdır.
- PFL prezidenti Ramin
Musayev açıqlamasında bildirmişdi ki, "Neftçi” qalib gələndə Tahir
Süleymanov bizi tərifləyir, məğlub olduqda isə pisləyir. Həqiqətənmi belə idi?
- Düzü, Ramin Musayevin belə
bir açıqlamasını oxumamışam. Mən "Neftçi”də olanda hər zaman fikirlərimi
sərbəst bildirmişəm. Bu gün də fikirlərimi bildirməyə hazıram. Qanunun aliliyi
var və hər kəs buna riayət etməlidir. Müsbət olanda müsbəti, mənfi olanda
mənfini demişik.
- Siz də klub
idarəçisi olmusunuz. Azərbaycan futbolundakı klub idarəçiliyi hansı
səviyyədədir?
- Klublar nə qədər müstəqil
olsalar belə ümumi futbolun idarəçiliyində olan məsələlərlə paralel addımlayır.
Əlbəttə ki, çatışmazlıqlar həddindən artıq çoxdur. Bunun bir nömrəli səbəbi hər
hansı bir doğru strategiyanın cızılmaması və klublarda həddindən artıq təsadüfi
insanların olmasıdır.
"Təəssüflər olsun, bir
çox ailələr istedadlı balalarına "çörək ağacı” kimi baxırlar”
- Futbolçu
menecerlərimizlə bağlı fikirləriniz necədir?
-Ümumiyyətlə, menecerliklə
bağlı çox böyük təzadlar var. Bu yaxınlarda FIFA da müəyyən addımlar atdı. Bir
çox menecerlər futbolçuya gəlir mənbəyi kimi baxırlar, mənəviyyatsızcasına
yanaşırlar. Bir çox menecerlərin günahından səviyyəli futbolçuların karyerası
sual altında qalaraq uğursuzluqlara düçar olublar. FIFA bu məsələləri bilir və
buna qarşı bəzi tədbirlər görməyə başlayıb. Azərbaycandakı menecerlərdən
istəyim odur ki, yerli futbolçuların Avropaya daşınması üçün əməli addımlar
atsınlar. Çox təəssüf ki, bu yöndə də səviyyəsiz legionerlərin Azərbaycana
gəlməsi bir nömrəli prioritet məsələdir. Hələ "Neftçi”də çalışdığım
dönəmdə bir çox menecerlərlə söhbətimdə bildirmişəm ki, klubların sisteminə
uyğun futbolçuları gətirmək lazımdır. Bu həftə ərzində Antalyada keçirilən
oyunlarda Şifo Mehmetdən tutmuş "Volın”ın baş məşqçisi Kvartsyanyi və
Rednikə qədər hamısı bildirirdilər ki, "Neftçi”də son dərəcə texnikalı,
bacarıqlı futbolçular var. Bunu hər hansı bir sıradan mütəxəssislər yox, dünya
futbolunu görmüş peşəkarlar deyirlər. Təəssüflər olsun, bir çox ailələr
istedadlı balalarına "çörək ağacı” kimi baxırlar. Ümumiyyətlə, bu tək
futbolda deyil, nəsilə ruzili bir insan gəlirsə, minirlər onun çiyninə, beli
bükülənə qədər deyirlər ki, nəsil-kökü dolandırmalısan. Bizim futbolçuların
çoxunun ailəsində də münasibətlər bu cürdür. Bu məsələ onların Avropaya
getməsinin qarşısını alır. Çünki Azərbaycan futbolunda əla gəlir var. Pul
görməmiş ailələr, birdən-birə o qədər vəsait görəndən sonra nəinki Avropanı,
Türkiyəni heç Biləcəridən o tərəfə çıxmaq istəmirlər.
"Eddi İsrafilov kimdir?
Messidir, Ronaldodur yoxsa başqa biridir?!”
- Bildiyiniz kimi Eddi
İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib. Onun millimizdə
oynaması nə vəd edir?
- Eddi İsrafilov kimdir?
Messidir, Ronaldodur yoxsa başqa biridir. Azərbaycan millisini ucuzlaşdırmaq
olmaz. Yadınızdadırsa AFFA-nın baş katibi Eddi İsrafilovun millidə oynamasına
görə 1 milyon dollar pul istədiyini bildirmişdi. Eddi İsrafilov kimilər xahiş
etməlidir ki, Azərbaycan millisində oynasınlar. Bəli o, La Liqada çıxış edir.
Daima ehtiyatda oturur və yaxud da bir iki oyun oynamaqla şansı əldə edir.
Bilirsiniz milli ruhu olmayanların milli də oynamasının qəti əleyhinəyəm.
Azərbaycan futbolunun ideologiyası düzgün qurulmayıb. İsrafilovları axtarmaq
lazım deyil, 7-8 il ərzində bəs etmədimi Almaniyanın 5-ci liqalarından millini
səviyyəsiz futbolçularla doldurmaq?! Sonda da Berti Foqtsun yox,
"yığma”nın belinə 6 top vuruldu. Berti Foqts heç nə itirmədi, 6
milyonlarla çıxıb, getdi. Mən hələ minimum 6 milyon deyirəm. 2011-ci ildə
Belçika ilə qarşılaşan millimiz 4-1 hesablı məğlubiyyətə uğradı. 75-ci
dəqiqədən sonra dözməyib birbaşa Belçikaya Elxan Məmmədova telefon açdım. Həmin
ərəfədə "Everton”la müqavilə bağlayan Araz Abdullayevə İngiltərədə futbol
oynaması üçün işçi vizası lazım idi. Ehtiyat oyunçular sırasında idi. Elxan
Məmmədova bildirdim ki, Foqtsa deyin, lazım gəlsə Azərbaycan futbolu adına əmr
edin ki, bir iki dəqiqə də olsa Araz Abdullayevi meydana buraxsın onsuz da
böyük hesabla məğlub oluruq. Bildirmək istəyirəm ki, bir əvəzetməmiz qalırdı,
amma oyunun sonuna qədər heç kəs əvəzlənmədi. Cavab verdi ki, Foqtsa söz deyə
bilmirik. Axtyamovların millidə oynaması üçün ona söz deyə bilirdilər. Bu
insanlar Azərbaycan futboluna belə qulluq ediblər. Bu gün Azərbaycan millisinin
futbolçuları bölgələrdədir. Onları axtarıb tapmaq lazımdır. Avropadan yox,
bölgələrimizdən keçmək lazımdır. Çox təəssüf ki, federasiyanın ideoloji işlərlə
məşğul olan şəxsləri Avropadan keçib, Azərbayacana gəlmək istəyirlər.
Azərbaycan futbolunu nə vəziyyətə salıblarsa, hətta bizim bəzi
mütəxəssislərimiz də futbolun yox, Prosineçkinin Bakıda yaşayıb-yaşamayacağı
tipli məsələlərin müzakirəsi ilə məşğuldurlar. Bakıda yaşamayıb, Banqladeşdə
yaşamayacaq ki? Bakıda o qədər milyonların qarşılığında kim yaşamaz? Bəlkə
gedib, Mozambikdə yaşamalı idi?! Təəssüflər olsun, bizim mütəxəssislərimiz bu
məsələ ilə məşğul olurlar. Ən acınacaqlı məqamlardan biri də budur. Amma onları
bir qədər başa düşürəm, çünki Berti Foqts öz ideoloqları ilə birlikdə
Azərbaycan futbolunun başına elə oyunlar açdılar ki, hətta Prosineçkinin Bakıda
yaşaması belə böyük əks-səda doğurur.
"Pantiç gecə-gündüz
sinəsinə döyürdü ki, mən "Bakı”ya canımı da verərəm. Gəlsin, 5-6 ay pulsuz
işləsin, məgər pulu yoxdur?”
- Azərbaycan futbolunu
şouya çevirənlər jurnalistlərdir, yoxsa futbolun içində olanlar?
-Azərbaycan futbolunda az
sayda jurnalist var ki, öz sözlərini deyirlər. Bu mənada jurnalistlərə ancaq
təşəkkür düşür. Azərbaycan futbolunu şouya çevirənlər jurnalistlər yox,
futbolumuzda olanlardır. Azərbaycan futbolunu bu günə qoyanlar heç vaxt
futbolda olmayıb, özlərinə karyera düzəldənlərdir. Uzağa getmək lazım deyil, 10
il öncəni göz qabağına gətirin və hazırda futbolumuzda olanların siyahısını
dərc edin. Onlardan neçəsi o illərdə futbolun içində olub? Hər şey açıq-aşkar
görsənəcək. Foqts, Prosineçki, Gede, Adams, Toşak. Onlar qarşı-qarşıya əyləşib
federasiya və yaxud da klub rəsmisi ilə 5 dəqiqə söhbət edən kimi
qarşılarındakıların kimliyini dərhal anlayırdılar. Ona görə də Azərbaycan
futbolunun başına bu oyunu açırlar. Bu mövsüm "Xəzər Lənkəran”dan istər
yerli, istərsə də legioner 70 %-i qaçdı. "Bakı”da isə durum çox
acınacaqlıdır. Pantiç gecə-gündüz sinəsinə döyürdü ki, mən "Bakı”ya canımı
da verərəm. Gəlsin, 5-6 ay pulsuz işləsin, məgər pulu yoxdur? Gedeni gətirib
"Neftçi”yə təhvil verən Elxan Məmmədovlar bu gün də Azərbaycan futbolunun
ideologiyasını aparan şəxslərdir. Gede "Neftçi”ni nə hala saldısa, biz
komandaya gələndə tarixi kökə malik olan "Neftçi”ni düzəltmək üçün çox
əziyyətlər çəkdik. Bunların hesabatını kimlər verməlidir? Çıxsınlar millət
qarşısında cavab versinlər. Təəssüflər olsun, fiaskoya düçar olmuş
ideologiyanın davamı gəlir.
"Bəxtiyar Musayev gəlib
dedi ki: "Tahir müəllim xəbəriniz var, dünyada solaxay futbolçu qoymadıq,
hamısını "Neftçi”yə gətirdik”
- Söhbət
"Neftçi”dən düşmüşkən bu heyətlə cari mövsümdə uğurlu çıxış edə biləcəkmi?
- "Neftçi” bu heyətlə
"Qarabağ”la mübarizə aparmağa qadirdir. Komanda qapıçı Aqil Məmmədov və
hücumçular Rauf Əliyev və Rəhman Hacıyevlə güclənib. Fikrimcə, komanda qış
hazırlığından fiziki, taktiki, psixioloji baxımdan uğurla çıxarsa nəticə əldə
edə bilər.
- Komandada sol cinah
müdafiəçisi çatışmır axı ...
- Bildirdim axı, bugünkü
"Neftçi” ilə bağlı suallarını klubun məşqçilər korpusuna ünvanlaya
bilərsiz. Mən öz çalışdığım dönəmdən danışa bilərəm. Söhbət sol cinahdan
gedirsə, portuqal əsilli Rikardo Nunez Cənubi Afrika millisinin futbolçusudur.
O dönəmdə Bolqarıstanda çıxış edirdi, səhv etmirəmsə hal-hazırda Polşa
çempionatında top qovur. Müdafiəçimiz Bruno Bertuççi həmin dönəmdə ailə
məsələsi və təkliflər olduğu üçün Braziliyaya dönmək fikrində idi. Ona görə də
sol cinaha bir neçə futbolçunu baxışdan keçirmişdik. Baş məşqçi Böyükağa
Hacıyev də Rikardo Nunezi "Neftçi”də görmək istəyirdi. Yadıma gəlir,
2012-13-cü il mövsümündə komandanın seleksiyaçı məşqçisi Bəxtiyar Musayev gəlib
dedi ki: "Tahir müəllim xəbəriniz var, dünyada solaxay futbolçu qoymadıq,
hamısını "Neftçi”yə gətirdik”. Araz Abdullayev, Tərlan Quliyev, Erik
Ramos, Bruno Bertuççu, Nikolas Kanales və. s futbolçular hamısı solaxay idi.
Əslində bu bəhanə olmamalıdır. Hətta Kardozo Rusiya çempionatında
"Alaniya”nın heyətində sol cinah müdafiəçisi kimi çıxış edirdi. Denis
Silva və Məqsəd İsayev də o mövqeni qoruya bilərlər. Bizim vaxtımızda da bu
futbolçular o cinahda çıxış ediblər. "Neftçi”nin nəticələri göz önündədir.
Heç bir bəhanə gətirmədən çempionluğa oynamaq lazımdır.
"Əgər bir-iki mərhələ
adlamaq uğur sayılırsa, onda "Neftçi” və "Qarabağ”a heykəl qoymaq
lazımdır”
- Sizin fikrinizcə,
hansı əcnəbi çalışdırıcı Azərbaycan futboluna xeyir verib?
- Çox sayda adlı-sanlı
mütəxəssislər gəlib, uğur əldə etmədən tərk edib, gediblər. Nəticə verənlər Böyükağa
Hacıyev, Qurban Qurbanov və Tahir Süleymanovlardır. Bütün uğurlar yerli
mütəxəssislərə şərait yaradan Sadıq Sadıqov və Tahir Gözəlin əməyi idi.
Milyonlar isə xaricilərə verilir. Bizə heç bir şans verilmirdi, heç özümüz də
vaxt istəmirdik. Götürək "İnter”in baş məşqçisi Sxadadzeni. O, Azərbaycan
futbolu üçün nə edib? Bəli, yaxşı məşqçi ola bilər, hətta Gürcüstan millisini
də çalışdıracaq. Amma onun bu qədər təriflənməsini başa düşə bilmirəm.
Azərbaycanda hansı nailiyyəti qazanıb? Bir və ya iki mərhələ keçmək artıq
nəticə sayılmır. Əgər bir-iki mərhələ adlamaq uğur sayılırsa, onda
"Neftçi” və "Qarabağ”a heykəl qoymaq lazımdır.
- Bildiyiniz kimi Toni
Adams yenidən "Qəbələ”yə qayıtdı. Bu dəfə baş məşqçi kimi yox, futbol
direktoru vəzifəsinə..
-Ümumiyyətlə, kütləvi
əcnəbiləşdirmə siyasətini başa düşmək çətindir. Yadınızdadırsa, 3-4 il bundan
öncə biz klublarımızın Avropanın qrup mərhələsinə iddiasını ortalığa qoyanda
Toni Adams Azərbaycan klublarının 10 ildən sonra qruplara düşə biləcəyini
səsləndirmişdi. Fikir verin, müasir infrastrukturu, bazası olmayan
"Neftçi” və "Qarabağ” yerli mütəxəssislərlə Avroliqanın qrup
mərhələsinə vəsiqə qazandı. Məntiqlə götürsək, bu uğuru bizdən öncə dünya
standartlarına cavab verən şəraiti olan "Xəzər Lənkəran”, "İnter,
"Bakı” və "Qəbələ” etməli idi. Ad baxımından da bu klublara dünya
səviyyəli məşqçilər başçılıq edirdi. Belə olan halda onların yenidən
Azərbaycana qayıtmasının nə anlamı var?!
"Hörmətli Elxan Məmmədov
bir top çiləmə komitəsi də yaratsın, onunla da futbolun inkişafı tam şəkildə
təmin olunacaq”
-Məşqçilər və Klublar
Komitəsi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
-İndidə komitə oyunlarını
ortalığa atıblar. Hörmətli Elxan Məmmədov bir top çiləmə komitəsi də yaratsın,
onunla da futbolun inkişafı tam şəkildə təmin olunacaq. Əslində bu məsələlər
ölkə mediasında çox müzakirə olunur. Hər bir məsələyə qanunun aliliyi
çərçivəsində yanaşmaq lazımdır. AFFA – Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasıdır, yəni, federasiyaların birliyidir. Sual verirəm, hanı o federasiyalar?
90%-i kağız üzərindədir. Eyni zamanda da Ədliyyə Nazirliyindən qeydiyyatdan
keçmiş Məşqçilərə cavabdeh olan birlik və klublara cavabdeh olan Peşəkar Futbol
Liqası da var. Birmənalı şəkildə bildirirəm, əgər PFL yaradılmasaydı, xüsusi
vurğulayıram bütün nöqsanları ilə yanaşı, klubların ideologiyasını Elxan
Məmmədov və onun komandası aparsaydı nə "Neftçi”, nə də "Qarabağ”
Avroliqanın qrupunda olmayacaqdı. Belə olan halda hər iki klubun başında da
əcnəbi mütəxəssislər olacaqdı. Çünki keçmiş AFFA prezidenti Ramiz Mirzəyevin
dönəmində AFFA-ya gələn Elxan Məmmədovun futbol ideologiyası baxımından həm
milli, həm də ki bir-iki xırda məsələləri çıxmaqla bütün digər layihələr
fiaskoya uğrayıb. Uşaq gənclər futbolunda elit raund və yaxud da Adamın Qranatkin
turnirində 5-ci yer tutmağı bu nailiyyət deyil. Hansı uğurdan söhbət gedir ki,
2002-ci ilə İslam Kərimovun rəhbərliyi ilə uğur qazanılıb. Bu uğuru digər yerli
mütəxəssis Şakir Qəribov da təkrarlayıb. Hər hansı bir komitənin yaradılmasına
ehtiyac yox idi. Əgər bu qurumlara ilk gündən narazıçılıq var idisə, qeyd
etdiyim kimi, hər bir məsələ qanuna söykənməli idi. Növbədən kənar konfrans
çağrılıb bu qurumların rəhbərləri dəyişilə bilərdi.
- Bu komitələr niyə məhz indi yaradıldı?
-Çünki 4-5 il öncə klubların hər hansı bir ciddi uğuru yox idi. Berti Foqts
və onun ideoloqları hər zaman bildirirdilər ki, Azərbaycan çempionatı zəifdir,
futbolçu yoxdur. Almaniya və Türkiyədən futbolçu gətirib, milliləşdirib,
Azərbaycan futbolunu biabır etməklə məşğul olurdular. Amma 2012-ci ildən bu
tərəfə "Neftçi” və "Qarabağ”ın çıxışlarından sonra onların söz demək
imkanları tükəndi. Rəşad Sadıqov, Araz Abdullayev, Cavid İmamverdiyev, Elvin
Yunuszadə, Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev, Vüqar Nadirov kimi futbolçular
var və yetişir. Bunlar "İnter”, APOEL, "Sent Etyen”, "Dnepr”ə
qarşı oynaya bilirlər, amma millidə bacarmırlar? Bunu görən ideoloqlar 6-0-dan
sonra məsələləri tam dəyişdilər. Azərbaycan futbolunu yox, özlərini düşünərək,
vəzifələrini qorumaq üçün Klublar Komitəsini yaratdılar ki, sabah hesabat
versinlər "Qarabağ” və "Neftçi”nin uğurları bizimdir. Digər tərəfdən
də Foqtsun, Lippertin və öz uğursuzluqlarını ört-basdır etmək üçün Məşqçilər
Komitəsini yaratdılar. Bununla da qanunsuzluğa yol açıldı. Yuxarıda qeyd
etdiyimi kimi açın, sənədlərə baxın, AFFA-da PFL-lə yanaşı, Məşqçilər Birliyi
də var. Hər iki qurumun rəhbəri də var. Bununla Elxan Məmmədov bildirir ki,
onların heç biri işləmir, işləyən yalnız özüdür. Əgər belə davam olacaqsa,
yaxın bir zamanda Azərbaycan futbolu dönüb, bir aktyorun teatrına çevriləcək.
İlinə küllü miqdarda vəsait verib, klublara Hollandiya və Almaniyadan
mütəxəssis gətirmək gərəksiz idi. O vəsaitləri bölgələrə xərcləmək lazımdır.
Amma Elxan Məmmədov və onun ətrafına bölgə yox, Avropa daha maraqlıdır. Onların
ideologiyası "Sumqayıt”ı neçə dəfə aşağı yer tutan zaman çempionatı tərk
etməkdən qurtarmaq və yeni qərarlar qəbul edib, liqada saxlamaqdır. Bu da
Birinci Divizion klublarına haqsızlıqdır. Lisenziyalaşdırma bəhanəsini gətirməklə
bu cür addımlat atılıb. Az oldumu məgər Qomeşlər, Ladaqalar, Subaşiçlər,
Axtyamovlar, Anqola əsilli azərbaycanlını İspaniyada axtarmaqdansa, tovuzlu,
yevlaxlı, mingəçevirli, naxçıvanlı, gəncəlini axtarmaq lazımdır.
"Neçə illər ərzində də AFFA prezidenti Rövnəq Abdullayevi aldadıblar,
çünki AFFA-nın ideologiyasını orada əyləşən Elxan Məmmədov və ətrafı aparır”
-"Qəbələ”nin sabiq futbolçusu Daniyel Subotiç bildirib ki,
Azərbaycan millisinə dəvət etsələr,oynamağa hazıram. Çünki Azərbaycanı çox
sevirəm...
-Azərbaycan xalqını yox, milyonlarını çox sevirlər. Futbolumuzun bu
ideologiyasını görüb, təbii ki, elə danışmalıdır.
- Qurban Qurbanov və ya başqa bir yerli mütəxəssisi yaxın illər
ərzində millimiz baş məşqçi postunda görə biləcəyikmi?
- Yerli mütəxəssislərin uğur qazanması onları çaş-baş saldı. Bu gün Qurban
Qurbanovun və ya başqa yerli mütəxəssisin milliyə baş məşqçi gətirilməsi, öz
ideologiyalarının fiaskosuna möhür vurmaları deməkdir. Onlar yaxın bir-iki il
ərzində bunu etməyəcəklər. Əksinə, Prosineçki olmayacaq bir başqası
gətiriləcək. Dünyada yaddan çıxmış minlərlə məşqçi var. Təki azərbaycanlı
olmasın. Çünki biz onların bu fikirlərini alt-üst etdik.
"Toşak gəlib, velosiped
sürüb, getdi. Qriqorçuk el dili ilə desək "Qəbələ”də bismillah eləməyib,
artıq müsahibələr verir ki, mən sevə-sevə Odessaya qayıdaram”
- Bakıda kifayət qədər
klublar var. Bu klubların bir neçəsi fəaliyyətlərin rayonlarda davam etdirsə,
azərkeş məsələsini müəyyən mənada həll etmək olarmı?
- Təsəvvür edin "Pambıqçı” – "Qarabağ” oyununda bir tribunada əli
silahlı Bərdə batalyonu əyləşib, digərində isə Ağdam batalyonu əyləşmişdi.
Stadion da tam dolmuşdu. Bütün o proseslər gözümüzün qabağında olub. Tovuzda
oyun gedə-gedə stadionun ərazisinə düşmənlərin mərmiləri gəlib düşürdü. Ancaq
bununla belə futbola böyük həvəs var idi. Quzanlıda "Qarabağ” oynayanda
hər birimiz necə sevinirdik. Bunu davam etdirmək lazımdır. Azərbaycana gələn
legioner də, məşqçi də görməlidir ki, bir milyon qaçqınımız var. Bu problemlə
yanaşı, dövlətin futbola olan qayğısını göstərmək lazımdır. Əlbəttə ki, gedib,
İsveçrədə istirahət etmək rahatdır, nəinki Quzanlıya getmək. Bunun üçün
millətini sevməlisən, milli ruhun olmalıdır və belə deyərdim bu yöndə tərbiyə
almalısan. Öz dilində qıra-qıra danışanlardan nə gözləmək olar. İnsan millətini
sevməlidir. Toşak gəlib, velosiped sürüb, getdi. Syomin Qəbələyə gəlib,
milyonları, hətta, Niasseləri də özü ilə apardı. Qriqorçuk, el dili ilə desək,
"Qəbələ”də bismillah eləməyib, artıq müsahibələr verir ki, mən sevə-sevə
Odessaya qayıdaram. Gede gəlib, 1 saniyə içərisində "Neftçi”ni dağıtdı.
Rəşad Sadıqovları komandadan pərən-pərən saldı. Maddini hələ demirəm, mənəvi
yaraları düzəltmək üçün nələrdən keçdik. Starkovlar, Pantiçlər, Mustafa
Dənizlilər, Oğuz Çətinlər hamısı uğursuzluğa düçar olub, milyonlar qazanıb,
getdilər. Biz "Neftçi”də çalışdığımız dönəmdə nəticələrlə yanaşı, 5
milyondan artıq vəsait də qazandırdıq. Buna görə də işlər düzgün aparılmalıdır.
Bu düzəlmədikcə səhv addımlar atılacaq.
- Tahir müəllim uzun müddət klubda çalışmısınız. Çox açıq şəkildə
bildirilir ki, federasiyanın bəzi rəsmiləri menecerliklə də məşğuldur. Buna
münasibətiniz necədir?
- Elxan Məmmədova məsləhət görərdim ki, ətrafında olan federasiya
rəsmilərini klubların qapısının qarşısını kəsməklə "paçkalarla” menecerlik
haqqı tələb etməklərinin qarşısını alsın. Əgər xəbəri yoxdursa. Hər bir dediyim
sözün arxasındayam və bunları sübut etməyə hazıram.
"Artıq minimum vəzifə qruplara çıxmaqdır. 5-10 il rahat oturmuşdular”
- Məşqçilər Komitəsinin bəyəndiyi futbolçular doğrudanmı millidə
oynayacaq?
- Məşqçilərimiz işləsinlər, Prosineçkiyə məsləhətlərini də versinlər. Amma
bu tövsiyyə xarakterlidir. Məşqçilər Komitəsinin üzvləri də vurğulayıb ki, son
söz onların deyil. Onlar da gözəl bilirlər ki, fikirləri son məqamda elə də
önəmli olmaya bilər. Futbolda olan insanların bir çoxları artıq biganələşib.
Elə hal yaranıb ki, onlar futbolu bilməyənlər qarşısında aciz vəziyyətə
düşüblər. Biri bir parça çörəyə, biri lider olmadığına görə bu cür hallar
yaranıb. Öz uğursuzluqlarını ört basdır etmək üçün bildirirlər ki, baş məşqçini
biz yox, İcraiyyə Komitəsi təsdiq edir. İcraiyyə Komitəsinin çox vaxt heç nədən
xəbəri olmur. Hər şeyi ən sonda bilirlər. Bununla yanaşı, bütün ideoloji işləri
görəndən sonra AFFA-nın rəsmi saytında baş katibin diqtəsi ilə xəbərlər yerləşdirilir.
-Tahir müəllim müstəqillik dövründə FIFA referisi almış ilk
hakimlərimizdənsiniz. Birinci və İkinci dövrələrdə hakimliklə bağlı çox sayda
qalmaqal yaşandı. Qış fasiləsindən sonra ilk dövrələrdə olan problemlər aradan
qalxacaqmı?
- Azərbaycan futbol tarixinə nəzər salsaq nəticə baxımından hakimlərimizin
uğuru ümumi futbolumuzun uğurundan daha yüksək olub. Tofiq Bəhramov və Eldar
Əzimzadənin dünya və olimpiya oyunlarının finallarını idarə etməsi buna
sübutdur. İstedadlı hakimlərimiz hər zaman olub və bu gündə var. Bir daha
vurğulayıram ki, hər bir məsələ qanuna söykənməlidir. Birinci və İkinci
dövrələrdə yaşanan olaylardan sonra Hakimlər Komitəsinin sədri Xaqani
Məmmədovun 7 ildən sonra yadına düşdü ki, komitə baş katibə tabedir. Görəsən,
baş katib bu fikrə niyə reaksiya vermədi? PFL klubların mənafeyini qorumalıdır.
Hakimlər də onlara yaradılan yüksək şəraitin müqabilində üçüncü və dördüncü
dövrələrdə hakim qalmaqallarına yol verməməlidir.
-Yenidən futbola qayıtmaq fikriniz var?
- Hələki futbola qayıtmaq fikrim yoxdur. Yeganə arzum odur ki, millimiz nəhayət ki, uğurlu çıxışlarına start versin. "Neftçi” və "Qarabağ”ın uğurlu çıxışlarının davamını bu klublarla yanaşı, "Qəbələ”, "İnter” və "Xəzər Lənkəran” gətirsin. Bütün bunların baş verməsi üçün isə yuxarıda qeyd etdiyimiz məsələlər aradan qaldırılmalıdır. (Goal.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |