"Bakı"nın ikinci çempionluğu - YAZI

29.07.2014 | 4587 dəfə oxunub

Bir şəklin tarixçəsi (VI yazı)

Maraqlı vəziyyət yaranıb – “Neftçi” və “Qarabağ”dan sonra Azərbaycan çempionu olan komandalar bir-bir sıradan çıxırlar. Əvvəlcə sayca 5-ci çempion olan “Şəmkir” sıradan komandaya çevrildi. Ardınca Premyer Liqada bir müddət “sürünən” 3-cü çempion “Turan” və 4-cü çempion “Kəpəz” 1-ci dəstəyə – “Şəmkir”in yanına yuvarlandı. Hər üçü də qərb bölgəsinin təmsllçisidir. 1-ci dəstədə ümumilikdə 7 dəfə ölkə birinciliyinin qalibi olmuş komandalar oynayır. Doğrudan da, maraqlıdır. İndi də bu mərəz “Bakı”ya mübtəla olub. Sayca 6-cı çempion komandaya. O komandaya ki, Azərbaycan futbolunda 2 dəfə çempionluq sevinci yaşayıb, 3 dəfə kuboku muzeyinə aparıb, Avropa səhnəsində özümüzə görə uğurlar əldə edib. “Xəzər Lənkəran” və “İnter”dən iraq, belə çıxır ki, çempion olan komanda gec-tez pis günə düşməlidir? Əsla, səbəb tamam başqadır. Nə qədər ki, Azərbaycan klubları 1 nəfərdən asılı olacaq, 1 nəfərin cibinə baxacaq, çempion oldu, ya olmadı, gec-tez bu aqibətlə üzləşəcəklər. Vaxt var idi hamı “Bakı”nın “başına and içirdi”, kluba “bulaq” kimi baxırdı. İndi isə... Həmin bulağın gözü tutulub. Niyə, nəyə görə? Bu haqda başqa vaxt. Oxuyacağınız yazıda “Bakı”nın iki çempionluğu və bu çempionluqlarda əziyyəti olanlardan bəhs edəcəyəm.

“Bakı”nın əcdadları “Polis Akademiyası” və “Qartal-95” komandalarıdır. 1997-ci ildə bu klublarının birləşməsindən “Dinamo” yaranıb və 1997/98-ci il mövsümündə 2-ci yeri tutub. 2000-ci ildə “Dinamo” “Bakılı” ilə birləşib və “Dinamo-Bakılı” adlandırılıb. 2004-cü ildə Hafiz Məmmədova məxsus “Baghlan Group” şirkətlər qrupu klubu himayəyə götürüb və “Bakı” FK “dünyaya gəlib”. Hafiz müəllimin sayəsində 2004/05-ci ildə Azərbaycan Kubokuna sahib çıxan “körpə” növbəti mövsüm daha da irəli gedərək çempion olub. Bir daha 2008/09-cu il mövsümündə qızıl medalları qazanan komanda 2 dəfə də kuboka sahib çıxıb. Müxtəlif vaxtlarda gümüş və bürünc medallar da öz yerində.
“Bakı”nın tarixi haqqında qısaca olaraq bu qədər. Əvvəl ilk çempionluqda “Bakı”nın heyətində 1 oyunda olsa belə çıxış etmiş futbolçuları, rəhbərliyi və texniki heyəti yada salaq. Daha sonra 2-ci çempionluqda əməyi olanlardan da bəhs edəcəm. Bəri başdan qeyd edim ki, futbolçuların bəziləri karyeraları dövründə “Dinamo”, “Dinamo-Bakılı”, “Polis Akademiyası”, “Bakılı”da çıxış ediblər. Bezdirici alınmasın deyə, yazının gedişində onları həmin dövr üçün “Bakı”lı hesab edəcəm.
İlk yada salacağım futbolçu Asif Abbasov olacaq. Asif çempionatlar tarixində ilk dəfə 1995/96-cı il mövsümündə “Kür-Nur”da görünüb. Daha sonra OİK, “Fərid” və U-18-də oynayan futbolçu 1997-ci ildə “Bakılı”ya üz tutub. 2001/02-ci il mövsümünü “Qarabağ-Azərsun”da keçirdiyini nəzərə almasaq, “ömrünü” “Bakı”ya həsr edib. Son klubu “Bakılı” olub və 2009-cu ildə futbolçu həyatı ilə vidalaşıb. İndi də “Bakı”dadır, aşağı yaş qruplarından ibarət komandalardan birində məşqçi işləyir. Maraqlıdır ki, Asif karyerası ərzində çıxış etdiyi 165 oyunda bir dəfə də olsun qol vurmayıb.
Uzun müddət komandanın şərəfini qoruyan futbolçulardan biri də Ceyhun Sultanovdur. Ceyhun futbola 1996-cı ildə “Fərid”də başlayıb. 1997/98-ci il mövsümündə “Neftçi”də oynayıb. Daha sonra “Bakı” macərası başlayıb. 2006-cı ilə kimi paytaxt klubunda çıxış edən Ceyhun daha sonra Lənkəran və Gəncə komandalarının şərəfini qoruyub. Ötən il “Qəbələ”də karyerasına son qoyan Sultanov “Bakı”da qazandığı kubok və qızıl medala “Xəzər Lənkəran”da oynadığı vaxt 2 kubok və 1 qızıl da əlavə edib. Milli komandanın heyətində 16 oyunda (1 qol) forma geyib. Milli çempionatlar tarixində 268 matçda iştirak edib (30 qol). Hazırda “Sumqayıt”da  baş menecerdir.
Emin İmaməliyev karyerasına 1997-ci ildə U-18 yığmasında başlayıb. 1998-2003-cü illərdə “Şəfa”da çıxış edib və bu komanda ilə kuboka sahib olub. 2004-cü ildə “Qarabağ-Azərsun”a keçib, kolleksiyasına bürünc medal əlavə edib. “Bakı”da cəmi 1 mövsüm oynayıb və çempionluqda böyük pay sahibi olub (25 oyun, 3 qol). “İnter”lə (2006-2008) də bir dəfə çempion olan Emin  daha sonra “Qarabağ”lı olub. 2011/12-ci il mövsümünə kimi 4 mövsüm ərzində Ağdam komandası ilə 1 kubok, 2 bürünc qazanıb. Premyer Liqada son klubu “Kəpəz” olub. Ötən mövsümü 1-ci dəstədə çıxış edən “Araz-Naxçıvan”da keçirən İmaməliyevi güman ki, bu mövsüm yenidən yüksək dəstədə görəcəyik. Amma məşqçi kimi. Özü də “Araz-Naxçıvan”da. Statistikaya gəlincə, elitada 263 oyunda meydana çıxıb, 38 qol vurub. Əsas yığmadakı rəqəmlər isə belədir – 42 oyun, 2 qol.
Emindən fərqli olaraq Elnur Abdullayev “Bakı”da 2004-cü ildən çıxış edib və 5 mövsüm paytaxt komandasının şərəfini qoruyub. Böyük futbola 2003-cü ildə “Neftçi” ilə gələn Elnur bu komandada yarım mövsümdə cəmi 2 oyunda meydana çıxıb və çempionatın gedişində “Dinamo”ya keçib. Komanda ilə ilk dəfə kubok qazanan Elnurun çempionluq baxımından bəxti gətirməyib. Komandanın qızıl medalları qazandığı mövsümün ilk yarısında 4 oyunda iştirak edən Abdullayev ikinci yarını “Olimpik”də keçirib. Deməli, qızılsız qalıb. Əvəzində iki il sonra “Bakı” ilə bürünc medal qazanıb. Daha sonra 2 ilə yaxın  “Muğan”da çıxış edən futbolçu 2009/10-cu il mövsümünün 2-ci yarısından bu günə kimi “Xəzər Lənkəran”da çıxış edir və kolleksiyasına 1 gümüş, 1 bürünc və 1 superkubok əlavə edib. Qızıla gəlincə... Hələ nə yaşı var?
Çempion olan il İlyas Qurbanov cəmi 2 oyunda meydana çıxsa da, “anadangəlmə” “Bakı”lı olub. Futbola 1997-ci ildə “Dinamo”da başlayan Qurbanov qısa fasilələrlə “Neftçi” (1 oyun) və “Şəfa”da (7 oyun) görünüb. 2006-cı ildə klubu tərk edib, “MKT-Araz” və “Olimpik”də çıxış edib. Milli çempionatlarda 147 dəfə forma geyən və cəmi 1 dəfə qol vurmağın “dadını çıxaran” İlyas karyerasına 2009-cu ildə “Muğan”də son qoyub (141 oyun, 1 qol). Kolleksiyasında cəmi 1 kubok var. Hazırda “Bakı”da uşaq futbolunda məşqçi kimi çalışır.
O vaxt gənc olmasına baxmayaraq Ramin Quliyev komandanın əsas heyət oyunçularından idi. Karyerasına 1997-ci ildə “Neftçi”də (1 oyun) başlayan Ramin daha sonra U-18-də (3 oyun) forma geyinib. 1999-cu ildə “Dinamo”ya keçib. 2007-ci ilə kimi “Bakı”nın şərəfini qoyurub. “Neftçi” ilə bürünc medalları qazanıb. Daha sonra “Olimpik” və “Standard”ın şərəfini qoruyub. Butslarını 2011-ci ildə “Qəbələ”də mismardan asan Ramin milli çempionatlarda 196 oyunda 4 qol vurub. 18 dəfə millinin formasını geyib. Hazırda “Qəbələ”nin Futbol Akademiyasında çalışır.
Rail Məlikov da əsl “Bakı”lıdır. Yüksək dəstədə ilk dəfə 2003-cü ildə “Bakılı”nın forması ilə görünən Rail “Bakı”da 2007-ci ilin yayına kimi qalıb. Daha sonra “neftçi” olan Məlikov “flaqman” ilə 2 qızıl, 1 bürünc qazanıb. 2012/13-cü il mövsümünü Türkiyənin “Dənizlispor” (25 oyun) komanadasında keçirəb. Rail ötən il vətənə qayıdıb və “Qəbələ” ilə müqavilə bağlayıb. Mövsüm başa çatdıqdan sonra əyalət klubu ilə yollarını ayırıb, köhnə klubu “Dənizlispor”da məşq edir. Yığmanın heyətində 40 oyun keçirib. Statistikaya gəlincə, başa çatan mövsüm də daxil olmaqla Azərbaycan birinciliyində 221 oyunda meydana çıxıb, 2 qol vurub.
Ramazan Abbasov futbola 2001-ci  ildə “Dinamo-Bakılı”da başlayıb. Hərbi xidmətlə əlaqədar 2004-cü ildə MOİK-də çıxış edib. Bu üzdən kubok sevinci yaşaya bilməsə də, çempionluq ilinin ikinci yarısında komandaya qayıdıb və 12 oyunda meydana çıxıb, 1 qol vurub. Növbəti mövsüm komanda ilə bürünc medal qazanan Ramazan bir bürüncü də “Neftçi”də  boynundan asıb. 2008-ci ildə “Bakı”ya dönüb və komandanın 2-ci çempionluğunda da yaxından iştirak edib. Abbasov bir yerdə duruş gətirə bilməyən futbolçulardandır. 2-ci qızıldan sonra “Xəzər Lənkəran” (1 gümüş, 1 kubok), “Gəncə” və “Rəvan”da çıxış edən futbolçunun (arada yarım mövsüm “Bakı”da olub) son klubu elə “Rəvan” olub. İndiyə kimi 215 oyunda forma geyinən və 19 qol vuran Ramazanın növbəti mövsüm üçün ünvanı bəlli deyil. Hələ 30-u təzə adlayıb, yəqin ki, karyerasını bitirmək haqqında düşünmür.
Ruslan Musayev isə artıq futbolla 2008-ci ildə “Gənclərbirliyi”ndə vidalaşıb. Daha çox “Şəfa”dakı çıxışı ilə yadda qalan Ruslan müxtəlif vaxtlarda U-18, MOİK, “Qarabağ-Azərsun”da da forma geyinib. Kolleksiyasında “Şəfa” ilə 1 kubok, Ağdam klubuylasa 1 bürüncü var. “Bakı”ya çempionluq ilinin ikinci yarısında qolşulub və cəmi 5 oyunda meydana çıxıb. Yəqin ki, bu “işinə” görə ona da “qızıl” veriblər. Yüksək dəstədə 148 dəfə forma geyib, 20 qol vurub. Ruslan yığmada da xeyli oyun keçirib. Düz 31 dəfə milli forma geyən futbolçunun qol sarıdan bəxti gətirməyib. Hazırda nə işlə məşğul olduğundan xəbərsizəm.
Ruslan şükürlüdür, Samir Əbdürrəhmanov çempion komandanın heyətində cəmi 1 oyunda meydana çıxıbmış. Hər halda həmin 1 oyuna görə xatırlamağa dəyər. Ümumiyyətlə, Samir o qədər də məşhur futbolçu olmayıb. Daha çox dayısına görə tanınıb. Tanınmış mütəxəssis və futbol veteranı Vaqif Sadıqovu nəzərdə tuturam. Samir yüksək dəstədə cəmi 42 matçın protokoluna düşüb. Karyerasını 1998-ci ildə “Şəfa”da başlayıb. Elitada son oyunu elə “Bakı”dakı 1 oyun olub. Hazırda “Bakı”nın 2003-cü il təvəllüdlü futbolçularını çalışdırır.

Gənclərlə bu qədər, keçək komandanın ağsaqqal futbolçularına. Paşa Əliyevin ilk klubu “Xəzri Eltac” olub (1 gümüş, 1 bürünc). “Bakı”ya kimi müxtəlif vaxtlarda “Neftçi”, “Dinamo”, “Dinamo-Bakılı”, “Qarabağ-Azərsun” (1 bürünc), “Xəzər-Lənkəran” və “Gəncə”nin futbolçusu olub. Karyerasına 2009-cu ildə “Bakılı”dı son qoyub. Ötən əsrin 90-cı  illərinin yaxşı hucümçularından hesab edilən Paşa 215 oyunda 62 qol vurub. Futbolu buraxdıqdan sonra neçə ildir ki, “Bakı”da çalışır.
Rafael Əmirbəyov klubun ən sadiq futbolçularından olub. Karyerasını 1992-ci ildə Siyəzənin “Çıraqqala” komandasında başlayan Rafael “Azəri” və “Fərid”dən sonra 1997-ci ildə “Bakılı”ya üz tutub. Yalnız 2000/2001-ci il mövsümünün 2-ci, 2010/11-ci il mövsümünün isə ilk yarısını Gəncədə (cəmi 15 oyun) olub. “Bakı”nın qazandığı bütün uğurlarda yaxından iştirak edib. Karyerası ərzində keçirdiyi 231 oyunun (5 qol) əksəriyyətinin bu klubun və onun “əcdad”larının heyətində keçirib. Karyerasını 2011-ci ildə doğma klubunda bitirib. Buna səbəb Vinfred Şeferin gəlişindən sonra baş məşqçinin təcrübəli müdafiəçidən imtina etməsi olub. Əmirbəyovun komandadakı inamlı oyunu yığmanın məşqçilərinin də diqqətindən yayınmayıb. Müdafiəçi 18 dəfə millinin formasını geyinib. Rafael “Bakı”ya sadiq olaraq qalmaqdadır. Bu klubda məşqçi kimi fəaliyyət göstərir.
Komandanın növbəti təcrübəli futbolçusu Vadim Vasilyev idi. Müxtəlif vaxtlarda “Xəzri-Eltac”, “Bakı fəhləsi”, “ANS Pivani”, “Neftçi”, “Qarabağ”, “Olimpik”in şərəfini qoruyan Vasilyev “flaqman” ilə hər 3 əyar medalı boynundan asıb, 1 dəfə kuboku başı üzərinə qaldırıb. “Bakı”da keçirdiyi 1 mövsümdə 22 oyunda 7 qol vurub (ümumilikdə 252 oyun, 102 qol). Yığmada da oynamağa imkan tapıb. İmkan deyəndə, 35 oyunu və vurduğu 2 qolu nəzərdə tuturam. Futbolla 2007-ci ildə “Karvan”da vidalaşıb. Məşqçiliklə məşğuldur. Hazırda AFFA-da elit-məşqçidir.
Yaşar Abuzərovun da karyerası Vadimin karyerasına bənzəyir. O da müxtəlif vaxtlarda “Xəzri”, “Bakı fəhləsi”, “ANS-Pivani”, “Olimpik”in şərəfini qoruyub. Bu komandalardan başqa “Ümid” və karyerasını başa vurduğu “Qəbələ”nin formasını geyinib. Təbii ki, “Bakı” yaddan çıxmamalıdır. Bu klub ilə həm kuboku, həm də qızıl medalı qazanan Yaşar yüksək dəstədə 284 (28 qol), yığmaya heç vaxt çağırılmayıb. Yeri gəlmişkən, “Olimpik”də oynayarkən birinciliyin gümüş medalına da layiq görülüb. Hazırda nə işlə məşğul olduğundan bixəbərəm.
Növbə gəldi qapıçılara. Rauf Mehdiyev haqqında “Şəmkir”in çempionluqlarından bəhs edən əvvəlki yazımda geniş məlumat verdiyimdən təkrarçılıq etmək istəmirəm. Təkcə onu qeyd edə bilərəm ki, Mehliyev həmin il 8 oyunda qapını qorumuşdu və 5 dəfə məyus olmuşdu. Hazırda yığmanın qapıçılarla işləyən məşqçisidir.  Onun həmkarı, komandanın 3-cü qapıçısı gənc Orxan Mirzəyev isə 5 qolu 6 oyunda buraxmışdı. Orxan haqqında azacıq əlavə məlumat verim. Yüksək dəstədə 2000-ci ildə “Araz”ın heyətində debüt edən qolkiper 2004-cü ildə “Bakı”ya keçib və 2008-ci ilə kimi bakılıların heyətində olub. Meydana çıxdığı 25 oyunda 60 qol buraxıb. Onların da əksəriyyəti “Araz”ın heyətində olub – 13 oyun, 52 qol. Yüksək dəstədə axırıncı klubu “Bakı”, qazandığı  uğurlar da bu klubun adı ilə bağlı olub. Son mövsümü “Araz-Naxçıvan”da qapıçılarla işləyən məşqçi olub. Veteran futbolçu Nizami Sadıqovun bu komandaya gəlişi yəqin ki, onun ürəyincə deyil. Bu mövsümkü iş yerini baş məşqçi Əsgər Abdullayev və rəhbərlik müəyyən edəcək. Komandanın əsas qapıçısı isə özünü “naxçıvanlı” adlandıran seneqallı futbolçu Xalidu Sissoko idi. Xalidu karyerası ərzində cəmi 2 kluba xidmət edib. Seneqalın “Janna d’Ark”ı və “Bakı”. 2011-ci ilə kimi “Bakı”nın qapısını qoruyub, 92 oyunda 53 qol buraxıb. 2008/09-cu il mövsümünün ən yaxşı qapıçısı seçilən Sissoko 19 dəfə Seneqal millisinin şərəfini qoruyub. Bizim qapıçıların bacarmadığını Xalidu edib – 10 oyun ərzində, daha dəqiq 985 dəqiqə qol buraxmayıb. Bu, müstəqillik dövründə mütləq redorddur. Xalidu bununla öyünə bilər. Amma 4 dəfə meydandan qovulması ilə yox. “Bakı”dadır, heç yerə getməyib. Əvəzedici komandanın qapıçılarla işləyən məşqçisidir.
 

Həmin mövsüm Sissokodan başqa komandanın heyətində daha 7 legioner çıxış edib. Onlardan ən yaddaqalanı Andre Ladaqadır. Braziliyalı yarımmüdafiəçi “Bakı”ya 2004-cü Braziliyanın aşağı divizion təmsilçisi “Anapolina”dan transfer olunmuşdu. Buna kimi ölkəsinin adlı-sanlı “Vasko da Qama”, “İnternasional”, “Fluminense” kimi komandalarında çıxış etmişdi. Ladaqa “Bakı”da 4 mövsümdə 72 dəfə forma geyinib, 6 qol vurub. 2009-cu ildə “Karvan”a keçən Andre Yevlax klubunda cəmi 2 oyunda meydana çıxıb. Baş məşqçi Yunis Hüseynovla aralarında yaranan problem üzündən komandadan qovulub. Ladaqa milliləşdirilərək yığma komandamızın şərəfini də qorumağa imkan tapıb, 11 oyunda iştirak edib. Yeganə qolunu 2006-cı il sentyabrın 9-da Bakıda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Qazaxıstan yığmasının qapısından keçirib. Karyerasını bir neçə ildir ki, bitirib. Yəqin ki, Braziliyadadır. Nə işlə məşğul olduğu barədə hər hansı bir informasiya əldə edə bilmədim.
Komandanın digər braziliyalı futbolçusu Leandro Qomeş idi. Leandro ilə Andrenin karyeraları oxşar olub. Qomeş də “Bakı”ya 2004-cü ildə gəlmişdi. Amma “Amerikano”dan. Buna kimi “Joinvill”, “Naval”, “Qoytakaz”da oynayan futbolçu da Ladaqa kimi Bakı klubunda 4 mövsüm keçirib (110 oyun, 39 qol). Daha bir oxşarlıq Qomeşin də yığmamızin şərəfini qorumasıdır. Leandro 18 oyunda fərqlənə bilməyib. “Bakı”dan sonra 1 il “Olimpik”in şərəfini qorumuş futbolçunun buradakı son klubu “Karvan” olub. Onun haqqında axırıncı informasiya 4 il bundan əvvələ aiddir. Azərbaycandan vətəninə qayıdan Leandro bir müddət “Amerikano”da oynayıb. Sonrasından xəbərsizəm. Deyilənə görə, karyerasını bitirib.

Komandanın çempionluğunda payı olan daha bir cənubi amerikalı Fernando Perez idi. “Nando” argentinalı idi və o da komandamıza 2004-cü ildə təşrif buyurmuşdu. Ladaqa və Qomeşdən fərqli olaraq Azərbaycanda ancaq “Bakı”da çıxış edən Perez paytaxt klubunda 6 mövsüm çıxış edib (99 oyun, 39 qol). Deməli, 2-ci çempionluqda da əməyi var. Fernandonun vurduğu bir qolu xatırlamağa dəyər. Argentinalı yarmmüdafiəçi 2009/10-cu il mövsümündə  Avroliqanın pley-off mərhələsində Bakıda “Bazel”ə qarşı keçirilən ilk oyunun 72-ci dəqiqədə hesabı açmışdı. Kaş açmayaydı. Bundan hirslənən “Bazel”  oyunun sonuna kimi 3 qol vuraraq Perezi və “Bakı”nı peşiman etmişdi. Yeri gəlmişkən, cavab oyunundakı nəticə daha acınacaqlı olmuşdu – 1:5. Perez “Bakı”nı 2010-cu ildə tərk edib. Əslində, rəhbərlik onun qalmasında maraqlı idi. Amma Fernandonun həyat yoldaşı Bakıya gələrkən sənədlərində yaranmış problem üzündən ölkəmizdən deportasiya olunmuşdu və 1 il müddətində Azərbaycana gələ bilməzdi. Ailəsindən ayrı qala bilməyən futbolçu məcbur olub ölkəmizi tərk etmişdi. Son klubu ölkəsinin “Gimnastika de Torrelaveqa”sı olub. “Nando” haqqında bu qədər.

Digər 4 legioner avropalı idi. Ukraynalı Stanislav Loban  nəinki “Bakı”da, ümumiyyətlə Azərbaycanda cəmi 1 mövsüm keçirib (9 oyun, 1 qol). O qədər də məşhur olmayan hücumçu karyerasını Ukraynada davam etdirib və 2012-ci ildə “Odessa”da peşəkar futbolla vidalaşıb. Nə işlə məşğuldur, harada yaşayır, Allah bilir.
Marius Suleap rumındı. O da “Bakı”ya 2004-cü ildə gəlib. Amma çempionluq mövsümünün yalnız ilk yarısında komandada olub. İkinci yarıda “İnter”ə keçən Marius  bu illər ərzində cəmi 28 oyunun iştirakçısı olub və 2 dəfə fərqlənib. Həmin qolların birinin indiyə kimi oyunun iştirakçılarının və izləyicilərinin yaddaşından çıxacağına inanmıram. Səfərdə “Şəmkir”lə oyunda (2:0) Marius rəqibin 5-6 oyunçusunu keçərək fantastik qol vurmuşdu. Eynən Maradona kimi. Üstəlik, həmin vaxt güclü yağış yağdığından meydança əməlli-başlı palçıq idi. Bu üzdən belə qol vurmaq ikiqat çətin idi. Nə isə... Suleap 2007-ci ildə Azərbaycanı tərk edib, Qazaxıstanını “Aktobe-Jas”ına keçib. İki ildən sonra isə vətəninə qayıdıb və Kirnodjinin “Viktoriya” komandasının şərəfini qoruyub. İnternetdən tapdığım məlumata görə hələ də oradadır.

 Qalan 2 legionerin hər ikisi gürcü idi. Aleksandr Rexviaşvili cəmi 1 mövsüm Azərbaycanda çıxış edib və bəxtindən “Bakı” ilə çempion olub. Gürcüstan millisi və Latviyanın “Skonto” klublarındakı çıxışı ilə yadda qalan Saşa bir müddət “İnter”də seleksiyaçı-məşqçi vəzifəsində çalışıb. 2013-cü ildə “bankirlər”lə yolları ayrılan gürcü bildiyimə görə, hazırda menecerliklə məşğuldur.

Onun həmvətəni Aleksandr Qoqoberişvili “Bakı”da düz 4 mövsüm oynayıb. 2004-dən 2008-in yayına kimi. Daha sonra “Qarabağ”, “Olimpik”də oynayan yarımmüdafiəçi ölkəsinə qayıdıb və “Sioni” və “Baia”da çıxış edib. Maraqlıdır ki, 2011-ci ildə o, yenidən Azərbaycana qayıdıb və “Turan”da top qovub. Karyerasını da 2012-ci ildə elə Tovuz klubunda bitirib. Ölkəmizdə olduğu müddətdə 123 oyunda meydana çıxıb, 12 qol vurub. Qoqoberişvili özünə görə pis futbolçu olmayıb. 5 dəfə Gürcüstan millisinin formasını geyməsi bunu deməyə əsas verir. Hazırda... Yəqin ki, Gürcüstandadır. Məşğuliyyətindən xəbərsizəm.

Gəlib çatdım çempionluqda əziyyəti olan rəhbərlik və texniki heyətə. Çempionluq ilində Hafiz Məmmədov klubun prezidenti, Anar Məmmədov fəxri prezidenti, Nail Əliyev 1-ci viste-prezidenti, Zeynal Məmmədov baş meneceri, Yaşar Seyidov isə icraçı direktoru idi. Hafiz müəllim haqqında ətraflı məlumat verməyə ehtiyac duymuram. Onu nəinki Azərbaycanın futbol ictimaiyyəti, o cümlədən İspaniya, Fransa və İngiltərə kimi öncül futbol ölkələrində yaxşı tanıyırlar. Yenə də klubun prezidenti kimi adı çəkilir. Son günlər işlərinin rəvan getməməsi üzündən paytaxt klubunun vəziyyəti pisləşib, hətta acınacaqlı həddə çatıb. Bu gedişlə yaxınlarda “Bakı”da yeni prezident və onun ətrafında yeni komanda görsəniz, təəccüblənməyin. Hafiz müəllim həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Anar Məmmədovu daha çox nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Zeynal Məmmədovu isə Hafiz müəllimin kiçik qardaşı kimi tanıyırıq. Nail Əliyev ziyalı insandır, tarix üzrə fəlsəfə doktorudur. O ki qaldı Yaşar Seyidova, Yaşar müəllim “Bakı”nın əcdadı olan “Qartal-95”in yaradıcısıdır. Yazının əvvəlində adı çəkilən digər klubların da yaranmasında Seyidovun iştirakı danılmazdır.
Texniki işçilərə gəlincə, futbolçuların sağlamlığına cavabdeh şəxslər həkim Naib Abdullayev və fizioterapevt İlham Məmmədov olub. İnzibatçı Nəcəf Məmmədkərimov və sürücü Elçin Nurəliyev indiyə kimi “Bakı”dadılar. Mətbuat xidmətinin rəhbəri İbrahim Cəfərov isə klubla yollarını çoxdan ayırıb. 2004-cü ildə fan-klubda başlayıb, daha sonra vəzifəyə gətirilib. 2007-ci ildə klubdan ayrı düşsə də, 3 ildən sonra yenidən qayıdıb. Amma bu dəfə qısa müddətə. Hazırda “futbolxeber.az” saytının baş redaktorudur, bu yazının ərsəyə gəlməsində yaxından iştirak edib.
Bəs, baş məşqçi?  Bu haqda bir qədər ətraflı yazacam. Çempionat başlayanda komandanın sükanı arxasında Əsgər Abdullayev idi. Novruz Əzimov isə onun köməkçisi idi. 17-ci turda Qazaxda “Göyəzən”lə qarşılaşan “Bakı” qalib gələ bilməmişdi və oyun 1:1 hesabı ilə başa çatmışdı. Aşkar autsayderlə (“Göyəcən” mövsümü 9 xalla sonuncu pillədə başa vurmuşdu. Komanda 1 oyunda belə qələbə qazana bilməmişdi – İ.T.) oyunda itirilən xallar rəhbərliyin səbr kasasını daşdırmışdı və Əsgər müəllim komandadan qovulmuşdu. Onun yerinə Böyükağa Hacıyev gətirilmişdi. Bəli, bəli, “Neftçi”nin hazırkı baş məşqçisi “Zəif” dayı. Hacıyev gələndə “Bakı” 5-ci pillədə idi və çempionluq demək olar ki, əldən çıxmışdı. Birinci olmaq üçün qalan 8 oyunun hamısında mütləq qalib gəlmək lazım idi. “Bakı” bunu bacardı və “Karvan”ı 1 xal qabaqlayaraq çempion oldu. Üstəlik, həmin 8 oyunda qapısından 1 top belə buraxmadı. Yəni, qabağına çıxanı el dili ilə desək, “suxoy” uddu. Necədi? “Neftçi” ilə də çempionluqlar yaşayan, komandanı Avroliqanın qrup mərhələsinə çıxaran  Böyükağa müəllim özünü tərifləyəndə pis baxmayın. Kişinin dili də var, dilçəyi də.

Yadıma düşmüşkən,  Hacıyevin komandası həmin il Çempionlar Liqasında fiaskoya uğradı. Gürcüstanın “Sioni” klubu ilə səfərdə keçirilən ilk görüşdə “Bakı” 0:2 hesabı ilə məğlub olmuşdu. “Bakı” oyunu 9 nəfərlə başa çatdırmışdı.  Bakıdakı qarşılaşmada isə 1:0-lıq qələbə yaralarına məlhəm olmamışdı. Bunu nəyə görə xatırladım? O vaxt “Sioni”nin baş məşqçisi bilirsiniz kim idi? Hamımızın yaxşı tanıdığı Kaxaber Sxadadze. Özü də həmin oyunun fasiləsində “Zəif”lə “Kaxa” arasında mübahisə də düşmüşdü. Böyükağa müəllim gürcünü hakimi ələ almaqda suçlayırdı.

Komanda 2005/06-cı il mövsümündə keçirdiyi 26 oyunun 18-də qalib gəlmiş, 4-də heç-heçə etmiş, 4-də isə məğlub olmuşdu. Vurulan topların sayı 42, buraxılanlar 12, xalı isə 58 idi. Burada bir maraqlı məqama da toxunmaq yerinə düşər. Deməli finişə 2 tur qalmış “Karvan” “Bakı”dan 1 xal öndə idi. Lider dəyişikliyi 25-ci turda baş verdi. “Bakı” qalib gəldi. “Karvan”ın oyunu isə bir qədər gec keçirilməliydi. Yevlaxlılar Tovuzda “Turan”la qarşılaşacaqdılar. Oyundan əvvəl bəziləri tovuzluların “Karvan”a məğlub olacaqlarını düşünürdülər. Amma bu baş vermədi və matça hesab açılmadı. Sonuncu turda yevlaxlılar acıqlarını “Olimpik”dən çıxdılar - 6:0. “Bakı” isə “İnter”lə qarşılaşırdı. Oyunun əvvəlində Emin İmaməliyevin vurduğu rikoşet qolla önə keçən “Bakı” matçı 10 nəfərlə bitirməsinə baxmayaraq çempionluq üçün vacib olan qələbə hesabını saxlaya bildi.  Oyundan sonra Nail Əliyevin  Böyükağa Ağayevə dediyi sözlər yadımdadı: “İndən belə sən “Zəif” yox, “Zver”sən”.

“Bakı”nın ilk çempionluğu haqqında bu qədər. O ki qaldı 2-ci çempionluğa, bu haqda növbəti yazıda. Bütün qəzeti “Bakı”nın çempionluqlarına həsr etmək düz çıxmır. Axı, hər şeyin bir əndazəsi var.

İlqar TAĞIYEV
“Het-trik news” qəzeti

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail