Hafiz Məmmədovu SATAN ƏLLƏR

16.05.2014 | 3632 dəfə oxunub

I HİSSƏ 
Hər işin bir əvvəli olduğu kimi, axırı da var. «Bakı» bu günləri ilə profildən son günlərini yaşayan canlıya, batmaq üzrə olan gəmiyə, səhərə sağ qalması real görünməyən xəstəyə bənzəyir. Klubun dağılması an məsələsidi - KİV-də yayılan və təkzib olunmayan məlumatlarını ümumiləşdirsək. Bu gün dağılmayıb, sabah dağılacaq. Sabah dağılmayacaq, ertəsi gün dağılacaq. Görüntü həqiqətin özüdümü? Enindən, uzunundan yaxınlığı varmı? 

Paytaxtın eyniadlı klubu haqda çıxan xəbərlər bir-birindən ağır gəlir. Sportinfo.az-ın ötən günlər ərzində klubda futbolçularla baş məşqçi arasında narazılıqlardan və bu bölünmənin rəhbərliyin əleyhinə yönləndirilməsindən bəhs edən məlumatları 99 faiz doğrudu. İndi 1 faiz ola bilər də. Amma bunun qərəzlə əlapqəsi yox. Mərəz «Bakı»nın içindədi və biz olanları kənardan açıqca görürük. 

Hafiz Məmmədov klubun fəaliyyətini dayandırmayacaq! Qoy, birinci burdan başlayacaq. Doğrudu ki, prezidentin maddi imkanı əvvəlki səviyyədə deyil. Heç 6 ay əvvəlki səviyyədə də deyil. Bunun bir çox səbəbi mövcuddu. Həm iş adamının özündən asılı olan, həm də özündən asılı olmayan. Əsas özəllik bundadı ki, Məmmədovun biznes əlaqələri dəyişməkdədi: o, bu strukturu ya vəlvələdən, ya zəlzələdən yeniləmək məcburiyyətindədi. Bir növ keçid dövrü yaşayır. Hər şeyi yenidən qurmaq zorunluğu yaşamasa da, hər halda bir şeyləri təkrar bərpa etməkdədi. Özündən və yaxın çevrəsindən savayı, bunları bilən, səbəblərin mənbəyinin hara gedib dirənməsindən məlumatlı olan yoxdu. Bu, istənilən maqnatın üzləşə biləcəyi olaydı. Sığorta və sığortalanma bu işdə nisbidi. Hafiz Məmmədov, bildiyimiz qədərilə indiki vəziyyətlə ilk dəfə deyil ki, üzləşir. 2002 və 2007-ci illərdə bəlkə də bundan daha gərgin situasiya ilə qarşılaşıb. Onda bu durumdan çıxış yolu tapıb və ümid eləyək ki, yenə vəziyyəti xeyrinə dəyişdirməyə imkan tapacaq. İstər insani cəhətdən, istər imic sarıdan, istərsə də futbolumuz adına Hafiz Məmmədovun ayaqda olması arzuediləndi. Adam adam kimi adamdı. Mənəviyyatı yüksək, əxlaqı yerində, vicdanı aşılanmamış şəxsiyyətdi. Sıradan biri deyil, daxili dünyası ilə baş-başa qalanda, özü özündən utanmayacaq Allah bəndəsidi.  

Hara baxırsız, niyə xərcləmirsiz?

Səhv bir yerdən qığılcımını götürür. Hafiz Məmmədov bir günün içində öiznes postlarını itirməyib. Hamısı futbola görədi. Top oyunu «Bakı»dan «Atletiko»ya, «Atletiko»dan «Lans»adək uzanan meydançanı onunla düşmən edib. İspaniya və Fransanı «Land of fire Azerbaijan» brendi ilə lərzəyə gətirən iş adamı bu məsafəni iqtisadi bazayla qət etsəydi, heç bu qədər dil-ağıza düşməzdi. Ancaq futbol elə bir sahədi ki, istənilən biznes inqilabından daha güclü rezonans yaradır. Bura siyasi çalarları da qatsaq, uduş ikitərəflidi. Hafiz Məmmədovun ölkəni tanıdan avro-həmləsinin təkcə erməni lobbisini deyil, eyni zamanda bəzi daxili kəsimi narahat etməyə bilməzdi. Çünki o, respublikanın beynəlxalq reputasiyasının güclənməsinə birbaşa təsirli vasitə olan futboldan xidmət göstərməyi qərara almışdı və belədə özlərini ÜST QATa yaxın hesab eləyən dairələr sorğu mərkəzinin suallarını cavablandırmalıydı: «bəs siz hara baxırsız, niyə qazandıqlarınızdan xərcləmirsiz?». Ağır, həmçinin tərləməkdən qaçmağa yeri olmayan sualdı.  

Allahı gətirdi ki…

Erməni lobbisi, xüsusən Fransadakı mütəşəkkil və dərin köklərə malik diaspora Hafiz Məmmədovu yerli ictimaiyyətin gözündən salmaq, onun adıyla Azərbaycanın formalaşan yeni reytinqini zədələmək üçün bu 1 ildə çox cəhdlərə baş vurdu. Fransa prezidenti Fransua Ollandın Bakıya bu günlərdə gerçəkləşən səfərində ölkəmizlə əlaqələrin genişlənməsini fəxrlə dilə gətirməsi erməni lobbisinin fəaliyyətinin puç çıxmasına şübhə yeri qoymadı. Təbii ki, dövlətimizin apardığı siyasətə uyğun olaraq Hafiz Məmmədov «Lans»la ilişkiləri yeni bir mərhələyə çatdırıb. İdeya özünə məxsus olsa da, bəllidi ki, bu işdə təkbaşına qərar verə bilməzdi. «Lans» bu 1 il müddətində «Odlar Yurdu» reklamını doğruldan qrafiklə irəlilədi və «Atletiko»nun həm İspaniya Primerosunda, həm də Çempionlar Liqasında qələbinin biraddımlığına gəlib çıxması iş adamının ölkənin sərmayəsini doğru ünvana yatırmasına tuşlanan qaranlıq buludları da dağıtdı. Məmmədovun Allahı gətirdi ki, Anhel Gil Marin və Jerve Martell onun həyacanlı bənizini saraltmadı. 

 Risk, risk, risk!

Biz «Bakı»nın prezidentinin nəqliyyat naziri Ziya Məmmədovla arasının dəyməsi və biznes şərikliyinə son qoyulması barədə dolğun informasiyaya malik deyilik. Mətbuatda çox şey yazıla və iddia oluna bilər. Ancaq hər biri gerçəkdimi? Deyil. Sadəcə, Bakı – Sumqayıt yolunun Biləcəridən keçən hissəsinin düz ortasında yerləşən klub bazasının önünün hasarlanması bizə nələrsə deyir. Yolun genişləndirilməsi layihəsi «Bakı»nın bazasının girişinə dirənib. Çin səddindən geri qalmayan körpü sütunlarının ümumi qapının böyük hissəsini qapatması özlüyündə aydınlaşdırır ki, nə var, nə yox. Lakin qəti şəkildə bildirməyək ki, Hafiz Məmmədova hər yerdə belə «nəfəsciklər» qoyulub. Hər halda Martelin söylədiyi kimi, o, Nyu-York birjası ilə əməkdaşlıq edir və diqqətə alaq ki, heç də postsovet məkanını təmsil eləyən bütün maqnatlara belə bir pəncərə açılmayıb. Risk Məmmədovun uğurlarının iki səbəbindən biridi. O, riskə getməyi karyerasının ayrılmaz parçasına çevirib və demək olar əksər layihələrində işinin alınıb-alınmamasındən qorxmur. Ancaq bəzən ehtiyatı əldən verir. 

Ox artıq yaydan çıxmışdı

Ötən ilin son rübündə Fransaya etdiyi səfərdə olduğu kimi. «Lans»ı ilk dəfə, «Şatoru»nu 2:0 udduğu qarşılaşmada canlı izləyən iş adamının «Feliks Bollart»a gəlişi səhnəsi zamanı yaşananlar bir ciddi xətaydı. Stadion bu əsnada dəfələrlə «Hafiz, Hafiz» qışqırdı. Olmalı olan bu deyildi və belə olmamalıydı. Əlbəttə, Hafiz Məmmədov publikanın rəğbətini qazanmaq üçün şəxsən bu istəkdə bulunmayıb. Reklamı və reklam olunmağı hər kəs xoşlayır. Amma bu, anti-reklam idi, hansı ki, «anti-reklamın özü də bir reklamdı» qənaətini bölüşənlər «Bollart»dakı həmin olayla bununla bir tutmamalıdı. İncə nüans budu ki, tribunaları titrədən o bağırtı, əslində, Hafiz Məmmədovun istəyənlərini də, istəməyənlərini də yerindən oynatdı. Və bu iki cür düşünənlər arasında məhz ikincilər üstünlük təşkil etdi. «Hafiz, Hafiz» alqışlanmasının əleyhinə işləyəcəyini bəlkə də özü bu dərəcədə gözləmirdi. Ox artıq yaydan çıxmış, səhv artıq buraxılmışdı. Totuq-motuq Altay Əliyev «sağ olsun»… 

  "Futbol Time", Altay Əliyev və "Topaz" vədi

Altay Əliyevin şaltay-paltay «sağ əl» funksiyası H.Məmmədovu tezliklə daha bir qalmaqalla burun-buruna gətirəcəkdi və iş adamının dilindən sonda «qatil jurnalist» açıqlamasını eşidəcəkdik. Bu olaya keçməmiş, bir haşiyə çıxım: ilyarım öncə ATV kanalında yayınlanan «Futbol Time» verlişi bağlandı. Elnur Əşrəfoğlu «Neftçi»nin media patronu vəzifəsindən ayrılandan sonra prodakşn yaradıb, proqramı ərsəyə gətirən baq qəhrəman libasında efirə qayıtmışdı. Əşrəfoğlu hər verlişdə keçmiş prezidentini tərifləsə, hətta mehriban düşmən münasibətində olduğu Tahir Süleymanovu canlı efirə çağırıb boynundan medal asmağa şərait yaratsa da, mənə məlum idi ki, «Futbol Time»ni «Neftçi» maliyyələşdirmir. Uzunömürlü olacağ gözlənilən proqram, dəqiq yadımda deyil, 3 ay yaşadı, ya yaşamadı. Amma onu dəqiq bilirəm ki, verlişin ortalığa çıxmasının təkanverici siması Altay Əliyev olub. «İdman Azərbaycan»dan özünə, Elsəvər Dünyamalıyevə və bizə məlum səbəblərdən uzaqlaşan Əliyev ATV-nin rəhbərliyi ilə görüşə Hafiz Məmmədovun adından yollanmışdı və sponsorluğu «Topaz»ın edəcəyinə zəmanət vermişdi. Əgər Hafiz Məmmədovun həqiqətən bu məsələdən xəbəri olsaydı, yəni, sponsorluğu üzərinə çəksəydi, nə baş verir-versin, sözünü geri götürməzdi. O, sözü bir dəfə deyən və vədinə xilaf çıxmayan şəxsdi. Demək ki, Altay - ATV anlaşmasından xəbəri olmayıb ki, «Topaz» verlişi himayə etmədi və Əşrəfoğlunun teleməkana dönüşü istədiyi kimi alınmadı. Bunlar xırda məqamdı. Əsas budu: ölkənin ən reytinqli kanalının rəhbərliyində bundan sonra Hafiz Məmmədov barəsində nə fikirləşməyə başladılar?..  

İLKin (Sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail