Qurban Qurbanov: "İlk dəfədir belə halla rastlaşırıq" - MÜSAHİBƏ

01.08.2020 | 6960 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Qəbələdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra  müsahibəsi:

- Komandanızın oyununda mübarizə, oyun keyfiyyəti hiss etdinizmi?

- Açığı, bəli. Həqiqətən də yaxşı komandaya qarşı oynadıq. Yaxşı, intizamlı oyun gördük. Futbolçular da bugünkü oyundan çox fayda əldə etdilər. Həm mübarizə, həm topsuz, həm də toplu oynamaq çox vacib idi. Xüsusən də oyunçuların tam hazır olmadıqları vaxtda bu, lazım idi. Bununla belə bəzi epizodlarda çətinlik var idi. Bunu da yorğunluqla əlaqələndirərdim. İki həftədir çox ağır məşqlər keçirik. Komandaya çox nadir hallarda istirahət vermişik. Bu gündən sonra məşqləri bir az yüngülləşdirəcəyik.

- "Neftçi" sizi təəccübləndirə bildi?

- Bizim üçün onlara qarşı oynamaq heç vaxt asan olmayıb. Yenə daha istəkli, daha mübariz idilər. Bu dəfə də bizim üçün asan olmadı.

- Oyun ərzində Mahir Emreli ilə Ovusu Kvabema yerdəyişmə etdilər. Səbəb hücumçu çatışmamazlığıdır, yoxsa taktiki gedişdir?

- Çatışmazlıq deməzdim. Kvabema hücumun hər nöqtəsində oynaya biləcək nadir oyunçulardandır. Bu oyunlar da onları yoxlamaq üçün bir şansdır. Sadəcə Ovusu bizə gec qoşuldu. Tam hazırlıqlı deyil. Buna görə də durumu nəzərə alıb onu əvəzlədim. Hücum xəttində oynamaq üçün fərqli xüsusiyyətləri var. Biz də bundan istifadə etməliyik.

- Yeni transferiniz Uroş Matiç Danimarka "Kopenhagen"ində "Qarabağ"a qarşı mərkəz yarımmüdafiəçisi mövqeyində oynasa da, Kipr APOEL-ində sağ cinahda yer almışdı. Bəs siz ondan necə yararlanmağı düşünürsünüz?

- Hər zaman elə oynayıb. APOEL-də bəzi matçlarda hücumameyilli oynayırdı. Biz onu orta xətt üçün nəzərdə tutmuşuq. Buna baxmayaraq, taktikamıza əsasən bəzi oyunlarda öndə də çıxış edə bilər.

- Matiç "Neftçi" ilə matçda sanki "ağır" görünürdü. Qarşıdakı mövsümədək hazır ola biləcəkmi?

- "Yox" desəm, düzgün olmaz. Nə qədər hazır olsa da, koronavirus pandemiyası ilə əlaqədar 5-6 ay oyun təcrübəsinin olmaması futbolçu üçün asan deyil. Buna baxmayaraq, tam hazırlıqsız da gəlməyib. Özü tək məşq edirdi. Qarşıda iki yoxlama oyunumuz da var. Düşünürəm ki, 19 avqustadək daha yaxşı formada olacaq.

- Rəqiblər bilinir?

- Bəli. Avqustun 5-də Qəbələdə "Keşlə" ilə, avqustun 11-də isə Bakıda "Sabah"la qarşılaşacağıq.

- 10 ildir ki, "Qarabağ"da qapıçı legioner olur. Hazırda isə komandada iki yerli qapıçı var. Onlar kifayət edəcək, yoxsa üçüncü qapıçı kimi bir legioner qapıçı da transfer edəcəksiniz?

- Düzü, yenə qapıçı axtarışındayıq. Amma bilmirəm ki, o, əsas qapıçı olacaq, ikinci və ya üçüncü.

- Bu gün Qurban Qurbanovu narahat edən nədir?

- Deyərdim ki, heç nə. Sadəcə, 4 ay məşqsiz qalmaq heç də asan deyildi. Normal məşqlərə son iki həftədə start vermişik. Oyunlara isə indi başlamışıq. Uzun müddət 90 dəqiqə futbol oynamamaq futbolçular üçün böyük itkidir. Hər bir halda bu cür durumlarda hazır və daha peşəkar olmalıyıq. Meydanda çox düşünməyi bacarmalıyıq. Bu yöndə işimizi daha da yaxşılaşdıracağıq. Futbolçular da qarşıdakı oyunlarda əvvəlkitək yaxşı formada olduqları matçları düşünüb, daha tez bərpa olunmalıdırlar.

- Çempionlar Liqasının oyunları pley-off mərhələsinə qədər bir görüşdən ibarət olacaq. Bu, həm siz, həm rəqiblər üçün bir ilkdir. Boş tribunalar önündə oynamaq ev-səfər prinsipi baxımından fərq edəcək?

- Biz pley-off qarşılaşmalarınadək azarkeş baxımından hər zaman rəqibləri üstələmişik. Təsnifat mərhələsində azarkeşlərimiz daim yanımızda olublar, bizə əlavə güc veriblər. Avrokubok oyunlarında azarkeşsiz oynamaq bizim üçün böyük zərbədir. Buna görə də rəqibə nisbətən bizim üçün daha çətin olacaq.

- Bəs səfər oyununda necə? Rəqib də azarkeşsiz olacaq...

- Təbii ki, bu, bizim üçün üstünlükdür. Bakıda oynamalı olsaq, bu amil rəqib üçün üstünlük olacaq. Mən son vaxtlar bu barədə çox düşünmüşəm. Bu, penaltilər seriyasına bənzəyir. İlk dəfədir belə halla rastlaşırıq. Çox zaman biz istəyirik ki, səfərdə, böyük azarkeşlər önündə çıxış edək. Futbolu azarkeşsiz oynamaq olmur.

- Yaxın günlərdə yeni transferlər gözlənilir?

- Bəli, gözlənilir. Təbii ki, alınsa tez, amma oyunçularda bəzən problem olur. Eləsi var ki, həmən gəlir, eləsi var hələ də müqaviləsi bitməyib və ya hazırda çıxış etdiyi çempionat hələ davam edir. Bəzi oyunçuların klubları ilə danışıqlar gedir. Buna görə nəsə demək olmur, amma danışıqlar gedir.

- Hücumçu necə?

- Hücumçu da istəyirik, orta sahə oyunçusu da. Axtarışdayıq. İstəyirik ki, komandada azı 18-20 nəfər eyni səviyyəli oyunçu olsun.

- Danışıq apardığınız oyunçular hamısı hansısa kluba bağlıdır. Azad agent istəmirsiniz?

- Niyə istəmirik ki? Bir nəfər var idi. 3 gündür tək məşq edirdi. Sadəcə, risk etmədik.

- Xayme Romeronun qardaşı da əvəzedici komandanızda çıxış edirdi. Onun qayıtması nəzərdə tutulub?

- O, sadəcə bizdə məşq edirdi. Hələlik İspaniyada problemi var. Gəlsə belə, əvəzedicilərlə məşq edəcək. Hər bir halda yaxşı olsa, bizə qoşulacaq.

- "Qarabağ"da təcrübədə gedən futbolçuları qaytarmaq var. Bəs indi belə hal gözlənilir?

- Heç bir danışığımız olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail