Uşaq futbol məktəbi, yoxsa paltar dükanı? - ARAŞDIRMA

16.04.2014 | 7685 dəfə oxunub

Bir neçə gün əvvəl “Qarabağ”ın futbolçusu Reynaldo Silva ilə müsahibə götürmək üçün Tofiq Bəhramov adına stadiona yollanmışdım.

“Qarabağ” məşqdən bir qədər gec qayıtdığından darıxmamaq üçün mini-futbol meydançasında uşaqların məşqinə baxmaq qərarına gəldim. İlk baxışdan hər şey göz oxşayırdı – gözəl meydança, “Fənərbaxça” formalı uşaqlar, zarafatçıl məşqçi... kənarda dayanan valideynlərin birindən komanda haqda soruşdum. Zənnim məni aldatmamışdı, meydançada “Fənərbaxça”nın Bakıda təsis olunan futbol məktəbinin üzvləri məşq keçirdilər. Düzü, əvvəlcə hər şey normal görünsə də, bir qədər sonra məşq edənlərin təvəllüdlərindəki fərqi sezməyə başladım. Hələ bu harasıdır, həmin valideyn bir uşağa görə ayda 100 manat ödədiyini deyəndə isə... Və araşdırma aparmaq qərarına gəldim. 
“Fənər” Bakıda da liderdir
Əvvəlcə başlayım elə həmin “Fənərbaxça” məktəbindən. Bu klubun adı ilə bağlı olan məktəb Tofiq Bəhramov adına Respublika stadionunda – “tablonun arxası”nda yerləşir. 2 aydır açıldığı söylənən bu məktəbdə məşqlər 2 qrup üzrə aparılır. Əslində məktəbin yeni fəaliyyətə başladığını ofisdə oturan Vəfa xanımdan öyrənsəm də, valideynlərdən fərqli söz eşitmişdim. Onların biri ilə söhbətimdə övladını keçən ildən bura gətirdiyini demişdi. Vəfa xanımın sözlərinə görə, məktəbdə 7-10 yaşlı uşaqlar bir, 11-15 yaşlı uşaqlar isə digər qrupda məşq keçirlər. Həftənin tək günləri axşam saat 6-da başlayan məşğələləri Türkiyədən gəlmiş məşqçilər aparır. Onlardan birinin adını xüsusilə vurğulayan həmsöhbətim həmin məşqçinin vaxtilə “Fənərbaxça” və “Qalatasaray”ın futbolçusu Benhur Babaoğlu olduğunu söylədi. Ad tanış gəlmirdi deyə, sonradan baş vurdum internet adlı virtual aləmə. Məlum oldu ki, adları səs-küylü səslənən bu klublarda Benhur abi cəmi 8 oyunda meydana çıxıb – “Qalatasarayda 6, “Fənərbaxça”da isə 2. Nə isə, bunun məsələyə bir o qədər dəxli olmasa da, hər halda maraq üçün yazıram. “7 yaşlı uşağın 10 yaşlı uşaqla bir yerdə məşq keçməsi nə dərəcədə doğrudur” sualıma xanım hələlik uşaqların az olması üzündən belə alındığını, onların sayı artan kimi qruplara bölünəcəyini və hər bir uşağın həmyaşıdı ilə məşq keçməyə başlayacağını bildirdi. Əslində, bu anormal bir haldır. Çünki yaş fərqi çox olan uşaqlar arasında keçirilən məşqlər uşağa xeyirdən çox, ziyan verə bilər. Bu haqda bir qədər sonra mütəxəssis fikri ilə tanış olacaqsınız. Hələliksə, qayıdım “Fənər”ə. Həftədə 3 dəfə 2 saatlıq məşq üçün valideyn məktəbə nə qədər pul ödəməli olsa yaxşıdır? 100 manat. Bu rəqəm məni o qədər də təəccübləndirmədi. Çünki, əvvəlcədən bu haqda eşitmişdim və oxuduğunuz məqaləni də yazmağa məhz “100 manat” məsələsi səbəb olmuşdu. Təəccübüm tamam başqa xəbərlərlə bağlı idi. Demə, məktəbə yazılan uşaqlar forma almalıdılar. Özü də bazardan-filandan yox. Məhz “Fənərbaxça” məktəbindən. Bunun üçün valideyn əlavə olaraq 180 manat da “tərləməlidi”. Forma dedikdə qış və yay geyimləri, “vetrovka” və corab nəzərdə tutulur. Üstəgəl çanta. Sadaladıqlarım 180 manata dəyərmi? Yenə də üz tutdum internetə. “Fənərbaxça”nın rəsmi mağazası olan “Fenerium”undakı qiymətlərin bir qədər yüksək olsa da, hesablamalar nəticəsində sadalananların 180 manat olmadığını aydınlaşdıra bildim. Rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm. Kasıbın bazarı kimi tanınan “vosmoy bazarı”nda isə qiymətlər xeyli aşağı idi. Çanta, qış və yay forması və digər aksessuarlar heç 100 manatı keçmir. 
Təəccübləndiyim digər məqam isə uşaqların səfər xərcləri ilə bağlı idi. Düşünürdüm ki, aylıq 100 manat üzvlük haqqı müqabilində heç olmasa, bir dəfə Türkiyəyə və ya digər yerlərə səfər təşkil edilir. Doğrudur, “poezdkalar” olur, amma yenə də valideynin hesabına. Vəfa xanımla söhbət zamanı məlum oldu ki, iyunda belə bir səfər gözlənilir və uşaqları Türkiyədə keçirilən turnirə aparacaqlar. 3 gün davam edəcək həmin turnir zamanı bu uşaqlar “Fənərbaxça”nın türklər demişkən alt yapısına seçimlərdə iştirak edəcəklər. “Fənərbaxça”nın rəsmi məktəbi kimi fəaliyyət göstərdiklərini iddia edən xanım daha sonra digər klublarda məşq keçən uşaqların türk klubuna düşməsinin mümkün olmadığını israrla təkrar edirdi. Deyəsən, futbol mətbəximizdən xəbərsiz olduğumu düşünürdü. Haradan biləydi ki? Buradək bir valideyn kimi gəldiyimi zənn edən Vəfa xanıma mətbuat nümayəndəsi olduğumu deyəndə bir qədər “yumşaldı”. Artıq sualları rahat şəkildə verə bilirdim. Həmsöhbətim “Fənərbaxça” kimi bir klubun nəyə görə Bakıda pullu məktəb açması ilə bağlı sualımı isə cavablandırmaqda çətinlik çəkdi və burada sıravi işçi olduğunu bildirməklə kifayətləndi. 

Daha sonra Vəfa xanımdan bəzi məsələlərə də aydınlıq gətirə bildim. Demə, məktəb müəyyən məqamlarda valideynlərə güzəşt (!) edir. Məsələn, bir ailənin 2 uşağı məktəbə yazılırsa, valideyn hər uşağa görə 100 deyil, 80 manat ödəyə bilər. Valideynin ödəniş edə bilməyəcəyi və ya gecikdirəcəyi təqdirdə uşağın aqibəti ilə maraqlandıqda sualıma tam cavab ala bilmədim. Əvəzində isə məktəbdə 5 uşağın pulsuz məşq keçdiyini öyrəndim. Əvvəl onların şəhid və ya kimsəsiz ailələrdən olduğunu düşünsəm də, Vəfa xanım həmin uşaqların xüsusi istedadlarının olduğunu bildirməklə yanaşı, onlara formaları da hədiyyə etdiklərini dedi. Buna da şükür!

“Qalatasaray”lı olmaq neçəyədir?

Sırada “Qalatasaray”dır. Azarkeşlik etdiyim bu klubun Bakıdakı məktəbi haqqında bir neçə il əvvəl eşitmişdim. Amma oradakı şərtlərlə maraqlanmamışdım. Bu haqda ilk dəfə “Şəfa”da bir valideyndən eşitdim. Məlum oldu ki, adının qəzet səhifələrində hallanmasını istəməyən həmin şəxs övladının 2 ilə yaxın sözgedən məktəbdə məşq keçdiyini və aylıq 60 manat ödədiyini bildirdi. Təbii ki, əgər buna məşq demək olarsa: “Həmin məktəbə 2 övladımı yazdırmışdım. Özündən böyük və kiçik uşaqlarla bir yerdə futbol oynayırdılar. Adı da olurdu ki, məşq keçirlər. Yalandan hər ay o qədər pulu peşkəş eləyirdim. Yaxşı ki, tez ayıldım. Buna da səbəb özləri oldu. Adamın üstündə Allah var, ilk günlər türk məşqçilər uşaqlarla az-çox məşğul olurdular. Amma sonradan məktəbi başqası aldı və türklər işdən çıxdılar. Bu azmış kimi aylıq haqq 90 manata qaldırıldı. Məcbur olub uşaqları götürüb gətirdim “İnter”ə. Burada həm qiymətlər münasib idi, həm də normal məşq keçirlər”. 

Yeri gəlmişkən, həmin uşaqlardan biri “İnter”in ödənişli qruplarında məşq keçib. İstedadlı olduğunu görən məşqçilər valideyn ilə müqavilə bağlayıblar və uşağı əsas komandaya götürüblər. Bu yerdə deyə bilərsiniz – bayaqdan türkləri yıxıb-sürüyürsən, heç bizim klubların da uşaq futboluna görə pul aldığını demirsən. Türklərlə bizimkilərin işinin fərqliliyini izah edim. Məlumatım olduğuna görə “İnter”i misal cəkəcəm. Birincisi, İnter PİK-də ödəniş 100 deyil cəmi 30 manatdır. Həmin pul kiməsə yox, klubun kassasına ödənilir və ödənişə görə valideynə çek verilir. İkincisi, məşqələr türk məktəbləri ilə müqayisədə daha səviyyəli aparılır. Azından “İnter”də 7 yaşlı uşaq 13-14 yaşlı yeniyetmənin ayaqlarına dolaşmır. Üçüncüsü... Deyəsən, “İnter”i reklam edirəm, sonra övladlarımın da bu klubda futbolla məşğul olduğunu bilib pis başa düşərlər. Digər klublarda vəziyyət bu cürdür. Əgər valideyn övladının futbol istedadının yoxluğunun fərqindədirsə və buna rəğmən uşağın qəlbini sındırmaq istəmirsə, niyə də 30 manatından keçməsin? Əgər məşqçi həmin uşaqdan futbolçu çıxmayacağını bilirsə, nəyə görə həmin uşağa boş yerə vaxt sərf etməlidir? Bunu nəzərə alsaq, klublarda pullu futbol məşğələlərinin təşkil edilməsi normal haldır. Özü də rəsmi şəkildə.

Mətləbdən çox uzaq düşdüm, “Qalatasaray” haqqında danışırdım. Əldə etdiyim məlumata görə, burada da vəziyyət əzəli və əbədi rəqiblə demək olar ki, eynidir. Sadəcə, qiymətdə bir qədər fərq var – 80 manat. Məşqlər də həftədə 3 dəfə, özü də respublika stadionunda keçirilir. Həmçinin harasa turnirə gedəndə, səfər xərcləri də “Fənərbaxça”da olduğu kimi valideyn tərəfindən ödənilir. Formaya gəlincə, hələlik “Qalatasaray”ın futbol məktəbində satış təşkil olunmayıb. Yəni, kim hansı klubun formasında istəyirsə, məşqlərə gələ bilər. Amma valideynlərə bəd xəbərim var. Tezliklə, onlar uşaqları üçün məktəbin təqdim etdiyi formaları almalı olacaqlar. 

“Antalyaspor” - heç kimdən geri qalma!

“Antalyaspor”un futbol məktəbində də digərlər kimi eyni vəziyyət hökm sürür. Amma bir qədər fərqlilik də var. Yox, məşqlər pulsuz deyil. “Qalatasaray”ın məktəbində olduğu kimi burada da qiymət 80 manatdır. Sadəcə, məşqlər həftənin şənbə və bazar günləri keçirilir. Buradan aydın olur ki, bu məktəbdə məqsəd uşaqlara futbol öyrətmək deyil, pul qazanmaqdır. 5 gün fasilə verib 2 gün ardıcıl məşq keçmək heç bir məntiqə sığmır. Buna da səbəb uşaqların azlığıdır. Onların sayı çoxaldıqca məşqlərin intensivliyi də artacaq. Bu barədə məktəbin feysbuk səhifəsində göstərilən telefon nömrəsinə zəng vuraraq öyrənə bildim. O da məlum oldu ki, hazırda komandada forma satışı təşkil olunmayıb. Bu prosesə yayda başlayacaq və uşaqlara ancaq yay (komplekt yox) formaları veriləcək – 70-80 manata. 
Səfərlərə gəlincə, burada da uşağının hər hansı turnirə yollanması üçün valideyn əlini cibinə salmalıdır. Söhbət zamanı istedadlı uşaqların çıxmaq şərtilə digərlərinə görə minimum 500-600 manat tələb edildiyi məlum oldu. Əgər valideyn uşağını tək buraxmaq istəmirsə, özü üçün də bu qədər məbləğ ödəməlidir. Bu da eləyir 1200 manat. Dərindən düşünəndə adamı dəhşət götürür – demək olar ki, uşağa heç bir xeyri dəyməyən səfərə 1200 manat xərcləmək. Burada Gəncəbasar zonasında daha çox dəbdə olan bir el məsəli yada düşür – çimmə, boğulma.

Düzü, “Antalyaspor”un Bakı məktəbinin klubun rəsmi adından fəaliyyət göstərib-göstərməməsini tam dəqiqləşdirə bilmədim. Məktəbin nümayəndəsi ilə telefon danışığı zamanı rəsmi fəaliyyət göstərdiklərini desə də, “80 manat” məsələsi mənə qaranlıq qaldı. Həmçinin, bu məktəb haqda xoş xəbər də var – həmsöhbətim onlarda 5-6 uşağın “Antalyaspor” klubu tərəfindən nəzarətdə olduğunu bildirməklə yanaşı, onlardan məşqlərə görə pul alınmadığını da söylədi. Mənə isə inanmaq qaldı. Axı, insanlara güvənmək lazımdır. Lap yadımdan çıxmışdı, bayaqkı valideynlə söhbət zamanı bu məktəbdə işləyən məşqçilər haqqında da maraqlı məlumat ala bildim. Belə ki, hazırda “Antalyaspor”un məktəbində məşq keçən mütəxəssislər əvvəllər “Qalatasaray”ın məktəbində işləyiblər. Bayaq da qeyd etdiyim kimi sonradan məktəbin sahibi dəyişib və türklər bu futbol məktəbini yaradıblar. Bu gedişlə bir neçə ildən sonra nəinki Turkiyə Superliqası, hətta TFF 1-ci Liqdəki bütün klubların Bakıda məktəbi açılacaq.

“Canbala” -can ay bala!

Türklərlə bağlı söhbəti qoyum bir kənara, keçim özümüzünkülərə. Bakıda belə bir uşaq futbol məktəbi fəaliyyət göstərir – “Canbala”. Artıq bir neçə ildir fəaliyyət göstərən bu məktəb idman ictimaiyyətinin YAXŞI tanıdığı Faiq Şadlı tərəfindən təsis edilib. Təbii ki, burada da məşğələlər pulludur. Amma bizimkilərə şükür – insaflıdılar. Əslində, “Canbala”nın türklərlə müqayisədə bir çox üstünlükləri var. Bu haqda elə Faiqin özü danışsa yaxşıdır: “Azərbaycanda ən ucuz pullu futbol məktəbi “Canbala”dı. Məşqlər iki qrupda keçirilir. 3-8 yaşlı uşaqlar bir, 8-11 yaşlı futbolçular isə digər qrupda. Özü də böyüklərin qrupunda çıxış edən uşaqların valideynlərindən pul almırıq. Həmçinin, bu qrupa kənardan uşaq da götürmürük. Məqsədimiz kiçiklərin qrupundan yaxşı uşaqları bu qrupa cəlb edib daha sonra klublara vermək və bunun müqabilində müəyyən vəsait əldə etməkdir. Təəssüf ki, adını çəkmək istəmədiyim bəzi məşqçilər bizim uşaqlarımızı oğurlamaqla məşğuldu”.

Faiq Şadlı türk klubları ilə müqayisədə onların formaya görə pul almadıqlarını, əldə olunan vəsaitin məşqçilərin və stadionun icarə haqqına ancaq çatdığını bildirməklə yanaşı, valideynin aylıq ödənişi verə bilmədikdə başqa yerlərdə olduğundan fərqli olaraq onları sıxmadıqlarını da söylədi. Nə deyirəm, əgər belədirsə, Allah köməyiniz olsun! Yox, əgər Faiqin dedikləri həqiqətdən uzaqdırsa, onda məndən inciməsin. Onsuz da “Canbala” ilə bağlı araşdırma aparacam, nəsə “çp” olsa, xəbərçilik eləmək mənim boynuma. 

Pullar hara gedir?

Ödənişlə bağlı bir nüansa toxunmaq istəyirəm. Bizim klubların pullu futbol kurslarında ödənişə görə valideynə çek verilirsə, sözügedən futbol məktəblərində ödənişi təsdiq edən hər hansı sənəd olmur. Yəni pul əldən ələ verilir. Vay o günə ki, valideyn ödənişi vaxtında etməsin. Uşaq məşqdən kənarlaşdırılır. Bu da həmin məktəblərin futbolçu yetişdirmək adı ilə pul güdməsinə daha bir sübut. 

Mütəxəssis fikri

Yaş fərqi böyük olan uşaqların bir yerdə məşq keçməsinin nə dərəcədə məqsədəuyğun olması ilə bağlı Respublika Uşaq İdman Liseyinin direktor müavini Rəhman Tağıyevlə əlaqə saxladım. Bu həmin Rəhman müəllimdir ki, Tərlan Əhmədov, Arif Əsədov, Şahin Diniyev, Vəli Hüseynov və digər tanınmış futbolçuların yetişməsində böyük rolu olub və onun təcrübəsinə ancaq futboldan anlayışı olmayan adam şübhə edə bilər. Təcrübəli mütəxəssis belə məşqlərin uşaqlara heç bir fayda vermədiyini bildirdi: “Uşaqlarda hər yaşın özəlliyi var. Kiçik yaşlarında daha çox topla məşğul olmalıdılar. Bir qədər sonra isə texniki və taktiki təmrinləri öyrənməlidilər. Müəyyən həddə kimi uşağa fiziki yükləmələr vermək olmaz. Bu, uşağın inkişafına təsir edə, fəsadlara gətirib çıxara bilər. Həm də 7 yaşlı uşağın 10 yaşlı uşaq kimi dərrakəsi, götürmə qabiliyyəti də olmur. Bu üzdən yaşları arasında 2-3 il fərq olan uşaqların bir yerdə məşq keçməsinə düzgün baxmıram”. 

Elxan Məmmədov nə fikirdədir?

Ötən sayımızda AFFA-nın baş katibi Elxan Məmmədovla müsahibəmdə bu məsələyə toxunmuşdum. AFFA rəsmisi də bu hallardan xəbərdar olduqlarını və sadalananlara qarşı mübarizə məqsədilə artıq İcraiyyə Komitəsinin son iclasında qərar qəbul etdiklərini bildirmişdi. Xatırladım ki, həmin qərara əsasən respublikada keçirilən bütün futbol yarışları yalnız AFFA-nın razılığı ilə baş tuta bilər. Bundan əlavə növbəti iclasların birində Azərbaycanda olan bütün uşaq futbol məktəblərinin AFFA-dan lisenziya almamış fəaliyyət göstərmələrinin qanunsuz olduğunu əks etdirən qərarın da qəbul olunacağı gözlənilir. 
Söhbət əsnasında Elxan müəllim maraqlı bir məqama da toxunmuşdu. Onun sözlərinə görə, yuxarıda adıçəkilən turk klubları onların adından fəaliyyət göstərən bu məktəblərdən xəbərsizdilər. Bu barədə AFFA-dan həmin klublara müraciət ünvanlanıb və cavabında məktəblərin onlarla heç bir bağlılığının olmadığı üzə çıxıb. Əslində, BU MƏKTƏBLƏR KLUBLARIN DEYİL, FAN-KLUBLARIN MƏKTƏBLƏRİDİR. Daha dəqiq, “Fənərbaxça” və “Qalatasaray”ın Bakıda fəaliyyət göstərən uşaq futbol məktəblərinin klublara heç bir aidiyyatı yoxdur. Bu məktəblər “Fənər” və “Cim-bom”un fan-klubları tərəfindən təsis edilib. Klubla fan-klub arasında olan fərq isə müqayisəolunmazdır. Bu haqda apardığı araşdırmaya görə və işimi yüngülləşdirdiyinə görə AFFA-ya təşəkkür. Söz verdikləri qərarı qəbul edəcəkləri təqdirdə də daha bir təşəkkür! 

Son sözüm validyenlərədir. Əgər övladlarınızı həqiqətən gələcəkdə futbolçu kimi görmək istəyirsinizsə, pullu məktəblərdən uzaq olun. Azacıq istedadı olan uşağa istənilən klubda yer var. Yox,əgər sizin uşağı bu klublara götürməkdən imtina edirlərsə, deməli, həmin uşağın futbolla bağlı gələcəyi görünmür. Reallıqla barışmaq lazımdır. Aylıq 80-100 manat boş yerə sərf etməklə uşaqlarınızdan futbolçu çaxmayacaq. Bunun fərqinə varanda isə artıq gec olacaq. Məsləhət kimi çıxmasın. Bunları bildirmək borcumdu. Övladınızın könlünü oxşamaq üçün isə bu qədər məbləği ödəmək sizə xoşdursa, onda buyurun, məsləhət sahibisiniz. Təki, Allah hamınızın işini avand eləsin!

İlqar TAĞIYEV 
“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail