"AFFA "Qarabağ"a heç bir kömək etmir" - MÜSAHİBƏ

09.02.2016 | 3227 dəfə oxunub

Zeynalabdin Hüseynov vaxtilə 17 yaşlılardan ibarət millinin kapitanı olub. Avropa çempionatının seçmə mərhələsində sarğını qoluna bağlayıb. "Qarabağ"ın yetirməsi güclülər dəstəsində MOİK, "Şahdağ" və "Gənclərbirliyi"nin formasını geyinib. 3 ilə yaxındı böyük futboldan uzaq düşüb.

Ağır cərrahi əməliyyatdan sonra Rusiyaya yollanıb. Moskvada, böyük qardaşına məxsus çay evində işləyir. Futbol sevgisini futzalda davam etdirir. Paytaxt birinciliyində yarışan "Qarabağ"ın şərəfini qoruyur. Amma hazırda komandanın vəziyyəti çox acınacaqlıdır. Komanda maliyyə çatışmazlığı ucbatından dağılmaq ərəfəsindədir.

Moskvadakı erməni lobbisi bu durumdan yararlanmaq üçün dəridən-qabıqdan çıxır. "Qarabağ" adını "Artsax"a dəyişərsə, dəstək vəd ediblər. Sportinfo.az Hüseynovla bu komanda və çətinliklər haqqında danışıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Zeynal, nə vaxtdı Moskvadasan?

- 2013-ün qışında. yoldaşlıq görüşündə zədələnmişdim. Sağalmağım 3 ay çəkəcəkdi. MOİK kömək eləmədi və gəldim Moskvaya. 1 manat vermədilər əməliyyata. Mən də tüpürdüm böyük futbola. Azərbaycanda nə vaxtadək 300 manata oynamaq olar axı?

- Bəxtin gətirmədi futbolda?

- Biz fəhlə olduq futbolda.

- Moskvada nə işlə məşğulsan?

- Böyük qardaşım Rauf çay evi götürüb dostları ilə. Milli yeməklər də verilir. Burda nəzarətçiyəm. Bazara gedirəm, mal alıram. İşçilərin üstündəyəm. Yerimiz Moskvanın Aeroport rayonundadı.

- Moskvaya gələndən sonra futbolla qurtarmaq barədə düşünnmədin?

- Düşündüm. Sadəcə, ayrılmaq çox çətindir. Çünki uşaqlığımı futbola vermişəm. 20 ilim gedib. Məni məyus edən karyeramın uğursuz alınmasıdır. Özümdəki gücü bilirəm. Premyer Liqanın istənilən ortabab klubunda oynamalıydım. Məşqçilər mənə yetərincə qiymət vermədi. MOİK-də hamıdan incidim. Dörd ilim getdi MOİK-də. İki il komandanın kapitanı oldum. Orda ürəyimi qoymuşam. Əməliyyatdan sonra qayğı görmədim klub rəhbərliyindən. Mənə pis təsir etdi bu soyuq münasibət. Canları sağ olsun. Bilmirəm niyə belə etdilər? Səbəbi bugünədək özümə qaranlıq qalıb. Komandanı heç vaxt çətin vəziyyətdə qoymamışdım, əlimdən gələni etmişdim, mənə axırda elə biganə yanaşdılar ki… Yalnız 1-2 dəfə zəng vurdular, vəziyyətimi soruşdular. Amma mən buna layiq deyildim. Əməliyyat olan günü fikirləşdim ki, hamı gələr. Cəmi 3-4 futbolçu gəldi. Yaxın olduğum uşaqların heç birini həmin gün yanımda görmədim. Bəlkə də məni buna layiq biliblər. Futbolu pula görə oynamamışam. Pul mənim üçün ikinci planda olub.

- Qazandığın pulla ailəni dolandıra bilirsən?

- Çətindi. Ailə böyükdü. Evdən həmişə deyirlər, futbol sənə heç nə vermədi, bəsdi artıq. Futbolsuz qala bilmirəm. Ona görə indi üstümə çox düşmürlər. Moskvada əvvəl-əvvəl qala bilmirdim, futbolsuz darıxırdım. Burda qazancım Azərbaycanda aldığım maaşdan üç-dörd dəfə çoxdur. Çay evi mənə maraqlı gəlsə də, gəlməsə də, işləməyə məcbur idim. Burada peşəkar klublara bizim futbolçuları götürmürlər. Əsas millidə oynamamırsansa, ümumiyyətlə, sənlə maraqlanmırlar.

- Azərbaycanda qalıb, başqa klublarda baxışdan keçə bilməzdin?

- Mənim o yaşım deyil, gedib maraqlanım. Bugünkü gündə heç bir futbolçudan zəif deyiləm. Futbolda pul var idi, yerli uşaqlar klubların yadına düşmürdü. İndi də belə…

- Ramalın da son vaxtlar bəxti gətirmir. Ne olub siz qardaşlara?

- Ramal hər yerdə haqqı deyəndi. Bizdə bunu xoşlamırlar. Ramal üçün fərqi yoxdu klubun prezidenti olsun, ya məşqçisi - əgər haqlıdırsa, öz sözünü deyəcək. Təmiz insan onun kimi olur. Ramal öz sözünü deyib Azərbaycan futbolunda. 16 yaşında millidə oynayıb. Bu uğuru heç kim təkrarlaya bilməyəcək. Bu dəqiqənin özündə millidə oynamağa layiqdir. Qardaşımın düz danışmasını məşqçilər qəbul etmək istəmir. Ona qarşı kin saxlayan insanlar var, imkan vermirlər futbolunu oynasın. Nəsilliklə beləyik, düz sözü üzə deyənik. Qarşımızdakı adama yalandan "sən haqlısan" deməyi bizə öyrətməyiblər. 

- Ramalın vaxtları var idi… Düz deyirsən, dili başına bəladır. Yoxsa indi iddialı klublardan birinin lideri idi…

- Raufla mən ona deməkdən yorulduq ki, danışma, başını sal aşağı, futbolunu oyna. Başa sala bilmədik ki, neçə il oynadın, pul yığa bilmədin, özünə şərait qurmadın. Məsləhətə qulaq assaydı, 1-2 milyon qazanmışdı, indi oynamasa da olardı.

- İndi ən çox nəyə təəssüflənirsən?

- Karyeramın uğursuz alınmasına. Daha yaxşı ola bilərdi. Məni güclülər dəstəsindən Qəhrəman Əliyev "qırdı". Özü yaxşı bilir səbəbini. Hər şeyi demək istəmirəm, düz çıxmaz. Gördüyüm məşqçilər arasında Sabir Əliyevdən başqası yalandır. Həm mütəxəssis, həm də insan kimi. Kim hazır olurdu, onu oynatmırdı. Qəhrəman Əliyev kimi yalnız özünün gətirdiyi futbolçuları oynadıb, başqalarını kənara atmırdı. Futbolda az-çox tanınmışamsa, Sabir Əliyevə borcluyam.

- "Qarabağ"da vəziyyət necədi?

- Komanda Moskva çempionatının A kateqoriyalı çempionatının B zonasında mübarizə aparır. 16 xalla birinci yerdə gedirik. Gələn mövsümdən yüksək liqada oynamaq istəyirik. Sadəcə, maliyyə çatmır. "Qarabağ"ı yaradan Elnur Vəliyevdi. Neçə ildir komandanı öz gücünə saxlayır. Oynayan məşqçimizdi. Cibinin pulunu xərcləyir "Qarabağ"a. qıraqdan heç bir dəstək almır.

- Bugünlərdə belə bir xəbər oxudum ki, Moskvada fəaliyyət göstərən erməni diasporu "Qarabağ"a sponsorluq etmək istəyir.

- Təklif olundu ki, komandanın adını dəyişin, bizim adımızdan oynayın. Dedilər, razılaşın, hərtərəfli dəstək olacağıq. Ermənilərə cavab verdik ki, biz azərbaycanlıyıq, Qarabağ öz torpağımızdı, nə olur-olsun, onun adını yaşadacağıq. Ermənilər deyir, adı dəyişin, komandanı yüksək liqada oynadaq, nə istəyirsiz veririk.

- Moskvada yaşayan azərbaycanlı iş adamlarına kömək ücün müraciət etmisiz?

- Elnur hər dəfə deyir. Söz verirlər, kömək isə görmürük. Bir dəfə Azərbaycan konqresi kömək elədi. İlqar müəllim, bir də Rauf müəllim. Onlar komandanı Ukraynadakı turnirə yolladı. Yolpulunu verdilər, otel xərcini ödədilər, forma aldılar. Bu gün vəziyyət çox çətindir. Rusiya Futbol İttifaqı xəbərdarlıq edib ki, əgər üzvlük haqqını ödəməsəz, çempionatdan cixacaqsız. Bir həftə vaxt veriblər. Keçən həftə oyunumuz olmalıydı, qoymadılar.

- Nə qədərdi üzvlük haqqı?

- Bizim pulla 2000. Qalmışıq belə… Elnur hər yerə zəng vurur, kömək istəyir. Kimsədən səs yoxdur.

- Konkret olaraq kimlərə müraciət eləmisiz?

- Konkret demək yaxşı düşməz. Çox adamdan xahiş etmişik. Biz onlardan fərqli olaraq, əsl azərbaycanlıyıq. İnana bilmirəm ki, bir azərbaycanlı çıxıb demir, mən baxacam, narahat olmayın. Nə Azərbaycandan, nə də Moskvadan. Maaş istəmirik. "Qarabağ"dakı uşaqların hər biri başa düşür ki, Rusiyada vətənimizi təmsil edir. Bu, hər şeydən önəmlidi.

- Bundan sonra nə etmək fikrindəsiz?

- Bir həftə ərzində ödəniş etməsək, çempionatdan çıxaracaqlar komandanı. Çempionatın qurtarmasına 4 oyun qalıb. Çempion olsaq, təşkilatçılar "Qarabağ"ı Belarusda keçiriləcək beynəlxalq turnirə göndərəcək. Ora hər ölkədən çempionları çağırırlar.

- Rusiya Futzal Federasiyası ilə danışıqlar aparasız bəlkə? Güzəştə getməzlər?

- Hər oyunumuza gəlir nümayəndələri, maraqlanırlar. Özləri də bizim komandanı yüksək liqada görmək istəyir. Təklifərini ediblər. Orda oynamaq üçün indikindən çox pul tələb olunur.

- Ermənilər komanda haqqında məlumatı hardan alıb, bilmirsiz?

- B zonasının o biri komandalarında ermənilər oynayır, onlardan. Onlar da gəlib oyunlarımıza baxıb, xoşlarına gəlib. Deyirlər, yaxşı komandasız, bircə adı dəyişin, əla şərait yaradaq sizə. Demək olar, hər oyunumuza gəlib baxırlar. Uğurlarımızı görürlər, daha da iştahları artır.

- Onlara hələ son sözünü deməmisiz?

- Dedik, komandanı dağıdarıq, amma "Artsax" adından oynamarıq.

- Nə qədər pul təklif edirlər?

- Lazım olduğundan da artıq. Bizə meydança verirlər, top alırlar. Geyim də özlərindəndir. Hər qələbəyə 50 dollar mükafat təklif ediblər. Ermənilər görür ki, komandanın maliyyə dəstəyi yoxdur, hər oyun adam yollayırlar. Deyirlər ki, kömək edək, dağıtmayın komandanı. Hələ bilmirlər ki, "Qarabağ" son günlərini yaşayır,

- AFFA indiyədək "Qarabağ"la maraqlanmayıb?

- Elnur Vəliyev AFFA-ya deyib, məktub yazıb. Deyirlər, pul yoxdur, dəstək ola bilmərik. Elnura dedim, Ramin Musayevə zəng vur, de dərdimizi. Ramin müəllim həmişə əlindən gələni hər kluba edib. Azərbaycanda oynadığım vaxtlarda eşitmişəm ki, Ramin Musayev öz cibindən olsa belə, kömək edər hər adama.

- Bir cəhd göstərin. AFFA-nın baş katibi Elxan Məmmədovla da əlaqə saxlayın. Məncə, heç biri "Qarabağ"dan dəstəyini əsirgəməz.

- Elnur Elxan Məmmədovun elektron poçtuna yazıb məktub. Ya özü, ya da başqası cavab yazıb ki, pul yoxdur. Telefon nömrəsi yoxdu bizdə. Olsa, zəng vurarıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail