Elxan Məmmədov: “ABŞ yığması ilə oyun millimiz üçün yaxşı təcrübə olacaq”

26.05.2014 | 2644 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov ABŞ - Azərbaycan yoldaşlıq oyunu ilə bağlı affa.az saytına müsahibə verib.

- Artıq millinin düşərgəsindəsiniz və ABŞ yığması ilə yoldaşlıq oyununa hazırlığı yaxından izləyirsiniz. Təlim-məşq toplanışı ilə bağlı təəssüratınız necədir?
- Milli komanda mayın 20-dən etibarən San-Fransiskoda təlim-məşq toplanışındadır. Hazırlıq yaxşı gedir. Komandada yaxşı əhval-ruhiyyə var. Futbolçular bu gün oyunun keçiriləcəyi "Candlestick Park" arenasında məşq etməklə stadiona uyğunlaşmaq imkanı əldə etdilər.
 
- ABŞ yığması iki həftə sonra Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Millimiz tarixində ilk dəfə bu komanda ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- ABŞ millisi dünya çempionatının final mərhələsində mübarizə aparacaq. Bizim üçün belə bir rəqiblə qarşılaşmaq vacib idi. Bildiyiniz kimi, AÇ-2016-ın seçmə mərhələsində milli komandamız İtaliya və Xorvatiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Həmin komandalar dünya çempionatında da çıxış edəcəklər. Sparrinq-rəqib axtararkən mundialda iştirak edəcək komandalara üstünlük verdik. ABŞ-ın sabit komandası var, demək olar ki, hər dünya çempionatında oynayır. Futbolçuların çoxu Avropada müxtəlif ölkələrin çempionatında çıxış edir. Təbii ki, belə bir rəqiblə oynamaq Azərbaycan milli komandası üçün çox yaxşı bir təcrübədir.
 
- Oyuna maraq nə dərəcədə yüksəkdir? ABŞ-da yaşayan soydaşlarımızın millimizə dəstək olması üçün nə kimi işlər görülüb?
- Çox müsbət haldır ki, yerli mətbuat milli komandamıza böyük maraq göstərir. Oyuna çox diqqətlə yanaşırlar. Bizə verilən məlumata görə satışa çıxarılan bilətlərin 50 faizi satılıb. O ki qaldı ikinci suala, burada yaşayan həmvətənlərimiz və təhsil alan tələbələrimiz üçün AFFA tərəfindən 500 bilet alınıb. Həmin biletlər oyun günü azarkeşlərimizə paylanacaq.
 
- Bu oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunmasında Berti Foqtsun hər hansı rolu olubmu?
- Təbii ki, danışıqlara başlayanda Berti Foqtsun rolu çox oldu. Bildiyiniz kimi, ABŞ yığmasının baş məşqçisi almaniyalı Yurgen Klinsmanndır. Klinsmann xeyli vaxtdır Amerikada yaşayır və işləyir. Onun Amerika Futbol Federasiyası ilə yaxşı əlaqələri var. Biz Amerika Futbol Federasiyası ilə danışıqlara başlayanda Berti Foqts da Yurgen Klinsmannla əlaqə saxlayıb onun fikrini öyrənib. Klismann da bu oyunla bağlı müsbət fikirdə olduğunu bildirib. Təbii ki, oyunun ABŞ-da baş tutması şərtilə. Bu oyunun təşkilində Berti Foqtsun böyük rolu olub.
 
- Berti Foqts amerikalı jurnalistlərə müsahibəsində ABŞ yığmasında məsləhətçi işləməsinə AFFA-nın müsbət yanaşdığını deyib…
- Amerika Futbol Federasiyası bununla bağlı bizə yazılı şəkildə müraciət etdi. AFFA-nın prezidenti Rövnəq Abdullayev bu məsələyə müsbət yanaşdı. Biz də təhlil apardıq. Dünya çempionatı ərəfəsində və dövründə milli komandanın heç bir təlim-nəşq toplanışı və oyunu olmayacaq. Avropa Liqasının da, demək olar ki, əksər oyunları mundialdan sonra başlayacaq. Ona görə də Berti Foqtsun ABŞ yığmasında məsləhətçi kimi işləməsinə müsbət yanaşdıq. Bunun həm Azərbaycan yığmasına, həm də Azərbaycan Futbol Federasiyaları Assossiasiyasına heç bir mənfi təsiri yoxdur. Millimizin bu toplanışından sonra Berti Foqts Yurgen Klinsmannın məsləhətçisi kimi işə başlayacaq.
 
- Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq oyununun Bakıda da keçirilməsi nəzərdə tutulubmu?
- Oyundan öncə Amerika Futbol Federasiyasının rəhbərliyi ilə danışıqlar aparacağıq. Çalışacağıq ki, qarşıdakı iki il ərzində Bakıda cavab oyunu keçirək.
 
- AÇ-2016-ın seçmə mərhələsindəki rəqiblərimizdən İtaliya və Xorvatiya yığmaları iki həftədən sonra Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Millimizin baş məşqçisi qrupdakı rəqiblərimizi yaxından izləmək imkanı əldə edəcək. Bunun həmin komandalarla görüşlərdə milli komandamız üçün nə kimi üstünlüyü ola bilər?
- Təbii ki, müsbət təsiri olacaq. Berti Foqts İtaliya və Xorvatiya yığmalarının oyunlarının təhlilini aparmaq imkanı qazanacaq. Ümid edirəm hər iki komanda qrupdan çıxaraq daha çox oyun keçirəcəklər. O zaman baş məşqçinin daha çox məlumat toplamaq imkanı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail