Polkovnik hakim Fariz Yusifov: “Leytenanta dedim ki, onu gətir, öldürəcəklər” - MÜSAHİBƏ

24.02.2018 | 26652 dəfə oxunub

Hakim Fariz Yusifovun “Qafqazinfo”ya müsahibəsi:

- Hakimsiz, eyni zamanda Polis Akademiyasında polkovnik-leytenant olaraq dərs deyirsiniz. Meydanda 22 futbolçunu, yoxsa 160 polis tələbəni idarə etmək çətindir?

- Hər ikisi məsuliyyətlidir. Mənə görə öz işini sevən insan üçün çətinlik deyə bir şey yoxdur. Çalışdığım hər iki sahənin oxşarlığı var. Bəlkə də belə olmaq mənim alın yazımdır. Məsuliyyəti ağır olan işdir.

- Xaqani Məmmədovun işi çətindir, yoxsa sizin? O hakimləri, siz isə gələcəyin polislərini yetişdirirsiniz.

- Məncə, onun işi daha çətindir. Biz hakimliyə gələndə qarşımda Xaqani Məmmədov, Tahir Süleymanov, Asim Xudiyev kimi insanlar var idi. Həmişə arzulayırdım ki, onların səviyyəsinə gəlim. Çünki bu hakimlər əlçatmaz idi. Azərbaycanda hakimlərin həmişə səviyyəsi olub. Bu fərdi qaydada da olsa, var idi. Adını çəkdiyim hakimlərin səviyyəsinə çatmağın mümkünsüz olduğunu düşünürdüm. Amma zaman göstərdi ki, yox, elə deyil.

- Hakimliyi çox sevirsiz, yoxsa Polis Akademiyasında dərs deməyi?

- Polis Akademiyasında dərs demək, bu vəzifədə olmaq mənim qanımdadır. Mən həmişə sağlam olmağı düşünmüşəm. Mənə elə gəlir ki, sağlamlıq birinci olmalıdır. Xoşbəxtlikdən çalışdığım hər iki sahə idmana yaxındır. Polis orqanlarında işləmək atamdan, qardaşımdan gəlir. 22 ildir ki, burdayam. Artıq təqaüd vaxtı yaxınlaşır. İndidən düşünürəm ki, nə edəcəm?

- Peşəkar futbolu təhsilə görə atmısınız. İkisini bir yerdə davam etdirmək bu qədər çətindir?

- Mənim böyüdüyüm ailədə savadlı insanlar çox idi. Futbol oynayanların, futbolçuların əksəriyyəti savadsızdır. Bunun ikisini yaxşı şəkildə inkişaf etdirmək olmaz. Qarşımda seçim var idi: təhsil və ya futbol. Təhsili seçdim. Təbii ki, bunda ailəmin də rolu oldu. Gələcək həyatımı təhsilli olaraq qurmaq istədim.

- Futbola qayıdışınız hakimliklə olub...

- Sabiq hakim Tahir Süleymanovla eyni məhlədə yaşayırdıq. Eşidib ki, futboldan ayrılmışam. O, məni çoxdan tanıyırdı. Bəlkə də xarakterimə bələd olduğu üçün təkid etdi ki, hakimliyə gəlim. O dedi ki, xarakterin hakimliyə uyğundur. Bir neçə dəfə evimizə gəldi-getdi. Məni idarə etdiyi oyunlara apardı.

- Akademiyada olan tələbələriniz hakimlik etdiyiniz zaman stadionda sizə tez-tez rast gəlir?

- Əlbəttə. Azərbaycanın regionlarına gedəndə onları görürəm. Çox xoş gəlir mənə.

- Təhsil verdiyiniz, sizin qoruduğunuz tələbənin sizi qoruması təəccüblü gəlmir?

- Onların mənə qarşı münasibəti çox sevindirir. Çoxdan belə bir hadisə baş vermişdi: 2004/2005 mövsümündə “Turan” (Tovuz) – “Bakı” oyununda qalmaqal, dava baş verdi. İnsident zamanı polislər məni elə əhatəyə aldılar ki, köməkçilərimi yanıma çağıra bilmədim.

- Çempionatın son turunda keçirilən “Qəbələ” – “Qarabağ” oyununa siz təyinat aldınız. Bunu gözləyirdiniz?

- Bunu gözləmirdim. Müəyyən səbəblərdən hakimlərin Antalyadakı təlim-məşq toplanışına qatılmadım. Həmçinin “Qəbələ” – “Neftçi” (1:0), “Neftçi” – “Sumqayıt” (1:0) kimi çətin oyunlara təyinat almışdım. Bundan sonra hiss elədim ki, ola bilər Qəbələyə göndərilim. Azərbaycanda hər bir hakim öz səviyyəsinə bələddir. Ümumiyyətlə, bu matç ətrafında söz-söhbətlər çox idi. Hakimlər Komitəsi gəncləşdirmə siyasəti aparır. Bu dəqiqə Azərbaycanda orta nəsil hakimlər yoxdur. Yaşlı və gənc nəsil hakimlər var. Bunun səbəbini bilmirəm. Bu matçın ağırlığını hiss edirdim. Bu qarşılaşmaya əcnəbi hakimlərin də təyinatını istəyən var idi. Köməkçilərim Elman Musayevlə Azər Əsgərov, Ömər Paşayev də dördüncü hakim idi. Bu oyun Paşayevin karyerasına böyük təsir edəcək. Qarşılaşma möhtəşəm keçdi. Azərbaycan futbolunda 9 il bundan əvvəl belə oyun, gərginlik, belə yayım heç kimin ağlına gəlməzdi. Premyer Liqada komanda az olsa da, keyfiyyətli oyunlar var. Klublarımız istəsələr, daxili çempionatda Avropa səviyyəli matçlar təşkil edərlər.

- Həmin matçdakı qol epizodunda nələr baş verdi? Sizin dilinizdən eşidək...

- Bəlkə o hadisə də matça maraq qatdı. Qurban Qurbanov sağ olsun ki, belə epizodda hakimliyin düzgün qərar verdiyini, Avropa Liqasında Miroslav Zelinkanın yanlışını xatırlatdı. Top həmin epizodda bir nöqtəyə 2 dəfə gəlib-getdi. Mən elə bildim ki, top xəttən keçib. Bunu emosiyalı şəkildə göstərdim ki, hamı topun xətti keçdiyinə görə qolu saymadığımı görsün. Köməkçim isə məni yanına çağırıb dedi ki, topun son məqamda Ozobiçə kimdən gəldiyini ayırd edə bilmədim. Qırmızı, yoxsa qara oyunçudan gəldi? Qarşımda futbolçular var idi, seçə bilmədim. O dəqiqə hiss etdim ki, ofsayd qərarı verib. Ona dedim ki, qaç meydanın mərkəzinə qol təmiz vurulub və arxayın ol. Özüm də tez oradan uzaqlaşdım. Çünki azarkeşlər qartopu atırdı, futbolçular üstümüzə gəlirdi. Kaş 2013/2014 mövsümündə “Qarabağ” – “İnter” oyununda da Miroslav Zelinka köməkçisi ilə söhbət edərdi. Həmin matçda da eyni epizod idi. Köməkçi topun kimdən gəldiyini görməmişdi. Bəlkə Qəbələdəki oyunda gənc hakim olsaydı, qolu saymaya bilərdi. Köməkçinin təkidi ilə ləğv edərdi. Mən əmin olmaq üçün köməkçimlə danışdım. Biz meydanda rənglərlə danışırıq. Amma orada dedim ki, top Bədavidən gəlib. Əmin olması üçün futbolçunun adını çəkdim.

- Qarşılaşmanın fasiləsində leytenant sizi qorumaq üçün meydana girmək istəsə də, ona ehtiyac olmadığını bildirdiniz...

- Mən ona bildirdim ki, ehtiyac yoxdur. Çünki hər şey qaydasında idi. Hər hansı təzyiq olsaydı, yaxınlaşa bilərdi.

- Simulyasiya edən futbolçuların qarşısını almaq üçün nə etmək lazımdır?

- Bu, mənim yaralı yerimdir. Avropada da bu, dərddir. Elə ulduz futbolçular özlərini yerə dəhşətli atırlar... Sonra baxırsan ki, yalandan edir. Belə futbolçulara qarşı ikiqat mübarizə aparmaq lazımdır. Çünki o hərəkət azarkeşləri hakimin üzərinə qaldıra bilər. Hakim də rəqibin haqqını tapdalayır. Ötən mövsüm “Zirə” və “Neftçi” komandaları arasındakı oyunda Cavid İmamverdiyevə simulyasiyaya görə sarı vərəqə verdim və buna görə məni qınadılar. Amma baxdım ki, düz etmişdim. Bizdə də çoxdur belə oyunçular. Adlarını çəkmək istəmirəm. Onsuz da oyundan qabaq onları analiz edirdik. İnciməklərinə görə yox, amma ad çəkmək istəmirəm.

- Yerlilərin adını çəkmədiniz, legionerlərdən kimlər var?

- Çox vaxt Flavinyo haqqında bunu deyirdilər. Son illər həqiqətən çox yıxılırdı. Özünü qorumaq üçün harda gəldi yerə uzanırdı. Amma elələri var ki, hər vəziyyətdə bunu etməyə çalışırlar. Məsələn, “Qəbələ” – “Neftçi” oyununda Daniel Subotiç özünü aşkar şəkildə yerə atdı və sarı verdim.

- Həmin oyun da çox müzakirə olundu...

- Futbolun gözəlliyi hakim səhvidir. Referilər yanlış qərar verməsə, müzakirəyə mövzu da olmaz.

- Bu mövsüm qış fasiləsindən sonra hakimlər o qədər səhv edir ki, futbol kənarda qalıb hamı referilərdən danışır...

- Uşaqlar Antalyada yaxşı təlim-məşq toplanışı keçmişdi. Bu barədə nə deyim? Maraqlıdır ki, edilən səhvlər hamısı nəticəyə təsir edir. Hakimlər Komitəsi səhvlərə görə cəza tətbiq edir. Heç kim bu cəzanı almaq istəməz. Deyirdilər ki, hakimlərin üzərində qara buludlar var. Ümid edirəm ki, Qəbələdəki oyunla bu, başa çatdı.

- Yaddan çıxartmadığınız səhv hansıdır?

- Qlobal bir səhvim yadıma gəlmir. Elə matçlar olub ki, səhv etmişəm. Amma çox böyük bir səhv olmayıb. “Qəbələ” – “Qarabağ” oyunundan 3 gün keçib və mənə sual verirlər ki, özünüzə gəlmisiniz? Hakim üçün 24 saat bəs edir ki, hər şeyi yaddan çıxarsın.

- Sizin yaşıdlarınız olan hakimlərin bir çoxu hakimlikdən uzaqlaşdırılıb. Babək Quliyev, Anar Salmanov, Anar Niyazov kimi insanlar artıq yoxdur. Bəzən düşünürsünüz ki, eyni şey mənim da başıma gələr?

- Adını çəkdiyiniz hakimlərin yeri görünür. Bəlkə onlar aramızda olsaydı, “Qəbələ” – “Qarabağ” oyununu idarə etmək bu qədər müzakirə olunmazdı. Onların uzaqlaşdırılmasının səbəbini demək məsuliyyətli olar. Hamı etdiklərinə cavab verir. Yəqin elə səhvlər olub ki, bağışlamaq mümkün olmayıb.

- Hakimləri ən çox tənqid, təhqir edən azarkeşlərdir...

- Futbol azarkeşlər üçün oynanılır. Bir neçə il öncə İtaliya Futbol Federasiyasının dəvəti ilə Anar Salmanov, Vüsal Əliyev, Babək Quliyev və mən A Seriyası hakimləri ilə toplanışa yollandıq. Bu toplanış Florensiya şəhərində idi. Həmin müddətdə bir oyunu izlədik. “Fiorentina” – “Roma” matçına azarkeşlərin arasında baxdıq. İnanın ki, fanatlar oyunboyu hakimləri söydülər. Bu, dünyanın bütün ölkələrində var. Kiminsə komandası uduzur, hakimi təhqir edir. Bir dəfə 90 dəqiqə məni təhqir edən azarkeş oyundan sonra gəlib istiqanlı şəkildə görüşdü. Yanındakı yoldaşı da qayıtdı ki, bəs, sən bayaqdan bunları söymürdün? Bax, elə normal azarkeşlər də qoşulur fanatlara, düşür onların təsiri altına.

- Bəlkə təqaüdə ayrılandan sonra işinizi başqa cür davam etdirib hakim yetişdirəsiniz?

- Mən Mərdəkanda yaşayıram. Buranı 3 stadion – “Dalğa Arena”, “AZAL Arena” və Zirə Olimpiya Kompleksinin stadionu əhatə edib. Bura gənc hakimlər gəlib, aşağı yaş qruplarının qarşılaşmalarını idarə edirlər. Onlardan biri gəlib demir ki, bizim oyunumuza bax, səhvlərimizi de. Buna görə onlardan inciyirəm. Arada bundan gileylənirəm. Bir az vaxtım azdır. Amma hər hansı hakimin 2 saatlıq oyununa vaxt ayıraram.

- 2005/2006-cı illərdə FİFA referisi adı alsanız da, ingilis dilinə görə problem yaşamısınız...

- Düzdür. Bizdən öncə sadəcə fiziki testlər var idi. Amma həmin ili nəzəri testləri də ora qoşdular. Nəzəri testlər zamanı cavablarım onları qane etmədi. Mənim haqqımda neqativ hal yazılmışdı. 1 il oyun almadım. 2007/2008-ci il mövsümündə yenidən FİFA referisi oldum. Həmin mövsüm birdən-birə Çempionlar Liqasının birinci təsnifat mərhələsinin oyununu verdilər. “Reyncers” (Andorra) – “Şerif” (Moldova) matçını idarə etdim. Hamı çaşıb qalmışdı ki, necə olur bu? Birdən-birə qitənin ən nüfuzlu klub turnirinə göndərirlər. Mənim üçün də gözlənilməz idi. Həmin matçdan yüksək qiymətlər aldıq. Elman Musayev, Azər Əsgərov və Babək Quliyevlə birlikdə. “Şefit” 2:0 qalib gəlmişdi. İndiki cavanların dillə bağlı problemi yoxdur.

- İndiyədək idarə etdiyiniz ən maraqlı oyun hansıdır?

- Heç yadımdan çıxmaz 2012/2013-cü il mövsümündə “Qarabağ” – “Neftçi” oyunları. Bu komandalar arasındakı 10 gün ərzində 3 qarşılaşmanın hamısını mən idarə etdim. Onlardan biri kubok oyunu idi. İlk matçı Anar Salmanov idarə etmişdi. Cavab matçı ərəfəsində söz-söhbət çox idi. Əcnəbi hakim istəyirdilər. Hakimlər Komitəsi isə ora da məni göndərdi. “Böyük oyun” – “Neftçi” və “Xəzər Lənkəran” arasındakı matçları ən çox mən idarə etmişəm. 9 dəfə bu gərgin qarşılaşmaya şahidlik etmişəm.

- Həmin matçlar gərginliyi ilə fərqli idi?

- “Qəbələ” – “Qarabağ” görüşü onlardan geri qalmadı. Futbolumuz geri getmir, irəliləyir. Komanda sayı azdır. Bizim kimi kiçik ölkələrdə 15-16 komanda saxlamaq asan deyil.

- Vərəqə göstərməyi niyə sevmirsiniz?

- Vərəqə hakimin zəif yeridir. Mən həmişə belə düşünmüşəm. Hakim meydanda pedaqoq olmalıdır. Bəzən elə olur ki, futbolçuya başa sala bilmirsən ki, bunu etmə. Anlamayanda sanksiya tətbiq edirsən. İngiltərə Premyer Liqasında xoşuma gələn bir şey var: hakim futbolçuya başa salır ki, bu 12-ci qaydada sarı vərəqədir. Çünki referiyə danışmaq üçün kifayət qədər vaxt verilir. 1 dəqiqə vaxtı olur. Təəssüf ki, bizdə futbolçu ilə çox danışanda başqaları artıq hərəkət edir, hörmətsizlik edir. Mən çox futbolçunu məlumatlandırmağa çalışıram. Başa düşsələr, növbəti oyunlarda “sarı” almayacaqlar. Amma bizimkilər çox zaman bu qulağından alıb, o birindən buraxır.

- Elə tələbələriniz var ki, deyirsiz “kaş meydanda olaydı, buna qırmızı vərəq verəydim”?

- O qədər elə tələbə var ki,.. Bizdə valideyn sistemi var. Onlara mesaj göndərib xəbərdarlıq edirik.

- Elə vaxt olub ki, vərəqə göstərməyə qorxmusuz?

- Meydandakı epizod haqqında ilk nə düşündünsə, onu etməlisən. Fikrini dəyişsən, yanacaqsan. Ani vaxtda bunu düşünmək asan deyil. Qırmızı vərəqə verərkən cəsarətli olmaq lazımdır. Mən vərəqə verərkən dədəm də qəbirdən gəlsə, fikrimi dəyişməyəcəm.

- Psixologiya nə qədər buna hazır olmalıdır?

- Mənim polis olmağım, akademiyada dərs deməyim hakimliyim üçün avantajdır. Akademiyadakı tələbələr mənə baxıb yerimdə olmaq istəyirlər.

- Yəni daş qəlbli olmaq lazımdır...

- Mən ailədə, həyatda başqa adamam, meydanda başqa adam. Meydanda elə şeylər olur ki, bağışlaya bilmirsən. Amma həyatda onu mütləq bağışlayarsan. Çünki meydandakını keçsəm, məni başqaları bağışlamayacaqlar.

- Meydanda başqa, həyatda başqa adamsız. Polis Akademiyasında da başqa adamsız?

- Fikrimcə, meydanla akademiya oxşardır. İkisində bir adam olmaq bəs edir. Tələbələrimin məndən pis bir şey götürməsini istəmirəm. Onlara psixoloji dəstək verirəm.

- Bəzən insanlar onun üçün edilməyəni başqalarına etməyə çalışırlar. Sizə nə vaxtsa psixoloji dəstək olub?

- Mənə ən çox ailəm dəstək olur. Qadın olmağına baxmayaraq yoldaşım mənə müsbət enerji verməyi bacarır, psixoloji dəstək olur. 3-4 dəqiqə ərzində çay içərkən o, mənim problemimə şərik çıxır. Başqa insanlara etibar etmirəm.

- Deməli “hər güclü kişinin arxasında güclü qadın dayanır” fikri ilə razısız?

- Əlbəttə. Mütləq hər güclü kişinin arxasında güclü qadın var. Düzdür, dədə-babadan, dindən belə bir şey gəlir ki, kişi qadından üstündür. Fikrimcə, belə deyil. Qadınlar kişilərə çox kömək edir.

- Son oyundan sonra belə fikir yarandı ki, yaxşı oyun idarə edə bildiyi halda hakimlərimiz səhvlərə yol verir?

- Baxın, səhvlər neçənci dəqiqələrdə olur? Oyunun son 10 dəqiqəsində. Çünki oyunu yaxşı idarə edir və deyir ki, artıq hər şey yaxşıdır. Özünə güvənir və məsuliyyəti buraxır. Sonda da səhv edir.

- 45 yaş hakimlik üçün bəs deyil?

- Hiss edirəm ki, qapını döyürlər. Getmək zamanı gəlir. Siqnal var ki, getməyə hazırlaş. Hər şeyin bir sonu var. İstəyirəm ki, sonu gözəlliklə bitsin. Azərbaycanda 200-ə yaxın hakim var. Onlardan neçəsi yaxşıdır, keyfiyyətli oyun idarə edir? Barmaqla saymaq olar. Gedib 90 dəqiqəyə 100 manat alıb evə qayıtmaq yaxşı deyil.

- Polkovnik-leytenantın başına stadionda hansısa maraqlı hadisə gəlib?

- Mən bəxtimdən o qədər ağır təbiətli insanlarla rastlaşıram ki, mənimlə zarafat etmirlər. Bəzən görürəm ki, iki insan bir-biri ilə zarafat edir, deyirəm ki, kaş ki, mənimlə də belə deyib-gülsünlər. Yəqin davranışımdan irəli gəlir. Bayaq dediyim “Turan” – “Bakı” oyununda belə epizod olmuşdu. Həmin davada polislər bizi əhatəyə alıb. Baxdım ki, köməkçim Elman Musayev yoxdur. Gördüm ki, o, uzaqda bir futbolçunu bu tərəfə tullayır, bir polisi o tərəf tullayır. Yanımdakı leytenanta dedim ki, get onu gətir, yoxsa bu dəqiqə öldürəcəklər.

Elsevər Məmmədov

Fotolar: Nuran






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail