Futbol veteranları kimlərin formalarını yadigar saxlayır? - SORĞU

QURBANOV VƏ DİNİYEVDƏ FRANSIZLARIN, DİGƏRLƏRİNDƏ İSƏ HEÇ KİMİN

13.01.2014 | 7423 dəfə oxunub

Azarkeşlər istər televiziya, istərsə də stadionda futbol matçlarına baxarkən təqdirəlayiq bir halın şahidi olurlar. Oyundan sonra futbolçular rəqib komandanın üzvləri ilə hörmət əlaməti olaraq futbolkalarını dəyişirlər. FİFA-nın verdiyi məlumata görə, ilk dəfə bu hal 1931-ci ildə baş verib. İngilisləri 5:2 hesabı ilə məğlub edən Fransa yığmasının futbolçuları xatirə olaraq onlara formaları dəyişmək təklifi ediblər. 1970-ci il dünya birinciliyində isə iki əfsanə – Pele və Bobbi Mur geyimlərini bir-birlərinə hədiyyə etməklə bu ənənəni yenidən bərpa ediblər. Bəs, görəsən bizim futbolçular hansı dünyaşöhrətli ulduzlarla forma dəyişiblər? Və ya bu istəkdə olublar? Bu məqsədlə vaxtilə millidə çıxış etmiş bir neçə veteran futbolçu ilə əlaqə saxladıq. Məlum oldu ki, onlarda Zinəddin Zidan, Fabio Kannavaro, Zlatan İbrahimoviç kimi futbolçuların formaları var. Düzü, fikir bildirənlərdən heç birinin hazırda dünyanın ən yaxşılarından sayılan Messi və Ronaldo ilə futbolka dəyişmədikləri ortaya çıxdı. Argentina və “Barselona” ilə hələ qarşılaşmadığımızdan Messi variantı başadüşüləndi. Amma Portuqaliya ilə bir neçə dəfə üz-üzə gəlmişik. Özü də həmin qarşılaşmaların birində bir neçə futbolçumuzun eyni zamanda Ronaldodan forma istəməsi... Utancverici hal idi.

 Yeri gəlmişkən, çox istərdik ki, hazırda millinin şərəfini qoruyan futbolçularla əlaqə saxlayıb fikirlərini öyrənək. Amma əksəriyyəti təlim-məşq toplanışlarında olduğundan bu istəyimiz baş tutmadı. Məcbur olub veteran futbolçuların fikirləri ilə kifayətlənməli olduq.

 

Millidə ən çox oyun keçirən futbolçulardan biri və hamıdan çox – 11 dəfə Azərbaycan çempionu adını qazanmış Mahmud Qurbanov Zinəddin Zidanın formasını yadigar saxlayır. Fransaya 0:10 hesablı biabırçı məğlubiyyətin iştirakçılarından biri olan Qurbanov “formadəyişmə əməliyyatı”nı belə xatırlayır: “Oyundan sonra fransızların formalarını yığıb bizim otağa gətirdilər. Hərə öz nömrəsinə uyğün maykanı götürdü. Mən də 10 nömrəni. Onda Zidan adi futbolçulardan biri sayılırdı. Sonradan dünya və Avropa çempionu oldu. Futbolkanın üzərində oyunun keçirilmə tarixi, yeri yazılmışdı. Amma Zidan adı yox idi. Sonradan kürəyindəki rəqəmlər qopdu, amma yeri durur”. Heç vaxt futbolka dəyişmək həvəsində olmadığını bildirən Qurbanov indiyə kimi bir neçə tanınmamış futbolçuların formalarını “ələ keçirsə” də, heç biri indiyə kimi qalmayıb. Ya kiməsə hədiyyə edib, ya da köhnəlib.

 “Çox istərdim ki, futbolçu olduğum dövrdə Mişel Platini ilə forma dəyişim. Çünki o adam mənim uşaqlıq kumirim olub”. Bu sözlər isə uzun illər yığmanın kapitanı olmuş və daha sonra komandanı çalışdırmış Şahin Diniyevə məxsusdur. Şahin müəllim də Fransaya acı məğlubiyyətin iştirakçılarındandır. Həmin oyundan sonra fransızlar formalarını yığıb bizimkilərə hədiyyə etdiklərindən onun da payına “hədiyyə” düşübmüş. Özü də 8 nömrəli Marsel Desainin. Cüssəli Desainin futbolkası yəqin ki, Şahin müəllimin əyninə böyük olardı. Diniyev də Mahmud kimi həmin formanı heç kimə hədiyyə etməsə də yadigar da saxlamayıb: “Hərdən həmin forma ilə futbol oynayırdım. Köhnəldi, tulladım getdi. Başqa heç kimin forması olmayıb. Çünki o vaxt cəmi bir dəst forma olurdu və həmin geyimlə bir neçə oyuna çıxmalı idik”. İstər “Terek”də, istərsə də İsraildə keçirdiyi legioner həyatı vaxtı da kimsə ilə forma dəyişməyən Şahin müəllim məşqçi olduğu müddətdə futbolçulara forma dəyişməyi qadağan etməyib. Onsuz da bu qadağa AFFA rəhbərliyi tərəfindən qoyulmuşdu. Hə, lap yaddan çıxmışdı. Axı, Şahin müəllim Platini ilə forma dəyişmək arzusunda olub. Eybi yoxdu Şahin müəllim, forma dəyişmək imkanı olmayıb, pencək dəyişməyə necə baxırsınız?

Millimizin keçmiş “beyni” Vidadi Rzayev Fransa ilə ilk oyunda meydanda olmasa da, Trabzondakı qarşılaşmada çıxış edənlərdən biri idi. Həmin oyunda da qonaqlar öz formalarını yığıb bizimkilərə bağışlayıblar. Həm də futbolçularımızdan formalarını istəyiblər. Bizimkilər isə... Məgər növbəti oyuna lüt çıxmalıydılar? Fransızlardan yalnız qapıçı Bernard Lamanın “bəxti gətirib”. “Utanmaz-utanmaz” komandamızın paltardəyişmə otağına gələn Lama həmkarı Aleksandr Jidkovdan formasını istəyib. Jidkov isə həmin vaxt zədəli olduğundan forma hayında deyilmiş. Qısası, fransız qapıçı Saşanın yerdəki palçıqlı formasını götürüb. Bu əhvatalı nəql edən Rzayevə futbolçu karyerasında heç kimlə forma dəyişmək qismət olmayıb. Səbəbini isə daha əvvəl qeyd etmişdik – forma qıtlığı: “Yaralı yerimə toxundunuz. Bu qədər futbol oynayasan, heç kimin forması yadigar qalmaya. O vaxtlar vəziyyət indiki kimi deyildi. Oyundan əvvəl bizə tapşırırdılar ki, forma dəyişmək olmaz. Hətta bir dəfə Rumıniya ilə oyundan sonra kimsə bunu etmək istədi. Kənardan bizimkilər bir hay-küy saldılar ki, adam lap utandı”. Rzayev bir neçə dəfə məşhur futbolçularla “barter” əməliyyatı aparmaq istəyib. Onların arasında Georgi Hacı, Popesku, Luiş Fiqu, Erik Kantona, Zinəddin Zidan kimi ulduzlar olub. Amma, zəhrimara qalmış qadağa onun arzusunu ürəyində qoyub.

Veteran futbolçu Samir Əliyev də heç vaxt forma dəyişmək istəyində olmasa da, bir neçə dəfə sözügedən “əməliyyat”da iştirak edib. Məşhurların formalarına gəlincə, Samirin qismətində digər dünya çempionu Fabio Kannavaro var imiş: “Heç vaxt oyundan sonra kiminləsə forma dəyişmək həvəsində olmamışam. Düzü, utanmışam kiməsə ağız açım ki, gəl formalarımızı dəyişək. Bir neçə dəfə belə hal kollektiv şəkildə olub. Yəni, rəqibin formalarını yığıb bizə veriblər, biz də formalarımızı yığıb onlara. Amma Kannavaro istisnadı. İtaliya ilə Bakıdakı oyundan sonra paltardəyişmə otağına gedərkən demək olar ki, bütün futbolçular formalarını dəyişmişdilər. Təkcə mən və ondan başqa. Üz-üzə gəldik və heç birimiz bir söz demədən futbolkaları dəyişdik”. Samir də o vaxt futbolka dəyişməyin çətin olduğunu bildirdi. Çünki, komandanın cəmi 1 dəst forması var idi və həmin forma ilə bir neçə oyuna çıxmalı idilər. Bu üzdən AFFA rəsmiləri bunun əleyhinə idilər. Kannavaronun formasına gəlincə, Samir İtaliya ilə oyundan qalan “yadigar”ı yaxın adamlardan birinə hədiyyə edib.

Əliyevin adaşı Musayev də isə məşhurların heç birinin forması olmayıb. Olanları isə qohum-əqrabaya paylayıb: “Uelsin 4, Serbiyanın 6, Qazaxıstanın 3, Portuqaliyanın 23 nömrəli formaları... qalıb ki, qohum-əqraba hamısını dağıdıb. O vaxt “mayka” dəyişəndə hərə bir mız qoyurdu. Oyunlardan sonra rəqibin formalarını yığıb bizə gətirirdilər. Biri də qalmırdı, bizimkilər hamısını götürürdülər. İnanırsınız, elə vaxt olurdu ki, onlar bizim formaları götürmürdülər. Nələrinə lazım idi ki?”  Samirdən kiminlə formaları həvəslə dəyişmək istəyində olduğunu soruşduq: “Bacco, Messi, Ronaldiyno, Zidan, Xavi, Anri... Çox istərdim ki, elə futbolçuların formalarından ibarət koleksiyam olsun. Amma gecdi, artıq futbola vidalaşmışam. Futbolçu olanda millidə cəmi 10-15 oyunda meydana çıxmışam. Bəlkə də çox oynasaydım, kiçik bir kolleksiya toplaya bilərdim”. 

Futbolsuvərlərin yaddaşında daha çox Makedoniya, Serbiya və Finlandiya ilə Bakıda keçirilən oyunların son dəqiqələrində fərqlənən və “Karvan”dakı çıxışı ilə yadda qalan Fərrux İsmayılovun forma kolleksiyası digərərinə baxanda bir qədər genişdi. Ən çox rəqib meydanında İsveçlə keçirilən oyundan sonra ona yadigar qalan 16 nömrəli futbolka haqqında danışan Fərrux illər sonra həmin formanın sahibinin dünya şöhrətli Zlatan İbrahimoviçə məxsus olduğunun fərqinə varıb: “İsveçlə oyunda mən ehtiyaitda qalmışdım. İkinci hissədə heç kimin tanımadığı İbrahimoviç 16 nömrə altında meydana daxil oldu və dərhəl da qapımıza qol vurdu. Oyundan sonra rəqibin futbolkalarını yığıb bizim paltardəyişmə otağına gətirdilər. Özüm də 16 nömrə idim deyə, Zlatanın formasını götürdüm. Haradan biləydim ki, vaxt gələcək həmin futbolçunu bütün dünya tanıyacaq? İndiyə kimi də o forma məndə qalır”. Söz düşmüşkən, həmin forma ilə İbrahimoviç millidə ilk rəsmi oyununa çıxıb və ilk qolunu vurub. Yarızarafat, yarıgerçək – gələcədə hərraca çıxarılsa, həmin formanın satışından Fərrux əməlli-başlı pul qazana bilər.

Digər futbolçulara gəlincə, italyan Tomazzi ilə yanaşı daha bir neçə məşhur olmayan futbolçuların futbolkaları Fərruxun kolleksiyasını bəzəyir: “Uelsin 7, İranın 27 nömrəsinin də formalarını saxlamışam. Amma heç tanımıram kimlərdi. Düzdür, Tomazzinin formasını geymişəm deyə, təzə qalmayıb, o biriləri isə pis deyil”. İndiyə kimi Maradonanı özünə kumir sayan İsmayılov heç vaxt forma dəyişmək həvəsində olmayıb, özünə sığışdırmayıb. Ancaq dediyinə görə, böyük hörmət bəslədiyi Alessandro del Pyero və Ronaldinyoya qarşı oynasaydı, bəlkə də qürurunu bir anlıq kənara qoya bilərdi.

Bilirsiniz müstəqillik qazanandan sonra klublar arasında beynəlxalq oyunlarda ilk forma dəyişən kim olub? “Turan”ın və millimizin “5 nömrə”si Sakit Alıyev. Bu hadisə “Turan”ın “Fənərbaxça” ilə Bakıda baş tutan cavab qarşılaşmasında baş verib. Sakit nömrəsinə uyğun olaraq “Fənər”in 5 nömrəli futbolçusu ilə formasını dəyişib. Təəssüf ki, Alıyev həmin futbolçunun adını xatırlamır. Nəinki həmin futbolçunun, ümumiyyətlə, indiyə kimi kiminlə “alış-veriş”də olduğunu da: “Səhhətimlə əlaqədar yaddaşım korlanıb. Bilirəm ki, istər “Turan”da, istərsə də millidə çıxış edən vaxtlar əksər oyunlardan sonra kiminləsə forma dəyişirdim. Əksər hallarda da 5 nömrəli futbolçularla. Amma təəssüf ki, heç birini xatırlamıram”. Aldığı futbolkalardan heç birinin qalmadığını bildirən Alıyev onları birinci istəyənə hədiyyə edib. Yəni, biri də olsun qalmayıb.

Heç qapıçılardan söz açmadıq. Sakit Alıyevin həmyerlisi, millidə xeyli oyunda komandamızın qapıçını qorumuş Hüseyn Məhəmmədov isə heç vaxt forma dəyişməkdə problem yaşamayıb. Hətta məşhur isimlərin futbolkalarını indiyə kimi saxlayıb. Onlardan biri də Canluici Buffondu: “Bakıdakı oyunda ehtiyat qapıçı idim. Oyundan sonra Buffona yaxınlaşaraq formasını istədim. “No problem” deyib əynindəki futbolkanı mənə verdi. İndiyə kimi də həmin forma məndə qalır, heç kimə hədiyyə etməmişəm”. Buffondan başqa Hüseyndə Bernar Lamanın da futbolkası ola bilərdi. Amma yazının əvvəlində qeyd etdiyimiz kimi Lama Hüseynə deyil, Jidkova yaxınlaşıb formasını istəyib. Həmin oyunda da ehtiyatda olan Məhəmmədov əliboş qalıb. Digərlərinə gəlingə, veteran qapıçıda Rumıniya millisinin, Fransanın olimpiya yığmasının və digər komandaların qapıçılarının forması olub. Amma məşhur olmayanların formalarını sonradan geyinərək “sıradan çıxarıb”.

Nəhayət gəlib çatdıq Nazim Süleymanova. Ən titulu legionerimiz milli ilə yanaşı “Alaniya”nın heyətində bir çox beynəlxalq oyunlarda, hətta futbolçularımıza xülya kimi görünən Çempionlar Liqasının iştirakçısı olub. Millini başa düşdük, yığmada oynadığı dövründə forma dəyişmək az qala cinayət hesab olunurdu. Bəs, “Alaniya”ya nə deyirsiniz Nazim müəllim? “Nə yatdıq ki, nə də yuxu görək. Bir-iki oyunda çıxış etdik, həmin oyunlarda da uğurlu nətiə olmadı deyə, meydançanı dilxor tərk elədik. Forma dəyişmək heyində deyildik. Amma indi düşünürəm ki, heç olmasa bir-iki məşhur futbolçunun futbolkasını yadigar saxlamaq olardı”.

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail