"Miyatoviç penaltini vura bilməyəndən sonra fikrimdən daşındım" - MÜSAHİBƏ

26.01.2015 | 3860 dəfə oxunub

“Veteranlar” rubrikasının növbəti qonağı keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının seleksiya qrupunun məşqçisi Əli Abışovdur. 1968-ci ilin avqustun 31-də Hacıqabul rayonunda anadan olan həmsöhbətimiz futbolçu karyerasına SSRİ dövründə “Energetik” (Əli-Bayramlı) və “Gənclik” (Nəvai) klublarında başlayıb. Keçmiş yarımmüdafiəçi 1992-ci ildə Salyanın “Plastik” klubunun (30 oyun, 13 qol) heyətində ilk milli çempionatımızda iştirak edib. Abışov 1993-94-cü illərdə Sabirabadın “İnşaatçı” klubunun (17 oyun, 4 qol) heyətində çıxış edərək, Azərbaycan kubokunun finalçısı olub. 

Futbolçu ardından paytaxt təmsilçilərində - “Neftçi” (1994-96, 24 oyun), “Xəzri” (1995/96 mövsümünün ikinci yarısı, 8 oyun), “Fərid” (1996-97, 28 oyun, 2 qol) və “Bakı fəhləsi” (1997-98, 24 oyun, 2 qol, sonradan “ANS-Pivani”, 1998-99, 30 oyun, 3 qol) klublarında forma geyinib. Abışov 5 il (1999-2004, 71 oyun, 4 qol) oynadığı “Şəmkir”lə 2 dəfə dalbadal (1999/2000 və 2000/01 mövsümləri) ölkə çempionu olub. Onun mükafat kolleksiyasında gümüş medallar “Xəzri” (1995/96) və “Şəmkir”lə (2003/04), bürünc medal və Azərbaycan kuboku “Neftçi”ylə (hər ikisi 1994/95 mövsümündə) bağlı olub.

Karyerasının son illərində yenidən əyalət klublarında keçirən Abışov güclülər dəstəsində “Kəpəz” (sonradan “Gəncə”, 2004-05, 28 oyun, 1 qol), “Şahdağ” (Qusar, 2005-06, 10 oyun) və “Gilan” (Qəbələ, 2006-07, 11 oyun , sonradan “Qəbələ”, 2007-08, 1 oyun) klublarının şərəfini qoruyub. “Qəbələ”nin varisi olan Xanların “Göy Göl” klubunun heyətində 2005/06 mövsümünün ikinci yarısında birinci dəstədə oynayan futbolçu komandanın çempion kimi yüksək liqaya çıxmasına yardımçı olub. Bundan sonra Qəbələyə köçən, əvvəlcə “Gilan” adlanan, ardından şəhərin eyniadlı təmsilçisi olan komandada çıxış edən Abışov əvəzedici heyətimizin ilk baş məşqçisi kimi tarixə düşüb. “Qəbələ”nin əvəzediciləri ilk medallarını - bürünc mükafatı 2009/10 mövsümündə məhz Abışovun rəhbərliyi altında qazanıb.


Musiqiçi ailəsində başlayan futbolçu həyatı

- Futbolçu olmaq ailənizdə necə qarşılandı? 
- Ailəmizdə futbolçu olmadığından, məni bu idman növünə qoymurdular. Doğulub, boya-başa çatdığım Hacıqabulda futbola maraq böyük deyildi. Ancaq futbolçu olmaq istəyim çox olduğundan, onun arxasınca getdim. Əslində, mən musiqiçi ailəsində böyümüşəm. Atam, qardaşlarım nağara ifaçıları olublar. Mən gözümü açıb onları görmüşəm və nağaraya da həvəsim yarandı. Nəticədə iki peşəkar sənətim oldu.

- Sizcə, hansı sənətdə işləriniz daha yaxşı alındı?
- Əlbəttə, futbolçu kimi. Ancaq nağaraçı kimi də zəif deyiləm (gülür). Dost-tanışlarımın toyunda öz məharətimi göstərməyimi xahiş edirlər. Məsələn, məşqçimiz Yaşar Abuzərovun toyunda nağarada ifa etdim.

- 20 illik futbolçu karyeranızdan nə dərəcədə razı qaldınız?
- Karyeramda ən yaxşı illər 1994/95 mövsümündən – baş məşqçi Vaqif Sadıqovun dəvəti ilə “Neftçi”yə gələndən sonra başladı. Məni “Neftçi”yə hələ “Gənclik”də oynayarkən çağırmışdılar. Ancaq onda SSRİ çempionatının I dəstəsində çıxış edən komandaya keçidim baş tutmadı. “Neftçi”də müstəqillik dönəmində oynamaq qismətimdə imiş. “İnşaatçı” ilə Bakıdakı yoldaşlıq görüşündə məni bəyənib dəvət etdilər. “Neftçi”dən başlayaraq uzun müddət mükafatçı, avrokuboklarda oynayan klublarda çıxış etdim. Karyeramda ən yaxşı dövrüm isə “Şəmkir”də olub. Mən bu komandada tanındım, karyeramdakı çempionluqları orada qazandım. “Şəmkir”də digər komandalarımdan fərqli kollektiv güclü idi.

- “Şəmkir”də milli komandamızın da üzvləri olan Mahmud Qurbanov, Vidadi Rzayev, Xaliq Mərdanov, Badri Kvaratsxeliya və sair tanınmış futbolçularla bir yerdə oynayarkən, özünüzü necə hiss edirdiniz?
- Düzdür, mən onlar kimi güclü futbolçu sayılmasam da, 1-2 matçda oynamayanda meydanda yerim görünürdü. Mən heyətdən kənarda qalanda komandanın mərkəzdə oyunu alınmırdı. “Şəmkir”də rahat oynamasaydım, daim heyətdə olmazdım. Hər halda, qara qaşıma, qara gözümə aşiq olmamışdılar ki...Məhz “Şəmkir”də potensialım tam açıldı.


“Ağasəlim Mircavadovun vaxtında karyeram parlaq olub”

- Karyeranızı 40 yaşında bitirmisiniz ki, bu da hər futbolçuya nəsib olmur. Bu yaşadək oynaya bilməyinizin sirri nədə idi?
- Əslində, mən daha bir-iki il də oynaya bilərdim. Belə götürsək, indi də oynayaram. Elə bilirəm ki, hazırda da peşəkar futbolçuyam. Yaşım artsa da, top qovmağa özümdə güc hiss edirdim. Heç vaxt uduzmağı sevməmişəm ki, bu da mənə motivasiya verib. Həmin mübarizlik yenə məndə qalıb. İndinin özündə də gənc futbolçularla mütəmadi oynayıram və onlara uduzmamağa çalışıram. Azərbaycanın veteranlardan ibarət yığma komandasında da oynayıram. Ayda bir dəfə rayonlara turnirlərə gedirik. Çalışıram ki, həmişə formada olum.

- Karyeranızın son illərində iddiası az olan klublarda oynamağı yaşınızın çoxluğu ilə əlaqələndirərdiniz?
- Onda bəzi komandalar məni oyunuma görə yox, yaşımı əsas gətirərək götürmədilər . Əslində, karyeramdakı son komandalarda çıxışım da yaxşı alınıb. “Kəpəz”i I diviziona düşməyə qoymadıq. Qusar “Şahdağ”ıyla bir sıra güclü klubları yendik, uzun müddət yuxarı pillələrdə getdik.

- Futbolçu həyatınızda sizin üçün ən uğurlu məşqçi kimi sayırsınız?
- Rauf Əmirovdan başlayaraq rəhbərliyi altında oynadığım bir çox məşqçilərin üzərimdə böyük əməyi olub. Ancaq hesab edirəm ki, məhz Ağasəlim Mircavadovun vaxtında karyeram parlaq olub. Ağasəlim müəllim “Şəmkir”ədək məni hələ 1993-cü ildə “Qarabağ”a dəvət edirdi, hətta bir neçə dəfə evimizə gəlmişdi. Ancaq onda ailə üzvlərim “İnşaatçı”da oynamağımı məsləhət gördülər. Mircavadov yetirmələrinə futbolu düzgün başa salırdı, toplu, baxımlı oyuna üstünlük verirdi. O, hara gedib, güclü komanda, nəticə olub.

- Oyunlarınızdan hansı sizin üçün ən uğurlu, vurduğunuz qollardan hansı daha baxımlı olub?
- Mərkəz yarımmüdafiəçilərinin vurduğu qollar adətən uzaqdan olduğundan baxımlı alınır. “Şəmkir”in heyətində “Neftçi”ylə “Qızıl oyun”da, Azərbaycan klublarının Çempionlar Liqasında ilk dəfə mərhələ keçdiyi “Skonto”yla tarixi matçlarda meydanda olmuşam. Hətta “Qızıl oyun”dan sonra Saşa (“Şəmkir”in mərhum prezidenti Şahbaz Süleymanov) mənə demişdi ki, sənin belə yaxşı oyununu görməmişdim. İndi futbolçulara daha yaxşı mükafat verirlər, sadəcə, yaxşı oynayan lazımdır (gülür).

- Azərbaycan milli komandasında cəmi 1 oyun keçirmisiniz. Onda da 60-cı dəqiqədə meydana girib, 20 dəqiqə sonra əvəzlənmisiniz. Bu, zədə ilə bağlı idi? 
- Yox. Sadəcə, Gürcüstan yığması ilə 1993-cü ildə Gəncədə keçirilən həmin yoldaşlıq görüşündə çox futbolçu çağırıldığından, hamını yoxlayırdılar. Hətta Qurban Qurbanov da meydanda az olmuşdu. Mən yığmaya “İnşaatçı”nın futbolçusu kimi dəvət olunmuşdum. Yadımadır, 1:0 hesabı ilə qalib gəldiyimiz matçda Nazim Süleymanovun zərbəsindən top rəqib müdafiəçinin ayağına dəydi və avtoqol qeydə alındı.

- Sonradan iddialı klublarda oynasanız da, milliyə dəvət almadınız. Sizcə, bunun səbəbi nə idi? 
- Bunu mən yox, məşqçilər daha yaxşı bilər. Yığmaya çağırsaydılar, canla-başla oynayardım. Milli komandada çıxış etmək hər bir futbolçu üçün şərəfdir.


“Biz uduzanda, bir neçə gün evdən bayıra çıxmırdıq”

- Milli çempionatımızda ilk klubunuz olan “Plastik”də 13 qol vursanız da, sonrakı komandalarda az fərqlənmisiniz. “Neftçi”də isə ümumiyyətlə, qol vura bilməmisiniz. Bunu nəylə izah edərdiniz?
- Salyan klubunda məhsuldarlığım daha irəlidə oynamağımla bağlı idi. Ağasəlim müəllim isə meydanda əsl yerimi tapdı ki, bu da dayaq yarımmüdafiəçisi idi. Əvvəllər futbolda “azad rəssam” deyə bir anlayış vardı. Həmin futbolçu meydanda sərbəst idi və istədiyini edə bilərdi. Ancaq indi belə bir anlayış yoxdur. Bütün mərkəz yarımmüdafiəçiləri həm top almalı, həm də ötürmə verməli, hücumu başlamalıdır.

- “Bakı fəhləsi” 1998-ci ildə İntertoto kubokunda Litvanın “İnkaras” klubunu keçə bilmədiyi Bakıdakı cavab oyununda həlledici penaltini siz dəqiq vura bilmədiniz. Belə demək olar ki, karyeranızda ən uğursuz oyun məhz bu matçdır?
- Əslində, həmin oyunun bəlkə də ən yaxşısı mən idim. Hələ əsas vaxtda iki qol imkanım olsa, qapıçı zərbələrimi çıxardı. Penalti isə lotereya kimi bir şeydir. Mən heç zərbəni vurmaq istəmirdim ki... Sonradan fikirləşdim ki, penaltini yerinə yetirsəm, yaxşı olar. “Bakı fəhləsi”ndə liderlərdən biri idim və son zərbədə mənə etimad göstərdilər. Ancaq qapıçı penaltimi dəf edə bildi.

- Maraqlıdır, bundan sonra “11 metrlik nöqtə”yə yaxınlaşmısınız?
- Bəli. Özü də zərbələrimin hamısı dəqiq olub. Futbolçu dostlarım bilirlər ki, “İnkaras”dan sonra hətta karyeramı bitirməyi düşünürdüm. Biz uduzanda, bir neçə gün evdən bayıra çıxmırdıq. Uğursuz oyundan bir neçə gün sonra Predraq Miyatoviç 11 metrlik cərimə zərbəsindən fərqlənə bilmədi. Belə məşhur futbolçunun da penaltini dəqiq vura bilmədiyini görəndə, fikrimdən daşındım. Sonradan komanda yoldaşlarım mənə söylədilər ki, deyirdin futbolu atırsan, bir də gördük “Şəmkir”dəsən.

- Siz oynadığınız vaxtdakı çempionatla indiki arasında əsas fərqi nədə görürsünüz?
- Əsas fərq maddi vəziyyətin yüksəlməsindədir. Bizim vaxtda güclü futbolçular çox idi və onlar uduzmağı xoşlamırdılar. Onda 90 dəqiqə əzmkar oyunun şahidi olurduq. Bizim dövrdə hücumçular müdafiəçiləri daim təzyiqdə saxlayırdı. Həmin dövrdə futbolçuların fərdi oyun keyfiyyətləri yüksək idi.

- Karyeranızda hansı kuryoz hadisələr daha çox yadınızda qalıb?                                            - Milli çempionatımızda böyük səs-küy doğuran “Şəmkir” – “ANS Pivani” oyununun iştirakçısı olmuşam. Onda qonaq komandada çıxış edirdim. Top qapı xəttindən 1 metr kənarda olsa da, baş hakim Nemət Mahmudov qol saydı. “Neftçi”də oynadığım zamanı “Turan”la Tovuzdakı matçda da qapımızdan keçməyən topu hesaba aldılar. Həmin matçı stadiondan izləyən məşhur Aleksandr Çivadze də təəccüblənmişdi ki, belə qolu necə sayarlar? Olmayan penaltini verə bilərsən, ancaq gərək qol olsun ki, onu hesaba alasan. “Neftçi”də çıxış etdiyim zamanı Yunis Hüseynovun “Pambıqçı” (Bərdə) ilə oyunda penaltini necə yerinə yetirməsi də yaxşı yadımda qalıb. O, birbaşa zərbə vurmadı, komanda yoldaşına ötürmə verdi. Yunis hesabda böyük üstünlüyümüzə görə belə qeyri-adi addım atdı. Futbolçunun penaltini bu cür yerinə yetirməyə ixtiyarı olsa da, rəqib qayda pozuntusunu əsas gətirərək narazılıq etdi. Ancaq baş hakim haqlı olaraq qolu saydı. 


“Fəxr edirəm ki, “Qəbələ”nin ilk vaxtlarından burdayam”

- Məlum olduğu kimi, “Qəbələ”nin tarixi “Göy Göl” adlanan vaxtdan başlayır. Bu komandaya gəlişinizi necə xatırlayırsınız?
- “Göy Göl”ün baş məşqçisi “Şəmkir”də bir yerdə oynadığım Faiq Cabbarov idi. O, məni 2006-cı ilin qışında, ikinci dövrədə dəvət etdi. Fikirləşdim ki, yeni yaranan komandanı yüksək liqaya çıxarmaq lazımdır. Futbolçulara deyirdim ki, gəlin,1-ci yerə çıxaq, bizə yaxşı himayədar sahib çıxacaq. Elə də oldu. Bildiyiniz kimi, həmin vaxt Xanlar klubunun maddi vəziyyəti yüksək deyildi. Ancaq çempion kimi güclülər dəstəsinə yüksələndən sonra vəziyyət dəyişdi. Qəbələyə köçdük, “Gilan” adını daşıdıq. Fəxr edirəm ki, “Qəbələ”nin ilk vaxtlarından burdayam. Klubda həmin vaxtdan qalan yeganə şəxs olmağımla qürur duyuram. Allah rəhmət eləsin Eldəniz Süleymanova, biri də o idi. Eldənizlə “Qəbələ”də futbolçuluqdan məşqçiliyə kimi birgə addımlamışıq.

- “Qəbələ” klubu futbolçu həyatınızda nəyi dəyişdi?
- Komandanın ən çətin vaxtından onun sıralarında olmuşam. Allaha şükür ki, indi “Qəbələ” ən seçilən klublarımızdandır, Futbol Akademiyası göz qabağındadır. Məni bir neçə komanda məşqçi kimi çağırsa da, getməmişəm. Çünki bura mənə çox doğmalaşıb. Elə bilirəm ki, qəbələliyəm. Niyə belə bir klubdan başqasına getməliyəm ki?

- Baş məşqçi kimi işiniz hələ ki əvəzedici komandayla bağlı olub. Həmin vəzifə sizə nə qazandırdı?
- Böyük təcrübə. Əvəzedici komandamızda 2 il işlədim. İlk mövsümdə 6-cı, sonrakında 3-cü olduq. “Qəbələ”nin əvəzedicilərinin ilk nəticəsinin mənim vaxtımda qazanılması karyeramda uğurlu anlardandır. Bilirsiniz, futbolçu ilə məşqçilik arasında fərq böyükdür. Futbolçu kimi yalnız özünə, məşqçi kimi isə bütün komandaya cavabdehsən. Buna görə də məşqçilikdə məsuliyyət həddən artıq böyükdür.

- Seleksiya işində əsas nəyə diqqət yetirirsiniz?
- İlk öncə onu deyim ki, 2010-cu ildə Toni Adamsın “Qəbələ”nin baş məşqçisi postuna gəlişindən sonra mənə seleksiyaçı məşqçi vəzifəsini təklif etdilər. Harda yaxşı futbolçular var, onları tapıb üzə çıxarır, akademiyamıza dəvət edirik. Bizdə şərait yaxşıdır. Müxtəlif yaş qrupundakı komandalarımız ildə bir neçə beynəlxalq turnirə gedirlər. Seçdiyimiz futbolçulara təklifimizi edirik. İstəsələr, “Qəbələ”yə gəlirlər. Futbolçuların bir sıra keyfiyyətlərinə diqqət yetiririk. Fiziki görünüş, topla davranış, ağıllı oyun önəm daşıyır. Hər zonada seleksiyaçı məşqçilərimizin olması çox yaxşı haldır. Biz Bakı zonasına baxırıq. İşimizin nəticəsi göz qabağındadır. “Qəbələ”nin komandaları demək olar hər il öz liqalarında mükafatçı olurlar.

- Hansı futbolçulara ümidləriniz böyükdür?
- 2001/02 təvəllüdlü futbolçularımıza böyük ümidlərim var. Akademiyamızın yetirməsi olan Elvin Camalov hələ bir neçə il əvvəl əsas komandada oynamalı idi. O, potensialını tam açmayıb.

- Ailənizdə yolunuzu davam etdirən varmı?
- İki oğlum, iki qızım var. Böyük oğlum bir az futbol oynadı. Ancaq gördüm ki, alınmır. Onu məcbur etmək istəmədim. 2006-cı il təvəllüdlü olan kiçik oğlumu özümlə oyunlara aparıram. Evdə medallarımı görüb həvəslənir. Deyir ki, akademiyada seçimə düşəcəyəm. Oğlanlarım mənim adıma yox, öz adlarına görə oynayacaqlar.

- Yeni ildən nə gözləyirsiniz?
- İstəyim əsas komandamızın 2015-ci ildə də avrokuboklara düşməsidir. Yeni baş məşçqimiz Roman Qriqorçuka ümidlərim böyükdür. Ukrayna futbolu bizə yaxşı tanışdır. Üstəlik, dil problemi olmayacaq. Biri var futbolçularla birbaşa ünsiyyət qurasan, biri var da tərcüməçiylə. İnanıram ki, ikinci dövrədə nəticəmiz yaxşı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail