Yayım hüququ klublardan alınır

Tuyqun Nadirov deyir ki, teleyayımı fikirləşib, azarkeşləri itirmək istəmirlər

31.05.2011 | 7468 dəfə oxunub

rnrn

Premyer Liqada növbəti mövsümdə oyunların yayım məsələsinə baxılacaq. Son mövsümdə teleyayımın səviyyəsi çempionatı və kuboku keçirən Peşəkar Futbol Liqasını (PFL) razı salmayıb. Məlum olduğu kimi, yayım hüququ əvvəl PFL-də idisə, ötən mövsüm klublara verildi. Bu da klublara istədikləri telekanallarla anlaşıb, yayımı onların öhdəsinə buraxmağı imkan verirdi. Ancaq bu, lazımı effekt vermədi və nəticədə oyunlar əvvəllə müqayisədə az yayımlandı. Xüsusilə, "Xəzər Lənkəran"ın bir sıra ev oyunları göstərilmədi, Azərbaycan kubokunda ilk yarımfinal matçlarının heç biri canlı yayımlanmadı.
rnPFL prezidenti Ramin Musayevin sözlərinə görə, bəzi klublar oyunlarının göstərilməsində maraqlı olmurlar. Yayım hüququnun artıq PFL-də yox, klublarla olması təşkilatçı quruma müdaxilə etməyə imkan vermir. Nəticədə bunda azarkeşlər uduzur və onlar bir sıra maraqlı oyunları canlı izləyə bilmirlər. Bütün bunları nəzərə alan PFL rəhbərliyi növbəti mövsüm öncəsi klublarla yayım məsələsinin müzakirəsi ilə bağlı görüş keçirəcək. Əgər klublar yayım məsələsində problemi aradan qaldıra bilmirlərsə, buna yenidən baxılması və hüququn PFL-a qayıtması mümkündür. Ötən mövsümə qədər yayım hüququ dövlət televiziyasına - Az.TV və "İdman Azərbaycan" kanalına verilmişdi, bu sezonda isə «Lider»lə «Qəbələ» əməkdaşlıq edib.

rnrn

Problem ciddidir və görünür ki, bu, heç də asan olmayacaq. Kanallarla klubların işbirliyi heç də bir müstəvi üzrə qurulmayıb. Ruslar demiş, hərənin «podxod» növü fərqlidir. Tanışlıq, öncədən yaranan münasibətlər və üstünü vurmaq istəmədiyimiz bəzi amillər də var ki, burada ciddi rol oynayır. O da faktdır ki, kanalların heç də hamısı ölkə futbolunun içinə girmir. İTV, ATV və «Space» qısa idman xəbərləri ilə kifayətlənirsə, ANS Gündüz Abbaszadənin təqdimatında efirə gedən, müəyyən tamaşaçı kütləsi olan «Toplu topsuz» verilişini ötən yaydan bağlayıb. «Futbol saatı» isə «Xəzər»TV-dən çəkilir. Televiziyanın rəhbərliyi 3 ildir yayımlanan 50 dəqiqəlik proqramı qapatmaq qərarına gəlib. Dəqiq səbəb göstərilməsə də, iddia olunur ki, veriliş reytinq baxımından kanala dvident gətirmir. Təbii ki, bu yerdə futbol ictimaiyyətinin mövqeyi deyil, reklam xidməti əsas götürülür. Düzdür, son vaxtlar «Futbol saatı» baxımlılığını böyük ölçüdə itirib, ancaq Emin Abbasovluq heç nə yoxdur. O, sadəcə, aparıcıdır, mövzu və qonaq seçimi redaksiyaya nəzarət edənlərin səlahiyyətindədir. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun verilişə dəvət olunması çox vaxt izlədiyimiz qalmaqallı hadisələrin və qərəzli hakim idarəçiliyinin ört-basdırına əsas səbəbdir.

rnrn

Qanuni cəhətdən kanallar klub seçimində sərbəstdirlər. Amma çox vaxt texniki problemi qabartdıqlarını az müşahidə etməmişik. Çəkiliş aparmaq üçün PTS çatışmazlığını tez-tez üzə vururlar ki, bu da nəinki bölgələrdə, heç paytaxtın özündə də oyunların canlı yayımlanmaması deməkdir. Bir-iki kanalın «dərdi» isə başqadır. Elita təmsilçilərindən qeyri-leqal pul tələb edirlər. «Levi» vəsait ödəməkdən xoşlanmayan klubların əlini cibinə atmaması teleməkanda rəqabəti öldürür. Həmin komandanın azarkeşləri narazı tərəfə çevrilsə də, əlbəttə, günah onlarda deyil. Ancaq sıravi fanat nə bilsin ki, qazanda nə qaynayır? Bəs problemdən çıxış yolunu necə tapmaq olar? PFL-in təklifi hər üç tərəf üçün məqbuldurmu? Bu sualla klub rəsmilərinin fikirlərini öyrəndik.

rnrn

"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov:

rnrn

- Əslində yayım hüququ klublara məxsus olmalıdır. Hansısa biri oyunlarını yayımlaya bilmirsə, bu, artıq onların daxili problemidir. Bizrnbütün oyunlarımızın canlı yayımlanmasına çalışmışıq. Demək olar ki, çempionat və kubokda keçirdiyimiz əksər ev oyunlarımızın efirə verilməsinə nail olmuşuq. PFL-in yayım hüququna yiyələnmək istəməsi bizə heç bir problem yaratmır. İstənilən halda oyunlar yayımlanmalıdır.

rnrn

«Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov:

rnrn

- Teleyayım hüquqlarını PFL-in öz üzərinə götürməsi düzgün deyil. Bir neçə il bundan əvvəl yayımla bağlı məsələ müzakirə olunanda, biz bunun əleyhinə çıxdıq. Onda əksər klublar teleyayım hüquqlarının PFL-ə keçməsinə razılıq vermişdilər. Hətta anlaşmaya imza atdılar. Yalnız biz sənədə qol çəkmədik. «Xəzər Lənkəran» istəyir ki, oyunları yayımlansın və ölkədən kənarda yaşayan azarkeşlərimiz onu izləsin. Lakin oyunun yayımlanmaması təkcə bizdən asılı deyil. Bir neçə televiziya ilə danışıqlar aparmışıq. Onlar oyunların erkən başlamasını istəyirlər. «Xəzər»in oyununu izləyənlər arasında Lənkərana yaxın bölgələrdən də var. Azarkeşlər stadiona saat 5-dən, 6-dan sonra gəlirlər. Əgər oyunun vaxtını bir-iki saat irəli çəksək, elə də azarkeş yığa bilməyəcəyik. Bu məsələdə hardasa televiziya şirkətlərini də qınamaq olmaz. Onların da öz vaxtları və proqramları var. Biz teleyayımı fikirləşib, azarkeşləri itirə bilmərik. Belədə onlara qarşı hörmətsizlik etmiş olarıq. Bu üzdən cari mövsüm televiziya ilə ev oyunlarımız istənilən kimi yayımlanmadı. Çempionatın əvvəlində oyunları birbaşa yayımlamaq üçün hər cür texniki avadanlığı olan kanallarla danışıqlar aparmışdıq. Əfsuslar olsun ki, məhz dediyim problemlər üzündən bu, baş tutmadı. Əgər PFL bu məsləyə yenidən qayıdırsa, "Xəzər Lənkəran" olaraq, yayım hüququnu heç kimə verməyəcəyik. Klubumuzun öz marketinq strategiyası var. Burada əsas məsələ klubun reklam olunması və futbolun təbliğidir. Çalışırıq ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək. O cümlədən, «Xəzər Lənkəran"ın nəinki çempionat, eləcədə avrokuboklardakı oyunlarının da yayımlanmasının tərəfdarıyıq. Yeni mövsümdən bu məsələni həll edəcəyik. Bütün ev oyunlarının yayımlanmasına şərait yaradılacaq. Sözsüz ki, bu məsələdə gərək kanallar da maraqlı olsunlar.

rnrn

"Muğan"ın vitse-prezidenti Bəhruz Şirəliyev:

rnrn

- Biz AzTV ilə keçən mövsüm öz aramızda razılaşmışdıq. Bütün oyunlarımızı yayımlamağa çalışırdıq. Bir ara problemlər oldu, amma sonradan bu da aradan qaldırıldı. PFL-in bu hüquqa yiyələnmək istəməsinə gəlincə, bizim üçün heç bir problem yoxdur. Razılıq əldə olunacaqsa, biz buna hazırıq.

rnrn

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl:

rnrn

- Mənim qaldırılan bu məsələdən xəbərim yoxdur. Ümumi qərar nə olsa, ona uyğun hərəkət edəcəyik. «Qarabağ» futbolun inkişafı üçün əlindən gələni edir. İki il qabaqkı problemlərin yaranacağını düşünmürəm. İstər Quzanlıda, istərsə də Suraxanıda keçirdiyimiz matçları «İdman Azərbaycan» və AzTV efirə verib.

rnrn

AZAL-ın prezidenti Vaqif Qasımov:

rnrn

- Əlimizdən yayım hüququnu heç kim ala bilməz. Müraciət etdikləri halda, klublar öz yayım hüquqlarını onlara verə bilər. Biz uşağıq ki, əlimizdə alma olsun, kimsə də onu alsın? Bütün kanallara bu il müraciət elədik, amma onlar yayımlamadılar. Pul da istəmədik. Televiziyalar istəyir ki, biz onlara pul verək. Bu, təkcə bizim ölkədə var. Söhbət pulun üstündədir. Daha gəlib demirlər, mənə pul ver, sözlərindən elə çıxır. Ona görə, mən razıyam ki, PFL yayım hüququna yiyələnsin. Mən də heç vaxt deməyəcəm ki, bu vaxt oyun göstərməlisən, bu oyunu göstərməlisən. Onların dedikləriylə oturub-durmayacam. Baxın, qabaqcadan deyirəm. Əlavə pul istəyiblər? Yox, qardaş, belə şey yoxdur. Kubokda «İnter»lə yarımfinal oyunumuzu heç biri gəlib göstərmək istəmədi. Bu, nə deməkdir? Yaxşı, onda kanallar nəyə lazımdır? AzTV dövlətin televiziyasıdır, nəyə görə göstərmir oyunlarımızı? Əgər belə şeyləri göstərmirsə, o televiziya, o idman redaksiyası nəyə gərəkdi? Məndən heç kim pul istəmiyib. Amma gəlib göstərmirlər. PFL istəsə, verəcəm yayım hüququnu, gəlib göstərsinlər. Özləri bilərlər.

rnrn

"Gəncə"nin prezidenti Elmir Əliyev:

rnrn

Mən oyunların yayımlanmasının tərəfdarıyam. Keçən mövsüm üçün "Kəpəz" kanalı ilə müqaviləmiz var idi. Çalışırdıq ki, bu kanalla oyunları yayımlayaq. Bəzi səbəblərdən planımız tam həyata keçmədi. İndi PFL belə bir şey etmək istəyirsə, çox gözəl! Biz AzTV-yə müraciət etməmişik. Əgər PFL məsuliyyəti öz üzərinə götürürsə, yenə çox sağ olsunlar! Mən bunun tərəfdarıyam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail