Həsən Əliyev: "Məndə idmançı bəxti yoxdur" - MÜSAHİBƏ

16.05.2017 | 5242 dəfə oxunub

Həsən Əliyev Azərbaycanın ən istedadlı güləşçilərindən biridir. 27 yaşlı pəhləvanımız 2010-cu ilin Avropa və dünya çempionudur. Azərbaycanı 2012 London Olimpiadasında da təmsil edən H. Əliyev son anda medaldan əlini üzmüşdü.

"Tərəqqi" medalına layiq görülmüş güləşçimizlə müsahibəni təqdim edirik:

- Güləş karyerasına başlayanda qarşına konkret hədəflər qoymuşdun?

- Güləşlə məşğul olmağım məqsədli şəkildə deyildi. Uşaq yaşlarımda Qazaxda məşqlərə başlamışam. Səhhətimdə bəzi problemlər vardı. Dedilər idmana qoyun, biraz gücü və enerjisi artsın. Bir müddət məşqlərə getdim. Sonra müəllim gördü ki, potensialım var. 11 yaşımda Bakıxanov qəsəbəsində yerləşən İdman liseyinə gəldim. Sırf böyük idmançı olum deyə güləşə gəlməmişəm.

- Yəqin, indi yarışa getməzdən öncə müəyyən məqsədin olur..

- Əlbəttə, konkret hədəfin olmasa, güləşə bilməzsən. İnsan özünü dərk edəndən sonra döşəyə yalnız qələbə üçün çıxır. Mən 42 kq çəki dərəcəsində Avropa çempionatında iştirak edəndən bəri qarşıma müəyyən məqsəd qoyuram.

- Qazaxda güləşə maraq böyükdür?

- Bizdə 3 idman növü populyardır: güləş, voleybol və futbol. Ən çox maraq güləşədir. Çünki Qazax, əsasən bu növlə Azərbaycanda tanınır. Ənənəvi olaraq, sərbəst güləşə üstünlük verilir. Son vaxtlar klassik güləşin nümayəndələri də çıxmağa başlayıb. Ümumiyyətlə, bölgələrdə çox istedadlı uşaqlar var. Onları üzə çıxarmaq lazımdır. Demək olar ki, hər rayonda Olimpiya kompleksləri tikilib. Amma bu imkandan lazımınca istifadə edə bilmirik.

- Doğulduğun yerdə sərbəst güləşin geniş yayıldığını dedin. Bəs, sən niyə Yunan-roma güləşini seçdin?

- Məni ilk hazıraşdıran Taryel müəllim olub. Ailəvi dostumuz idi. Küçədə, ayaqyalın güləşdiyimi görürdü. Təkid etdi ki, məni zala gətirsinlər. Evdən səhhətimə görə güləşə getməyimə ehtiyatla yanaşırdılar. Taryel müəllim onları inandırdı ki, ilk öncə sadəcə qaçacaq və oynayacaq. İndi valideynlər övladının tez böyüməsini istəyir. 5 dəfə turnik edəndə 10 dəfə dartınmağı tələb edirlər. Güləşdə mərhələlər var. Uşaq 2,3,4-cü siniflərdə zala tullanıb-düşmək üçün gəlməlidir. Məndə də belə oldu. Sonra daha çox enerji tələb edən klassik güləşə üstünlük verdim.

- Bölgələrdə güləş məktəblərinin vəziyyəti səni qane edir?

- Demək olar ki, sıfır səviyyəsindədir. İşlər gedir, amma daha yaxşı ola bilər. Komplekslər normal məşqçilərin istifadəsinə verilməlidir. Rusiyada bizim güləşçilərin sayı qədər məşqçi var. Demirik ki, hər il 10 güləşçi ortaya çıxarılsın. Çıxsa, lap gözəl. 3-5 ildən 1 tanınmış güləşçi yetişdirsək, kifayət edir. Şükür Allaha, rayonlarda qəşəng təbiət, güclü uşaqlarımız var.

- Legionerlərin güləş yığmasına cəlb edilməsinin səbəbi nədir?

- Qeyd etdiyim kimi, bölgələrdə lazımi qədər iş getməməsinə görə, yerli idmançıların yetişməməsinə görə. Tələbəsi ilə birlikdə məşq edən, əziyyət çəkən məşqçilər var. Amma bu hazır güləşçini üzə çıxarmaq da önəmlidir.

- Döşəyə çıxdığın ilk qarşılaşmada həyəcanlı idin?

- Düzü, dəqiq xatırlamıram. Uşaq yaşlarımda çox vaxt Daşkəsənə yarışa gedirdik. Elə indi də döşəyə çıxanda həyəcanlı oluram. Təkcə dəlidə qorxu olmur (gülür). Məsələ bu qorxuya üstün gəlməkdir.

- Güləşçinin psixoloji durumu çıxışına necə təsir göstərir?

- Psixoloji durum güləşçi üçün çox önəmlidir. Xaricdə hər komandanın psixoloqu var. Bizdə bu məsələyə ciddi əhəmiyyət vermirlər. Başqa ölkələrdə "ailə psixoloqu" anlayışı var. Azərbaycanda psixoloqa getmək istəyirsən, zarafata salıb "dəlisən, nəsən" - deyirlər. Depressiya, mənəvi yorğunluq elə psixologiya ilə bağlıdır. Bunu məşqçilər də təsdiqləyə bilər. Psixoloji baxımdan güləşçilərimiz zəifdir. Mən özüm mütəmadi psixoloqla görüşürəm. İdmançı, xüsusən güləşçi üçün mənəvi yükdən xilas olmaq çox mühümdür.

- Səni şən insan kimi tanıyırıq. Depressiyaya tez-tez düşürsən?

- İnsan zahirən şən görünsə də, əslində özünə qapalı ola bilər. Mənim bir dostum var. Deyir ki, kimsə sənə şən deyəndə özümü öldürmək istəyirəm (gülür). Gedirsən qıraqda gülüb danışırsan. Mənlə oturursan səsin çıxmır. Sadəcə mən problemlərimi aşkara çıxarmağı sevmirəm. Onları özüm həll etməyə çalışıram. Psixoloji yorğunluq tez-tez hiss edirəm. 2017-ci ildə idmanla məşğul olmağımın 20 ili tamam olur. İşin fiziki yüklənmə tələb etmirsə, məsələn, yazı işini yorğun ola-ola biraz ürəksiz görə bilərsən. Güləşdə isə bu keçmir. Zala girdinsə, özünü düzəltməlisən. Ürəklə məşq etmədinsə, xeyri olmayacaq. Nəzərə almalısan ki, sənin minlərlə rəqibin də dayanıb durmur. Müntəzəm məşq edirlər.

- Birinci dəfə ciddi uğur qazandığın yarışı necə xatırlayırsan?

- 2006-cı ildə Gənclər arasında Avropa çempionatının finalında uduzmuşdum. Turnirdə 4 görüş keçirdim. Yaşımız az idi, yeməyimizə fikir vermədik. Həzm sistemim pozulmuşdu. Çəkim artmışdı, məşqçi məni oteldə qaçırırdı. Camaat bizə dəli kimi baxırdı.

- Hansı turniri özün üçün ən uğursuz hesab edirsən?

- 2011-ci ildən sonra bütün nüfuzlu yarışların yarımfinal mərhələsində uduzmuşam, həm də necə. Bir ay əvvəl həmin rəqibə qalib gəlmişəm, amma həlledici turnirdə məğlubiyyət almışam. Yerimdə kim olsaydı, dəli olardı. Məndə idmançı bəxti yoxdur. 2012 Olimpiadasında gürcü güləşçiyə (red. Revaz Laxşi) xəbərdarlıq ucbatından uduzdum. Olimpiadadan sonra ona iki dəfə qalib gəldim. Qısası, rahat udduğum rəqiblərə dünya, Avropa çempionatlarında cüzi fərqlə uduzuram.

- Vacib turnirlərdəki uğursuzluqdan sonra özünə tez gəlirsən?

- Mənə çətin olur. Hətta dostlar, hava da xoş gəlmir. Depressiyanın pik nöqtəsidir. Uduzub gəlirsən, kimsə soruşur necə oldu? Gəl, indi həmin şeyləri bir də danış.... İnsan təsəllidən də iyrənir. 2014-cü ildə Vantaada keçirilən Avropa çempionatında finala çıxmışdım. Görüşün başa çatmasına 3 saniyə qalmış hakim mənə xəbərdarlıq verdi. Hakim də türk idi, sonra federasiya onu qovdu. Güləşdə qələbə qələbəni gətirir. Qalib gəldikcə özünə inamın artır. Uduzmaq isə, bir növ vərdiş halını alır.

- Beynəlxalq turnirlərdə hakim qərəzi ilə çox üzləşirsən?

- İndiki dövrdə bizi yarışlarda çox sıxırlar. Rusiya güləşçilərinə hakimlərin simpatiyası artıb. Elə görüşlər olub ki, mübarizənin taleyini hakim həll edib. Hazırki güləş qaydaları da buna imkan verir.

- 2016-Rio Olimpiadasının güləş yarışında da hakimliklə bağlı ciddi şikayət oldu. Hətta həmyerlimiz Hicran Şərifovun əsas hakim olduğu görüşdə Monqolustan güləşçisinin məşqçiləri soyunmaqla etirazını bildirmişdi....

- Həmin görüşə baxmışdım. Əvvəlki qaydalara görə güləşçi mübarizədən qaçırdısa, hakim onun rəqibinə birbaşa xal verə bilirdi. Yeni qaydalara əsasən ilk öncə xəbərdarlıq etməlisən ki, qaçmasın. Hicran müəllim də köhnə qaydalara əsasən düz qərar verdi. O da insandır, ola bilsin, yeni qaydanı unutmuşdu. Monqolustan idmançısı da sevincin həddini çox aşmışdı. Normal mübarizə aparsaydı, onsuz da qalib olacaqdı.

- Qaydaların tez-tez dəyişməsi güləşçilərimizin çıxışına nə dərəcədə təsir göstərir?

- Elə evimizi o yıxır da. Yarışa gedirik, orda xəbərimiz olur ki, qayda dəyişib. Bu qaydaya öyrəşmək lazımdır axı. Gah xal sistemi, gah da cəza verilməsində dəyişiklik edirlər. Hazırda hakimlərə böyük ixtiyar verilib. Onlar istədiyi adamı uduzdura bilir.

- Zarafat etməyi sevirsən. Zarafatından inciyən dostun olub?

- Yox. Dost adamdan inciməz. Düzdür, zarafat edəndə həddini də bilməlisən.

- Bakı-2015 Avropa oyunlarında erməni güləşçisinə uduzmuşdun. Bundan sonra xalqımız sənə dəstək nümayiş etdirdi. Gözlənilməz olmadı sənin üçün?

- O dərəcədə dəstək gözləmirdim. Özümə də maraqlı gəldi. Əlbəttə, heç bir azərbaycanlı doğma publika önündə erməniyə uduzmaq istəməz.

- Həmin güləşçi Rio-2016 Olimpiadasında təmsilçimiz Rəsul Çunayevə də qalib gəlmişdi...

- İdmandır, hər şey ola bilər. Döşəkdə daha hazırlıqlı olan qalib gəlir. Mən qalib gəldiyim rəqibləri yadımda saxlamıram. Amma illər öncə məğlub olduğum güləşçiləri bir-bir saya bilərəm. Biz erməni güləşçilərinə qalib də gəlmişik, bəzən uduzmuşuq da. Bu normal bir şeydir. Qələbə hər dəfə sənə qismət olmaya bilər.

- Böyüklər arasında 60, 66, 71 kq çəki dərəcələrində mübarizə aparmısan. Hansında güləşmək sənə daha asandır?

- 60 kq-da mənə çətin idi. Çünki çəkini xeyli salmalı olurdum. Çəki salmaq üçün çəkdiyim əziyyəti isə sözlə ifadə edə bilmirəm. İnsan ac olanda su, çörəklə birtəhər özünü saxlayır. İdmançı isə çəkisini aşağı salmaq üçün ac-susuz qaçır tərləməlidir ki, lazımi göstəriciyə çatsın. Kəskin pəhrizdən sonra yemək də, çay da adama dadlı gəlir.

- Güləşdə "çəkinin gecikməsi" deyilən anlayış var. Hansısa turnirdə bu halla üzləşmisən?

- Rio-2016 Olimpiadasına lisenziya xarakterli turnirə gedirdik. Çəki mərasiminə 3 gün vaxtımız vardı. Moskvadan Pekinə uçduq. Orda Monqolustana təyyarə reysi təxirə salındı. 20 saat hava limanında gözləməli olduq. Əlavə paltar da yox idi ki, heç olmasa aeroportda məşq edək. Ona görə Monqolustana çatanda çəkiyə gecikdik.

- Azərbaycanın ev sahibliyi etdiyi İslamiadada güləşçilərimizdən nə gözləmək olar?

- Bu turnirdə mən güləşməyəcəm. Yaxşı nəticələr olacaq. 8 çəki dərəcəsində mübarizə aparacağıq. Bunun ən azı 5-də medal olacaq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail